Məhkəmə qərarları › İş №1(101)-313/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-313/2024

06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-313/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 9 saylı Vəkil Bürsounun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bak şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 9 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 1 il 8 ay 28 günü çəkilməmiş qalan, ünvan 1 ünvanında qeydiyyatda olan, daimi yaşayış yeri olmayan, 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan «Mərdan» adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə etdiyi iki ədəd bükümdə təmiz çəkiləri 2210 qram və 1805 qram olmaqla, ümumi təmiz çəkisi 4015 (4 kq. 5 qr.) qram olan qəhvəyi rəngli tozşəkilli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini 18 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan yerdə ondan təhvil aldıqdan sonra «Mərdan» adlı həmin şəxslə aralarında olan razılaşmaya əsasən, 20 manat pul müqabilində “Baba” adlı İran İslam Respublikası vətəndaşına çatdırılması üçün özündə saxlamaqla ünvan 2 ünvanına daşımış, həmin gün saat 18:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayon Polis idarəsi, 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ünvanda saxlanılaraq bölmənin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən əlində olan göy fon üzərində “adidas” sözləri yazılmış qara rəngli idman çantasının içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd bükümdə təmiz çəkiləri 2210 qram və 1805 qram olmaqla, ümumi təmiz çəkisi 4015 (4 kq. 5 qr.) qram olan qəhvəyi rəngli tozşəkilli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroin və əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı A 94208458 seriya nömrəli 20 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan bir həftə əvvəl Qəhrəman adlı şəxslə tanış olmuşdur. Tutulduğu gün vəziyyəti yaxşı olmamış və Qəhrəmandan ona narkotik vasitə təşkil etməsini xahiş etmişdir. Qəhrəman da ona narkotik vasitə təşkil edəcəyinə söz vermişdir. Sonra Qəhrəmanla birlikdə Ələsgər Ələkbərov küçəsinə getmiş, Qəhrəman ona bir çanta verərək özü harasa getmiş, o isə, gözləmişdir. Bu vaxt mülki geyimli şəxslər onu saxlayıb polis bölməsinə gətirmişlər. Sualları cavablandıran Təqsirləndirilən şəxs əvvəllər 3-4 dəfə məhkum olunduğunu, Qəhrəmanın ona verdiyi çantada «kokos» kimi tanıdığı narkotik vasitə olmasını sonradan bildiyini, narkotik vasitənin çəkisini bilmədiyini, videoçəkiliş aparıldığını və həmin vaxt narkotik vasitənin ona məxsus olduğunu bildirdiyini, polis əməkdaşları tərəfindən ona işgəncələr verildiyini və döyüldüyünü,bununla bağlı heç yerə məlumat vermədiyini, istintaq təcridxanasına yerləşdirilən zaman üzərində xəsarətlərin aşkar olunduğunu, məhkəmənin ədalətinə sığınıb heç yerə şikayət etmədiyini, təcridxanaya yerləşdirilən zaman xəsarəti polis bölməsində aldığını dediyini, 055 ***-**- ** saylı mobil nömrənin Qəhrəmana məxsus olduğunu, özünün ancaq narkotik vasitələrdən istifadə etdiyini, sonuncu dəfə təxminən il yarım əvvəl qolbaqla həbsdən azad edildiyini, vəziyyəti pis olduğu üçün metadon proqramına qəbul olunduğunu, narkotik asılılığından qurtarmaq üçün metadon qəbuluna yazıldığını, tutulmamışdan 10 gün əvvəl Qəhrəmanla tanış olduğunu, saxlanıldığı gün əvvəlcə maşında narkotikdən istifadə etdiyini, Qəhrəman maşından düşəndə sumkanı saxlamaq üçün ona verdiyini, özünün qayıdacağını bildirdiyini, həmin vaxt da polis əməkdaşları gəlib onu tutduğunu, bədəni üzərində xəsarətləri olduğunu, istintaq vaxt heç bir sənədə imza etmədiyini, lakin saxlanıldığı vaxt sənədləri imzaladığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, artıq bir neçə müddətdir narkotik vasitənin aludəçisi olduğu üçün müxtəlif vaxtlarda narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni qəbul etməyi ona heç kim məcbur etmir, özü könüllü olaraq istifadə edir. Əlində olan idman çantasının içərisində narkotik vasitə heroin aşkar olunması ilə bağlı isə səmimi olaraq bunu deyə bilər ki, o, 18 yanvar 2023-cü il tarixdə saat 15 radələriııdə Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki "Papanin" deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfərdən iki ədəd bağlamada narkotik vasitəni "Baba” adlı İran vətəndaşına çatdırmaq üçün götürüb özünə məxsus idman çantasında saxlamışdır. Həmin şəxs buna görə ona 20 manat məbləğində pul verdikdən sonra həmin pulu geyindiyi şalvarın cibində saxlamışdır. Eyni zamanda həmin şəxs "Baba" adlı İran vətəndaşına içərisində narkotik vasitə olan bağlamaları Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki həyətlərdən birində saat 18 radələrində çatdıracağını bildirmişdir. Buna görə də o, bir müddət gözlədikdən sonra həmin ünvana getmişdir. Orada həyətlərdən birinin qarşısından piyada keçən zaman üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini Yasamal rayon Polis idarəsi 26-cı Polis bölməsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onlarla birlikdə polis bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və bir yerdə 26-cı Polis bölməsinin inzibati binasına getmişlər. Polis bölməsində olan zaman onun barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil X2 onun hüquqlarının müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra vəkil Nofəl Əhmədov iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis bölməsinin inzibati binasında videoçəkliş vasitəsi ilə onun paltarlarında və çantasında şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkiliş vasitəsi ilə axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona paltarında və çantasında hər hansı bir əşya və ya predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, razılaşaraq könüllü olaraq əlində olan idman çantasının içərisindən iki ədəd bağlamanı və geyindiyi qara rəngli cins şalvarın sağ yan cibindən 20 manat pul vəsaitini çıxararaq təqdim etmişdir. İki ədəd bağlamaları acıb içərisinə baxdıqdan sonra orada olan narkotik vasitə heroin maddəsi qablaşmalarla birlikdə, habelə 20 manat pul vəsaiti polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılmış və 170 saylı möhürlə möhürlənmişdir. Daha sonra onun geyindiyi paltarlarında və çantasında polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonda bu barədə protokol tərtib edilmiş və həmin protokolla zərfi onunla bərabər orada olan digər iştirakçılar, həmçinin vəkili imzalamışdır. O, əlavə olaraq qeyd edir ki, etdiyi bu əməldən çox peşmandır. «Papanin» adlanan yerdə ona narkotik vasitəni vermiş şəxsin anket məlumatlarını bilmir, lakin özünü ona Mərdan kimi təqdim etmişdir. Onun istifadəsində mobil telefon yoxdur və əvvəl də olmamışdır (cild 1, iş vərəqi 71-73, 137-138). Elna olunmuş ifadələrlə bağlı sualları cavablandıran təqsirləndirilən şəxs dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, müstəntiq sənədləri sanksiyaya getməmişdən əvvəl gətirdiyini və onun da həmin sənədləri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 26-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsi ilk dəfə keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. 2023-cü ildə yanvar ayında dəqiq tarixi yadında qalmadığı gün günorta vaxtı Şahid2 və Şahid3 birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamış və təhqiqatçının otağına gətirmişlər. Həmçinin vəkilin iştirakı təmin olunmuş və Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əlində olan idman çantasının içərisindən iki bağlamada narkotik vasitə heroin aşkar olunmuşdur. Sualları cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, saxlanılan vaxtı təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və ya təzyiq olunmadığını, təqsirləndirilən şəxsi əvvəlcə güddüklərini, sonra isə onu tutduqlarını, şəxsin güdülməsi ilə bağlı məhkəmə qərarının olmadığını, Anarın narkotik vasitəni kiməsə çatdırması barədə əməliyyat məlumatının olduğunu, Anar əlində çanta ilə gedən zaman saxlanıldığını, saat neçədə saxladıqlarını dəqiq xatırlamadığını, həmin vaxt Anarın qolunda qolbaq olub-olmadığını da xatırlamadığını, saxlanılan vaxtı yolda Anarın üstünü yoxlamadıqlarını, saxlanılandan sonra şübhəli şəxsi birbaşa təhqiqatçının otağına gətirdiklərini, onu Polis bölməsində qəbul olunmuş qərar əsasında saxladıqlarını, şəxsi axtarış keçirilən zaman çantadan iki bağlamada narkotik vasitə aşkar olunduğunu, əməliyyat məlumatının narkotik vasitələrin qəbulu və daşınması ilə bağlı olduğunu, əməliyyat məlumatının daxil olma vaxtını xatırlamadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ, 26-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Yasamal RPİ, 26-cı Polis bölməsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Həmçinin, məhkəmə iclasında şahid - Bakı şəhəri, Yasamal RPİ, 26-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, sonuncunun yuxarıda adları çəkilən polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 96-99). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokoluna əsasən, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı və göy fon üzərində "adidas" yazısı olan qara rəngli idman çantasının içərisindən iki ədəd qara rəngli bağlamanı, habelə geyindiyi qara rəngli şalvarın sağ yan cibindən bir ədəd 20 manatlıq pul əskinasını çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində olan idman çantası və geyindiyi paltarlarında şəxsi axtarış aparılmış, iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Onun əlində saxladığı qara rəngli idman çantasından çıxardaraq təqdim eldiyi iki ədəd bağlamalar ayrı-ayrılıqda açılıb içərisinə baxılarkən orada qəhvəyi rəngli, toz şəkilli və spesifik iyə malik narkotik vasitəyə oxşar maddələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamaların içərisində olan maddələrin narkotik vasitə olan heroin olduğunu, həmin gün, yəni 18 yanvar 2023-cü il tarixdə saat 15:00 radələrində Nəsimi rayonu ərazisində «Papanin» deyilən yerdə tanımadığı şəxsdən 20 manat pul müqabilində ''Baba’' adlı İran vətəndaşına çatdırması üçün əldə edərək özünə məxsus olan və göy fon üzərində “adidas" yazısı olan qara rəngli çantada, pul vəsaitini isə geyindiyi şalvarın cibində saxlayıb daşıdığını bildirmişdir. Aşkar edilmiş həmin iki ədəd qara rəngli bağlamada olan narkotik vasitəyə oxşar maddələr və bir ədəd 20 manatlıq pul əskinası gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş, istintaq hərəkətinin bütün iştirakçılarına nümayiş etdirilmiş, qablaşdırılaraq «Zərflər üçün № 170» möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan və göy fon üzərində "adidas" yazısı olan qara rəngli idman çantası heç bir sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmışdır (cild 1, iş vərəqi 42-45). Cinayət işində olan 06 mart 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin diskə köçürülmüş videogörüntülərdə əks olunanlarla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolda qeyd olunanlar arasında uyğunluq mövcuddur (cild 1, iş vərəqi 106). Məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/364 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd qara rəngli politelien bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2210 qr. və 1805 qr., ümumi təmiz çəkisi 4015 (4 kq. 15 qr.) qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə evni olub,kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 50-54). İbtidai istintaq orqanının 12 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması videogörüntülərini əks etdirən 1 ədəd DVD disk, onun üzərindən aşkar olunmaqla ekspertiza tədqiqatından sonra qalıq qalan 2 ədəd bağlamada ümumi çəkisi 4014,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd 20 manatlıq pul əskinası iş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş və 4014,6 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd 20 manatlıq pul əskinası Yasamal RPİ-nin maddi sübutları saxlanc kamerasına təhvil verilmişdir (Cild 1, iş vərəqi 149-156). Məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü ii tarixli 2125 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostiumulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 143-144). Məhkəmə-psixiatirik ekspertizasının 12 apel 2023-cü il tarixli 987 nömrəli rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 146-147). İş materiallarında olan 29 mart 2023-cü il tarixli 610 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs hər hansı bir şəxslə görüşərək ondan pul müqabilində narkotik vasitə olan heroin alıb-almamasınm müəyyən edilməsi, əgər belə bir hal müəyyən olunarsa, Təqsirləndirilən şəxs narkotik vasitə satmış şəxs və ya şəxslərin şəxsiyyəti, onların istifadəsində olan avtomobillərin markasını, modelini və dövlət qeydiyyat nişanını müəyyən etmək, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhər Yasamal RPİ-yə əməliyyat tapşırığı verilmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satan şəxsin (şəxslərin) mənbəyini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqi 107). Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 5(004)-62/2023 nömrəli qərarı ilə Bakı şəhəri, Yasamal RPİ, 26-cı Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 91). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 10 aprel 2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmündən, həmçinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 16 may 2023-cü il tarixli 21-1/3-11515-22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 9 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəzasının 1 il 8 ay 28 günü çəkilməmiş qalmışdır (cild 1, iş vərəqi 109-121). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, tutulmamışdan bir həftə əvvəl Qəhrəman adlı şəxslə tanış olduğunu və Qəhrəmandan ona narkotik vasitə təşkil etməsini xahiş etdiyini, sonra Qəhrəmanla birlikdə Ələsgər Ələkbərov küçəsinə getdiklərini, orada Qəhrəmanın ona bir ədəd idman çantası verərək harasa getdiyini, o isə, Qəhrəmanı gözlədiyini, bu vaxt mülki geyimli şəxslərin onu saxlayıb polis bölməsinə gətirdiklərini, Qəhrəmanın ona verdiyi çantada «kokos» kimi tanıdığı narkotik vasitə olmasını sonradan bildiyini, videoçəkiliş aparıldığını və həmin vaxt narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, polis əməkdaşları tərəfindən ona işgəncələr verildiyini və döyüldüyünü, bununla bağlı heç yerə məlumat vermədiyini, istintaq təcridxanasına yerləşdirilən zaman üzərində xəsarətlər aşkar olunduğunu, məhkəmənin ədalətinə sığınıb heç yerə şikayət etmədiyini, özünün ancaq narkotik vasitələrdən istifadə etdiyini, bədəni üzərində xəsarətləri olduğunu, istintaq vaxt heç bir sənədə imza etmədiyini bildirərək müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin maddələri 18 yanvar 2023-cü il tarixdə saat 15 radələriııdə Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidə Mərdan adı ilə tanıdığı bir nəfərin 20 manat pul müqabilində «Baba» adlı İran vətəndaşına çatdırmaq üçün verdiyini, həmin şəxsin "Baba" adlı İran vətəndaşına içərisində narkotik vasitə olan bağlamaları Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki həyətlərdən birində saat 18 radələrində çatdırmalı olduğunu dediyini, buna görə də onun həmin ünvana gedərək, həyətlərdən birinin qarşısından piyada keçən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq saxladıqlarını, polis əməkdaşları tərəfindən tutularkən və Polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqlər göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra döyülməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlil də məhkəmə tərəfindən yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, onun saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından daxil olmuş tibbi kitabçadakı qeydlərə əsasən, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə təcridxanaya daxil olaraq tibbi müayinədən keçrilmiş, bu zaman o, xəsarət almadığını bildirmiş, bədən səthi üzərində köhnə çapıq toxuma və qərtməkli yaralar aşkar olunmuş, sonuncu həmin yaraları həbs olunan zaman aldığını bildirmişdir. Təcridxanadan daxil olmuş məlumat əsasında Yasamal rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış, izahatı alınmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki təsirə məruz qalmadığını bildirmişdir. Həmçinin, araşdırma zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, müvafiq məhkəmə-tibb ekspertizası keçirilmişdir. Ekspertin 01 mart 2023-cü il tarixli 57 saylı rəyinə əsasən, yoxlanılan şəxsin kürəkaltı nahiyəsində və sol budunun arxa səthində olan qərtməkli yaraların xarakteri qeyd olunmadığından, onların törənmə alətini və üyaranma müddətini dəqiq təyin etmək mümkün deyildir. Qeyd olunanlara əsasən, Yasamal rayon prokurorluğu tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq 28 mart 2023-cü il tarixli qərarla cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən mübahisələndirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitə olan çantanı ona Qəhrəman adlı şəxsin verdiyini bildirmiş və həmin şəxsin istifadəsində olmasını iddia etdiyi bir mobil nömrəni məhkəmə iclasında səsləndirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən adı çəkilən şəxsin anket məlumatları və həmin nömrənin məhz adı çəkilən şəxsə məxsus olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin narkotik vasitəni Mərdan adı ilə tanıdığı şəxsin ona verdiyini iddia etməsini bildirdiyindən və Mərdan adlı şəxs barəsində hazırkı cinayət işindən ayrıca icraata cinayət işi ayrıldığından, məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti təmin olunmamış, məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Qəhrəman adını çəkməklə məhkəməni obyektiv həqiqətdən yayındırmaq məqsədi güdmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, özünün döyülməsi nəticəsində və təzyiqlər altında cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri «Papanin» adlanan ərazidə Mərdan adı ilə tanıdığı bir nəfərin «Baba» adlı İran vətəndaşına çatdırmaq üçün verdiyini, bu məqsədlə içərisində narkotik vasitə olan bağlamaları Yasamal rayonu, Ə.Ələkbərov küçəsindəki həyətlərdən birində iranlıya çatdırmalı olmasını etiraf etməsini, narkotik vasitələrin 2 ayrı-ayrı bağlamalara bükülməsini, həmçinin aşkar edilmiş narkotik vasitə heroinin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 1 il 8 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə görə, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum olunsa da, həmin cinayətə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, bu hal cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 8 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini qismən birləşdirmə yolu ilə qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 18 yanvar 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Yasamal RPİ, 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü ii tarixli 2125 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlanc kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4014,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli; - A 94208458 seriya nömrəli 1 ədəd 20 manatlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılmalı; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntülərinin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarına əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışının müəyyən mərhələsində Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 müdafiə etmiş, vəkil bununla bağlı 15 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi1 ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 1 il 8 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 10 (on) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin olunmuş 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü üzrə müəyyən edilmiş 10 ay 14 gün azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4014,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin; - A 94208458 seriya nömrəli 20 manaltlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar