Məhkəmə qərarları › İş №1(101)-299/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-299/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-299/2023 26.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1988-ci il sentyabrın 08-də Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 22 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq 2020-ci il avqustun 15-də cəzasının sonu ilə azad edilmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 22 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq 2020-ci il avqustun 15-də cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,303 qram və 2,205 qram olmaqla ümumi təmiz çəkisi 4,508 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini alıb əldə edərək üzərində saxlamaqla daşımış və 2022-ci il mayın 10-da saat 14:10-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,303 qram və 2,205 qram olmaqla ümumi təmiz çəkisi 4,508 qram qəhvəyi rəngli maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, üç ildən çoxdur narkotik vasitə heroini inyeksiya yolu ilə istifadə etsə də heç vaxt həmin maddələrin satışını həyata keçirməmişdir. 2022-ci il mayın 10-da Ağamoğlan adlı qonşusundan narkotik vasitə almağa gedəndə orada sonuncunun övladları X5 və X2 da olmuşlar. Bu zaman polis işçiləri gələrək onların hər üçünü tutmuşlar. Saxlanarkən onun üzərində heç bir qanunsuz əşya olmamışdır. Polislərin ona fiziki zor tətbiq etmələri nəticəsində ittiham edildiyi maddələrin özünə məxsus olduğunu bildirməklə ibtidai istintaqda etiraf etmişdir. Onun tutulmasında Anar adlı polis əməkdaşı da iştirak etmişdir. Onun adına və ya istifadəsində mobil nömrə olmamışdır, ümumiyyətlə onun mobil telefonu yoxdur, heç kimlə telefon əlaqəsi saxlamamışdır. İş üzrə hadisə ərəfəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin polis kapitanı baş əməliyyat müvəkkili vəzifəsinlə işləyən Şahid1 şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, 2022-ci il mayın 10-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün ondan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, göstərilən tarixdə saat 14:10-da ünvan 2 ünvanının qarşısında zahirən Təqsirləndirilən şəxs bənzəyən adama yaxınlaşıb özlərini təqdim edərək sonuncunun şəxsiyyətini dəqiqləşdirdikdən sonra narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə həmin şəxsi Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu könüllü surətdə əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etmiş, bükümlərdəki narkotik vasitə heroinin özünə məxsus olmaqla bunu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanısa da adını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsindən ötrü əldə etdiyini bildirmişdir. Aşkarlanan bükümlər zərfə qablaşdırılmış, üzəri və tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanan və Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsində olduğu vaxt hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmamış, üstündə telefon, pul və digər əşya olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili işləən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyən X7 Şahid1 ilə oxşar ifadə verib əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 2022-ci il mayın 10-da daxil olan əməliyyat məlumatını yoxlamaq üçün yaradılan əməliyyat qrupuna Şahid1 rəhbərlik etməklə o, Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir, sonuncunun dedikləri yalandır. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda, şübhəli şəxs qismindəki ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə nəzərdə tutulan əməli etiraf edib 2022-ci il mayın 10-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanısa da adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini 20 manata alaraq üzərində saxladığını, göstərilən gün saat 14 radələrində ünvan 2 ünvanında mülki geyimli şəxslərin yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etməklə onun narkotik vasitənin gəzdirilməsində, saxlanmasında və satışında şübhəli olduğunu deyərək Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə dəvət etdiklərini, orada videoçəkilişlə üzərində şəxsi axtarış aparılarkən üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməyi təklif olunanda əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb bükümlərdəki narkotik vasitə heroini necə əldə etdiyini izah etdiyini, bundan sonra təqdim etdiyi bükümlərin zərfə qablaşdırılmaqla üzərinin onun və digər iştirakçılar tərəfindən imzalandığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını göstərmiş, 2022-ci il mayın 12-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ittiham elan olunduqda isə həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmundakı ifadəsini imzalamaqdan imtina etmişdir (1-ci cild, iş vərəqi 34-35, 51-52 və 75-76). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2022-ci il 10 may tarixli raportlarından, eyni tarixdə tərtib etdiyi protokoldan, 2022-ci il 10 may tarixli Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Ə136- 096-22 №-li əməliyyat qrupunun yaradılması barədə əmrinin kserosurətindən və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, 2022-ci il 11 may tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs, X1 və X4 üzərlərində qanunsuz olaraq narkotik vasitələri saxlamalarına və istifadə etmələrinə dair daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmışdır, adı çəkilən şəxslər ünvan 2 ünvanının qarşısında saat 14:10-da saxlanmaqla saat 14:25-də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilmişlər, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın surətləri Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğuna və Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir (1-ci cild, iş vərəqi 3-10). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 2022-ci il mayın 10-da tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 14:10-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun ailə üzvlərinə məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 27). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 10 may tarixli razılıq ərizəsindən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi eyni tarixli, eləcə də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 12 may tarixli protokollardan görünür ki, müdafiəçinin iştirakı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanısa da adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini bildirmiş, aşkarlananlar zərfə qablaşdırılaraq götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 31-33 və 81). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 11 may tarixli 6/2709 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində AR DİN «Zərflər üçün №45» möhür əksi, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s. sözlər, imzalar olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,303 qram (№1) və 2,205 qram (№2) olmaqla ümumi təmiz çəkisi 4,508 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olmaqla maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 4,408 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 110 manatdır (1-ci cild, iş vərəqi 40-41). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 12 may tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 65 və 67- 68). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2022-ci il 12 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il mayın 10-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 93-95). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 20 iyul tarixli 6532 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 110). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyunlun 12-də tərtib etdiyi tələbnamədən, habelə məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 22 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2020-ci il avqustun 15-də cəzasının sonu ilə azad olunmuşdur (1-ci cild, iş vərəqi 111-120). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 2022-ci il 22 avqust tarixli 098-4679-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 121). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 20 avqust tarixli 4636 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 122-123). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 26 avqust tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.4.-cü maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin təqdiqatdan sonrakı 4,408 qram çəkidə qalığı saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən bir ədəd DVD diskinin cinayət işinin materillarına əlavə olunması, X2 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə ********* nömrəli cinayət işinin məhkəməyə göndərilməsi və X5 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə ********* nömrəli cinayət işinin olması, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə bağlı məhkəmədən alınmış qərar "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə göndərilsə də cavab alınmasının mümkün olmaması səbəbindən cavab alındıqdan sonra cinayət işindən ayrılan cinayət işində təhlil olunacağı nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 128-136 və 138-139). Məhkəməyə təqdim olunan AZ-İİ seriyalı 569228 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il 02 sentyabr təvəllüdlü X8 adlı övladı vardır. Məhkəməyə təqdim olunan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 2022-ci il 22 sentyabr tarixli qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il mayın 10-da saat 16 radələrində tutularkən üzərində heç bir qanunsuz predmet olmasa da polislərin narkotik satan şəxsin oğlanları Adışirini və Kənanı buraxıb onu tutmaları, idarədə Anar adlı və digər polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində ittiham edildiyi maddələrin ona məxsus olduğunu boynuna alması barədə şikayəti əsasında toplanan material üzrə polis mayoru olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləmiş Anar Umud oğlu X6 Sadıqovun tutulmasında iştirak etmədiyini, sonuncuya qarşı heç bir fiziki zor tətbiq etmədiyini, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlandığını bildirmiş, məhkəmə-tibbi ekspertizasının 2022-ci il 19 sentyabr tarixli 29 saylı rəyi ilə sonuncunun istintaq təcridxanasına daxil olarkən bədən səthində bərk küt əşyanın təsirindən törənməyə məxsus xəsarət izləri müəyyən edilməməsi aşkarlanmış, bu əsaslarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2022-ci il 10 noyabr tarixli 2012/736 №-li məktubu ilə daxil olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkumun 4153/2022 nömrəli tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs dəri səthində hər iki saiddə çoxsaylı çapıq toxuması aşkarlanmaqla sonuncuya «epilepsiya (anamnezdə) və HBV (anamnezdə)» diaqnozu qoyulmuş, Təqsirləndirilən şəxs müayinə zamanı həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda xəsarət almadığını bildirmişdir. Məhkəməyə təqdim olunan 2022-ci il 27 sentyabr və 2022-ci il 30 sentyabr tarixli ittiham aktlarının kserosurətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirləndirilən X2 və X5 2022-ci il mayın 10-da saat 14:10-da ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıb Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə gətirilərək üzərlərində şəxsi axtarış və götürmə aparılan zaman X1 əynində olan tünd qəhvəyi rəngli şalvarın sol yan cibindən iki ədəd bükümdə ümumi təmiz çəkisi 4,595 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, X4 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd bükümdə ümumi təmiz çəkisi 3,623 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, təqsirləndirilən şəxslər verdikləri ifadələrdə həmin narkotik vasitələri Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanımaqla adını bilmədikləri şəxsdən öz şəxsi istifadələri üçün alıb üzərlərində gəzdirdiklərini bildirmişlər. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 4,508 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 4,508 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza və tibbi yoxlamanın rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etməməklə yanaşı Təqsirləndirilən şəxs saxlanarkən əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən iki ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütləni satmaq niyyətinin olmadığını göstərmiş, polis orqanına daxil olan operativ məlumatda da Təqsirləndirilən şəxs, X1 və X4 üzərlərində qanunsuz olaraq narkotik vasitələri saxlamaları və istifadə etmələri qeyd olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkibçəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib iki ədəd bükümdə saxlayıb daşıdığı 4,508 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 4,408 qram qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 4,508 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heronin yalnız külli miqdar təşkil edən 4,508 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 23-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir»; 37-ci bəndində «CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın»; 39-cu bəndində «məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 29-cu bəndinə görə, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə («məlum olmayan», «istintaqla müəyyən edilməyən» kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 26 avqust tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarında Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə bağlı məhkəmədən alınmış qərar "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə göndərilsə də cavab alınmasının mümkün olmaması səbəbindən cavab alındıqdan sonra cinayət işindən ayrılan cinayət işində təhlil olunacağının göstərilməsini texniki səhv kimi qəbul edir, cinayət işinin materiallarında "xxxx" MMC-yə göndərilən qərar mövcud deyildir, Təqsirləndirilən şəxs adına və ya istifadəsində olan mobil nömrə olmasını təsdiqləyən sübut yoxdur və istintaqla belə hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının həmin normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini fiziki və psixi təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasının işdə cəzanı yüngülləşdirən hal olmasını nəzərə almaqla xəstəliyini işdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının CM-nin 65.2.-ci maddəsinə uyğun olaraq, residiv müəyyən olunduqda cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 22 aprel tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 2020-ci il avqustun 15-də cəzasının sonu ilə azad olunduğundan məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1.-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 4,408 qram çəkidə qalığı məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 80 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il mayın 10-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il mayın 10-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 110 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mirzəyev və Partnyorları» vəkil bürosunun nəfinə (VÖEN: **********) 480 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 4,408 qram çəkidə qalığı məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar