Məhkəmə qərarları › İş №1(101)-302/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-302/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-302/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə 1979-cu il oktyabrın 19-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il sentyabrın 06-da istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 3,867 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin 4cü sıra, 5-ci korpusundakı 44 saylı dərzi dükanında saxlanaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada inzibati otaqların birində saat 18:55 radələrində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofana bükülməklə ayrı-ayrılıqda 0,810 qram, 0,741 qram, 0,719 qram, 0,865 qram və 0,732 qram, ümumilikdə 3,867 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli tərkibindəki komponentlərə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dükanda dərzi işləməklə ailəsini dolandırır, narkotik vasitələrdən istifadə etmir, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən iş yerində saxlanan zaman üzərində narkotik olmamış, qeyd olunan vaxt yerindəcə baxış keçirilərkən onun işlətmədiyi tikiş maşınından yanında olan X10 adlı şəxsə aid narkotik vasitə aşkar edilmiş, onun üstündən isə narkotik çıxmamışdır. Yerdə içərisində narkotik vasitə olan kağız büküm tapıldığından onu da polis idarəsinə aparmışlar, idarədə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı tətbiq edilən təzyiq nəticəsində üzərindən guya aşkarlanan beş büküm narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etmişdir. Təzyiqə məruz qalması barədə heç yerə şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il sentyabrın 10-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün əməliyyat qrupu yaradılmışdır. Onlar qeyd olunan tarixdə saat 18:00-da ticarət mərkəzinə gedib müşahidələr aparmağa başlamış və ticarət mərkəzinin 4cü sırasında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra adı çəkilən şəxsi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncuya daşınması qanunla qadağan edilən hər hansı əşya gəzdirməsi halında könüllü surətdə təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümü, arxa cibindən 16 manatı çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini bir həftə əvvəl Salyan rayonundakı çayxanada təsadüfən həmsöhbət olsa da adını bilmədiyi şəxsən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılmaqla aşkarlanan bükümlər zərfə qoyulub möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Tərtib olunan protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Sonuncuya qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis serjantları olmaqla Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektorları Şahid2 və Şahid3 Şahid1 ilə analoji ifadələr verdilər. İş üzrə əlavə şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzində dərzi dükanında işləyən şəxs kimi tanımışdır. 2021-ci il sentyabrın 10-da saat 18 radələrində həmin ticarət mərkəzində olarkən özlərini polis əməkdaşı kimi təqdim edən üç nəfər mülki geyimli şəxs onun, habelə orada olan Təqsirləndirilən şəxs, X15, X10 və X16 adlı şəxslərin üzərində axtarış keçirmişdir. Sahibin üzərindəki siqaret qutusundan və ayağının altından kağız bükümlər aşkarlansa da onun və qeyd edilən digər şəxslərin, eləcə də Nizaminin üzərindən qanunsuz heç bir predmet tapılmamışdır. Polis əməkdaşları onu polis idarəsinə aparmamışlar, ona görə də hadisənin sonrakı gedişatı barədə məlumatı yoxdur. İş üzrə əlavə şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzində dərzi dükanında işləyən Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuşdur. 2021-ci il sentyabrın 10-da saat 18 radələrində həmin ticarət mərkəzində olarkən özlərini polis əməkdaşı kimi təqdim edən üç nəfər mülki geyimli şəxs tərəfindən onun, habelə orada olan Təqsirləndirilən şəxs, X16 və X10 adlı şəxslərin üzərində axtarış keçirməklə sonuncunun üzərində olan siqaret qutusundan, habelə ayağının altından kağız bükümlər aşkarlanmışdır. Onun və qeyd edilən digər şəxslərin, eləcə də Nizaminin üzərindən qanunsuz heç bir predmet müəyyən olunmamışdır. Polis əməkdaşları onu polis idarəsinə aparmadıqlarından sonra baş verənlərdən xəbərsizdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə ittiham olunduğu əməli qismən etiraf etməklə yanaşı narkotiklərin satışı ilə məşğul olmadığını, üç ay əvvəl narkotik vasitələrə aludə olduğundan həmin maddələri müxtəlif yerlərdən adlarını bilmədiyi şəxslərdən aldığını, 2021-ci il sentyabrın 06-da öz şəxsi istifadəsi üçün Salyan rayonunda tanımadığı şəxsdən beş bükümdə narkotik vasitə heroini 30 manata alaraq üzərində gizlədib Bakı şəhərinə daşıdığını, 2021-ci il sentyabrın 10-da saat 18 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dərzi dükanında olduğu zaman özlərini polis əməkdaşları kimi təqdim edən üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirərək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə dəvət etdiyini, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması zamanı hər hansı qeyri-qanuni əşya varsa daşıyırsa, təqdim etməsi təklif olunduqda onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümü, arxa sağ cibindən 16 manatı çıxarıb təqdim etməklə bükümlərin içərisindəki narkotik vasitə heroini bir həftə əvvəl Salyan rayonundakı çayxanada təsadüfən həmsöhbət olsa da adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını, pulun ona qaytarılaraq aşkarlanan bükümlərin zərfə qoyulub möhürləndiyini göstərmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq tətbiq edilib-edilməməsini bildirməmişdir (iş vərəqi 36-37, 49-50 və 61-64). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin 2021-ci il 10 sentyabr tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarından və Ə186-069-21 №-li əməliyyat qrupunun təşkil olunması barədə əmrindən, 2021-ci il sentyabrın 10-da tərtib etdiyi protokoldan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 15 sentyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dərzi dükanında saxlanaraq idarəyə gətirilmiş, məhkəmə həmin qərarı qanuni hesab etmişdir (iş vərəqi 5-9 və 82). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18:00-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə anası X11 məlumat verilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (iş vərəqi 21). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 sentyabr tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ arxa cibindən 16 manat, sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni bir həftə əvvəl Salyan rayonunda çayxanada təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmiş, 16 manat məbləğində pul Təqsirləndirilən şəxs qaytarılmaqla bükümlər zərfə qablaşdırılıb götürülmüş, protokol ucadan və aydın səslə oxundu, heç bir irad, əlavə və düzəliş daxil olmamış, bir ədəd DVD disk cinayət işinə əlavə olunmuşdur (iş vərəqi 32-33). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 11 sentyabr tarixli 6/3997 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş beş büküm» yazısı olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,810 qram, 0,741 qram, 0,719 qram, 0,865 qram və 0,732 qram olmaqla ümumi təmiz çəkisi 3,867 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanan narkotik vasitə heroindir, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 3,667 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 41-45). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 11 sentyabr tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması görüntülərini əks etdirən bir ədəd DVD diskinə baxış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sağ arxa cibindən 16 manat, sağ yan cibindən beş ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni bir həftə əvvəl Salyan rayonunda çayxanada təsadüfən tanış olduğu, adını bilmədiyi şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirməsi, 16 manat məbləğində pulun Təqsirləndirilən şəxs qaytarılmaqla bükümlərin zərfə qablaşdırılıb götürülməsi müəyyənləşdirilmişdir (iş vərəqi 51). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 12 sentyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 53-54). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2021-ci il 12 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il sentyabrın 10-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 76-80). İş materiallarındakı Salyan Rayonu İcra Hakimiyyəti «Salyan Mənzil İstismar Təmir Tikinti» məhdud məsuliyyətli cəmiyyətinin tərtib etdiyi 2021-ci il 20 sentyabr tarixli 1232 nömrəli arayışdan, 2021-ci il 05 oktyabr tarixli 1351 nömrəli xasiyyətnamədən, AZE seriyalı 06099216 №-li, AZE seriyalı 12982157 №-li, AZE seriyalı 12982164 №-li və AZE seriyalı AA2313438 №-li şəxsiyyət vəsiqələrinin, habelə 2007-ci il 25 may tarixli AZ-İ seriyalı 322107 №-li nikah haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi 1954-cü il 30 yanvar təvəllüdlü anası X7, 1985-ci il 22 may təvəllüdlü arvadı X3, 2007-ci il 19 avqust təvəllüdlü və 2009-cu il 05 iyun təvəllüdlü övladları X5 və X12 ibarətdir, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və ərizə daxil olmamışdır (iş vərəqi 95-98 və 102). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 20-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Məhkəməsinin 1999-cu il 30 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 242-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2003-cü il iyulun 17-də «İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2003-cü il 06 may tarixli Qərarına əsasən intizam xarakterli hərbi hissəyə göndərilmiş, 2004-cü il martın 18-də cəza müddəti bitmişdir (iş vərəqi 99). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 25 sentyabr tarixli 3621 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunmaqla hazırda abstitensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 100-101). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin 2021-ci il 15 oktyabr tarixli 069-17861-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin və ya şəxslərin şəxsiyyətinin, olduğu yeri müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (iş vərəqi 103). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 21 oktyabr tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilən ittiham qüvvəsində saxlanılmış, iş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,667 qram çəkidə qalığı idarəyə təhvil verilmiş, cinayət işinin materiallarından Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır (iş vərəqi 108-113). İş materiallarında olan 2021-ci il 23 oktyabr tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir (iş vərəqi 119). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 2021-ci il 19 noyabr tarixli tibbi arayışından görünür ki, 2021-ci il oktyabrın 19-da müəssisəyə daxil olan məhbus Təqsirləndirilən şəxs «COVİD-19» diaqnozu ilə orada müalicə almışdır. Məhkəməyə təqdim olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 14 dekabr tarixli hökmünün surətindən görünür ki, X10 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, X10 məhkəmədəki ifadəsində özünü qismən təqsirli bilərək Məhəmməd Xəttabi adlı İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin aldığını, 2021-ci il sentyabrın 09-da sonuncunun göndərdiyi kart hesabına 180 manat pulu onlayn şəkildə köçürdükdən sonra «Bakı Dövlət Sirki»nin yaxınlığındakı dirəklərdən birinin altından bir ədəd bükümdə 7,330 qram çəkidə narkotik vasitə heroin götürdüyünü, 2021-ci il sentyabrın 10-da saat 18:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpus, 44 saylı dükanda olarkən polis əməkdaşlarının onu Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə aparıb orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədə bükümdə narkotik vasitə heroin aşkarlandığını bildirmişdir. Məhkəməyə təqdim olunan Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 03 mart tarixli qərarının surətindən görünür ki, göstərilən hökm dəyişdirilərək X6 əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməklə o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəməyə təqdim olunan 2021-ci il 29 dekabr tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 iş saatı müddətində həyata keçirilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar, o cümlədən Azərbaycan Respublikasının CPM-nin 142-ci maddəsinə əsasən preyudisial xarakter daşıyan X10 barəsindəki yuxarıda qeyd olunan hökmdəki sonuncunun ifadələri ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla yalan ifadələr verməsi, əlavə şahidlər X9 və X14 da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmağa çalışmaları qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 142-ci maddəsinə müvafiq olaraq, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq bəraət hökmünün çıxarılmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə uyğun olaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki özünün qismən etirafedici ifadələri, maddi sübutun mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin dərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu, yaşayış yeri üzrə barəsində şikayət və ərizə daxil olmadığını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Məhkəməsinin 1999-cu il 30 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 242-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində «İkinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü münasibətilə amnistiya haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2003-cü il 06 may tarixli Qərarı tətbiq olunaraq 2003-cü il iyulun 17-də intizam xarakterli hərbi hissəyə göndərilmiş, 2004-cü il martın 18-də cəza müddəti bitmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,667 qram qalığı məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı vəkil bürosunun nəfinə (VÖEN: **********) 90 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il sentyabrın 10-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 10-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 90 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 3,667 qram qalığı məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar