Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-310/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, Əlizadə Əli Nazim oğlunun və Dadaşov Aqşin Səyyah oğlunun, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Mansırov Ziya İlham oğlunun və Mehdiyev Orxan Səftər oğlunun, zərərçəkmiş şəxs Quliyev Zülhüccə Ruzman qızının və onun nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Məmmədzadə Əkbər Yusif oğlunun, zərərçəkmiş şəxs Məmmədov Məhəmməd Cəbrayıl oğlunun, təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlunun və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil bürosunun vəkili Abdullayev Nail Akif oğlunun iştirakları ilə, 02 oktyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Rzayev Eldəniz Qərib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Rzayev Eldəniz Qərib oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Rzayev Eldəniz Qərib oğlu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasının qarşısında tanış olduğu Talıbova Həlimə Miri qızının qardaşı oğlu Quliyev Miri Mirsəməd oğlunun barəsində istintaq olunan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə 3 saylı İT-də saxlanılmasını öyrəndikdən sonra özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli şəxsin qohumu, eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasında yerləşən səfirliyində tərcüməçi vəzifəsində işləyən şəxs kimi təqdim edərək Miri Quliyevi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirməklə orada işləyən yüksək vəzifəli tanışlarının vasitəsi ilə anlaqsız olması barədə rəy alaraq həbsdən azad olunmasında köməklik edə biləcəyinə dair yalan vəd verməklə 02 sentyabr 2018-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metronun “İnşaatçılar” stansiyasının yaxınlığında Quliyev Miri Mirsəməd oğlunun anası Quliyeva Zülhüccə Ruzman qızının Talıbova Həlimə Miri qızı vasitəsi ilə göndərdiyi 5000 manat pulu alaraq ələ keçirdikdən sonra, 2018-ci ilin sentyabr ayının əvvələrində özünə qarşı inamı artırmaq məqsədi ilə aldığı həmin pulun 2500 manat hissəsini Həlimə Talıbovaya qaytardıqdan sonra, vahid niyyətin davamı olaraq 2018-ci ilin sentyabr ayında Quliyev Miri Mirsəməd oğlunun təqsirləndirildiyi Cinayət Məcəlləsinin müvafiq maddəsini dəyişdiriməsi bəhanəsi ilə Quliyeva Zülhüccə Ruzman qızının qohumu Babayev Kənan Mirqasım oğlu vasitəsi ilə göndərdiyi 3000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, 2018-ci ilin sentyabr ayında eyni bəhanə ilə Zülhüccə Quliyevanın qohumu Kənan Babayev vasitəsi ilə göndərdiyi 2500 manat pulu Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə, 2018-ci ilin sentyabr ayının sonlarında həmin bəhanə ilə Z.Quliyevanın qohumu Həlimə Talıbova vasitəsi ilə göndərdiyi 2500 manat pulu ünvan 3 ünvanın qarşısında, 10 oktyabr 2018-ci il tarixdə Miri Quliyevin saxlanıldığı 3 saylı İstintaq təcridxanasının xəstəxansında müalicə olunmasına dair arayış alınması bəhanəsi ilə Zülhüccə Quliyevanın qohumu Həlimə Talıbova vasitəsilə göndərdiyi 1000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən metronun “Nizami” stansiyasının yaxınlığında, 2018-ci ilin oktyabr ayının sonlarında Miri Quliyevin guya anlaqsız hesab edilməsi barədə vəsatətin təmin olunması bəhanəsi ilə Zülhüccə Quliyevadan 5000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metronun “İnşaatçılar” stansiyası yaxınlığında alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs Quliyeva Zülhüccə Ruzman qızının ümumilkdə 16500 manat pulunu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Rzayev Eldəniz Qərib oğlu təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan “Sultan”, “Aslan”, “Natiq” və “Məhəmməd” adlı şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Məhərrəmov Rüsdəm Kərəm oğlu vasitəsilə tanış olduğu Məmmədov Məhəmməd Cəbrayıl oğluna yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsi ilə sonuncunun işlədiyi "Azərsun" Holdinqin nəzdində olan "İmişli Şəkər" zavodunda 268000 manatlıq mənimsəmə faktına görə barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 179, 308 və 314-cü maddələri ilə istintaq olunan cinayət işinin icraatına xitam verdirəcəyi və zərərçəkmiş hüquqi şəxsə maddi ziyanın ödənilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə 2021-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən “Ayna Sultanova” heykəlinin yaxınlığında 60000 manat, bundan bir neçə gün sonra vahid niyyətin davamı olaraq Məhəmməd Məmmədovun Rüsdəm Məhərrəmov vastəsilə göndərdiyi 15000 manat pulu ünvan 4 ünvanda alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Məmmədov Məhəmməd Cəbrayıl oğlunun ümumilkdə 75000 manat pulunu ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Rzayev Eldəniz Qərib oğlu özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zülhüccə Quliyeva ilə arasında dostluq münasibətləri olmuşdur. Zülhüccə ona qardaşı oğlunun anlaqsız olduğunu, qohum-əqrəbanı bıçaqladığını, onun anlaqsız olduğunu sübut etmək lazım olduğunu demişdir. Həmin bıçaqlama hadisəsi Quba rayonunda olmuşdur. Həmin vaxt da onun əmisi Penitensiar Xidmətdə şofer işləmişdir. O da danışığa çıxmış, komissiya təyin olunmuş, komissiyadan məktub da gəlmişdir. Zülhüccə ona hissə-hissə 15000 manat pul vermişdir. Bu proseslər 2018-ci ildə baş verirmiş. Onu 2019-cu ildə həbs etmişlər, 1 il 2 ay həbs cəzası vermişlər. Ona verilən hissə-hissə pulları o da əmisinə vermişdir. O, həmin puldan 8 min manat qaytarmışdır. İkinci epizod üzrə bildirir ki, köhnə polis işçisi Rüstəm adında qonşusu olmuş, Rüstəm onun əvvəl məhkumluğu olduğunu bilmişdir. Onun Rüstəmlə münasibəti olmamışdır. Rüstəm əmisinə onunla görüşmək istədiyini bildirmişdir. O, görüşə gəlmiş, Rüstəm İmişlidə yaşayan Murad adlı dostunun qohumunun bir problemi olduğunu, Korrupsiyada barəsində cinayət işi getdiyini demiş, işin bağlana bilməsinin mümkünlüyünüyü öyrənməsini istəmişdir. Həmin adamın adı Məhəmməd olmuşdur. Bir neçə görüş olduqdan sonra Rüstəm məbləğ söhbətinə qarışmamasını, məbləği həll edəcəyini bildirmişdir. Məhəmmədi dəfələrlə Korrupsiyaya çağırmışlar, yoldaşların əlaqələrinə görə Məhəmməd həbs olunmamışdır. Məhəmməd 60 min manat pul götürüb Ayna Sultanova heykəlinin yanına gətirmiş və cinayət işinə xitam verilməsi üçün həmin pulu Rüstəmə vermişdir. Onların adamı Sultan adında şəxs olmuş, aparıb 15 min manatı həmin Sultan adlı şəxsə vermişdir. Pulun 10 min manatı isə Natiq adında şəxsə çatmışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlu əmisinin Penitensiar xidmətdə işlədiyini, əmisinin müxtəlif işləri həll edə bildiyini, səfirlikdə işləmədiyini, 1-ci epizodla bağlı ittiham aktında yazılan bütün məbləğlərin düz olduğunu, tutulandan sonra işlərin dayandığını, 8 min manat qaytardığını, ikinci epizod üzrə ona bir dəfəyə 60 min manat pul verildiyini, pulları Sultana və Natiqə verdiyini, ona 10 min manat pul çatacağını, Sultana 40 min manat çatacağını, qalan pulu Sultan Nəcəfova və Natiqə verdiyini, Natiqin qardaşının Prezident Aparatında katiblikdə oturduğunu, Natiqin nömrəsini xatırlamadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Quliyeva Zülhüccə Ruzman qızı ifadəsində göstərdi ki, oğlu Quliyev Miri Mirsəməd oğlu həbs olunmuş və Şüvəlandakı İstintaq təcridxanasında saxlanılmışdır. Baldızı Həlimə Miriyə baş çəkmək üçün Şüvəlana getmiş, oradan çıxanda təcridxananın qarşısında Eldənizi görmüşdür. Eldəniz baldızına narahat olmamasını, qardaşı oğlunu həbsdən çıxara biləcəyini demişdir. Eldənizlə baldızı bir-birini tanımamışlar. Baldızı Həlimə küçədə oturub ağlayırmış. Eldəniz Həliməyə iş adamı olduğunu söyləyib və deyib ki, əgər pul olsa qardaşı oğlunu həbsdən çıxara bilər. Həlimə ona zəng edib bir nəfər tapdığını, pul olsa Mirini çıxarmaqda kömək edə biləcəyini və pul göndərməsini demişdir. Həlimə ilə Eldəniz 15 min manata razılaşmışlar. Onun o qədər pulu olmamışdır. O, əkinlərini, mal-qarasını, mer-meyvə satıb 5 min manat düzəldib baldızı ilə Eldənizə göndərmişdir. Eldəniz 5 mini götürmüşdür. O, bundan artıq verəcək pulunun olmadığını demişdir. Eldəniz ilk öncə baldızı ilə 5 minə işin həll olacağın demişdir. O, rayonda yaşadığından, Bakıya tez-tez gedib gələ bilməmişdir. Daha sonra Eldəniz işin həll olmadığını, hansısa prokurorun buna razılıq vermədiyini, yenə 5 min manat pul lazım olduğunu demişdir. O da məcbur olub meyvə bağını satmış və gətirib pulu Eldənizə vermişdir. O, 2-ci dəfə pul verərkən baldızına Eldənizi tanımaq istədiyini bildirmişdir. O və baldızı Eldənizlə “İnşaatçılar” metrostansiyasının qarşısında görüşmüş və pulu Eldənizə vermişdir. Eldəniz onu böyük iş adamları ilə əlaqəsi olduğunu deyib inandırmışdır. Eldəniz ona uşağını oradan çıxaracağını, Maştağada xəstəxanada qalacağını, oradan xəstəlik kağızı alıb onu çıxaracağını demişdir. Bir az keçəndən sonra artıq onda pul qalmamışdır. Eldəniz yenə pul istəyib demişdir ki, oğlunu çıxarmaq üçün Maştağanın baş həkiminə 5 min manat pul vermək lazımdır. O da həmin pulu yığıb baldızı ilə birlikdə Eldənizə vermişdir. Eldəniz 5 min manatı prokurorun işə protest verməməsi üçün istəmişdir. 16 min verdikdən sonra Eldəniz ondan 500 manat da pul istəmiş və əgər bu pulu verməsə, işin əvvəlki vəziyyətinə qayıdacağını demişdir. O yenə məcbur olub 500 manat pul da tapmışdır. O özü gələ bilmədiyi üçün həmin pulu qaynının oğlu Kənan vasitəsi ilə Eldənizə çatdırmışdır. Eldənizə zəng edib pulu götürüb-götürmədiyini soruşmuşdur. Eldəniz də ona pulu götürdüyünü, işin düzələcəyini demişdir. Eldənizə ümumilikdə 16 min 500 manat pul vermişdir. Buna baxmayaraq Eldəniz oğlunu çıxara bilməmişdir. Oğluna 12 il 6 ay həbs cəzası verilmişdir. Eldəniz ona Apellyasiya Məhkəməsinin hakimi Kamran müəllimin onun dayısının qohumu olduğunu, 20 gün ərzində işin apellyasiya məhkəməsinə gedəcəyini, oğlunu çıxaracağını demişdir. Apellyasiya Məhkəməsi isə işin olduğu kimi qalması ilə bağlı qərar qəbul etmişdir. Ondan sonra o, Eldənizi tapa bilməmiş, nə qədər zəng etsələr də, cavab verməmişdir. Eldəniz 8 min manat pulunu qaytarmış, 8 min 500 manat borcu qalmışdır. Eldənizə qarşı mülki iddia vermişdir. Eldənizdən pulunu qaytarmasını tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədov Məhəmməd Cəbrayıl oğlu ifadəsində göstərdi ki, 2020-ci ildə işlədiyi “Azersun Holdinq”in “İmişli Şəkər” zavodundan öz ərizəsi ilə işdən azad olmuşdur. O, işdən azad olunduqdan 1 il sonra işlədiyi müəssisəni rəhbərlik daxil olmaqla Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə şikayət etmişlər. Onlar 2021-ci ildə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə rəhbərliklə birlikdə şahid qismində dəvət olunmuşlar. Daha sonra təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunmuşlar. Ümumi 263 min manatlıq mənimsəmə-israfetmə olmuşdur. İstintaq müddətində zərərin ödənilməsi ilə bağlı təkliflər edilmişdir. Zərər 2 yerə bölünməli idi. Həmin zərəri ödəyə bilərmiş, lakin bu işdə əli olmadığı üçün ödəmək istəməmişdir. İttiham aktında adı keçən, hal-hazırda bəraət alıb azadlıqda olan Murad Qurbanovun babasının yas məclisində olarkən Murad Qurbanov problemini öyrənib ona Məhərrəmov Rüstəm Kərəm oğlu adlı bir qohumu olduğunu, Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışdığını, zərərin ödənilməsinə köməklik göstərəcəyini demişdir. 2-3 gün keçdikdən sonra onu cinayət işini sonlandırmaq üçün Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə çağırmışlar. Murada zəng vurub Daxili İşlər Nazirliyində işləyən dostu Rüstəmlə görüşmək istədiyini demişdir. Murad ona zəng edib Rüstəmin Qara Qarayev tərəfdə əməliyyatda olduğunu, ünvanı dəqiq bilmədiyini demişdir. Rüstəmlə görüşmüş, o, vəsiqəsini göstərib özünü təqdim etmişdir. Rüstəm onunla birlikdə Ayna Sultanova ərazisində bir nəfərin qapısını döymüşdür, onunla nəsə danışmış, sonra oradan ayrılmışlar. O, vurulan ziyanı ödəməliymiş, ziyanı ödəməsə həbs olunacağını demişlər. Rüstəm görüşdüyü adamın prokuror olduğunu bildirsə də, həmin görüşdüyü adam bunu qəbul etməmişdir. 2-3 gün keçdikdən sonra Rüstəm adam tapdığını, 40 min manat pulun ödənməli olduğunu, amma 15 min manat pulu öncədən ödəməli olduğunu demişdir. Məhərrəmov Rüstəm 15 min manatı Yasamalda ondan almışdır. Rüstəm ona pulu aparıb, çek gətirəcəyini demişdir. 2 gündən sonra Rüstəmə zəng çatmamışdır. Növbəti dəfə görüşəndə Rüstəm ona Prezident aparatında işləyən adam tapdığını, lakin o, həmin şəxsin nə adını, nə də nömrəsini vermişdir. Həmin vaxt qardaşı da onun yanında olmuşdur. O, həmin şəxsin üzünü heç vaxt görməmişdir. 1-2 dəfə danışmış, əlaqə yaradan Rüstəm özü olmuşdur. Daha sonra Rüstəmin istədiyi 40 min manat 60 min manat olmuşdur. 15 min manat da əvvəlcədən vermişdir. Daha sonra Rüstəm Eldənizlə danışmışdır. Özü də Eldənizlə danışsa da, onu görməmişdir. Bu işdə digər bir vasitəçi Murad olmuşdur, hətta Muradın valideynləri də Rüstəmin Daxili İşlər Nazirliyində işlədiyini deymişdir. O, borc-xərc edərək 60 min manatı düzəltmişdir. O öz maşını ilə Ayna Sultanovaya gəlmiş, maşından düşmüşdür. Eldəniz qabaqda, Rüstəm də onun yanında oturmuşdur. O, dəfələrlə Rüstəmlə danışsa da, Rüstəm ona Eldənizin onun qonşusu olduğunu, heç bir yerdə işləmədiyini, dələduzluqla məşğul olduğunu, barəsində cinayət işinin olduğunu deməmişdir. Bir tərəfdən Murad, bir tərəfdən də Rüstəm onu aldatmışlar. O, Rüstəm və Eldənizə ümumilikdə 75 min manat pul vermişdir. Həmin adamlar ondan 60 min manat pul aldıqdan sonra ayrılmış, Rüstəm və Eldəniz birlikdə getmişlər. Rüstəm ona 10 min manat pul lazım olduğunu demişdir. O, 10 min manat pulu “Kafe park”ın qarşısında Rüstəmə vermiş və Rüstəm getmişdir. Eldəniz hərdən ona dollar şəkilləri göndərib pulun onda olduğunu demişdir. O, ümumilikdə 85 min manat pul vermişdir. Rüstəm ona 10 min manat qaytarmışdır. Ona dəymiş 75 min manat ziyanın ödənilməsini Eldəniz, Rüstəm və Muraddan tələb edir. Eldəniz ona pul qaytarmamışdır. Məhkəmədə verilən sualları cavablandıran zərərçəkmiş şəxs Məmmədov Məhəmməd Cəbrayıl oğlu Eldənizlə telefonla danışanda ona cənab Prezidentin yanında olduğunu, müxtəlif görüşlərə getdiyini, həmin vaxt torpaqların təzə işğaldan azad olunduğunu, Eldənizin ona müəyyən əraziyə getdiklərini dediyini, ona aldadıcı sözlər dediyini, ona şərti cəza veriləndən sonra onları axtardığını və pullarını geri istədiyini, 60 min manatı Eldənizə verənə qədər aralarında tanışlıq üçün telefon danışıqları olduğunu, 60 min manatı alan zaman aralarında ödəməli olduğu pulun bölünməsi haqqında söhbətlər getdiyini, tanıdığı adamların Rüstəmlə Murad olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Talıbova Həlimə Miri qızı ifadəsində göstərdi ki, 2018-ci ildə qardaşı oğlu hadisə törətmişdir. Xəzər rayonu Şüvəlan qəsəbəsində yatırmış, psixoloji pozuntuları olmuşdur. Qardaşı oğlunun yanına yemək aparıb görüşəndən sonra halı çox pis olmuş, ağlamağa başlamışdır. Qapının ağzında ağlayarkən Eldəniz onda yaxınlaşıb ağlamağının səbəbini soruşmuşdur. Eldəniz ona özünü iş adamı kimi tanıtmış, Ədliyyədə işlədiyini, qardaşı oğlunun Maştağaya keçməsinə kömək edə biləcəyini, əmisi oğlunun yüksək vəzifədə çalışdığını demişdir. O, ailəsində yaşanan bütün faciəvi hadisələri Eldənizə danışmışdır. Eldəniz ona kömək edə biləcəyini demiş, o da Eldənizə inanmış, aldanmışdır. Daha sonra Eldəniz ona 5 min manat pul lazım olduğunu demişdir. Eldənizlə danışdıqlarının hamısını qardaşının yoldaşı Zülhüccəyə danışmış, ona 5 min manat pul lazım olduğunu, oğlunun Maştağa keçməsinə kömək edəcək adam olduğunu demişdir. Qardaşının yoldaşı ona pul göndərmişdir. İlk öncə 4 min manat pul göndərmiş, o da üzərinə 1000 manat qoymuşdur. Eldəniz də özü 1000 manat pul qoymuş, daha sonra ona qaytarmışlar. Eldənizə pul verdiyini notariusda təsdiq etməsini desə də, Eldəniz ehtiyac olmadığını, əl yazısı ilə qəbz verəcəyini demişdir. O da pulu Eldənizə vermişdir. Sonradan az-az ondan yenə pul istəmişdir. Eldəniz ümumilikdə 16 min 500 manat pul almışdır. Pulu təklikdə verməmişdir, qardaşının yoldaşı ilə birlikdə vermişdir. Daha sonra oğlanın məhkəməsi olmuşdur, cəza verilmişdir. Eldənizə zəng vurub oğlanın niyə çıxmadığını soruşmuş, Eldəniz də ona Apellyasiya Məhkəməsinin qərarından sonra çıxacağını demişdir. Eldəniz pulun 8 min manatını onlara geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qurbanov Murad Mehman oğlu ifadəsində göstərdi ki, Məhəmməd onun tanışı olmuşdur. Məhəmmədlə Eldənizin arasında nə baş verdiyindən xəbəri olmamışdır. Məhəmmədlə Eldənizin arasında işlə bağlı pul söhbətləri olmuşdur, həmin proseslər bitəndən sonra bu barədə xəbəri olmuşdur. Onu bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb etmişlər. Pulu onun yanında alıb-verməmişlər. Məhəmməd ondan dostu Rüstəmlə onu calaşdırmasını xahiş etmişdir. Onun daha sonrakı proseslərdən xəbəri olmamışdır. Məhkəmədə verilən sualları cavablandıran şahid Qurbanov Murad Mehman oğlu Rüstəmin Məhəmməddən Məhəmmədin şəkər zavoduna olan borcuna görə pul aldığını, Rüstəmin birinci 60 min, daha sonra 85 min pul dediyini, Eldənizi tanımadığını, Rüstəm pulu alıb Eldənizə verdiyini, Eldənizin Məhəmmədin Korrupsiayadakı işini düzəltməli olduğunu, Məhəmməd şikayət etdikdən sonra ona Rüstəmin ondan 85 min pul aldığını dediyini, pulun onun vasitəsilə verilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Abbasova (Quliyeva) Raminə Mövludağa qızı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə heç bir qohumluğu olmamışdır. Zərərçəkmiş Zülhüccənin qardaşı qızıdır. Onun əmisi oğlu həbsdə olmuş, xəstə olduğu üçün bibisi onun xəstəxanaya göndərilməsini istəmişdir. Bibisi ona Rzayev Eldənizlə danışdığını, pul müqabilində bu işi həll edə biləcəyini söylədiyini demişdir. O, bibisigilə gəlmişdir. Bibisi ona Eldənizə pul verəcəyini demişdir. Onlar “İnşaatçılar” metrosuna gedərək, Eldənizin maşınında əyləşmiş, bibisi Eldənizə 5000 manat pul vermişdir. Eldəniz bu işi həll edəcəyini demişdir. Daha sonra bibisi Eldənizin onları aldatdığını, amma pulu qaytaracağını demişdir. Bibisi ilə o yenə Eldənizlə görüşmüş, Eldəniz bibisinə 2500 manat qaytarmışdır. Məhkəmədə verilən sualları cavablandıran şahid Abbasova Raminə Mövludağa qızı onun bu işdə heç bir şəxsi marağı olmadığını, sadəcə həmin gün bibisigilə gəldiyini, bibisini istədiyi üçün onunla getdiyini, maşında pulu Eldənizə verəndə bibisinin Eldəniz pulu borc tapdıqlarını, aldatmamasını dediyini, Eldənizə 16 min 500 manat verildiyini, Eldənizin işi düzəltmədiyini, Eldənizi bibisi pul verəndə gördüyünü bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Nəcəfov Ramin Rasif oğlu ifadəsində zərərçəkmiş Zülhüccə Quliyeva onun xalası olduğunu, xalası bir adam tapdığını, oğlunu cəzadan xilas edəyini, xəstəxanaya yerləşdirəcəyini dediyini, 2018-ci ilin oktyabr ayında o, Kənan, Həlimə və xalası “İnşaatçılar” metrosuna getdiklərini, orada xalasının Eldənizə 3000 manat verdiyini, ora getməmişdən əvvəl xalası ilə Eldəniz arasında razılaşma olduğunu, daha sonra olan epizodlarda iştirak etmədiyini, bildiyi qədəri ilə ümumilikdə Eldənizə 16 min 500 manat verildiyini, Eldənizin 8 min manatın isə qaytardığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Babayev Kənan Mirqasım oğlu ifadəsində göstərdi ki, zərərçəkmiş Zülhüccə xanım onun əmisinin həyat yoldaşıdır. Əmisi oğlu Quliyev Miri həbsdə olmuşdur. Zülhüccə xanım Eldənizlə razılaşmış, Eldəniz bu işi həll edə biləcəyini demişdir. Özü Eldənizlə 3 dəfə görüşmüş, pul vermişdir. Ümumilikdə Eldənizə 16 min 500 manat vermişlər. Eldəniz kömək edəcəyini, Quliyev Mirini xəstəxanaya yerləşdirəcəyini demişdir. Məhkəmədə verilən sualları cavablandıran şahid Babayev Kənan Mirqasım oğlu Eldənizin əlaqələrinin geniş olduğunu, bu işi həll edə biləcəyini dediyini, onu Eldənizlə Zülhüccə xanımın tanış etdiyini bildirdi. Şahid Məhərrəmov Rüsdəm Kərəm oğlu ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, Rzayev Eldəniz Qərib oğlunu təxminən 2 ilə yaxındır ki, tanıyır. Eldənizlə sonuncunun əmisi Elşən vasitəsilə tanış olmuşdur. Qurbanov Murad Mehman oğlunu isə 5 ilə yaxındır ki, tanıyır onunlə heç bir ədavəti, düşmənçiliyi yoxdur, yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin təxminən aprel ayında Qurbanov Murad Mehman oğlu ona müraciət edib bildirmişdir ki, "Azərsun" Holdinqin nəzdində olan "İmişli Şəkər" zavodunda israfçılıqla bağlı həmin zavodda mühasib işləyən qohumu Məhəmməd Məmmədovun və digər şəxslərin barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır, Məhəmmədə köməklik etməkdə səy göstərməsini ondan xahiş etmiş, o da maraqlanacağını vəd etmişdir. O, Elşən və Eldənizlə eyni yerdə yaşadıqları, qonşu olduqlarına, Eldənizi hər dəfə bahalı maşınlarla gəlib-getdiyini gördüyü üçün Eldənizin hardasa işlədiyini fikirləşmiş, ona görə Eldənizin əmisi Elşəndən Eldənizin harada işlədiyini soruşmuşdur. Eldənizin əmisi ona Eldənizin Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, yaxşı əlaqələrinin olduğunu bildirmişdir. O, Eldənizin əmisi Elşəndən bir nəfər tanışınin Respublika Prokroluğunun korrupsiya idarəsində işi olduğunu, ona kömək etmək lazım gələcəyini demiş, Elşən bu barədə Eldənizə deyəcəyini ona bildirmişdir. O, 2020-ci ilin dekabr ayının axırlarında 2-ci Qarabağ müharibəsindən qayıtmışdır. Belə ki, o, özü könüllü olaraq 29 sentyabr 2020-ci ildə Qarabağ müharibəsinə gedərək torpaqlarımızın azad edilməsində iştirak etmişdir. 2021-ci ilin aprel ayında dəqiq gün yadında deyil, Məhəmməd onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etmiş və onunla axşam saatlarında Bakı şəhəri, Bakıxanov qəsəbəsinin ərazisində yerləşən hal-hazırda xatırlamadığı kafenin qarşısında görüşmüşdür. Məhəmməd idarə etdiyi “Hyundai Sonata” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmişdir. Ona Murad Qurbanovla tanış olduğunu bildirmiş və Məhəmməd söhbət zamanı "Azərsun" Holdinqin nəzdində olan "İmişli Şəkər" zavodunda 268000 manatlıq israfçılıqla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığını ona demişdir. O, da Məhəmmədə bir nəfər tanışının olduğunu, həmin tanışının yüksək dövlət orqanlarında işlədiyini, narahat olmamasını, onun vasitəsi ilə bu işi onun xeyrinə həll edərək onun məsuliyyətdən azad olmağına köməklik edəcəyini bildirmişdir. O, Məhəmmədin idarə etdiyi avtomobillə Binəqədi rayonu Ayna Sultanovanın abidəsi yaxınlığında yerləşən “Varlılar məhəlləsi” adlanan əraziyə orada öz işi ilə əlaqədar bir nəfər şəxslə görüşüb söhbət etmək üçün gəlmişdir. O, maşından düşüb həmin hal-hazırda xatırlamadığı şəxsin ünvanını axtarmağa başlamış, həmin şəxsi tapıb öz şəxsi işi ilə əlaqədar söhbət edib ondan aralanmışdır. Oradan da Məhəmmədin idarə etdiyi avtomobillə Əhmədli qəsəbəsində atası Kərəmin yaşadığı binanın yanına gəlmişdir. Orada Məhəmməddən ayrılmış və tanışı vasitəsi ilə onun işinin həll olunmasına köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, qonşusu Elşənə bu barədə demiş və Eldənizlə onu əlaqələndirməsini xahiş etmişdir. Elşən də onun xahişi əsasında Eldənizlə onu calamış və Eldənizlə söhbət edib məsələni Eldənizə danışdıqda, sonuncu heç bir problem olmadığını, bu məsələni yoluna qoya biləcəyini ona demişdir. Bir neçə gündən sonra Məhəmmədlə zəngləşib birlikdə Eldənizlə Zabrat qəsəbəsində kafedə görüşmüşlər. Həmin vaxt Eldəniz Məhəmmədə əlaqə saxlamaq üçün istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini vermişdir. Eldəniz də Məhəmmədə demişdir ki, onun işi ilə maraqlanıb, işin nə yerdə olduğunu öyrənib, ona köməklik edəcəkdir. Bundan sonra Məhəmməd və Eldəniz özləri zəngləşib görüşmüşlər. Məhəmmədlə növbəti görüşlərin birində 2021-ci ilin aprel ayının axırlarında Eldənizlə Məhəmməd telefonda danışarkən onun işinin düzəlməsi üçün 60000 manat pul lazım olduğunu, həmin məbləği tezliklə ona çatdırmağı tapşırmışdır. Məhəmməd bir necə gündən sonra təxminən 2021-ci ilin aprel ayının axırlarında günorta saatlarında ona zəng edib Bakı şəhərində olduğunu, Eldənizin onun işinin düzəlməsi üçün tapşırdığı 60000 manat pulu hazırladığını bildirmişdir. Məhəmmədlə həmin gün saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yanında Eldənizlə görüşmüşlər. Eldəniz idarə etdiyi “Range Rover” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə ora gəlmişdir. Məhəmməd orada onun yanında 60000 manat pulu sayıb Eldənizə vermişdir. Eldəniz pulu götürüb saymış, Məhəmmədə onun işinə köməklik edib onu məsuliyyətdən qurtaracağını vəd edib oradan getmişdir. Bundan təxminən 2 gün keçəndən sonra Eldəniz Məhəmmədə zəng edib onun işinin ağır olduğundan ona əlavə olaraq 25000 manat da pul tələb olunduğunu bildirmişdir. Məhəmməd də razılaşıb həmin 25000 manat pulu hazırlayıb çatdıracağını bildirmişdir. Eldəniz Məhəmmədlə danışdıqdan sonra ona demişdir ki, Məhəmmədin verəcəyi pulları götürsün. Bir neçə gündən sonra Məhəmməd ona 15000 manat hazırladığını və Eldənizə çatdımaq istədiyini bildirmişdir. Həmin vaxt Məhəmmədlə onun yaşadığı Yasamal rayonu ərazisində günorta saatlarında görüşmüş və Məhəmməd ona 15000 manat pul vermişdir. Həmin vaxt o, Məhəmmədə demişdir ki, narahat olmasın onun işi həll olunacaq. O, Məhəmməd getdikdən sonra Eldənizə zəng vurub Məhəmmədin 15000 manat pul verdiyini demiş, Eldəniz də pulun onda qalmasını demişdir. Təxminən bir neçə gündən sonra Məhəmməd ona yenə zəng edib Eldənizə çatdırmaq üçün 10000 manat pulu da hazırladığını bildirmişdir. Məhəmmədlə görüşmüş və sonuncu ona 10000 manat pul vermişdir. O yenə də Məhəmmədə demişdir ki, narahat olmasın Eldəniz onun işini düzüb qoşacaqdır. Sonra o yenə də Eldənizə zəng vurmuş və Məhəmmədin 10000 manat da pulu gətirdiyini demişdir. O, Eldənizlə görüşüb həmin puldan 15000 manatı Eldənizə vermiş, qalan 10000 manatın da onda olduğunu demiş, işi həll etdikdən sonra ona verəcəyi barədə razılaşmışlar. O, Eldənizdən ayrıldıqdan sonra bu barədə Məhəmmədə bildirmişdir. O, Məhəmmədə həmin 10000 manatı sonuncuya verməsini, iş düzələndə Eldənizə çatdırmaq üçün ona verməsini, yaxud da özünün Eldənizə verəcəyini təklif etmişdir. Məhəmməd isə pulun onda qalmasını israr etmişdir. O da Məhəmmədlə razılaşmışdır. Sonradan Şirvan Polis Şöbəsinə dəvət olunaraq onun barəsində saxta sənədlərlə axtarış elan olunmuş və o, istintaqa aparıldıqdan sonra fiziki və psixi təziqlərə məruz qalaraq ona bu işdə Muradın da iştirakının olmasını yazmağını, Muradın dayısının yaxşı maddi imkanının olduğunu, Məhəmmədin Eldənizə vermiş olduğu pul vəsaitini Muradın dayısından alaraq Məhəmmədə ödəyəcəklərini və işi xitam edəcəklərini vəd etmişlər, o isə qəti olaraq yalandan kiminsə üzünə durmayacağını bildirmişdir. Bundan sonra ona yenidən fiziki zor tətbiq etmişlər, müstəntiqin özünün kompyuterdə yazdığı və ona oxumağa icazə vermədiyi ifadəsinə imza etməyi məcbur etmişlər. Sonra isə o, Muradla üzləşmə zamanı onun üzünə demədiyi ifadəsini yazaraq onlara imza etdirmişlər. Bundan sonra o, cinayət işi yenidən Yasamal rayon Polis İdarəsinə göndərdikdən sonra məhkəmədə də bunları bildirmişdir. Sonra isə Məhəmmədin ondan götürmədiyi, onun isə Eldənizə vermədiyi 10000 manat pulu Məhəmmədə qaytarılmasından ötrü atası istintaqa təqdim etmişdir. O, Eldənizin onları aldadacağını və Məhəmmədə məxsus pul vəsaitini ələ keçirməklə yalan vədlər verdiyini bilməmişdir. Onun Eldənizin törədə biləcəyi bu cinayətdən xəbəri olmamış, onun vəzifəli şəxs olmasına inanıb ona olan etibarından suiistifadə etməklə onu və Məhəmmədi aldatmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin pul vəsaitini heç bir maddi ehtiyaclarına xərcləməmiş, Yasamal rayon Polis İdarəsində istintaqı aparılan zaman 10000 manat pulu Məhəmmədə qaytarmaq təklifini etsə də, Məhəmməd bunu qəbul etməmişdir. O, pulun depozit hesaba keçirə biləcəyi barədə anlayışı olmamış, iş təkrar Yasamal rayon Polis İdarəsinə qayıtdıqdan sonra vəkili ona qanunu prosedurları izah etdiyi üçün atasına həmin evdə saxladığı pul vəsaitini istintaqa təqdim etməsini bildirmişdir. Atası da ona görə həmin pul vəsaitini Məhəmmədə qaytarılması və yaxud da depozit hesabına köçürülməsi üçün istintaqa təqdim etmişdir (cild 4, iş vərəqi 5-8). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli raportdan görünür ki, İmişli şəhəri, Sabir Fətəliyev küçəsi 5 ünvanında yaşayan Məmmədov Məhəmməd Cəbrayıl oğlu 11 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək Rzayev Eldəniz Qərib oğlunun, Qurbanov Murad Mehman oğlunun və Məhərrəmov Rüsdəm Kərəm oğlunun onun etibarından sui-istifadə edərək və onu aldadaraq ona külli miqdarda ziyan vurmalarını göstərərək ərizə əsasında qanuni tədbir görülməsini xahiş etmişdir (cild 1, iş vərəqi 5). - vətəndaş Məmmədov Məhəmməd Cəbrayıl oğlunun xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, cinayətkar bir dəstənin qurbanına çevrilmişdir. Özlərini prezident aparatının işçiləri kimi qələmə verərək və məhkəmələrdə və prokurorluqda yaranan mübahisəni prosessual yolla həll edəcək imkana malik olduqlarını bildirərək, Rzayev Eldəniz Kərəm oğlu (tel:***-***-**-**), Qurbanov Murad Mehman oğlu və Məhərrəmov Rüstəm Kərəm oğlu (tel:***-***-**-**) onun etibarından sui-istifadə edərək və onu aldadaraq ona külli miqdarda zərər vurmuşlar. Belə ki, əvvəllər işlədiyi "Azərsun" Holdinqin nəzdində olan "İmişli Şəkər” zavodunda israfçılıqla bağlı şübhələr yaranmışdır və həmin zavodda uzun müddət mühasib işlədiyi üçün zavod tərəfindən onun və digər şəxslərin barəsində Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət daxil olmuşdur. Həmin vaxtlar Murad Qurbanov onunla əlaqəyə saxlayaraq 85000 manat müqalibində məsələni qanuni yolla həll edəcəyini bildirərək pul istəmişdir. O, onu uzun müddət tanıdiği üçün və arasında qohumluq əlaqəsi olduğu üçün ona etibar edib məsələnin qanuni yolla, yəni zavoda qarşı israf edilmiş məbləği zərərçəkmiş şəxsə ödəməklə həll edilməsinə razı olmuşdur. O, Murad Qurbanovun xahişi ilə Rüstəm Məhərrəmovla və Eldəniz Rzayevlə Bakı şəhəri Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yanında onlarla görüşərək, Eldəniz Rzayevin idarə etdiyi Rang Rover markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə Eldəniz Rzayevin iştirakı ilə Rüstəm Məhərrəmova 60000 manat pul vermişdir. Daha sonra 20 yanvar dairəsində əlavə 25000 manat Rüstəm Məhərrəmova pul vermişdir. Prokurorluq tərəfindən barəsində cinayət işi qaldırılaraq ittiham aktı ilə məhkəməyə göndərildikdə, o, Murad Qurbanova və Rüstəm Məhərrəmova zəng edib əlaqə saxlayaraq məsələyə aydınlıq gətirdikdə, ona məlum olmuşdur ki, yuxarıda adları çəkilən şəxslər ondan aldıqları 85000 manat pulu öz məqsədləri üçün xərcliyərək zərərçəkmişə pul ödəməmişlər və onu aldadaraq pis duruma salmışlar. Rzayev Eldəniz Kərəm oğlu, Qurbanov Murad Mehman oğlu və Məhərrəmov Rüstəm Kərəm oğlu onun etibarından sui-istifadə edərək və onu aldadaraq onun hesabına varlanmaq istəmişlər. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq onların barəsində qanuna müvafiq tədbir görülməklə məsuliyyətə cəlb edib, ona dəymiş zərərin ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 10). - baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən, “Cafepark” restoranının qarşısıdır. Baxışda iştirak edən Məmmədov Məhəmməd Cəbrayıl oğlu bildirdi ki, təxminən 29 aprel 2021-ci il tarixdə, həmin ünvanda 25000 manat pulu nağd olaraq Məhərrəmov Rüsdəm Kərəm oğluna ona köməklik etmək üçün vermişdir. 60000 manat pulu isə 29 aprel 2021-ci il tarixdə təxminən 2-3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yanında Rüstəm Məhərrəmova vermişdir. Məhəmməd Məmmədov hadisə yerini əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 22-25). - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Məmmədov Məhəmməd Cəbrayıl oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 45). - şübhəli şəxs barəsində axtarış elan olunması və tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1-də qeydiyyatda olan Rzayev Eldəniz Qərib oğlu barəsində axtarış elan edilməsi və tutulması haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 71-72). - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır (cild 1, iş vərəqi 80). - vətəndaş Talıbova Həlimə Miri qızının xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Rzayev Eldəniz Qərib oğlu Talıbova Həlimə Miri qızı və Quliyeva Zülhüccə Ruzman qızını aldadaraq dələduzluq yolu ilə 16500 (on altı min beş yüz) məbləğində pulu ələ keçirmiş, bu səbəbdən Rzayev Eldəniz Qərib oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir (cild 1, iş vərəqi 163-164). - Rzayev Eldəniz Qərib oğluna məxsus xx.xx.2018-ci il tarixli iltizamdan görünür ki, Rzayev Eldəniz Qərib oğlu Talıbova Həlimə Miri qızından xx.xx.2018-ci il tarixində Quliyeva Miri Mirsəməd oğlunu həbsdən çıxarmaq məqsədilə 5000 (beş min) manat məbləğində pul almış, pulun cavabdehliyini və məsuliyyətini öz üzərinə götürdüyünü bildirmişdir (cild 1, iş vərəqi 170). - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Quliyeva Zülhüccə Ruzman qızı zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 195). - xx.xx.2019-cu il tarixli iddia ərizəsindən görünür ki, Quliyeva Zülhüccə Ruzman qızı Rzayev Eldəniz Qərib oğlu tərəfindən ona ümumilikdə 16500 manat ziyan vurulduğunu nəzərə alaraq onun cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir (cild 1, iş vərəqi 204). - mülki iddiaçının cinayət prosesinin iştirakçısı qismində tanınması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Quliyeva Zülhüccə Ruzman qızı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır (cild 1, iş vərəqi 205). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Rzayev Eldəniz Qərib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 03, iş vərəqi 145-148). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İmişli rayonu, S.Fətəliyev küçəsi, ev 5 ünvanında yaşayan Məmmədov Məhəmməd Cəbrayıl oğlu ona dəymiş maddi ziyanın 10.000 (on min) manat hissəsini qəbul etmişdir (cild 04, iş vərəqi 84). - Məmmədov Məhəmməd Cəbrayıl oğluna məxsus xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə ona dəymiş 85000 (səksən beş min) manat ziyandan 10000 (on min) manat hissəsi Məhərrəmov Rüsdəm Kərəm oğlundan qəbul etmişdir (cild 4, iş vərəqi 85). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il qərardan görünür ki, təqsirləndirilən şəxslər Qurbanov Murad Mehman oğlunun və Məhərrəmov Rüsdəm Kərəm oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqibinıə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir (cild 5, iş vərəqi 1-100). - cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Rzayev Eldəniz Qərib oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 5, iş vərəqi 102-104). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Rzayev Eldəniz Qərib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 05, iş vərəqi 120-122). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş zərərçəkmiş şəxslərə və şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlunun zərərçəkmiş şəxs Zülhüccə Quliyevadan hissə-hissə 15000 manat pul alması, ona verilən hissə-hissə pulları isə əmisinə verməsi, zərərçəkmiş şəxs Məhəmməd Məmmədovun epizodu üzrə ona bir dəfəyə 60 min manat pul verildiyi, həmin pulları Sultana və Natiqə verdiyi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, habelə tədqiq olunmuş digər sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlu zərərçəkmiş şəxs Zülhüccə Quliyevadan 15000 manat deyil, müxtəlif vaxtlarda ümumilikdə 16500 manat alıb ələ keçirmişdir. Digər zərərçəkmiş şəxs Məhəmməd Məmmədovdan isə iki dəfəyə 75000 manat alıb ələ keçirmişdir. Həmin pulları təqsirləndirilən şəxsin Sultan və Natiq adlı şəxslərə verməsini təsdiq edən hər hansı sübut müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlunun ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslər və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Rzayev Eldəniz Qərib oğlunun məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Rzayev Eldəniz Qərib oğlunun dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Rzayev Eldəniz Qərib oğlu məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Rzayev Eldəniz Qərib oğlu məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Rzayev Eldəniz Qərib oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlunun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Rzayev Eldəniz Qərib oğlunun əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlunun etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqarda ələ keçirərək dələduzluq etməsi və təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını külli miqarda ələ keçirərək dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Rzayev Eldəniz Qərib oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğluna cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Rzayev Eldəniz Qərib oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, təyin edilmiş şərti vaxtından əvvəl azad etmə müddəti bitdiyindən xx.xx.2021-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqi 233-245; cild 3, iş vərəqi 78-80). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Rzayev Eldəniz Qərib oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədən qəsdən yeni cinayət törətmiş olduğundan qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Rzayev Eldəniz Qərib oğlunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edildiyi tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlunun əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Rzayev Eldəniz Qərib oğlunun ailə vəziyyətinə dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata görə onun himayəsində yetkinlik yaşına çatmamış xx.xx.2010-cu il təvəllüdlü Rəhimə Rzayeva adlı uşağı vardır. Məhkəmədə təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlunun zərərçəkmiş şəxslərdən birinə, yəni Quliyeva Zülhüccə Ruzman qızına dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, himayəsində yetkinlik yaşına çatmamış bir uşağın olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlu yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Rzayev Eldəniz Qərib oğlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Rzayev Eldəniz Qərib oğlunun törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Rzayev Eldəniz Qərib oğlu 01 aprel 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 03 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 3, iş vərəqi 173-174; cild 1, iş vərəqi 246, 248-252; cild 2, iş vərəqi 94- 95, 140-141, 202-206, 249-252; cild 4, iş vərəqi 45-50, 141-147). Məhkəmə hesab edir ki, Rzayev Eldəniz Qərib oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın çəkilməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 01 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmədək icraat zamanı zərərçəkmiş şəxs Quliyeva Zülhüccə Ruzman qızı 12 noyabr 2019-cu il tarixdə ibtidai istintaq orqanına ərizə təqdim edərək onun mülki iddiaçı qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə verilmiş tarixdə zərərçəkmiş şəxs müstəntiqin qərarı ilə mülki iddiaçı qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Məhkəmə zərərçəkmiş şəxs Quliyeva Zülhüccə Ruzman qızının 12 noyabr 2019-cu il tarixli ərizəsini və cinayət işinin materiallarını nəzərdən keçirərək müəyyən edir ki, dövlət rüsumunun ödənilməsi barədə qəbz zərərçəkmiş şəxsin ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd mülki iddia ərizəsinə əlavə edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Quliyeva Zülhüccə Ruzman qızının iddia ərizəsi mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olmadığına, yəni dövlət rüsumunun ödənilməsi barədə qəbz ərizəyə əlavə edilmədiyinə görə onun tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Ona görə də, zərərçəkmiş şəxs və mülki iddiaçı Quliyeva Zülhüccə Ruzman qızına mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Rzayev Eldəniz Qərib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Rzayev Eldəniz Qərib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Rzayev Eldəniz Qərib oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablansın. Rzayev Eldəniz Qərib oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Quliyeva Zülhüccə Ruzman qızının vermiş olduğu mülki iddia tələbi baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Quliyeva Zülhüccə Ruzman qızına mülki mühakimə icraatı qaydasında sonradan mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən onun elan olunduğu (Rzayev Eldəniz Qərib oğluna isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-310/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-310/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver