Məhkəmə qərarları › İş №1(101)-304/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-304/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-304/2024 26.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10 : 25 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi ev 32A-da qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin tərkibli dərman preparatını və külli miqdarda psixotrop maddə - metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, Xətai rayonu 8 Noyabr prospektində, adı istintaqa “Sahil” kimi məlum olan İran İslam Respublikası vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 06 ədəd bükümdə təmiz çəkisi 4,075 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini, eləcə də narkotik vasitələrə və ya psixiotrop maddələrə aid olmayan güclü təsir edən 03 ədəd ağ-qəhvəyi rəngli kapsulda “Preqabalin” tərkibli dərman preparatını əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə təmiz çəkisi 0,453 qram olan 01 ədəd bükümdə metamfetamini təmənnasız olaraq tanışı Şahid1 vermiş və həmin gün saat 16 radələrində Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, idarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkisi 0,459 qram, 0,539 qram, 0,715 qram, 0,460 qram və 1,449 qram olan ümumi təmiz çəkisi 3,622 qram təşkil edən metamfetamin və ümumi miqdarı 0,9 qram olan 03 ədəd ağ-qəhvəyi rəngli kapsuldan İbarət güclü təsir edən preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 09 yanvar 2023-cü il tarixdə uzun illərdir tanıdığı Tamilla adlı xanım ona zəng edib qar yağdığı üçün evlərinə qayıtmağa avtomobil tapa bilmədiyini bildirərək, onu Mərdəkan qəsəbəsindən götürərək yaşadığı ünvana aparmasını xahiş etmişdir. Tamillanı yaşadıqları məhəllədə polis əməkdaşlarının gözləməsi barədə onun məlumatı olmuşdur. O, Tamillanı yaşadığı yaşayış kompleksinin qarşısına gətirərək düşürtmüş, özü isə avtomobildən düşməmişdir. Avtomobillə yaşayış kompleksinin həyətindən çıxan zaman yer sürüşkən olduğu üçün idarəetməni itirərək, avtomobili digər bir avtomobilə vurmuşdur. Hətta bu zaman sahə üzrə inspektor baş vermiş hadisəni protokollaşdırmışdır. Onun avtomobillə törətdiyi qəzadan sonra polis əməkdaşları ona yaxınlaşaraq, Nərimanov rayon Polis İdarəsinə aparmışlar. O, saxlanılan zaman yanında digər bir dostu da olmuş, həmin dostuna problem yaranmamasından ötrü polis əməkdaşları tərəfindən idarədə təqdim edilmiş narkotik vasitələrin ona məxsus olmasını boynuna almalı olmuşdur. Əgər üzərində narkotik vasitə və ya hər hansı qanunsuz əşya olsaymış, Tamilla Mehdiyevanı məhəllədə polis əməkdaşının gözlədiyini bildiyi halda ən azından həmin vasitəni üzərində saxlamazmış. İttiham aktında qeyd edilənlər, yəni, Mehdiyeva Tamilla ilə birlikdə yaşayış kompleksinin həyətində gəzən zaman şübhəli şəxs qismində saxlanılmaqları barədə yazılanlar həqiqətə uyğun deyildir. Ümumiyyətlə narkotik vasitələrdən istifadə etmir. Tamillanı 2011-ci ildən etibarən tanısa da, onun narkotik vasitələrdən istifadə edib-etməməsini bilmir. Tamillanı yolda gətirdiyi zaman avtomobillə Bakı Olimpiya Stadionunun yanından keçdikdə Tamilla şəkil çəkərək polis əməkdaşına yollayaraq, bir qədər sonra çatacağını bildirmişdir. Sonradan polis əməkdaşları həmin yazışmanı silmişlər. Tamilla Mehdiyevanı yaşadığı evin həyətində nə üçün polis əməkdaşlarının gözləməsini, onun hər hansısa probleminin olubolmamasını bilməmişdir. O, Tamilla Mehdiyevanı avtomobildən düşürən zaman polis əməkdaşları görmüşlər. O, güman edir ki, Tamilla Mehdiyeva ilə telefon vasitəsilə danışan şəxs onun yaşadığı həyətdə gözləyən polislərdən biri olmuşdur. Avtomobildən düşən zaman mülki geyimli şəxs Tamilla Mehdiyevaya yaxınlaşmışdır. Tamillanı maşından düşürtdüyü yer ilə onun qəza törətdiyi yer arasında 40-50 metr məsafə olmuş, lakin, Tamillaya yaxınlaşan polis əməkdaşının həmin qəzanı görüb-görməməsini bilmir. Tamilla Mehdiyevanın üzərində narkotik vasitə olub-olmamasını bilməmiş, Tamilla Mehdiyevanın ifadəsi ilə tanışdır. Tamilla Mehdiyevaya hər hansı narkotik vasitə verməmiş, eləcə də öz üzərində hər hansı narkotik vasitə olmamışdır. O, avtomobili saxlayıb Tamilla Mehdiyavanı düşürən zaman ondan heç kim maşını saxlamağı tələb etməmişdir. Onun yanında avtomobildə “Nihat” adlı dostu da əyləşmişdir. O, narkotik vasitələrdən istifadə etmədiyi halda ekspertiza rəyində nə üçün onda narkomaniya xəstəliyinin aşkar edilməsinin qeyd olunmasını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 10 il olar ki tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər onunla qonşuluqda yaşamışdır. O, sosial şəbəkələrdə “tiktoker-bloqer” kimi fəaliyyət göstərir. 2023-cü ilin 07-08 yanvar tarixlərində sosial şəbəkədə onun videosunu paylaşaraq, müəyyən bir vəzifəli şəxsi söyməklə bağlı ona böhtan atmışlar. O, bu böhtanla əlaqədar “102” xidmətinə zəng edərək, 17-ci polis bölməsinə gedərək şikayət etmişdir. Səhəri gün onun yerlisi, həm də qonşusu olan “Vüsal” adlı polis əməkdaşı ona zəng edərək, paylaşılmış videogörüntü ilə əlaqədar hər yerdə onu axtardıqlarını, gəlməli olduğunu bildirmişdir. O, həmin vaxt iti ilə birlikdə rəfiqəsinin bağında olmuşdur. Yanında it olduğu üçün hansı taksiyə zəng etmişsə onu aparmağa razılıq verməmişlər. Bu zaman Təqsirləndirilən şəxs “whatsapp” şəbəkəsində maşın bazarı istiqamətində avtomobil idarə etdiyi yerdə status paylaşdığını görərək, ona zəng edib polis idarəsindən çağırdıqları üçün təcili evə getməli olduğunu bildirib, Cəfərdən onu Mərdəkan qəsəbəsindən götürməsini xahiş etmişdir. Cəfər onunla razılaşmışdır. Lakin, maşın bazarına təkər satmaq üçün getməsi səbəbindən yanında başqa tanışının da olmasını demişdir. O, heç bir problem olmadığını bildirmiş, Cəfərin avtomobili ilə yolda olarkən bir neçə dəfə şəkil çəkərək Vüsal adlı polis əməkdaşına göndərərək yolda olduğunu xəbər etmişdir. Cəfər onu yaşadığı evin həyətində düşürərək, yoluna davam etmişdir. Vüsal və digər polis əməkdaşı onu həyətdə gözləmişlər. O, idman geyimində olduğu üçün polislər evə qalxıb paltarını dəyişərək onlarla birgə polis idarəsinə getməyi təklif etmişlər. O, evdə paltarını dəyişərək polislərlə birlikdə idarəyə getmişdir. Polis İdarəsində olan zaman Təqsirləndirilən şəxs də orada olmasını görərək onun nə üçün idarəyə gətirildiyini soruşduqda Cəfərin üzərindən narkotik vasitə aşkarlandığını demişlər. O, Cəfərin üzərindən narkotik vasitə aşkarlanmasının mümkün olmadığını bildirmişdir. “Vüsal” adlı polis əməkdaşı bildirmişdir ki, onun üzərinə az miqdarda narkotik vasitə qoyulacaq, azyaşlı uşağı olduğu üçün məhkəmə onu həbs etməyəcək və beləliklə məsələ bağlanacaq. Lakin, ona 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanın 6 ay müddətini çəkdikdən sonra cəzadan azad olunmuşdur. O, avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs hara getməsini bilməmiş, lakin, yarım saat sonra Polis İdarəsinə getdikdə Cəfərin də orada olmasını görmüşdür. Cəfərin üzərindən narkotik vasitə aşkarlandığını deyən zaman o, Cəfərin üzərindən narkotik vasitə aşkarlanmasının mümkün olmadığını bildirmişdir. Çünki, Cəfəri uzun illərdir yaxşı insan kimi tanımışdır. “Vüsal” adlı polis əməkdaşı demişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni ona hədiyyə verməsinə dair ifadə verəcəyi halda, bu narkotik vasitələrin satışı hesab edilməyəcək və Cəfərə heç bir problem yaranmayacaq. Onun “tiktok” şəbəkəsində yayılmış video ilə bağlı problemi olduqca ciddi olduğundan və həmin videonun ona təhlükə yaradacağını düşündüyündən polislərin dedikləri qaydada ifadə verərək, az məsuliyyətlə bu hadisənin ötüb keçməsini istəmişdir. Cəfərin yanında olan oğlan hər hansı məsuliyyətə cəlb olunmamışdır. Həmin gün X3 əməkdaşlarının Təqsirləndirilən şəxs saxlamalarından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili digər bir avtomobilə vurmuşdur. Təqsirləndirilən şəxs avtomobillə qəza törədən zaman o da Cəfərin avtomobilində əyləşmişdir. Həmin qəzadan təxminən yarım saat sonra o, polis idarəsinə aparılmışdır. Avtomobil qəzası zamanı Təqsirləndirilən şəxs polis idarəsinə getməsi üçün hər hansı məcburiyyət tətbiq edilməmiş və narkotik vasitə ilə bağlı hər hansı şübhə irəli sürülməmişdir. O, heç bir zaman narkotik vasitədən istifadə etməmişdir. Sosial şəbəkədə yayılmış videonun ona problem yaradacağını düşünərək, polislərin dedikləri qaydada, yəni, həm özünün narkotik vasitə istifadəçisi olmağı, həm də Cəfərin ona narkotik vasitəni hədiyyə kimi verməsi barədə ifadə vermək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs ilə dost münasibəti vardır. Onunla birlikdə alkoqollu içkilərdən istifadə etdiyi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Nərimanov rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə, saat 16-17 radələrində Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Nərimanov rayonu, Ağa Neymətullah küçəsində iki nəfər şəxsin yerişindən və hərəkətlərindən özlərini şübhəli apardıqlarını görmüşlər. Bu səbəbdən həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları olduqlarını bildirib həmin şəxslərdən özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslərin narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmalarından və üzərlərində narkotik vasitə və ya psixotrop maddə saxlamalarından şübhələnərək həmin şəxsləri saxlayıb Nərimanov RPİ-nin inzibati binasına gətirmişlər. İdarədə həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid1 üzərlərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində metamfetamin psixotrop maddəsi və «Pregabalin» yazılı həblər aşkar edilmişdir. Şahid1 üzərindən isə az miqdarda metamfetamin aşkar olunmuşdur. Tamilla Mehdiyeva metamfetamini həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Mərdəkan qəsəbəsində Təqsirləndirilən şəxs götürdüyünü etiraf etmişdir. Narkotik vasitəyə bənzər maddə və həblər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışla əlaqədar protokol tərtib olunmuş, zərf və protokol şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs və Şahid1 saxlanılan zaman piyada hərəkət etmişlər. Onları saxlamaqlarına səbəb özlərini şübhəli aparmaqları olmuşdur. Təcrübəylə əlaqədar Təqsirləndirilən şəxs onları görən zaman təlaş keçirdiyini və şübhəli hərəkətlər etdiyini hiss etmişlər. Onlar adətən ərazi üzrə hərəkət edərək xidmət aparırlar. Onlar yaxınlaşan zaman özlərini Nərimanov RPİ-nin X1 əməkdaşları kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs avtoqəza keçirməsi onlara məlum olmamışdır. O, Təqsirləndirilən şəxs ümumiyyətlə avtomobil idarə etməsini görməmişdir. Təqsirləndirilən şəxs və Tamilla Mehdiyevanın barəsində əvvəllər hər hansı əməliyyat məlumatı olmamışdır. Tamilla Mehdiyevanı “tiktok” sosial şəbəkəsində bir neçə dəfə görmüş, ərazidə yaşayan şəxs kimi tanımışdır. Onun istifadə etdiyi sosial şəbəkə hesabı ilə bağlı dövlət orqanlarında hər hansı probleminin olması ona məlum olmamışdır. Təqsirləndirilən şəxs və Tamilla Mehdiyevanı saxlamamışdan öncə Tamilla Mehdiyeva ilə telefon əlaqəsi olmamışdır. Mehdiyeva Tamillanın barəsində hər hansı əməliyyat işinin aparılıb-aparılmaması peşə sirri hesab olunduğu üçün açıqlaya bilmir. O, ümumiyyətlə ifadəsində şəxslərin şübhəli bilindikləri üçün saxlanıldıqlarını bildirmiş, onların barəsində əməliyyat məlumatının olmasını qeyd etməmişdir. Şəxsin üzərinə baxışı təhqiqatçı həyata keçirir. Hər dəfə hər hansı şəxsdən şübhələndikdə təhqiqatçını həmin əraziyə dəvət etməkləri mümkün olmur. Bu baxımdan şəxslərin üzərinə baxış idarədə keçirilmişdir. Cəfərin üzərindən narkotik vasitə aşkar edildikdən sonra onun avtomobilinə və ya yaşadığı mənzilə baxış keçirməmişlər. Çünki, bu təhqiqatçının səlahiyyətindədir. Təqsirləndirilən şəxs saxlayan zaman onun hansı işlə məşğul olması barədə dedikləri yadında deyil. Tamilla Mehdiyevanın gürcüstanlı olmasını, onun şəxsiyyətini xidməti portal vasitəsilə müəyyən edən zaman bilmişdir. X2 ilə hər hansı tanışlıq münasibəti olmamışdır. Şahid Tamilla Mehdiyevanın onunla telefon əlaqəsi saxlamağı ilə bağlı dediyi yalandır. O, əməliyyat tədbiri zamanı şəxsi nömrədən istifadə etmir, üzərində əməliyyat üçün ayrılmış nömrə olur. Hazırda həmin nömrəni xatırlamır. Şəxsləri saxladıqları küçənin adını dəqiq şəkildə ibtidai istintaq zamanı ifadəsində qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Nərimanov rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən “Akkordun binaları” deyilən yerdə bir kişi və bir qadının özlərini şübhəli aparmalarını görüb onlara yaxınlaşmışlar. Həmkarı Şahid2 Tamilla adlı qadına, o isə Cəfərə yaxınlaşmışdır. Həmin şəxsləri saxlayıb Nərimanov RPİ-nin inzibati binasına gətirmişlər. İdarədə həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olması məlum olmuşdur. Bundan sonra həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs 5 ədəd şəffaf sellafon bükümdə metamfetamin və 3 ədəd üzərində «Pregabalin» yazılmış dərman həbləri aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə və həblər təhqiqatçı tərəfindən zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarışla əlaqədar protokol tərtib olunmuş, zərf və protokol şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Tamilla adlı xanımı o, tanımamış, ilk dəfə saxlayarkən görürmüşdür. Digər polis əməkdaşı Şahid2 da həmin xanımı tanıması ilə əlaqədar ona heç bir şey deməmişdir. Lakin, idarədə bəzi əməkdaşlar Tamilla adlı xanımın “Tiktok” sosial şəbəkəsində “Toma909” adı ilə tanındığını bildirmişlər. Tamilla Mehdiyevanın saxlanılmasının “tiktok” sosial şəbəkəsində hüquq mühafizə və ya digər dövlət orqanları ilə hər hansı probleminin olması ilə əlaqədar olmamışdır. Onlar həmin ərazidə olan zaman təsadüfən saxlanılan şəxslərlə rastlaşmışlar. Təqsirləndirilən şəxs avtomobilinin olub-olmamasını bilmir. Şəxs saxlanılan zaman o, orada avtomobil görməmişdir. Təqsirləndirilən şəxs demişdir ki, Tamilla Mehdiyeva ilə birlikdə həmin əraziyə gəlib, lakin, həmin şəxslərin saxlanıldıqları həyətə nə məqsədlə gəlmələri ona məlum deyildir. Təqsirləndirilən şəxs həmin gün X3 əməkdaşları tərəfindən saxlanılması ilə əlaqədar onda hər hansı məlumat yoxdur. Təqsirləndirilən şəxs ümumiyyətlə avtomobil idarə etməsindən xəbəri yoxdur. O, şübhəli şəxsləri saxladıqdan sonra raportla Növbətçi hissəyə təhvil vermişdir. Təhqiqatçının kim olmasını dəqiq xatırlamır, səhv etmirsə Nadir olmuşdur. Şəxsləri təxminən 16:00-16:30 radələrində polis idarəsinə təhvil vermişlər. Tamilla Mehdiyeva və Təqsirləndirilən şəxs onları görən kimi bir-birilərindən sürətli şəkildə uzaqlaşmış və özlərini şübhəli aparmağa başlamışlar. Avtomobilə və ya şəxsin mənzilinə baxış keçirilməsi ilə əlaqədar məsələlər təhqiqatçının səlahiyyətindədir. Əməliyyat işi hər hansı cinayət əməlinin aşkara çıxarılması üçün aparılır. Hazırki iş üzrə isə onlar şəxsləri şübhəli şəxs qismində saxlamışlar. Təqsirləndirilən şəxs saxlayan zaman bildirmişdir ki, adı Cəfərdir. Onun nə işlə məşğul olmasını soruşmamışlar. Təqsirləndirilən şəxs üzərinə hadisə yerində baxış keçirilməsi üçün təhqiqatçı iştirak etməli olmuşdur. O, qara rəngli “Tofaş” markalı avtomobil görməmişdir. Cəfəri saxlayan zaman yanında başqa oğlan olmamış, ola bilsin ki, həmin şəxs kənarda dayanmışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, keçən il, yəni 2022-ci ildə saat təxminən 10:30-11:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı avtomobillə Cəfərin tanışı olan xanımı yaşadığı məhəlləyə düşürüb yola çıxan zaman Cəfərin idarə etdiyi avtomobil yerin qar olması səbəbindən sürüşərək “Mercedes Vita” markalı digər bir avtomobilə dəymişdir. Hadisə yerinə polis əməkdaşları gələrək onları Polis İdarəsinə aparmışlar. Onları Polis İdarəsinə aparan əməkdaşlardan birinin adı İsa olmuşdur. Polis İdarəsində isə Qasım adlı polis əməkdaşı gələrək, Cəfərdən Tərlanın qardaşı olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs Tərlanın qardaşı olduğunu bildirmişdir. Bu zaman Qasım adlı polis əməkdaşı Cəfərin ünvanına söyüş söyərək vurmağa başlamış və Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə ilə qeydiyyata almağı tapşırmışdır. Onun 18 yaşı tamam olmadığı üçün polis idarəsində saat 24-dək saxlanıldıqdan sonra buraxılmışdır. Təqsirləndirilən şəxs də narkotik vasitə olsaymış, o, Cəfərin avtomobilinə əyləşməzmiş. Onun üzərində narkotik vasitə olması ilə əlaqədar saxlanılması həmin vaxt ona məlum olmamışdır. O, polis idarəsində qonşu otaqdan eşitmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs avtomobillə qəza törətməsindən təxminən 10 dəqiqə sonra polis idarəsinə aparılmışlar. Təqsirləndirilən şəxs avtomobillə qəza törətdiyi yer H.Əliyev prospektinin sağ tərəfində yerləşir. Polis İdarəsinə aparılan zaman Cəfər və ondan başqa heç kim olmamışdır. Onlar saxlanılan vaxt Cəfərin tanışı olan xanım yanlarında olmamışdır. Həmin xanımı polis idarəsində olarkən onları polis idarəsinə gətirdikləri vaxtdan təxminən yarım saat keçdikdən sonra gətirmişlər. Cəfərin tanışı olan xanımı “tiktok” sosial şəbəkəsində olan video ilə əlaqədar saxlanıldığını bilmişdir. Cəfərin tanışı olan xanımın adını bilmir. Cəfər onu taksi kimi Mərdəkandan şəhərə gətirirmişdir. Xanımın hansı məqsədlə şəhərə gəlməsini bilməmişdir. Həmin xanımın “tiktok” sosial şəbəkəsində probleminin olması ona məlum olmamışdır. Avtomobildə oturan zaman həmin xanımın həyəcanlı olmasını görməmişdir. Polis əməkdaşları onları polis idarəsinə aparmalarının səbəbini deməmişlər. Onları nəyisə aydınlaşdırmaq məqsədilə polis idarəsinə apardıqlarını demişlər. İdarədə Qasım adlı polis rəisi Cəfərə qarşı söyüş söymüş və Fariz adlı polis əməkdaşı Cəfəri vurmuşdur. Qasım adlı polis rəisi Cəfərin üzərinə külli miqdarda narkotik vasitə qoyulmasını tapşırmışdır. Daha sonra o, otaqdan çıxarılmışdır. Cəfərin üzərinə narkotik vasitənin qoyulmasını görməmişdir. Həmin xanımı Cəfərlə onu saxladıqları otağa gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. O, polis idarəsindən buraxıldıqdan sonra baş verənlər barədə Cəfərin qardaşına məlumat vermişdir. Təqsirləndirilən şəxs ara-sıra spirtli içkilər içməsini bilir, lakin, onun narkotik vasitələrdən istifadə edib-etməməsindən məlumatı yoxdur. Cəfərlə birlikdə polis əməkdaşları tərəfindən saxlanıldıqları gündən 1-2 həftə qabaq da görüşmüşlər. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/115 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,459 qram, 0,539 qram, 0,715 qram, 0,460 qram və 1,449 qram olan ümumi təmiz çəkisi 3,622 qram olan ağ kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “Preqabalin” göstəricisi olan 3 ədəd ağ-qəhvəyi rəngli dərman kapsulunun tərkibində preqabalin təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,9 qram (bir ədəd kapsulda preqabalinin təsir maddəsinin miqdarı 0,3 qramdır) olduğu müəyyən edildi. Təqdim edilmiş 3 ədəd kapsul xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi - 3,622 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 3,522 qram, Preqabalin kapsulasının sayı - 3 ədəd, tədqiqata sərf edildi - 1 ədəd, qalıq - 2 ədəd. (iş vərəqə 37-42) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 123 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 141-142) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 43 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 143- 145) İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ qabaq cibindən bir ədəd qara rəngli üzük qabı təqdim etmiş, baxış zamanı həmin üzük qabında içərisində ağ rəngli, kristal halında maddə olan 05 ədəd şəffaf sellafon büküm və 03 ədəd üzərində «Pregabalin» yazısı olan həblər aşkar edilərək götürülmüşdür. (iş vərəqə 22-23, 88) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həyata keçirilmiş xx.xx.2023-cü il tarixli axtarış aparılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. (iş vərəqə 103-111) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən hökmdən görünür ki, Şahid1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi əməli etiraf etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar və məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə, saat 13:00-da AR İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq, o, 400 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində hər hansı qanunsuz əşya və ya vasitənin aşkar edilməməsinə dair ifadəsi özünü müdafiə xarakteri daşımaqla, həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ibtidai istintaq zamanı xx.xx.2023cü il tarixli şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində özünü tam təqsirli bilməsinə dair ifadələri, xx.xx.2023-cü il tarixli qismən etiraf edici ifadəsi, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/115 saylı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 123 nömrəli, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 43 saylı rəyləri, 09 yanvar 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» və şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu CD diskə baxış keçirilməsi haqqında protokollar, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü və digər mötəbər sübutlarla tam təsdiqini tapır. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2-3 aydır metamfetamin və preqabalin maddələrinin satışı ilə də məşğul olduğunu, metamfetamin və preqabalini həm satmaq, həm də istifadə etmək üçün üzərində saxladığını, Şahid1 isə bir büküm metamfetamini pay kimi verdiyini qeyd etmişdir. (iş vərəqə 49-51; 68-71) Eləcə də, xx.xx.2023-cü il tarixli ifadəsində Təqsirləndirilən şəxs onun üzərindən 05 bükümdə psixotrop maddə metamfetamin və preqabalin tərkibli dərman preparatlarının aşkar edilməsini təkzib etməmiş, lakin, əvvəlki ifadələrindən fərqli olaraq, həmin maddələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. (iş vərəqə 174-177) Qeyd olunan hallar onu göstərir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da sərbəst şəkildə ifadə vermək, öz müdafiəsini qurmaq imkanlarına malik olmuşdur. Məhkəmə tərkibi həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə tənqidi yanaşaraq, onun ifadəsinə dost münasibətlərində olduğu Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmağa yönəlmiş, həmçinin, iş üzrə əhəmiyyətli halları müəyyən etməyən ifadə kimi hüquqi qiymət verir. Həmçinin, məhkəmə tərkibi Şahid1 da ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun ifadəsi Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə tam təkzib olunur. Qeyd edilən hökmdən görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində tanışı Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini alıb üzərində saxlamaqla daşıması ittihamı üzrə təqsirli bilinmiş, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi əməli etiraf etmişdir. Eləcə də, məhkəmə iclasında şahid qismində ifadəsində Şahid1 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs avtomobillə qəza törətdiyi zaman özünün də maşında əyləşdiyini qeyd etsə də, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində Şahid1 avtomobildən düşürtdükdən sonra həyətdən çıxarkən qəza törətdiyini bildirmişdir. Şahid1 və Təqsirləndirilən şəxs ifadələrindəki bu ziddiyyətli məqam onların hər ikisinin ifadəsinin qeyri-səmimiliyinə dəlaət edən xüsusatlardandır. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə, saat 13:00-da AR İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq, 400 manat məbləğində cərimə edilməsinə dair sənədlər ona qarşı irəli sürülmüş ittihamı təkzib edən mötəbər sübut sayıla bilməz. Belə ki, şəxsin eyni tarixdə barəsində bir neçə saat öncə cərimə növündə inzibati tənbehin tətbiq edilməsi onun cinayət əməli törətməsini inkar edən fakt kimi əsas götürülə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 05 ədəd şəffaf sellofana bükümdə ümumi təmiz çəkisi 3,622 qram təşkil edən metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, psixotrop maddənin bir yerdən başqa yerə daşınması, bükümlərə ayrılması, o cümlədən psixotrop maddədən əlavə preqabalin güclü təsir edici dərman preparatlarının aşkarlanması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan psixotrop maddələri, güclü təsir edən maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 98) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(005)-34/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 14-15, 84-87) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 123 nömrəli rəyə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 05 ədəd bükümdə ümumi təmiz çəkisi 3,622 qram olan psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,522 qram psixotrop maddə metamfetamin, 3 ədəd güclü təsir edən preqabalin tərkibli dərman preparatından ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd preqabalin tərkibli dərman preparatları məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,522 qram təşkil edən psixotrop maddə - metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 ədəd preqabalin tərkibli dərman preparatları məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar