Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-302/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Əliyev Samir İmamverdi oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsi 2, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan təmiz çəkisi 2,822 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, 10 fevral 2023-cü il tarixdə, saat 20:13 radələrində Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu Zabrat qəsəbəsi, Neftçilər küçəsi 2 ünvanın yanında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,822 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2003-cü ildə ailə həyatı qurmuş, həmin nikahdan iki oğlu dünyaya gəlmişdir. 2020-ci ildə həyat yoldaşı ilə boşanmış, böyük oğlu onunla, kiçik oğlu isə anası ilə qalmışdır. Əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə Sabunçu rayon məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28 dekabr 2022-ci il tarixdə cəzasını çəkib azadlığa çıxmışdır. Atasının evində yaşamağa başlamış və bəzən narkotik vasitə marixuanadan istifadə etmişdir. Tutulmamışdan 4-5 gün əvvəl keçmiş arvadı ilə barışmaq və yenidən birlikdə yaşamaq üçün ona zəng etmişdir. Telefon danışığı zamanı aralarında mübahisə yaranmış və sonuncuya hədə-qorxu gəlmişdir. Keçmiş yoldaşı ona: «Gözlə, gör sənin başına nə oyun açacağam»-deyə cavab vermişdir. Səhəri gün polis əməkdaşları qardaşını yaşadıqları məhəllədə saxlayıb bölməyə aparmış, lakin, səhv apardıqlarını bildikdən sonra onu sərbəst buraxmışlar. 10 fevral 2023-cü ildə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Belə ki, həmin gün ailə üzvləri yas mərasimində olduğundan evdə tək olmuşdur. Tofiq adlı bibisi oğlunu qarşılayıb evə qayıdarkən 3 nəfər tanımadığı şəxs yaxınlaşıb ondan adını soruşmuşdur. Özünü təqdim edib onu niyə saxlanıldığını soruşduqda sonuncular ona məsələnin bölmədə aydınlaşdırılmalı olduğunu bildirmişlər. Bundan sonra onu ağ rəngli «Lexus» markalı avtomobillə 15-ci PB-nə aparmışlar. Avtomobildə olarkən polis əməkdaşlarından birinin telefonda kiminləsə danışdığını və ona: «rəis, Rzanı saxlayıb bölməyə gətiririk» dediyini, həmin şəxsin də ona: «onun barəsində narkotik vasitə istifadə etdiyinə görə cinayət işi başlayın, qızın nömrəsi də orada var»-deyə cavab verdiyini eşitmişdir. Bölmədə onu rəis Tural müəllimin yanına aparmışlar. O, bölmənin bütün işçilərini tanımış, hamısı ilə salam-sağolu olmuşdur. Tural müəllimdən nə üçün saxlanıldığını soruşduqda, sonuncu onun saxlanılmasında hər hansı əlaqəsinin olmadığını bildirmişdir. Daha sonra onu saxlayan 3 nəfərdən biri 2 kq narkotik vasitə olan bir sellofan çıxararaq qarşısına qoymuş və həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini istəmişdir. Etiraz etdiyi üçün həmin şəxslər onu döymüş, lakin, yenə də etiraf etməmiş və polislərin dedikləri ilə razılaşmamışdır. Onu döyən şəxslər 15-ci PB-nin əməkdaşları olmamışdır. Tural müəllim onlara heç olmasa, bir qədər az miqdarda narkotik vasitə ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu zaman həmin 3 nəfər şəxs ona üzərində 50 qram narkotik vasitə olmasını etiraf etməsini təklif etmiş və o, yenə də razılaşmamışdır. Belə olduqda həmin şəxslər zəng edərək hal şahidləri çağırmış, onun evindən 2 kq narkotik vasitə çıxaracaqlarını bildirmiş və onu MSY-nə aparmışlar. MSY-nin kamerasında əynindəki maykasını cıraraq özünü asmış və intihara cəhd etmişdir. Polis əməkdaşları onu xilas edərək Tural müəllimin otağına aparmışlar. Sonuncu onun tutulması üçün daha yüksək vəzifəli şəxslər tərəfindən tapşırıq verildiyini, əgər BMCMİ-nə aparılarsa vəziyyətinin daha ağır olacağını, bu səbəbdən bir büküm ilə razılaşmalı olduğunu bildirmişdir. Tural müəllimə nəinki narkotik vasitələrdən istifadə etmədiyini, azadlığa buraxılandan sonra ümumiyyətlə evdən çölə çıxmadığını bildirmişdir. Sonuncu ona bütün bunlardan xəbərdar olduğunu, bu səbəbdən onun CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün əlindən gələn köməkliyi göstərəcəyini bildirmişdir. Nəticədə əlacsız qalıb bu təkliflə razılaşmışdır. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl onu döyən 3 nəfər polis əməkdaşı çıxıb getmiş və başqa iki nəfər əməliyyatçı gəlmişdir. Həmin əməliyyatçılardan birinin adı Qərib olmuşdur. Daha sonra ona təqdim edilən bəzi sənədləri imzalamışdır. Bütün bunlar təxminən bir saat ərzində baş vermişdir. Bundan sonra onu MSY-nə aparmışlar. Orada başına gətirilənlərə etiraz əlaməti olaraq ağzını qızdırıcının yanında olan məftillə tikmişdir. Buna görə onu MSY-dən çıxararaq otağa gətirib, səhərə qədər orada saxlamışlar. Səhəri gün Bakı İstintaq Təcridxanasına aparılmışdır. Ora qəbul edilərkən bədənində xəsarəti olmamışdır. Təcridxanada saxlanılarkən ona edilən qanunsuzluqlara etiraz əlaməti olaraq qapının dəmir boltunu udmuşdur. Əvvəllər narkotik vasitələrdən istifadə etsə də, saxlanılarkən üzərində hər hansı bir növ narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Onun həbsini keçmiş həyat yoldaşının qeyri-rəsmi münasibətdə olduğu polis əməkdaşının sifariş etdiyini düşünür. Həmin polis əməkdaşını tanımır və adını bilmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 15-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bölməyə Sabunçu rayonu Zabrat qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün ondan və bölmənin əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə saat 20:13 radələrində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq bölməyə aparılmışdır. Orada xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bükümün içərisində kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs evində yox, ünvan 3 ünvanın yaxınlığında saxlanılmışdır. Həmin vaxt sonuncu narkotik vasitənin təsiri altında olmuş, yanında heç kim olmamış və onlara müqavimət göstərməmişdir. Bölmənin müvəqqəti saxlama yerində şəxsin özünü asa bilməsi üçün imkan yoxdur. Təqsirləndirilən şəxsə fiziki və ya psixi təzyiq göstərilməmiş, onu evinə narkotik vasitə qoyulacağı ilə hədələməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 32-33-cü vərəqlərindəki 10 fevral 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-də xidməti otaqda vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, sonuncu həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, onu şəxsi istifadəsi üçün Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. İşin 52-ci vərəqindəki 11 fevral 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, 10 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-də xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Anar Kərimov Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və qadağan olunan əşya varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş kristall şəkilində maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün 15 manata Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. İşin 46-50-ci vərəqlərindəki məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 fevral 2023-cü il tarixli 6/842 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №161» dairəvi möhür əksi və «...vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: -iki imza, Qablaşdırdı baş təhqiqatçı: anar Kərimov-imza…» yazısı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 2,822 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı l) daxildir. İşin 104-105-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 6 mart 2023-cü il tarixli 1284 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 47-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş «İphone 6» markalı ***-***-**-** saylı abonent nömrəsi ilə istifadə olunmuş mobil telefonun yaddaşında olan məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mesaj, «whatsapp» yazışmaları və telefon zəngləri aşkar edilməmişdir. İşin 90-92-ci vərəqindəki protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumatlara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat əldə edilməmişdir. İşin 106-110-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,822 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və tədqiqata sərf edildikidən sonra qalıq qalmış 2,772 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-in saxlanc anbarına təhvil verilmişdir. İşin 99-101-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Həsənov X1 rayon xalq məhkəməsinin 3 iyun 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilməklə 3 il sınaq müddəti müəyyən edilmişdir. Bundan başqa o, Sabunçu rayon xalq məhkəməsinin 15 noyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 101 və 189-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 sentyabr 2000-ci ildə Azərbaycan Respublikası CM-nin 50ci maddəsinə əsasən 7 ay 13 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Sabunçu rayon məhkəməsinin 9 avqust 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 fevral 2005-ci il tarixdə Nərimanov rayon məhkəməsinin 3 fevral 2005-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 8 ay 18 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Sabunçu rayon məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşin 14-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 84-89-cu vərəqlərindəki qərardan görünür ki, Sabunçu rayon məhkəməsinin 12 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən bədəninə baxış keçirilmiş və gözlə görünən xəsarət aşkar edilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində psixotrop maddə olmadığını, əvvəllər narkotik vasitələrdən istifadə etsə də üzərində aşkar olunan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə yerləşdirildiyini, keçmiş həyat yoldaşı ilə barışmaq üçün sonuncunu hədələdiyini və bu səbəbdən sonuncunun sifarişi ilə polis əməkdaşlarının qərəzli münasibətinə məruz qaldığını, saxlanılmasında keçmiş həyat yoldaşının qeyri-rəsmi münasibətdə olduğu polis əməkdaşından şübhələndiyini, o cümlədən, məruz qaldığı qərəzli münasibətə etiraz əlaməti olaraq özünü asmağa cəhd göstərdiyini bildirmişdir. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlər və işin digər faktiki halları ilə təkzib edilir. Təqsirləndirilən şəxs onun həbsini sifariş etdiyi bildirilən polis əməkdaşının anket məlumatları barədə məhkəməyə heç bir məlumat təqdim etməmiş və onu tanımadığını bildirmişdir. Həmçinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubda, onun bədən səthində gözlə görünən hər hansı xəsarətin aşkar edilmədiyi qeyd edilmişdir. Odur ki, məhkəmə onun ifadəsinə tənqidi yanaşır, cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və biri digərini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,822 (ekspertiza tədqiqatından sonra qalıq 2,772) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə şəxsi axtarışın keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 150 (yüz əlli) manat onun işlədiyi «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,822 (ekspertiza tədqiqatından sonra qalıq 2,772) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Onun üzərinə şəxsi axtarışın keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 150 (yüz əlli) manat pul onun işlədiyi «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-302/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-302/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver