Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-309/2023 03.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (saat 12:00) Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lerik rayonu, Cəngəmirən kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə davam edən cinayət formasında 14 iyun 2022-ci il tarixdən saat 02:00-dan 20 iyun 2022-ci il tarixdə saat 05:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən dəmir məmulatlarının istehsalı emalatxanasına dəmir darvazanın qapısını açaraq icarə əsasında idarə etdiyi VAZ 2121 Niva markalı, ** RT *** dövlət nömrə nişanlı avtomobili ilə qanunsuz daxil olub oradan avtomobilə 1 kq-nın dəyəri 2,63 manat olan 4100 kq çəkidə cəmi dəyəri 10783 manat təşkil edən sinkləşmiş metal lövhəni, hər birinin dəyəri 1500 manat olan 21 ədəd cəmi dəyəri 31500 manat təşkil edən qəlibləri (ştamp), hər birinin dəyəri 250 manat olan 4 ədəd cəmi dəyəri 1000 manat təşkil edən elektrik mühərriklərini, 01 ədədinin dəyəri 0,04 manat olan 60000 ədəd cəmi dəyəri 2400 manat təşkil edən dəmir barmaqlıq naxışlarını və 01 ədədinin dəyəri 0,09 manat olan 70000 ədəd cəmi dəyəri 6300 manat təşkil edən dəmir qapı üçün yarımdairəni yükləyərək götürüb gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs külli miqdarda, yəni 51983 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs altı ildir tanıyır. O, 2021-ci ilin yanvar ayında işə girmiş, lakin maaş qane etmədiyi üçün işdən çıxmışdır. 10 gün sonra Zərərçəkmiş şəxs özü ona zəng etmiş və ona kart verəcəyini demişdir. O, rəsmi işləməmiş, onarın arasında müqavilə olmamışdır. Orada ondan başqa 7-8 nəfər işçi olmuşdur. Oğlu Kəlbəcərdə xəsarət alan zaman ona pul lazım olmuş, banka getmiş və Zərərçəkmiş şəxs ona 70 və 100 manat olmaqla iki dəfə pul vermişdir. O, oğurluq etmiş, ancaq onun ştamplardan xəbəri olmamışdır. O, emalatxanada işləyən zaman Zərərçəkmiş şəxs oğluna yaxınlaşaraq ona anasının xəstə olduğunu və ona 500- 600 manat pulun lazım olduğunu demişdir. O, Şüvəlanda olan zaman anası vəfat etmişdir. O, emalatxananın açarı onda olduğu üçün Niva markalı maşın ilə gecə emalatxanaya getmiş, həmin vaxt mühafizəçi olmamış və qapılar açıq olmuşdur. O, metalları Suraxanıda metal qəbulu məntəqəsinə aparan zaman onun qiyməti cəmi 460 manat olmuşdur. O, 51.000 manatlıq mal oğurlamamışdır. O daha sonra bildirmişdir ki, bir çox bahalı materiallar apara bilərdi, çünki orada hər zaman qapı açıq olur, lakin o, ancaq metal qiymətinə olan şeyləri satmışdır. O, metalları dörd dəfə metal qəbulu məntəqəsinə aparmış, ancaq beşincidə saxlanılmışdır. O, tutulan zaman dörd nəfər polis əməkdaşı onun əl-qolunu bağlamış, o, buna dözə bilmədiyi üçün onların dediyi hər şeyi etmişdir. O, döyülən zaman qabırğasında problem olduğunu deməsinə baxmayaraq, yenə də döyülmüş, qabırğasının salınması üçün sınıqçıya 30 manat pul vermişdir. O, ilk oğurluq zamanı 320 kiloqram metal götürmüş, ən çox oğurluğu həmin zaman etmişdir. O, həmin metalları 0,40 manatdan vermişdir. O, 21 ədəd metal oğurlamamış, 3 ədəd işlənmiş elektrik mühərriki və 800-dən artıq olmayan şarik oğurlamışdır. Onun oğurladığı malların dəyəri 51.000 manatdan çox aşağı olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi- emalatxanada törətdiyi oğurluq cinayəti nəticəsində Zərərçəkmiş şəxs ittihamda göstərilən məbləğdən, yəni 51983 manatdan xeyli az ziyan vurmasına, polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalması və onların dediyi kimi ifadə verməsinə dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə əlaqədar Xəzər rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və həmin hallar öz təsdiqini tapmadığına görə 15 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ona məxsus emalatxanada 2021-ci ildə presləyici işləmişdir. O, Təqsirləndirilən şəxs işinin qarşılığında ayda 500 manat əmək haqqı vermişdir. Rüstəm 2021-ci ilin dekabr ayında 1 ay müddətində işləmiş, sonra isə işə gəlməmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxslə əlaqə saxlamış, işə nə səbəbə gəlmədiyini soruşmuşdur. Həmin zaman Rüstəm ona demişdir ki, işdə olan kollektiv onun xoşuna gəlmədiyi üçün işə gəlmir və başqa yerdə iş tapmışdır. Bundan bir müddət sonra Rüstəm onunla əlaqə saxlamış və onun emalatxanasında işləmək istədiyini demişdir. Rüstəm işini bacardığı üçün o, razılıq vermişdir. Rüstəm 2022-ci ilin yanvar ayının axırlarında onun emalatxanasında yenidən işləməyə başlamışdır. Rüstəm 10-15 gün işlədikdən sonra yenə də, təxminən 10-15 gün işə gəlməmişdir. O, Rüstəmdən bu barədə soruşanda demişdir ki, oğlu hərbi xidmətdə olduğu üçün onun yanına getmişdir. Beləliklə, Rüstəm yenidən onun emalatxanasında işləmək istədiyini bildirmiş və o, razılıq vermişdir. Bu ünvanla Təqsirləndirilən şəxs ona məxsus emalatxanada 2022-ci ilin iyun ayının 5-nə kimi hissəli olaraq işləmiş və o, Rüstəmə günəmuzd kimi hər gününə 20 manat olmaqla əmək haqqı vermişdir. Təqsirləndirilən şəxs ona məxsus emalatxanada işləyən zaman emalatxananın açarının harada olmasını bilmişdir. Belə ki, 15 iyun 2022-ci il tarixdə ona məxsus sözügedən emalatxanaya saat 08:00 radələrində gələn zaman emalatxanadan oğurluq hadisəsinin baş verdiyini görmüşdür. O, həmin zaman kimin tərəfindən oğurluq olmasını bilməmişdir. İlk dəfə o, həmin tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nə oğurluq barədə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə 8000 manat dəyərində 8 ədəd qəlibin, 1000 manat dəyərində 4 ədəd elektirik motorunun oğurlanmasını göstərmişdir. Bundan başqa o, 20 iyun 2022-ci il tarixdə əlavə olaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus emalatxanadan 15 iyun 2022-ci il tarixdə olan oğurluq hadisəsi ilə bilrikdə cəmi dəyəri 12.420 manat təşkil edən metal dəmir Üstlər, 7000 manat dəyərində 13 ədəd dəmir qəliblər, 2700 manat dəyərində olan gül və dairəvi şəkilli hazır dəmir məhsullar və sair əşyalar oğurlanmış və nəticədə ona 34730 manat ziyan vurulmuşdur. Hazırda ona məxsus emalatxanadan 1 kq dəyəri 2,63 manat olmaqla 3500 kq sinklənmiş metal lövhələr (cəmi 9205 manat), hər birinin dəyəri 1500 manat təşkil edən 20 ədəd ştamp (qəlib-cəmi 30000 manat), hər birinin dəyəri 250 manat olan 3 ədəd elektirik mühərriki (cəmi 750 manat), hər birinin dəyəri 0,04 manat təşkil edən 60.000 ədəd dəmir barmaqlığın naxışı olan gül formalı metal (cəmi 2400 manat), hər birinin dəyəri 0,09 manat təşkil edən cəmi 70000 ədəd dəmir qapı üçün nəzərdə tutulan yarım dairəvi dəmir metallar oğurlanmışdır. Sadaladığı əşyaların cəmi dəyəri 48655 manat təşkil etmişdir. Həmin dəyərdə olmasının orta bazar qiymətini cədvəl şəklində möhürlənmiş vəziyyətdə təqdim edir. İstintaq zamanı ona məlum olmuşdur ki, həmin əşyaları onun emalatxanasında əvvəllər işləyən Təqsirləndirilən şəxs oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı əşyalardan ona bir qismi qaytarılmışdır. Yuxarıda sadaladığı əşyaların içərisində ona qaytarılanlar daxil deyildir. Ona qaytarılan əşyaların dəyəri 3328 manat təşkil etmişdir. Həmin əşyalar 01 ədəd elektrik mühərriki, 01 ədəd qəlib-ştamp və 600 kq sinklənmiş lövhələr olmuşdur. Ona qaytarılmış əşyalarını da qeyd etsə Təqsirləndirilən şəxs ona cəmi 51983 manat maddi ziyan vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nün polis baş serjantı Şahid3 ifadəsində göstərmişdir ki, o, 20 iyun 2022-ci il tarixdə xidmət yoldaşı Şahid2 ilə ərazidə baş vermiş oğurluq cinayətinin açılması istiqamətində inzibati ərazi üzrə xidməti avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu Binə atçılıq massivində saat 05:00 radələrində olan zaman “Vaz 2121 Niva” markalı avtomobilini idarə edən sürücünün şübhəli olmasını görmüşlər. Bu zaman onlar həmin avtomobilə yaxınlaşıb sürücüsündən şəxsiyyəti barədə məlumat verməsini demişlər. Sonra isə avtomobilə nəzər yetirəndə görmüşlər ki, avtomobildə dəmir metal parçaları var. Həmin zaman sürücü şübhəli olduğu üçün tərəflərindən Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət edilmişdir. Orada olan zaman məlum olmuş ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur və Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmiş ki, avtomobilində olan metallar oğurluqdur. Həmin metalları Binə atçılıq massivində olan Cavanşir adlı şəxsin emalatxanasından oğurlamışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin polis əməkdaşı Şahid2 da Şahid3 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Rüstəmi tanıyır. Rüstəm onun işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Balağanın qarajı kimi tanınan ərazidə olan metal qəbulu məntəqəsinə bir neçə dəfə dəmir metallar gətirmiş və həmin metalları almışdır. Belə ki, sonuncu dəfə Rüstəm “Niva” markalı avtomobillə dəmir metallar gətirmiş və həmin metalları o almışdır. Bundan əvvəl də Rüstəm bir neçə dəfə müxtəlif avtomobillərlə metal dəmirlər gətirib onlara satmışdır. Rüstəmin arvadı Mənzil Təsərrüfat Kommunal idarəsində işləyir və yol kənarlarını süpürür. Rüstəm arvadı ilə də bir neçə dəfə ona 3-5 kq olmaqla dəmir metal gətirmiş və almışdır. Belə ki, o Rüstəmdən bir neçə dəfə metal dəmirlər alsa da, Rüstəmdən sənəd istəməmişdir. Çünki, Rüstəm daima onların müştəriləri olmuş və şifahi olaraq özünü ona, eləcədə orada işləyən fəhlə Mahmuda tanıtmışdır. O, Rüstəmdən metalları qəbul edəndə bu metalların oğurluq olması barədə soruşmuş, Rüstəm isə ATEF şirkətində işlədiyini, malları Rüstəmə mühəndisin verdiyini, yararsız mallar olduğundan satdığını demişdir. Rüstəm bir neçə dəfə ona dəmir metal satmağa gələndə müxtəlif markalı avtomobillərlə gəlmişdir. Rüstəm elə olmuş ki, “Hundai” markalı avtomobillə də dəmir metal gətirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Rüstəm əvvəllər işlədiyi Cavanşir adlı şəxsin emalatxanasından dəmir metallar, kəsilmiş list dəmirlər, gül və dairəvi formalı dəmirlər, elektrik mühərrikləri və sıxıcı aparatları oğurlamış, oğurladığı əşyaları onun işlətdiyi əlvan metal qəbul məntəqəsinə satmışdır. O, Rüstəmdən metalları alanda 270 manat pul vermişdir. Əşyaların bir qismini isə maddi sübut kimi polisə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 9/5772 nömrəli rəyində göstərilmişdir ki, “Zərərçəkmiş şəxs VÖEN: **********” tərəfindən tərtib edilmiş arayışdan istifadə edilməklə ekspertiza tədqiqatına təqdim edilmiş mallarının istifadə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 15502,64 manat müəyyən edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə qeyd olunan ittihamlar üzrə qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd elektrik mühərriki, 01 ədəd qəlib-ştamp və təxminən 600 kq sinklənmiş lövhələrin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri “Prospekt” Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd elektrik mühərriki, 01 ədəd qəlib-ştamp və təxminən 600 kq sinklənmiş lövhələrin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri “Prospekt” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-309/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-309/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver