Məhkəmə qərarları › İş №1(101)-306/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-306/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-306/2020 04.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X12,müdafiəçilər Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Xırdalan şəhər vəkil bürosunun vəkili X10 iştirakları ilə « 04 » avqust 2020-ci il Bakı şəhərində xx xxxx 1990-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı usağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, fərdi yaşayış evində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi, ev 70/30-da qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən ağır cinayət törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 11 ay 20 günündən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 15,875 qram çəkidə narkotik vasitə heroini əldə edib həmin narkotik vasitənin 6,827 qram çəkidə hissəsini öz üstündə, 9,048 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs2 öz üstündə saxlayaraq daşımışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı hər ikisi həmin gün saat 15.00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə, külli miqdarda təmiz çəkisi 6,827 qram təşkil edən, Təqsirləndirilən şəxs2 isə əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə, külli miqdarda təmiz çəkisi 9,048 qram təşkil edən, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, cəmi iki bükümdə 15,875 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində o, tanışları Təqsirləndirilən şəxs2 və X6 ilə birlikdə ünvan 1 ünvanının yaxınlığında olmuş, həmin vaxtı mülki geyimdə olan polislər onları saxlamış, polislər onun və Elçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması haqqında məlumat olduğunu bildirmiş, üzərilərində qanunsuz əşya saxlayırlarsa, onu təqdim etməsini təklif etmiş, onlar isə üzərilərində heç bir qanunsuz əşyanın olmadığını bildirmişlər. Ona məxsus olan “BMW” markalı maşına da baxış keçirilmiş və oradan çəkisi 1 qr. olan narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin narkotik vasitə onlara aid olmamış və üzərilərindən də çıxmamışdır. O, uzun zamandır ki, narkomaniya xəstəliyindən əziyyət çəkir və narkotik vasitəni şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Bundan sonra polis əməkdaşları onu və Elçini Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, orada protokol yazılmış və o tərtib olunmuş protokolu yazıb-oxumaq bilmədiyi üçün məzmunu ilə tanış olmadan polis əməkdaşlarının təyziqi altında məcbur qalıb imzalamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində o, tanışları Təqsirləndirilən şəxs1 və X6 ilə birlikdə ünvan 1 ünvanının yaxınlığında olmuş, həmin vaxtı mülki geyimdə olan polislər onları saxlamış, polislər onun və Ülvinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı haqqında məlumat olduğunu bildirmiş, üzərilərində qanunsuz əşya saxlayırlarsa, onu təqdim etməsini təklif etmiş, onlar isə üzərilərində heç bir qanunsuz əşyanın olmadığını bildirmişlər. “BMW” markalı maşına da baxış keçirilmiş və oradan narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə onlara aid olmamışdır. Uzun zamandır ki, narkomaniya xəstəliyindən əziyyət çəkir və narkotik vasitəni şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Bundan sonra polis əməkdaşları onu və Ülvini Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, orada protokol yazılmış və o tərtib olunmuş protokolu polis əməkdaşlarının təyziqi altında məcbur qalıb imzalamışdır. İttiham aktı ilə tanış olduqda orada narkotik vasitənin guya əynində olan göy şalvardan aşkar olunduğu yazılmış, lakin onun ümumiyyətlə göy rəngdə şalvarı olmamışdır. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri təqsirləndirilən şəxslərin qismən də olsa etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa edilməsi məqsədi ilə xx xxxxx 2019-cu ildə keçirilmiş əməliyyat tədbirində iştirak etmiş, həmin tarixdə saat 15:00-da ünvan 1 ünvanının yaxınlığında qara metallik rəngli, «BMW-523» markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomaşının qarşısında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X2. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən 600 manat pulu və «Samsung Duos» markalı mobil telefonu, salvarının sağ arxa cibindən şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini və qeydiyyat şəhadətnaməsini çıxarıb onlara təqdim etmiş, həmin bir ədəd şəffaf polietilen büküm açıldıqda orada heroinə oxşar maddə aşkar edilərək götürülmüş, müvafiq qaydada qablaşdırılıb möhürlənmişdir. Elçin də əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən 20 manat pulu və «Samsung Duos» markalı mobil telefonu, salvarının sol arxa cibindən şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini onlara təqdim etmiş, Elçinin təqdim etdiyi şəffaf polietilen büküm açıldıqda orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Gülbalanın üzərinə baxış keçirilərkən onun üzərindən qanunsuz əşya aşkar olunmamış, «BMW-523» markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş, baxış zamanı avtomaşından əməliyyat marağı kəsb edən əşya və ya predmetlər aşkar olunmamışdır. Ülvi üzərindən təqdim etdiyi heroini 210 manata xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində olarkən təxminən 35-40 yaşlarında olan, orta boylu, ***-***-**-** nömrəli mobil telefonu işlədən, dövlət nömrə nişanının sonu 054 olan, «Mercedes Benz» markalı avtomaşını idarə edən «Elbrus» adlı şəxsdən özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Elçin üzərindən təqdim etdiyi heroini 180 manata xx xxxxx 2019-cu il tarixdə Lənkəran şəhərində olarkən «Kiçik bazar» adlanan ərazidən təxminən 30-35 yaşlarında olan, orta boylu «Nicat» adlı şəxsdən özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Gülbala Səfərov narkotik aludəçisi olduğunu, tanışları Ülvi və Elçinin yanına narkotik istifadə etmək etmək məqsədilə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxx 2019-cu ildə polis işçiləri tərəfindən keçirilmiş əməliyyat tədbirində hal şahidi kimi iştirak etmişdir, həmin tarixdə saat 15:00-da polislər ünvan 1 ünvanının yaxınlığında qara metallik rəngli, «BMW-523» markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomaşının qarşısında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxs X1, baxış zamanı Ülvi əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən 600 manat pulu və mobil telefonu, şalvarının sağ arxa cibindən şəxsiyyət və digər sənədlərini çıxarıb polislərə təqdim etmişdir, Elçin də əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, şalvarının sol yan cibindən 20 manat pulu, mobil telefonu, şalvarının sol arxa cibindən sənədlərini çıxarıb əməliyyat işçilərinə təqdim etmişdir, əməliyyatçılar Ülvi və Elçinin təqdim etdiyi bükümlərə onun və digər hal şahidinin iştirakları ilə baxış keçirmişdirlər. Ülvi və Elçinin yanında aşkar edilmiş Gülbala Səfərov narkotik aludəçisi olduğunu, tanışları Ülvi və Elçinin yanına narkotik istifadə etmək etmək məqsədilə gəldiyini bildirmişdir. Ülvi öz üzərindən aşkar edilmiş maddəni 210 manata Elbrus adlı şəxsdən aldığını, Elçin isə öz üzərindən aşkar edilmiş heroini 180 manata Nicat adlı adamdan aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5 ildir ki, tanıyır. Elçini Ülvidən daha öncə tanımış və elə onun vasitəsi ilə də Ülvi ilə tanış olmuşdur. O bilirdi ki, onlar narkotik vasitədən istifadə edirlər. Özünün də narkotik vasitələrin alüdəçisi kimi şəxsi istifadəsi üçün arada Elçindən narkotik vasitə götürmüşdür. Elçin həmin narkotik vasitəni ona təmənnasız vermişdir . Elə vaxt olub ki, narkotik vasitəni Ülvidən də götürüb istifadə etmişdir. Hazırda narkomaniya xəstəliyindən müalicə alır. O, Ülviyə pulu ona görə vermişdir ki, narkotik vasitəni öz istifadəsi üçün alanda ona da alsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X13 onun məhlə yoldaşıdır. 6-7 il əvvəl özünün şəxsiyyət vəsiqəsi üstündə olmadığına görə 055 *** ** ** nömrəni yeznəsi X7 adına almışdır. Ona istintaqda məlum olmuşdur ki, onun nömrəsindən Təqsirləndirilən şəxs1 070 *** ** ** nömrəsinə xx xxxx 2019-cu il tarixdə sms göndərilmişdir. Onun nömrəsindən Coşqun tez-tez istifadə etmişdir. Bildiyinə görə Coşqun maşın alveri ilə məşğul olmuşdur. Coşqunun narkotik vasitədən istifadə edib-etməməyi və ya narkotik vasitələrin satışı iə məşğul olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxslər qismində təqdim olunanları tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X8 ifadəsində göstərmişdir ki, mərkəz tərəfindən narkotik vasitələrin yalnız keyfiyyət analizi aparılır. BMT-nin standart metodikasına əsasən külli miqdarda narkotik vasitə təqdim olunduğu halda həmin maddə hamogen vəziyyətə gətirilir, yəni qarışdırılır, əgər həmin kütlə narkotik vasitənin əlamətlərini göstərirsə bütün kütlə narkotik vasitə hesab olunur. İş üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunmuş maddələr onun iştirakı ilə tərəfindən BMT-nin standart metodikasına əsasən təhqiqat aparılmış, tərəfindən çəkilmiş və bu barədə akt tərtib olunmuşdur.Ümumiyyətlə Azərbaycanda etalon nümunə olmadığı üçün narkotik vasitələrin yalnız keyfiyyət analizi aparılır. Deoçilin, morfin və heroin eyni maddələrdir. Deoçilin və morfin heroinin elmi dildə anlayışıdır. Həmin kütlə onun tərəfindən cihaz və ekspress analiz vasitəsi ilə təhqiqat aparılmış və nəticəyə əsasən narkotik vasitə olduğu təsdiq olunmuşdur. Narkotik vasitə heroinin əlamətini verirsə deməli istifadəyə yararlı hesab olunur.Tətbiq etdikləri analizdə narkotik vasitənin tərkibində neçə faiz deoçilin və morfin olduğu müəyyən olunmur.xx xxxxx 2019-cu il tarixli 10439 nömrəli məhkəmə-kimyəvi ekspertiza rəyini təsdiq edir . Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 10439 nömrəli rəiyndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə” yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 6,827 qram olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə” təmiz çəkisi 9,048 qram olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Heroinin təmiz çəkisi 6,827 qram və 9,048 qram, qalıq 6,777 qram və 8,998 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 1769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 1761 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “xxxxxxx” MMC-dən xx xxxx 2019-cu il tarixli məktubla daxil olmuş bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi 077 *** ** ** nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi 077 *** ** ** nömrəsi arasında xx xxxxx 2019-cu ildə saat 22.48-də 164 saniyə, xx xxxxx 2019cu ildə saat 11.38-də 101 saniyə, saat 11.40-da 42 saniyə, saat 11.56-da 35 saniyə, saat 13.00-da 20 saniyə danışıq aparılmışdır. Bundan başqa, X14 istifadə etdiyi 070 *** ** ** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 077 *** ** ** nömrəsinə xx xxxx 2019-cu ildə 04.03-də “ulvu men ora gede bilmedim. 20 liy narmalni lazim idi” məzmunlu mesaj göndərilmişdir. Bundan başqa, X9 istifadə etdiyi 070 *** ** ** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 077 *** ** ** nömrəsinə xx xxxxxx 2019-cu ildə saat 00.23-də “Qaqa quran haqi 3 nafara adama 6 tustu vurduq veziyatdan cixa bilmamiwam galim 1 cet goturum biliram evdasan cix rast galim qayidim mawinanam” məzmunlu mesaj göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 ay islah işləri cəzasına, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 186.1-ci maddələri ilə 3 il müddətə azadlıqdan məhrumetmə, 200 manat cərimə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 3500 manat cərimə cəzası təyin edilmişdir. xx.xx.2019-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə 2 il 6 ay 28 gün azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 il şərti sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yəni 2 il 6 ay 28 gün hazırki hökmlə təyin olunacaq cəzaya birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi hesab edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası, 2 il şərti sınaq müddəti təyin edilmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına, Bərdə rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 1 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi narkotik vasitənin satışı ilə məşğul olmadığı barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrdə göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində o, tanışları Təqsirləndirilən şəxs2 və X6 ilə birlikdə ünvan 1 ünvanının yaxınlığında olmuş, həmin vaxtı mülki geyimdə olan polislər onları saxlamış, polislər onun və Elçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması haqqında məlumat olduğunu bildirmiş, üzərilərində qanunsuz əşya saxlayırsa, onu təqdim etməsini təklif etmiş, o da üstündə saxladığı bir bükümdə heroini polislərə təqdim etmiş, onlar həmin bükümə hal şahidlərinin yanında baxmış, sonra qablaşdırıb möhürləmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs2 də üstündə olan bir bükümdə heroini polislərə təqdim etmiş, polislər həmin bükümə baxış keçirəndən sonra onu qablaşdırıb möhürləmişlər. Gülbala Səfərovun isə üstündən heç bir qanunsuz əşya aşkar olunmamış, polislər eyni zamanda onun idarə etdiyi “BMW” markalı maşina da baxış keçirmiş, lakin oradan qanunsuz əşya aşkar edilməmişdir. O, üstündən aşkar edilmiş narkotik vasitəni xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri Xətai rayonu kənd Əhmədli qəsəbəsində Elbrus adlı oğlandan 210 manat müqabilində aldığını bildirmiş, Elbrusun mobil nömrəsi 077 *** ** ** olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Lənkəran şəhərində 180 manata tanımadığı bir nəfər adamdan aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, orada protokol yazılmış, o da protokolun məzmunu ilə tanış olandan sonra onu imzalamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrdə göstərmişdir ki, xx xxxxx 2019-cu il tarixdə saat 15 radələrində o, tanışları Təqsirləndirilən şəxs1 və X6 ilə birlikdə ünvan 1 ünvanının yaxınlığında dayanmış, elə həmin zaman mülki formada olan bir neçə nəfər oğlan bizə yaxınlaşıb özlərini təqdim etmiş, Baş X3 əməkdaşları olduqlarını bildirmişlər. Polislər onun və Ülvinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması haqqında məlumat olduğunu bildirmiş, üzərilərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmiş, həmin vaxtı Ülvi üstündən bir ədəd bükümdə heroini polislərə təqdim etmiş, eyni zamanda da o, üstündə olan bir bükümdə heroini polislərə təqdim etmiş, polislər hər iki bükümü qablaşdırmışlar. Gülbala Səfərovun isə üstündən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Polislər eyni zamanda Ülvinin idarə etdiyi “BMW” markalı maşina da baxış keçirmiş, lakin oradan qanunsuz əşya aşkar edilməmişdir. Ülvi üstündən aşkar edilmiş narkotik vasitəni xx xxxxx 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri Xətai rayonu kənd Əhmədli qəsəbəsində Elbrus adlı oğlandan 210 manat müqabilində aldığını bildirmiş, o isə üstündən çıxan narkotiki Lənkəran şəhəri, Kiçik bazar adlanan ərazidə 180 manata Nicat adlı adamdan aldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu ifadələrini mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutlar- AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan bir ədəd bükümdə 6,777 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 8,998 qram narkotik vasitə heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 114 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7(yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yəni 2 il 6 ay 28 gün hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan bir ədəd bükümdə 6,777 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 8,998 qram narkotik vasitə heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərcləri 114 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar