Məhkəmə qərarları › İş №1(101)-311/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-311/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-311/2023 03.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 17:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, nümayəndəsi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, şagird, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yerləşən yataqxanada qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə, saat 13:30 radələrində ünvan 2 ünvanında yerləşən 214 saylı orta məktəbin qarşısında Zərərçəkmiş şəxs ilə sonuncunun onu tanımamasını bildirməsini bəhanə edərək mübahisə edib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və iaqeyidlik nümayiş etdirib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, buna heç bir hüquqi və faktiki əsas olmadan üzərində olan zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə qanuni nümayəndə və müdafiəçilərinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə düşmənçilik və ya qərəzli münasibəti olmamışdır. İbrahimi üzdən tanımış və münasibəti olmamışdır. 17 may 2022-ci il tarixdə saat 13:30 radələrində məktəbdən çıxaraq Nizami rayonu, Qara Qarayev prospekti ilə 214 saylı məktəbin qarşısı ilə piyada olaraq yaşadığı evə getmişdir. Həmin məktəbin qarşısında bir neçə nəfər tanışı olmuş və həmin şəxslərə yaxınlaşaraq salamlaşmışdır. Orada olan şəxslərdən Zərərçəkmiş şəxslə də əllə salamlaşmış və İbrahim kinayə ilə ona baxmağa başlamışdır. O, İbrahimə 214 saylı məktəbdə oxumağını bildirdikdə, İbrahim ona “lap yaxşı, mən də burada oxuyuram" deyə bildirmişdir. İbrahim onunla səsini ucaldaraq danışmağa başladıqda, o, İbrahimə onunla sakit tonda danışmağını bildirmişdir. Bu zaman İbrahim onun üzərinə gələrək onun sifət nahiyəsindən yumruqla zərbə endirərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O da müvazinətini saxlayaraq oradan qaçaraq uzaqlaşmış və yaşadığı yataqxananın mətbəxinə gəlmişdir. İbrahim onu hər kəsin içində vurduğundan pərt olmuş və bu hal ona çox pis təsir etmişdir. Buna görə də yataqxananın mətbəxindən qara və gümüşü rənglərdən ibarət bıçağı götürərək İbrahimi bıçaqla vurmaq qərarına gəlmişdir. Yataqxanadan çıxaraq İbrahimin onu yumruqla vurduğu yerə gəlmiş və İbrahimi çağıraraq təklikdə söhbət etmək istədiyini bildirmişdir. İbrahim isə ona “sözün varsa gəl burda de” deyə bildirmişdir. O da əynindəki şalvarın kəmərinin arxa hissəsində gizlətdiyi bıçağı çıxararaq İbrahimin üzərinə getmiş və İbrahimin ayağının bud hissəsindən və böyür nahiyəsindən bıçaqla zərbə endirmişdir. Bundan sonra o, İbrahimə kömək etmək istəmiş, lakin İbrahim onun köməklik etməyindən imtina edərək onun ünvanına yenidən nalayiq ifadə işlətmişdir. Onun İbrahimi öldürmək niyyəti olmamışdır. O, hadisə yerində olan və təcili tibbi yardım çağırmaq istəyən şəxslərə mane olmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə qanuni nümayəndəsi və nümayəndəsinin iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 may 2022-ci il tarixdə saat 13:30 radələrində tanışları Ömər və Adil ilə birlikdə təhsil aldığı Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbdən çıxmış və məktəbin qarşısında dayanaraq söhbət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlara tərəf yaxınlaşmış və salamlaşaraq söhbət etmişlər. Ömər ondan Şamilin kim olduğunu soruşmuş, o, Adilin dostu olduğunu bildirdikdə, Şamil Adilin ünvanına kobud şəkildə nalayiq ifadələr işlətmişdir. O, Şamilə Adili təhqir etməyinə görə irad bildirdikdə, Şamil təhqir etdiyi şəxsin adı çəkilən Adil olmadığını bildirmişdir. Şamil ondan “sən bilirsən mən kiməm” deyə soruşmuş, o, Şamilə tanımaq məcburiyyətində olmadığını bildirdikdə, Şamil onun və dostu Adilin ailə üzvləri barədə kobud şəkildə nalayiq ifadələr işlətmişdir. O isə Şamilin onun ailəsi haqqında işlətdiyi nalayiq ifadələrə dözməyərək Şamilin sifət nahiyəsindən yumruqla zərbə endirmiş və Şamil zərbə təsirindən yerə əyilmişdir. Təxminən 5-6 saniyə sonra Şamil ayağa qalxaraq onun orada gözləməyini və onu təhqir edərək gözləməyini tələb etmişdir. Bundan sonra Şamil oradan uzaqlaşmış və təxminən 5- 6 dəqiqə sonra geri qayıdaraq onu təhqir edib yanına çağırmışdır. Ömər Şamili sakitləşdirib oradan uzaqlaşdırmaq istədikdə Şamil Öməri itələyərək onu yanına çağırmışdır. O da Şamilə yaxınlaşaraq heç bir yerə getməyəcəyini və dayandığı yerdə söhbət etməklərini tələb etmişdir. Bu zaman gözlənilmədən Şamil onun sol bud nahiyəsindən bıçaqla zərbə endirmiş və o, qaçaraq Şamildən uzaqlaşmışdır. O, ikinci bıçaq zərbəsinin ona nə zaman və harada dəydiyini xatırlamır. İlk bıçaq zərbəsi ilə ikinci bıçaq zərbəsinin arasında 2-3 dəqiqə vaxt olmuşdur. Şamil onun ayağından dartaraq polis və təcili tibbi yardım çağırdığı üçün ona hədə-qorxu gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, Şamili tanıyır, Şamil ilə eyni məhlədə yaşayırlar. İbrahim ilə Şamil mübahisə etdikdən sonra, ilk zərbəni İbrahimin Şamilə vurduğunu görmüşdür. Şamil onu itələyərək evə tərəf qaçmış, o, Amir adlı şəxsi Şamili saxlaması üçün arxasınca göndərmişdir. Ancaq o, Şamili saxlaya bilməmişdir. O, Şamilin belində bıçaq ilə gəldiyini görmüş, Şamili saxlamış, etməməsini demiş, Şamil onu itələmişdir. Bu zaman İbrahim ona onunla bir yerdə qalmağını demiş və o, İbrahimlə qalmışdır. Hadisə zamanı onlar kənara çəkilmişlər. İlk əvvəl onlar normal danışmağa başlamış, bu zaman o, bir az aralı dayanmışdır. Şamil ilk zərbəni bıçaqla İbrahimin ayaq nahiyəsinə endirdikdən sonra onlar qaçmış, onlar sürətli qaçdığı üçün onları saxlaya bilməmişdir. Hadisədən bir-iki dəqiqə sonra İbrahimin yaralanaraq gəldiyini görmüşdür. Söyüşü Şamil söymüş, bunun üçün İbrahim onu vurmuşdur. Şamil ilk olaraq İbrahimi ayağından vurmuş, İbrahim qaçmış, Şamil də onun arxasınca qaçmışdır. O, vurulan ikinci zərbəni görməmiş, İbrahimin gəldiyini görmüş, ancaq onun yanında İbrahim olmamışdır. Təcili tibbi yardımı orada olan qadınlar çağırmış, təcili tibbi yardım gələn zaman İbrahim yerdə uzanmış və Amir onun başının altına jaketini qoymuşdur. O və Amir İbrahimi təcili tibbi yardımın maşınına qoymuşlar. Şamil hadisədən bir müddət sonra orada olmamış, ancaq iki-üç dəqiqə sonra gələrək təcili tibbi yardım çağırmamaqlarını demiş və harasa getmişdir. O, İbrahimi Təcili tibbi yardım avtomobilinə qoymağa köməklik etməmiş, İbrahim yerdə uzanan zaman ona təzyiq etməmişdir. O, daha sonra bildirmişdir ki, İbrahim Şamili ana söyüşü üstündə vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X4 ifadəsində göstərmişdir ki, o, Şamili tanıyır, İbrahim və Şamil onun dostudur. Şamil İbrahimin dostunu və özünü təhqir etdiyi üçün İbrahim onun sifətinə yumruqla vurmuşdur. İbrahim Şamili vuran zaman Şamil yıxılmamışdır. O, hadisə vaxtı orada olmuş, Şamilin arxasınca getsə də, onu itirmiş, tapa bilməmişdir. O, qayıdan zaman bıçaqlanmanın olduğunu və İbrahimin yerdə uzandığını görmüşdür. O, Şamilin İbrahimi vurduğunu bilmiş, ancaq hadisəni görməmişdir. O, hadisə yerinə gələn zaman Şamil orada olmamış, İbrahim də yerdə uzanıqlı olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nizami rayonu, 214 saylı məktəbin qarşısındakı sexdə məişət avadanlıqlarının təmiri ilə məşğul olur. Həmin sexin qarşısında dayanan zaman bir nəfər azyaşlı, sonradan adını bildiyi Şamil adlı şəxsin həyəcanlı şəkildə qaçdığını görmüşdür. Həmin şəxsi saxlayaraq nə baş verdiyini soruşduqda, Şamil yumruqla vurulduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə su vermiş və bu zaman həmin şəxs ona qara və gümüşü rənglərdən ibarət bıçağı vermişdir. O, Şamilin əlindən bıçağı götürmüş və ortasından sındıraraq mağazanın içərisindəki zibil qutusuna tullamışdır. O, həmin şəxsə heç kimlə dalaşmamağı barədə məsləhətlər vermiş və həmin şəxs qaçaraq ondan uzaqlaşmışdır. Bundan sonra nə baş verdiyi barədə məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 18 may 2022-ci il tairxli 383 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs sol gözaltı nahiyənin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17 may 2022-ci il tarixdə yaranması istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 16 iyun 2022-ci il tairxli 612 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraks, daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin aşağı payı, diafraqmanın sol yarısı, qaraciyərin sol payı və dalağın yaralanması ilə nəticələnən sol bel nahiyəsinin daxilə (qarın boşluğu və sol plevra boşluğu) nüfuz edən 1 ədəd kəsilmiş-deşilmiş yarası, sol budun yuxarı 1/3nin ön səthinin 1 ədəd kəsilmiş-deşilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşicikəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərann təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranması istisna edilmir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəmə-trasoloji ekspertizasının 09 avqust 2022-ci il tarixli, 3/1019 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyidir, soyuq silah hesab edilmir. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 avqust 2022-ci il tarixli 2019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq, və ya sair psixi xəstəlik müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda Öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları, idrak prosesləri (diqqət, təfəkkür, yaddaş xüsusiyyətləri, qavrayış və s.) normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri qeydə alınmır. Tez özündən çıxmaq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, söz götürməmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs ona ittiham elan olunmalı əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkətvə davranışını tənzimləmək və onlara nəzarət etmək iqtidarında olmuşdur. Beləliklə, məhkəmə istintaqında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən və hal-hazırda da yetkinlik yaşına çatmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, anası X2 müharibə veteranı və məcburi köçkün olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 17 may 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Nizami rayon Polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyi təyinatlarını itirdiyindən məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını nəzərə alıb onun məhkəmə məsrəflərinin ödənilməsindən azad edilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli tərbiyə müəssisəsində çəkilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 may 22-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Nizami rayon Polis idarəsində saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik mətbəx bıçağının tiyə və dəstəyi təyinatlarını itirdiyindən məhv edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmə məsrəflərinin ödənilməsindən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Azər Paşayev

2. Əhməd Quliyev

3. İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar