Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-305/2022 09.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan, 22 iyun 2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri, Nəsimi rayon prokurorunun 24 iyun 2021-ci il tarixli qərarına əsasən həbsdən azad edilmiş və Nəsimi RPİ İstintaq şöbəsinin həmin tarixli qərarına əsasən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədilə ümumi təmiz çəkisi 317,252 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini əldə etdikdən sonra, narkotik vasitə heroinin 3,673 qram hissəsini üzərində, 313,579 qram hissəsini isə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyun 2021ci il tarixdə saat 23:30-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib, 23 iyun 2021-ci il tarixdə saat 02:10-da üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən külli miqdar təşkil edən 3,673 qram narkotik vasitə heroinin 2,284 qram hissəsi 1 ədəd şüşə qabda qablaşdırılmış halda əynində olan cins şalvarının sağ yan cibindən, qalıq 1,389 qram hissəsi ayrı-ayrılıqda 0,350 qram, 0,251 qram, 0,270 qram, 0,252 qram, 0,248 qram və 0,018 qram olmaqla, ümumilikdə 6 bükümdə əynində olan cins şalvarının sol yan cibindən, əməliyyat tədbirinin davamı olaraq 23 iyun 2021-ci il tarixdə saat 04:00-da yaşadığı ünvan 5 ünvana baxış keçirilərkən külli miqdar təşkil edən 313,579 qram çəkidə narkotik vasitə heroin evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından bir ədəd selofan paketin içərisində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar olunmamışdır. O, evdə olmadığı vaxt polis əməkdaşları evə gəlmiş və axtarış aparmış, evdən iki qram narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları onun anasını bölməyə aparmışlar. Sonra o, tutulmuş və polis işçiləri ona əgər anasının bölmədən çıxmasını istəyirsə, həmin narkotiklərin onun olduğunu boynuna almasını bildirmişlər. O da, məcburiyyət qarşısında qalıb həmin narkotikləri boynuna götürmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, ***-***-**-** nömrə ona məxsusdur, həmin nömrə ilə narkotik vasitələrə görə yazışmalar apardığını dəqiq xatırlamır. Kərim adlı şəxs ondan narkotik vasitə istəmişdir. Narkotik vasitələri ümumilikdə 70 manata almışdır. O, əvvələr heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ondan aşkar olunan narkotikləri də öz istifadəsi üçün almışdır. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Nəsimi rayonu, N.Məlikov küçəsi dalan 1, ev 5-də ailəsi ilə birlikdə yaşayır, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyildir. Təqribən 3 ildir ki, fasilələrlə narkotik vasitə qəbul edir. 22.06.2021-ci il tarixdə saat 20:00 radələrində “Papanin” kimi tanınan əraziyə gedərək istifadə etmək üçün tanımadığı şəxsdən 150 manata 1 ədəd şəffaf şüşə qabın içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroin, həmçinin 5 ədəd ayrı-ayrı selofan bükümdə olan heroini və 1 ədəd siqaretin gümüşü kağızma bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini almışdır. Həmin maddələri aldıqdan sonra yaşadığı ünvana gedən zaman ünvan 6 mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində qanunla qadağan edilmiş narkotik vasitə olub-olmadığım xəbər almışlar. O, könüllü şəkildə üzərində narkotik vasitə olmasını etiraf etmiş və həmin narkotik vasitəni onlara təqdim etmişdir. Bundan sonra həmin şəxslər onu polis bölməsinə dəvət etmişlər və xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuşdur. Polis bölməsində onu gətirmiş polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilərkən, könüllü təqdim etdiyi bükümlərin içərisində və şəffaf şüşə qabın içərisində olan maddə haqqında sual vermişlər. O, həmin bükümlərdə və şüşə qabdakının heroin olduğunu və həmin maddəni Bakı şəhərindən “Papanin” kimi tanınan ərazidən tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş və qanunla qadağan edilmiş əlavə heç bir əşya tapılmamışdır. Üzərinə baxış videokamera vasitəsi ilə qeydə alınmış, həmin videogörüntüyə baxılmış və o, bu barədə tərtib olunmuş protokola heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra ona əlavə olaraq hər hansı bir yerdə narkotik vasitə saxlaması barədə sual verildikdə, o, yaşadığı ünvan 2da yerləşən mənzilin yataq otağında çarpayının üzərində olan döşəyin altında selofan paketin içərisində narkotik vasitə olan heroini saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə yaşadığı qeyd olunan ünvana gedərək, həmin narkotik vasitəni çarpayının üzərində olan döşəyin altından çıxardıb könüllü olaraq onlara təqdim etmişdir. Onun pulu olan zaman tanımadığı şəxslərdən müxtəlif zamanlarda az-az narkotik vasitəni alıb bir yerə yığaraq evdə gizlətmişdir. O, həmin narkotik vasitəni öz istifadəsi üçün yaşadığı evdə saxlamışdır (cild 1, iş vərəqi 185-188). Məhkəmə iclasında dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 22 iyun 2021-ci il tarixdə Ayaz adlı şəxsin qanunsuz olaraq Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etmə və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın icra olunması ilə bağlı 20-ci Polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid1 və onun daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Saat 23 radələrində Şahid1la birlikdə Nəsimi rayonu, Namiq Məlikov küçəsinə getmişlər. Ayaz adlı şəxsin həmin küçədə dalan 1, ev 5-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonuncunu yaşadığı evin qarşısında görüb, ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu deyib, Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə bölməyə gəlmişdir. 20-ci Polis bölməsində təhqiqatçı Orxan Abaslı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona vəkil təqdim olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, onları könüllü təqdim etməsi təklif olunmuş, sonuncu, əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şüşə qabı, həmin şalvarın sol yan cibindən dörd ədəd selofan büküm və bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə və qabda narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri kimdən alması soruşulduqda, o, həmin heroini 22 iyun 2021-ci il tarixdə saat 20 radələrində “Papanin” adlanan ərazidən 150 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra Ayazdan üzərindən aşkar olunmuş heroindən başqa hər hansı yerdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, sonuncu, yaşadığı Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 1, ev 5 ünvannda da narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinə görə, daha sonra Təqsirləndirilən şəxslə sonuncunun yaşadığı ünvana getmişlər. Orada atası qapını açmış, onlar özlərini təqdim edib evə baxış keçirəcəklərini bildirmişlər. Fəxrəddin Musayev etiraz etmədiyinə görə videoçəkilişlə mənzilə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından bir ədəd selofan paketi çıxarıb təqdim etmiş və həmin paketdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin paketin içərisinə baxıldıqda orada həqiqətən də spesifik iyə malik heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş narkotik vasitə müvafiq qaydada qablaşdırılmış və protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən həmin protokol da imzalanmışdır. Sonradan əldə olunmuş məlumatlara əsasən, bölmə tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunmuş narkotik vasitə heroinləri kimdən əldə etməsi barədə isə onlar hər hansı məlumat əldə edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru Şahid1 Təqsirləndirilən şəxs saxlanılmasında, şəxsi axtarışının və yaşadığı mənzilə baxış keçirilib narkotik vasitələrin aşkar edilib götürülməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 iyun 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 1, ev 5 ünvanının qarşısında saxlanılaraq həmin bölməyə gətirilmişdir. Raport həmin bölmədə 22.06.2021-ci il tarixdə, ***-**** nömrə altında qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 8). İş materiallarına əlavə edilmiş 23 iyun 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şüşə qabda, həmin şalvarın sol yan cibindən isə beş ədəd selofan bükümdə və bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə narkotik vasitə heroinə bənzər maddələr aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 44-49). İş materiallarına əlavə edilmiş 23 iyun 2021-ci il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 1, ev 5 ünvanına baxış keçirilən zaman evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından bir ədəd selofan paketdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İstintaq hərəkəti zamanı aparılmış videoçəkilişin olduğu bir ədəd CD disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 58-60). Cinayət işinə əlavə edilmiş 24 sentyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lər barədə məlumatlar təhlil olunmuş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 02.01.2021-ci il tarixdə saat 20:09:17-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Ayaz menem kermdi ayaz gelirem bidene qardasna yarm Duz qos.10man qara.ATAMLa gelem yuvanmaym basva donerem.RAYONA GEDRK.» məzmununda mesaj göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 06.01.2021-ci il tarixdə saat 14:15:08-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «07 duzed gelem.pulun vercem.analı'zder yaxsi cixmadi.ganm qaradi» məzmununda mesaj göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 07.01.2021-ci il tarixdə saat 14:39:18-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Utanam sene demeke gerdes.mencin 50man tap bi'ryerden gaga 05kakosdayaxsisindan duz gos cixim gedim.ureyim partdayir gaga senol gedim» məzmunda mesaj göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 28.02.2021- ci il tarixdə saat 13:28:57-də ***-***- **-** saylı mobil telefon nömrəsindən «AYAZ 20 QRAM KOLA LAZİMDİ 400 MANAT PUL VAR» məzmunda mesaj, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 02.03.2021-ci il tarixdə saat 04:01:02-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Ayaz qardaşımsan bir dene putov temiz ele 10 man pati duz qow sen canin dobru ele» məzmunda mesaj, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 13.05.2021- ci il tarixdə saat 13:11:56-da 055-601 -96-56 saylı mobil telefon nömrəsindən «ayaz kermdi.ayazgelem.siniram.ayaz.yoxdu sozn deyb meni bu vezyatda saxlasan anasn sikim sencn ne edmisam halal etmeram» məzmunda mesaj, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 16.05.2021-ci il tarixdə saat 14:17:43-də 055- ***-**-** saylı mobil telefon nömrəsindən «AYAZ SALAM QAQAW YEKE OGLANSAN. BAYAGDAN YİGURAM YAZANİTDİ YADA SONULUDU. QAQAW TELEFONU AWİRDANNAN SORAM YARİ KOLA GOTURDUM O NE İDİ YEKE OGLANSAN. AYİB DEYİL» məzmunda mesaj göndərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lər barədə məlumatlar təhlil olunarkən narkotik vasitələrin satışı ilə bağlı bir çox mesajların olması müəyyən olunmuşdur (cild 1, iş vərəqi 155-174). Məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli 6/2552 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,350 qram, 0,251 qram, 0,270 qram, 0,252 qram, 0,248 qram, 0,018 qram və 1 (bir) ədəd şüşə qabdakı təmiz çəkisi 2,284 qram, ümumi təmiz çəkisi 3,673 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 67-72). Məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli 6/2549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 313,579 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 74-79). Məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2021-ci il tarixli 3054 nömrəli rəyindən görünür ki, müayinə zasmanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 144-145). İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 avqust 2021-ci il tarixli 1962 saylı rəyinə görə, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı psixi (ruhi) xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, onda hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 146-148). İbtidai istintaq orqanının 01 oktaybr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 3,673 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 3,523 qram qalığı və yaşadığı evindən aşkar olunmuş 313,579 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 313,379 qram qalığı xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmiş və müvafiq qərar qəbul edilənədək saxlanılması üçün Nəsimi rayon Polis idarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 195-204). İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs X2 ilə birgə nikahından 17.07.2014-cü il təvəllüdlü Həsən Musayev ad və soyadlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, idarədə Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 175). Məhkəmə iclasında Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar olunmadığını, evdə olmadığı vaxt polis əməkdaşlarının evə gələrək axtarış apardıqlarını, evdən iki qram narkotik vasitə aşkar olunduğunu, polis əməkdaşlarının təhdidi altında həmin narkotik vasitələrin hamısının özünə məxsus olduğunu etiraf etdiyini, ***-***-**-** mobil nömrəsi ona məxsus olsa da, həmin nömrə ilə narkotik vasitələrə görə yazışmalar apardığını dəqiq xatırlamadığını, əvvələr heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün aldığını bildirərək müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və şahidlərin ifadələri ilə, həmçinin təqsirləndirilən şəxsə məxsus mobil telefonla aparılmış narkotik vasitələrin alqı-satqısına dair çoxsaylı SMS yazışmaları ilə və digər sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 iyun 2021-cı il tarixdən 24 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməli, həmçinin onun cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 09 mart 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3,673 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 3,523 qram qalığı və yaşadığı evindən aşkar olunmuş 313,579 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 313,379 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 228 (iki yüz iyirmi səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 24 avqust 2021-ci il tarixli 3054 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, bununla belə, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 22 iyun 2021-cı il tarixdən 24 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 09 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3,673 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 3,523 qram qalıq hissəsi və yaşadığı evindən aşkar olunmuş 313,579 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 313,379 qram qalıq hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-305/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-305/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver