Məhkəmə qərarları › İş №1(101)-302/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-302/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-302/2021 26.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1988-ci il oktyabrın 16-da Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, 2016-cı ilin aprel ayında gedən döyüşlərdə iştirak etmiş, Kürdəmir rayonunun Atakişili kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci il mayın 28-də saat 02 radələrində kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi tikilmiş evin sahibi Zərərçəkmiş şəxs ilə aralarında kommunal xərclərinə görə əlavə pul ödəməsi üçün ona etiraz etməsi ilə bağlı yaranan mübahisə zamanı ilk olaraq sonuncunun onu araq şüşəsi və yumruqla vurub başın alıntəpə nahiyəsinin, üst dodağın iç səthinin, hər iki diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları, boyunun orta 1/3-nin bayır səthinin və sağ körpücüküstü nahiyənin qançırları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra Təqsirləndirilən şəxs soyuq silah hesab olunmayan cib bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə vurmaqla ona sol bazu oynağı nahiyəsinin bir ədəd, sol bazunun yuxarı 1/3-nin bir ədəd, sol sağrı nahiyəsinin bir ədəd və sol budun yuxarı 1/3-nin arxa səthinin bir ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya, sol kürəkaltı nahiyənin soldan döş boşluğuna və qarın boşluğuna nüfuz edən, diafraqmanı, dalağı, mədəaltı vəzi zədələyən bir ədəd və sağ kürəkaltı nahiyənin sağdan döş boşluğuna nüfuz edən bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaralarından ibarət insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar ayında ona kirayəyə verdiyi ünvan 1 ünvanındakı birotaqlı evdə həmyerlisi Şahid3la qalmış, 2020-ci il mayın 25-də isə Şahid1 onlarla birlikdə yaşamağa başlamışdır. 2020-ci il mayın 27-də saat 22 radələrində sonuncu və İlqar ilə yemək yeməklə araq içərkən kirayələdikləri evin kommunal xərclərinin ödənilməsi ilə bağlı gecə saat 02 radələrində aralarında yaranan mübahisə nəticəsində İlqar masanın üzərindən götürdüyü araq şüşəsi ilə onun baş nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, huşunu itirərək divana yıxılmış, özünə gələndə sonuncunun bir əli ilə onun boğazından tutub digər əli ilə sifət nahiyəsindən yumruqla vurduğunu görmüşdür. O, əlindən çıxmaq istəsə də İlqar ondan güclü olduğundan bacarmamış, buna görə geyindiyi gödəkcənin iç hissəsindəki cibindən qatlanan cib bıçağını çıxarmaqla sonuncunun çiyin nahiyəsindən vurmuş, İlqar onu döyməyə davam etdiyindən sonuncuya xatırlamadığı nahiyələrdən yenidən bir neçə bıçaq zərbəsi yetirmişdir. Bundan sonra İlqar onu buraxaraq evdən çölə çıxmış, o isə əl-üzünü yuyub özünü pis hiss etdiyi üçün divanda uzanmış, evə gələn polis əməkdaşlarına hadisədə istifadə etdiyi bıçağı təqdim etmişdir. Hazırda o, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, hərəkətlərindən həddindən artıq peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şahid1 və Şahid2 bir ildən çoxdur tanımışdır. O, yaşadığı ünvan 1 ünvanındakı evin həyətindəki birotaqlı mənzili Asif, Raqif və Şahid3 aylıq 100 manata kirayəyə vermiş, Asifin tanışı Təqsirləndirilən şəxsla münasibətləri normal olmuşdur. 2020-ci il may ayının əvvəllərində Qurban Xəyal, Raqif və Asif ilə bərabər kirayədə yaşamağa başlamışdır. 2020-ci il mayın 27-də saat 23:45 radələrində həyətə düşərkən kirayəyə verdiyi evin qapısının açıq olduğunu, Asiflə Qurbanın masa arxasında oturmaqla yemək yediklərini görmüşdür. Sonuncuların təklifini qəbul edərək onlara qoşulub birgə spirtli içki qəbul etmişdir. Gecə saat 02 radələrində çölə çıxmaqla yaşadığı evə doğru addımlamış, Qurbanın onun ünvanına nalayiq ifadələr işlətdiyini eşidərək geri qayıtmış və sonuncunun sifət nahiyəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən Qurban arxaya gedib otaqdakı divanın üzərinə yıxılmışdır. Gözləmədiyi halda Asif masadan götürdüyü dovğa şüşəsi ilə arxadan onun baş nahiyəsindən vurduqda o, özünü itirməklə Qurbanın üstünə yıxılmış və göstərilən vaxt sonuncunun onun kürək nahiyəsindən bir neçə zərbə endirdiyini hiss etmiş, Xəyal və Raqif onu Qurbanın üzərindən qaldırdıqları zaman o, sol kürək nahiyəsinin qan içində olduğunu görərək bədəninin şüşə parçası ilə kəsildiyini düşünmüşdür. Qurbanı və Asifi evdən qovduğu üçün sonuncular çıxıb getmiş, onu isə digər kirayəçi Şahid4 idarə etdiyi «Hyundai» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən təcili tibbi yardım stansiyasına, oradan da təcili tibbi yardım avtomaşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Həkimlər tərəfindən müayinə olunarkən sol kürək nahiyəsindən bıçaq xəsarətləri alması məlum olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmiş, o, Qurbanı araq butulkası ilə vurmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə dindirilən şahidlər X4 və Şahid3 Təqsirləndirilən şəxs ilə analoji ifadələr verməklə yanaşı Zərərçəkmiş şəxs kommunal xərcləri ilə bağlı apardığı söhbət əsnasında yaranan mübahisə vaxtı Qurbanın başından araq butulkası ilə vurduqdan və sonuncunun divana yıxıldıqdan sonra boğazından tutaraq bir neçə dəfə Qurbanın sifətindən yumruqlayan zaman Asifin masanın üzərində olan bir litrlik dovğa şüşəsini götürüb arxa tərəfdən İlqarın başına vurduğunu, tez yaxınlaşmaqla Qurbanla İlqarı ayırarkən sonuncunun bıçaqlandığını bildirdiyini, həmin anda onların Qurbanın əlində bıçaq olduğunu gördüklərini göstərdilər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən ifadəsində onun da Şahid3, Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 kirayələdikləri, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında qaldığını, 2020-ci il mayın 28-də saat 02 radələrində evdə olarkən Xəyalla Raqifin gələrək həyəcanlı şəkildə İlqarla Qurbanın arasında mübahisə baş verdiyini və sonuncunun İlqarı bıçaqla vurub xəsarət yetirdiyini, sonuncunu xəstəxanaya aparmaq lazım olduğunu dediklərini, onun idarə etdiyi «Hyundai» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına Xəyal və Raqif ilə birlikdə İlqarı yerləşdirməklə «Həzi Aslanov» metrostansiyasının yaxınlığındakı təcili tibbi yardım stansiyasına apardıqlarını, oradan isə sonuncunun təcili tibbi yardım avtomaşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərildiyini göstərmişdir (iş vərəqi 164-166). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən ünvan 2 ünvanında birlikdə kirayədə qaldığı iş üzrə şahidlər X4 və Şahid3 ilə uyğun ifadə vermişdir (iş vərəqi 43-45). İş materiallarındakı 2020-ci il 28 may tarixli 2/3510 nömrəli və 2020-ci il 28 may tarixli 2/3511 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşlar (iş vərəqi 9-10). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 28 may tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi tikilmiş evə baxış keçirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi hadisənin törədilməsində istifadə edilən bir ədəd bıçaq götürülmüş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 14-22). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 28 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 14:30-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 36-37). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 30 may tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 50-51). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 30 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il mayın 28-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 74-77). İş materiallarındakı N nömrəli hərbi hissənin tərtib etdiyi 2016-cı il 03 mart və 2016-cı il 26 iyun tarixli fəxri fərmanlardan, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və X3 artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmə haqqında MA seriyalı 3609 nömrəli sertifikatından görünür ki, kiçik-çavuş Təqsirləndirilən şəxs «26 iyun – Silahlı Qüvvələrin Yaranmasının 98-ci ildönümü» münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nəaliyyətlərinə və yüksək hərbi intizama nail olduğuna, «Hərbi Hissənin Yaranmasının 24-cü ildönümü» münasibəti ilə döyüş hazırlığında qoşun xidmətinin təşkilində və nizam-intizamın yüksəldilməsində əldə etdiyi nəaliyyətlərinə görə təltif olunmuş, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2013-cü il aprelin 15-dən 2013-cü il iyunun 29-dək fəaliyyət göstərən motoatıcı manqa komandiri kursunu bitirmişdir (iş vərəqi 94-96). İş materiallarındakı Kürdəmir Rayonu İcra Hakimiyyəti başçısının X6 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü kənd-məhəllə arasında nizam-intizamlı aparmaqla ictimai işlərdə yaxından iştirak etmiş, sakinlərlə səmimi ünsiyyət saxlamış, barəsində nümayəndəliyə heç bir təqsirləndirici məlumat daxil olmamışdır (iş vərəqi 97). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il iyunun 09-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 107). İş materiallarında olan 2020-ci il 03 iyul tarixli ərizələrdən, habelə 2020-ci il iyul tarixli ərizənin kserosurətindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəyən fiziki və maddi ziyan tam ödənildiyindən sonuncu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (iş vərəqi 129-131). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X7 ambulator məhkəmə-psixiatrik ekspertizasının 2020-ci il 23 iyun tarixli 1142 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 138-139). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin 2020-ci il 17 iyul tarixli 102-4794-1220 nömrəli məktubundan görünür ki, 2020ci il mayın 28-də ünvan 1 ünvanında yerləşən fərdi tikilmiş evdə baş verən hadisənin şahidlərini, hadisənin baş verdiyi ünvanda və yaxın obyektlərdə kamera görüntülərini aşkar etmək mümkün olmamışdır (iş vərəqi 146). İş materiallarında olan «Müstəqil Məhkəmə Ekspertizası» məhdud məsuliyyətli cəmiyyətinin məhkəmə-trasoloji ekspertizasının 2020-ci il 22 iyul tarixli 247 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən zavod üsulu ilə hazırlanmış turist təyinatlı soyuq silah hesab olunmayan cib bıçağının səthində hər hansı bir dəyişiklik edilməmişdir, ekspertiza tədqiqatının dəyəri 150 manatdır (iş vərəqi 148-150). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 canlı şəxsin ekspertizasının 2020-ci il 20 iyul tarixli 690 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthindəki daxili qanitirmə ilə müşayiət olunan sol kürəkaltı nahiyənin soldan döş boşluğuna və qarın boşluğuna nüfuz edən diafraqmanı, dalağı, mədəaltı vəzi zədələyən bir ədəd, sağ kürəkaltı nahiyənin sağdan döş boşluğuna nüfuz edən bir ədəd, sol bazu oynağı nahiyəsinin bir ədəd və sol bazunun yuxarı 1/3-nin bir ədəd, sol sağrı nahiyəsinin bir ədəd, sol budun yuxarı 1/3-nin arxa səthinin bir ədəd (cəmi altı ədəd) deşilmiş-kəsilmiş yaraları; başın ənsə nahiyəsinin səthi əzilmiş yarası və döş qəfəsinin sol yarısının sıyrıqları kimi xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin), ola bilsin, bıçağın, başın ənsə nahiyəsinin səthi əzilmiş yarası bərk küt əşyanın, ola bilsin şüşə butulkanın baş nahiyəsinə vurulmasının, döş qəfəsinin sol yarısının sıyrıqları isə səthi məhdud olan küt əşyanın (əşyaların), ola bilsin, əl barmaq dırnaqlarının təsirindən törənmişdir; müddəti 2020-ci il mayın 28-nə uyğun gəlir; sol kürəkaltı nahiyənin soldan döş boşluğuna və qarın boşluğuna nüfuz edən diafraqmanı, dalağı, mədəaltı vəzi zədələyən bir ədəd və sağ kürəkaltı nahiyənin sağdan döş boşluğuna nüfuz edən bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazu oynağı nahiyəsinin bir ədəd, sol bazunun yuxarı 1/3-nin bir ədəd, sol sağrı nahiyəsinin bir ədəd və sol budun yuxarı 1/3-nin arxa səthinin bir ədəd (cəmi dörd ədəd) deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmaqla başın ənsə nahiyəsinin səthi əzilmiş yarası və döş qəfəsinin sol yarısının sıyrıqları sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir (iş vərəqi 151-155). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 canlı şəxsin ekspertizasının 2020-ci il 29 iyun tarixli 581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkarlanan başın alın-təpə nahiyəsinin, üst dodağın iç səthinin, hər iki diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları, boyunun orta 1/3-nin bayır səthinin və sağ körpücüküstü nahiyənin qançırları bərk küt əşyanın təsirindən törənməklə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir; müddəti 2020-ci il mayın 28-nə uyğun gəlir (iş vərəqi 156-158). İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, 2020-ci il mayın 28-də ünvan 1 ünvanındakı fərdi tikilmiş evdə baş verən hadisə vaxtı Zərərçəkmiş şəxs onu butulka və yumruqla vurması nəticəsində dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (iş vərəqi 171). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 03 sentyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, eləcə də 2020-ci il 04 sentyabr tarixli qərarlarından və 2020-ci il 07 sentyabr tarixli raportundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, əməlində Azərbaycan Respublikasının CM-nin 126.2.4.-cü, 130-cu, 221-ci, 228.4.-cü və 29,120-ci maddələrinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmiş, sonuncunun Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd cib bıçağı maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Şahid1 və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmişdir (iş vərəqi 181-197, 199-200 və 222). Məhkəməyə təqdim olunan 2020-ci il noyabrın 03-də notariat qaydasında təsdiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs eyni tarixli ərizəsindən görünür ki, o, X8 tərəfindən ona dəyən fiziki və maddi ziyan tam ödənildiyindən sonuncu ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 2021-ci il N mart tarixli 1794 №-li məktubundan görünür ki, əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayı ərzində N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında olmuş, məzuniyyətdə, ezamiyyətdə, hospitalda və tibb məntəqəsində olmamış, məhkəmənin apardığı araşdırma nəticəsində Təqsirləndirilən şəxs N №-li hərbi hissənin tərkibində 2016-cı ilin aprel ayında erməni qoşunları ilə gedən döyüşlərdə iştirak etməsi müəyyənləşdirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş digər şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsinin, habelə zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, müsbət xarakterizə edildiyini, 2016-cı ilin aprel ayında erməni qoşunları ilə gedən döyüşlərdə iştirak etməsini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci il mayın 28-dən 2021-ci il aprelin 26-dək həbsdə olduğu 10 (on) ay 29 ( iyirmi doqquz) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gəlməklə barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd cib bıçağı məhv edilməlidir. 150 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq «Müstəqil Məhkəmə Ekspertizası» məhdud məsuliyyətli cəmiyyətinin hesabına ödənilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 08 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il mayın 28-dən 2021-ci il aprelin 26-dək həbsdə olduğu 10 (on) ay 29 ( iyirmi doqquz) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 02 (iki) il 01 (bir) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 48 manat köçürülsün. 150 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq «Müstəqil Məhkəmə Ekspertizası» məhdud məsuliyyətli cəmiyyətinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş bir ədəd cib bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar