Məhkəmə qərarları › İş №1(101)-300/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-300/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-300/2023 09.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Salmanov Rahib Vaqif oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, Masallı rayonunun Xırmandalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Zabrat-Maştağa yolu, nömrəsiz evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, Montin küçəsində yerləşən “Arzu” kafesində müştəri qismində olan zaman, xeyli müddət ərzində daimi olaraq səbəbsiz söyüş söydüyü səbəbindən mübahisəli münasibətdə olduğu Zərərçəkmiş şəxs içkili vəziyyətdə kafeyə gəldiyini, lakin özünü apara bilmədiyinə görə kafenin işçiləri tərəfindən xidmət göstərilməsindən imtina edilərək yenə də söyüş söyərək kafedən çıxmasını görüb arxası ilə çıxaraq avtobus dayanacağının arxasında sonuncunun içkili vəziyyətdə olaraq yoldan keçən qadın və uşaqların yanında uca səslə ünvansız nalayiq söyüşlərin işlətməsinə görə irad bildirərək nalayiq hərəkətlərinə son qoyması kimi haqlı tələbini qəbul etməyib nalayiq hərəkətlərin inadla davam etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə bir dəfə bıçaqla qəsdən vuraraq sağtərəfli hemotoraksla (döş boşluğuna sərbəst qanın yığılması) müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirili bilməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in 126-cı və 221-ci maddələri ilə məhkum olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən bazarda fəhlə kimi işləyirmiş. Zərərçəkmiş şəxs işlədiyi yerdən tanıyırmış. Zərərçəkmiş şəxs spirtli içkiyə meyilli bir insandır, sonuncu tez-tez spirtli içkilər içir, söyüş söyürmüş. Bununla əlaqədar onların arasında arada sözlə mübahisələri olmuşdur. Lakin aralarında heç vaxt əlbəyaxa olmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən “Arzu” kafesinə getmişdir. Orada oturub çay sifariş vermiş və çayını içib çıxmaq istəyən zaman iş yoldaşı olan və tanıdığı Asim adlı şəxsin kafeyə daxil olaraq pivə istədiyini eşitmişdir. Lakin Asim çox içkili olduğundan sonuncuya pivə verməmiş və Asimin kafedən çıxıb getməsini bildirmişlər. Asim kafedə olan zaman bir qədər yüksək səslə danışmış və söyüş söyə-söyə çölə tərəf çıxmışdır. O, Asimin arxasıyca çıxmışdır. Həmin yerdən bir qədər irəlidə dayanacağın arxa hissəsində olan zaman Asimin yüksək səslə danışdığını və söyüş söydüyünü eşitmişdir. Bu zaman Asimin yanından bir nəfər qadın və iki azyaşlı uşağın keçdiyini görmüşdür. O, Asimə yaxınlaşıb söyüş söyməməyi, ətrafda qadın, uşaq olduğunu, hörmət etməsini bildirmişdir. Onlar arasında buna görə əvvəllərdə sözlə mübahisələri olmuşdur. Bu dəfə də onlar arasında sözlə mübahisə baş vermişdir. Asim buna məhəl qoymayaraq yenidən söyüşlə danışmağa davam etmişdir. O, Asimə yenidən söyüş söyməməyi, sakit olmağı təklif etmişdir. Lakin Asim buna baxmayaraq yenə də öz əməllərinə davam etmişdir. Onlar əlbəyaxaya çıxmışlar. Bir neçə dəqiqə süpürləşəndən sonra onlar aralaşmışlar. Bundan sonra o, oradan çıxıb getmişdir. Həmin zaman onun üzərində bıçaq olmuşdur. O, bıçaqdan istifadə etməmişdir. Bıçaq həmin zaman onun belində olmuşdur. Həmin hadisədən sonra o, evə getməmişdir. O, həmin hadisədən sonra çöldə qalmışdır. Dava-dalaşa səbəb Zərərçəkmiş şəxs ünvansız söyüş söyməyi olmuşdur. Üzərində dava-dalaş zamanı bıçaq olmuş, lakin həmin bıçaqdan istifadə etməmişdir. Onlar arasında dava-dalaş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində yerləşən “Arzu” kafesinin yaxınlığında olan dayanacağın arxa hissəsində baş vermis, dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş, Zərərçəkmiş şəxs sadəcə sifət nahiyəsindən vurmuş, sonuncuya bıçaqla xəsarət yetirməmiş, istintaqa təqdim etdiyi bıçaqdan hadisə zamanı istifadə etməmişdir. İttiham olunduğu cinayət əməlinin Soltanov X5 tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin, o, Təqsirləndirilən şəxsla barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat dairəsində fəhlə kimi gündəlik işləyirmiş. İçki audəçidir. İşdən sonra gündəlik hər gün spirtli içki qəbul edirmiş. Onunla birlikdə həmin yerdə Təqsirləndirilən şəxs adlı şəxs də dayanırmış. O, içkili olan zaman müəyyən şeyləri xatırlamırmış və ünvansız söyüşlər söyürmüş. Bununla əlaqədar hadisədən bir neçə gün əvvəl Mahirlə aralarında sözlə mübahisə olmuşdur. Mahir ona içki içməməyi və söyüş söyməməyi bildirmişdir. Bundan sonra o, Mahiri görməmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 11 radələrində üzdən tanıdığı, lakin adlarını bilmədiyi fəhlələrlə içməyə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən kafelərin birinə getmişlər. Orada təxminən 350 qram spirtli içki olan vodka qəbul etmişdir. Bundan sonra, pivə içmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Arzu” kafesi kimi tanınan kafeyə gəlmişdir. Həmin zaman masaların birində Mahir və tanımadığı şəxslər çay içirmişlər. Onlarla salamlaşıb masaya əyləşmişdir və pivə sifariş vermişdir. Lakin o, çox içkili olduğundan kafenin sahibi ona pivə verməyəcəyini bildirmişdir. Buna görə o, əsəbləşmiş və uca səslə və söyüş söyərək oradan çıxmışdır. Bu zaman ona Mahir yaxınlaşmış və ona söyüş söyməməyi bildirmişdir. O, içkili olduğundan ona çıxıb getməsini bildirmişdir. Mahir onu həmin kafedən bir qədər qırağa, yəni dayanacağın arxasına çəkərək ona yenidən söyüş söyməməyi bildirmişdir. O, Mahirin sözlərinə məhəl qoymayaraq yenə söyüş söyməyə davam etmişdir. Bu zaman o, əsəbləşdiyindən onun yaxasından tutmuşdur. Bu zaman o, Mahirin əlində bıçaq görmüşdür. Mahir əlində tutduğu bıçaqla onun sinəsindən bir dəfə zərbə endirmişdir. Həmin bıçaq zərbəsindən sonra Mahir ondan uzaqlaşmışdır. O isə nə baş verdiyini anlamadan geriyə qayıtmışdır. Bir qədər getdiksən sonra yanında olan şəxslərdən biri paltarının qan olduğunu demişdir. O, bu zaman hiss eləmişdir ki, Mahirin atdığı bıçaq zərbəsi onun sinəsində daxil olmuşdur. Yanında olan Yaşar adlı fəhlə yoldaşı təcili tibbi yardıma zəng etmiş, bundan sonra onu 3 saylı Bakı şəhər Sabunçu rayon xəstəxanasına aparmışlar. Aralarında olan dava-dalaşa səbəb onun içkili olmağı və söyüş söyməsi olmuşdur, dava-dalaş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Arzu” kafesinin yanında yerləşən dayanacağın arxasında baş vermiş, həmin zaman ətrafda kimlərin olduğunu xatırlamır, dava-dalaş çöldə olduğundan ətrafda tanımadığı şəxslər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kafeni işlədirmiş. Həmin kafeni hamı “Arzu” kafesi kimi tanıyırmışlar. O, oranı işlətdiyindən ona da hamı Arzu deyir. O, oraya gələn çox adamı tanıyır. xx.xx.2022-ci il tarixdə onun kafesinə gələn Mahir adlı şəxs əyləşərək çay sifariş vermişdir. Təxminən bir neçə dəqiqə sonra Asim adlı şəxs gəlmişdir. Asim kafeyə gələrək pivə sifariş vermişdir. Lakin Asim çox içkili olduğundan sonuncuya pivə verməyəcəyini bildirmişdir. Onun cavabı Asimin xoşuna gəlmədiyindən sonuncu ünvansız söyüşlər söyməyə başlamışdır. O, Asimi kafedən çıxarmaq istəyən zaman Mahir Asimə söyüş söyməməyi, ətrafda adamların olduğunu bildirmişdir. Bundan sonra Mahilə Asim arasında sözlə mübahisə olmuş və sonuncular mübahisə edərək kafedən çölə çıxmışlar. O, Asimlə Mahirin arxasıyca getmiş, sonuncular ikisi qırağa çəkilib dayanacağın arxasında olan darvazaların qarşısında uca səslə mübahisə etmişlər. Bir anlıq Asimlə Mahirin dava etdiyini görmüş, lakin Mahirin Asimə bıçaq zərbəsini endirdiyini görməmişdir. Asimlə Mahir aralaşdıqdan sonra Asim ona tərəf gəlmişdir. Bu zaman Asimin paltarının qan olduğunu görmüş və sonuncunu xəstəxanaya aparmışlar. Bundan sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 118-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1537 saylı rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sağtərəfli hemotoraksla (döş boşluğuna sərbəst qamın yığılması) müşaiyət olunan döş qəfəsinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən, ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2022-ci il tarixə və şaraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Xarakter və lokalizasıyasına görə xəsarətin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Cinayət işinin 23-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bıçağa baxış protokolundan görünür ki, 1 ədəd bıçaq bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir. Bıçağın uzunluğu 240 mm, tiyəsi qəhvəyi, kəsici hissəsi isə gümüşü rəngdədir. Bıçağın üzərində qana bənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin 123-125-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə tibbi-kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 427-2022/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının orta hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli digər alətin tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin 126-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 542/MTBŞ-2022 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurıtinə əsasən qan qrupu: 0(1). Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus sviter üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antiheni alındı. H antigeni 0(1) qrupun əsasını təşkil edir. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan RespublikasıSəhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi Şəxsdən alınmış xx.xx.2022-ci il tarixli, 8408 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əşyaların tanınması istintaq hərəkəti protokolundan görünür ki, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs əşyaların tanınması istintaq hərəkəti zamanı təqdim edilmiş 4 bıçaqdan soldan birinci tanıyaraq həmin bıçaqla Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 131-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 1 ədəd sviter iş üzrə sübüt əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 83-95-ci vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Masallı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il müddətinə islah işləri cəzası seçilmişdir. Bundan başqa Əli-Bayramlı şəhər məhkəməsinin xx.xx.2004-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 06 (altı) il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra altı ildən az müddət keçdiyindən o, məhkumluğu ödənilməmiş hesab edilməli və məhkumluğu olan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nın 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yünügülləşdirən hal kimi zərər çəkmiş şəxslə barışıq əldə edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 1 ədəd sviter hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 1 ədəd sviter hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar