Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-308/2021 12.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Mayıl oğlunun iştirakı ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsi, ev 8 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsi, ev 8 ünvanının yaxınlığında şəxsiyyəti məlum olmayan Baba adlı şəxsdən əldə etdiyi külli miqdar hesab edilən 4 bükümdə ümumi təmiz çəkisi 22,675 qram olan narkotik vasitə heroini ve 3 bükümdə ümumi təmiz çəkisi 0,293 qram olan Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxx 2020-ci il tarixdə saat 21:45 radələrində Suraxanı rayon Polis idarəsi 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsi, ev 8 ünvanının yaxınlığında saxlanılaraq 31-ci Polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən həmin 4 ədəd şəffaf selofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,685 qram, 0,264 qram və 21,378 qram, ümumi təmiz çəkisi 22,675 qram olan külli miqdar hesab edilən narkotik vasitə heroin və 2 ədəd göy rəngli falqaya, bir ədəd selofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,095 qram və 0,135 qram, ümumi təmiz çəkisi 0,293 qram olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və proses iştirakçılarının suallarınba cavab olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman onda üç büküm narkotik vasitə olmuş, digər narkotik vasitələrdən onun xəbəri yoxdur, həmin narkotik vasitələri onun cibinə polis əməkdaşları qoymuşlar. Onda heroin və bir büküm «şüşə» olmuşdur. Həmin narkotik vasitələri Baba adlı şəxsdən almışdır, lakin Babanın yaşadığı yeri tanımır. Baba ilə bir dəfə «20 Yanvar» metrostansiyası tərəfdə rastlaşmış, həmin vaxt o, narkotikin təsiri altında olmuş və yaxınlaşıb Babadan 4 qram narkotik vasitə almışdır. Həmin narkotik vasitəni bir həftə əvvəl almış, buna görə Babaya 100 manat pul vermişdir. Onda olan «şüşə»nin miqdarı yarım qram olmuşdur. O, əvvələr də CM-nin nin 234.1-ci maddəsi ilə, bir dəfə isə 234.2-ci maddəsi ilə məhkum olunmuşdur. Babadan heroini alanda 4 qram olmuş, tutulanda isə cəmi 2 qram qalmışdır, qalan 2 qramını isə özü istifadə etmişdir. Polis əməkdaşları tərəfindən küçədə saxlanılmış, həmin vaxt narkotik vasitələri ayırmış və ayrı-ayrı ciblərinə qoymuşdur. O, narkotik vasitələri çəkmiş, lakin iynə vurmaq yolu ondan istifadə etməmişdir. Sonuncu dəfə 2020-ci il aprel ayının 3-ü axşamüstü təzə həyətlərində tutulmuş, həmin vaxt da hallı olmuşdur. Tutulandan sonra polis işçiləri onu 31-ci polis bölməsinə aparılmışdır. Həyətdə saxlanılarkən polislər onun üzərinə baxış keçirmiş, həmin vaxt ondan 3 büküm heroin, bir büküm isə “şüşə» çıxmışdır. Sonra polis əməkdaşları əllərində saxladıqları bükümləri onun cibinə qoymaq istəyəndə o, etiraz etmişdir. Bundan sonra polis əməkdaşları ona təzyiq göstərmiş və həmin narkotikləri də boynuna götürməyi tələb etmişlər. O da, hallı olduğuna görə bütün sənədləri imzalamışdır. Polis əməkdaşları onu məcbur edib sənədlərə imza etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Kamran adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla bölmə rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu üzvləri ilə birlikdə 03 aprel 2020-ci il tarixdə saat 22 radələrində Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsinə gəlmişlər. Əməliyyat qrupunda ondan başqa 31-ci Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 də olmuşlar. Onlar həmin ünvanda xarici əlamətləri Kamran adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs özünün Təqsirləndirilən şəxs oğlu olmasını etiraf etmiş, bundan sonra onu əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə dəvət etmişlər. Bölməyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hüquqları izah edilərək xidməti otaqların birində vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bu zaman sonuncu heç bir etiraz etmədən könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ cibindən dörd ədəd şəffaf selofanda olan bükülüləri və üç ədəd göy rəngli falqaya bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması və nə vaxt kimdən əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs həmin 4 ədəd bükülünün içərisində narkotik vasitə heroin, digər üç ədəd göy falqada olan bükümlərdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin Kamran demişdir ki, həmin heroini və psixotrop maddə olan metamfetamini xx xxxxx 2020-ci il tarixdə Yeni Suraxanı qəsəbəsinin girişində yerləşən «dördyol» adalanan ərazidə üzdən tanıdığı «Baba» adlı şəxsdən almışdır. Bundan sonra aşkar edilmiş bükümlər onlar tərəfindən qablaşdırılmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əlavə qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasında əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, digər polis əməkdaşı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanyır, sonuncu ilə normal münasibətləri olmuşdur. Belə ki, o, Kamrandan mütəmadi olaraq quş, toyuq almış və üstünə 5-10 manat pul qoyub sataraq qazanc əldə etmişdir. O, Kamrandan heç vaxt narkotik vasitə almamışdır. İstintaq zamanı da müstəntiq onu Kamranla bağlı, ona özünün yazdığı mesajla bağlı dindirmiş, həmin vaxt da o, müstəntiqə Kamrandan quş aldığını bildirmişdir. Lakin sonradan bilmişdir ki, müstəntiq onun sözlərini düzgün yazmamışdır. O, əvvəlcədən Kamranla danışımış, ondan nisyə quş istəmişdir. Özünün mobil telefonu olmadığından anasının telefonu ilə Kamrana sms yazmışdır. İstintaq zamanı polis əməkdaşları ona təziq etməmişlər. Müstəntiqin yanında o, Kamrana yazdığı «sms»-in mətni ilə bağlı ifadə vermişdir. Məhkəmə iclasında elan olunan ifadə onun sözləri ilə yazılmamışdır. Ona görə də, bir daha bildirir ki, o, Kamrandan narkotik almamışdır, ancaq quş alınması ilə bağlı onunla yazışmışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, qohumları Yeni Suraxanı qəsəbəsində yaşadığından mütəmadi həmin qəsəbəyə gedib-gəlir. Təqsirləndirilən şəxslə onun qohumluq münasibətləri vardır. 2020-ci il mart ayının axırlarından may ayının axırlarına kimi narkotik vasitə heroindən istifadə etmişdir. O, Təqsirləndirilən şəxs bir neçə dəfə şəxsi istehlakı üçün az miqdarda beş-on manat müqabilində narkotik vasitə olan heroin almışdır. xx.xx.2020-ci il tarixdə bir dəfə də Kamranla əlaqə saxlamaq istədikdə, Kamran ona cavab vermədiyindən əsəbləşərək anası Gül Mirzəyevaya məxsus ***-***-**-** nömrəsindən Kamranın istifadəsində olan ***-***-**- ** nömrəsinə “Mən həmişə pulumnan almışam səndən. Bir dəfə də nisyə verməmisən. Əlində ola-ola plus hörmətsizlik edib adboy verirsən. Amma mən sənə qarşı bu cür olmamışam. Nəysə sağ ol” məzmunda mesaj yazmışdır (cild 1, iş vərəqi 147-149). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Şahid1 protokolda olan imzaların ona məxsus olmadığını, həmçinin oxunan ifadəki sözlərin ona aid olmadığını bildirərək, istintaqa verdiyi ifadəsindən imtina etdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, ibtidai istintaq zamanı ifadələr arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün şahidlər Şahid2, Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşdirmələri keçirilmiş, həmin istintaq hərəkətləri zamanı adları çəkilən şahidlər sərbəst ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə onu ittiham olunduğu cinayəti törətməkdə ifşa etmişlər (cild 1, iş vərəqi 122- 142). Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kommunist küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31ci Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman, sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 4 (dörd) bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,685 qram, 0,264 qram, 21,378 qram, ümumi təmiz çəkisi 22,675 qram olan kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 (üç) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,095 qram, 0,135 qram, ümumi təmiz çəkisi 0,293 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 27-28). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/374 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs .....” yazısı olan zərfdə, 4 (dörd) ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,685 qram, 0,264 qram, 21,378 qram, ümumi təmiz çəkisi isə 22,675 qram olan kimyəvi tərkiblərinə görə eyni kustar üsulla hazırlanmış Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin və 3 (üç) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,095 qram, 0,135 qram, ümumi təmiz çəkisi 0,293 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi tərkiblərinə görə eyni olan Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddə metafetamindir (cild 1, iş vərəqi 38-43). Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1749 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 117-118). Cinayət işinə əlavə olunmuş baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 31-ci Polis bölməsinin inzibati binasında aparılmış şəxsi axtarış zamanı çəkilmiş videoçəkilişin əks olunduğu bir ədəd diskə baxış keçirilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən dörd ədəd ağ kağıza bükülü vəziyyətdə olan və üç ədəd bükülüləri çıxarıb təqdim edərək həmin üç ədəd selofanın içərisində psixotrop maddə olan «şüşə» (metamfetamin) olduğunu, digər selofan bükülülərin içərisində isə narkotik vasitə «kokos» (heroin) olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu, həmin narkotik maddələri “kokos” və “şüşə” kimi tanıdığını, 5 gün əvvəl tanımadığı şəxsdən 135 manat pul müqabilində aldığını söyləmişdir. Baxış zamanı bir ədəd DVD diskdə olan fayla baxıldıqdan sonra qablaşdırılaraq möhürlə möhürlənmiş və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 145). İbtidai istintaq orqanının qərarına əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4 (dörd) bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,685 qram, 0,264 qram, 21,378 qram, ümumi təmiz çəkisi 22,675 qram olan kimyəvi tərkiblərinə görə eyni kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 (üç) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,095 qram, 0,135 qram, ümumi təmiz çəkisi 0,293 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza zamanı 0,08 qram heroin və 0,06 qram metamfetamin tədqiqata sərf edilmiş, müvafiq olaraq qalıq qalmış 22,595 qram heroin və 0,233 qram metamfetamin saxlanılması üçün Suraxanı rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 41, 191). Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 31-ci Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə bağlı “xxxx” MMC-dən alınmış bir ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 191). Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 tələbnaməsindən və hökmün surətindən görünür ki, Ağayev X3 rayon məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir(cild 1, iş vərəqi 155-157, 175- 180). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, üzərindən 2 qram «kokos» (heroin) və 0,250 qram «şüşə» (metamfetamin) çıxdığını, 31-ci Polis bölməsində ona fiziki təsir göstərildiyini və döyüldüyünü, buna görə də, məcbur qalıb bir neçə bükümü gödəkçəsinin sağ cibinə qoyaraq özünə məxsus olması kimi təqdim etdiyini, əslində narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarına təqdim edir və həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülür. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi dəlillərdə 31-ci Polis bölməsində ona fiziki təsir göstərildiyini və döyüldüyünü, buna görə məcbur qalıb polis əməkdaşlarının diqtəsi ilə bütün sənədləri imzaladığını göstərsə də, cinayət işinə əlavə olunmuş Suraxanı rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, qeyd olunan hallar da prokurorluq tərəfindən yoxlanılmış və öz təsdiqini tapmadığına görə 197S-20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi yuxarıda göstərilən dəlillərini onun öz cinayət məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirir. Həmçinin məhkəmədə şahid qismində dindirilən Şahid1 istintaqda verdiyi ifadəsinə zidd olaraq heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə almadığını qeyd etməsinə dair ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, şahid təqsirləndirilən şəxslə qohum olduğuna və ona kənar təsirlər olduğuna görə istintaqa verdiyi ifadəsindən imtina etmişdir. Bu səbəbdən, həmçinin iş üzrə tədqiq olunmuş çoxsaylı sübutlarla üst-üstə düşdüyünə görə məhkəmə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarına görə, Ağayev X3 rayon məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət hesab edilən həmin əmələ görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarsa da, qanunla müəyyən edilmiş məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ, 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Suraxanı rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş cinayət işi üzrə maddi sübutlar– Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4 (dörd) bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,685 qram, 0,264 qram, 21,378 qram, ümumi təmiz çəkisi 22,675 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 22,595 qram hissəsi və 3 (üç) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,063 qram, 0,095 qram, 0,135 qram, ümumi təmiz çəkisi 0,293 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminin qalıq qalmış 0,233 qram olan hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 31-ci Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə bağlı “xxxx” MMC-dən alınmış məlumatları özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 91 (doxsan bir) manat 76 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 1749 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Suraxanı rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş maddi sübutlar – Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 22,675 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 22,595 qram hissəsi və ümumi təmiz çəkisi 0,293 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminin qalıq qalmış 0,233 qram olan hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 31-ci Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə bağlı “xxxx” MMC-dən alınmış məlumatları özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 91 (doxsan bir) manat 76 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-308/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-308/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver