Məhkəmə qərarları › İş №1(101)-315/2018

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-315/2018

27.02.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-315/2018 27.02.2018 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə, məsləhətçi Eyvazov Həsən Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 2 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz evdə yaşamış, 05 mart 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X1 ilə birlikdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə üzlərini gizlətmək üçün maskadan istifadə edərək, 02 mart 2017-ci il tarixdə saat 04:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin hasarından həyətə düşüb pəncərənin üzərində olan dəmir barmaqlığı aralayıb və pəncərəni açaraq evə qanunsuz girməklə basqın edib, Zərərçəkmiş şəxs yatdığı yataq otağına keçərək əli ilə ağız nahiyəsini tutub ona burun nahiyəsinin qançırı və sıyrığı ilə müşaiyət edilən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin vaxt Etibar Rzayev üzərində olan bıçağı silah qismində tətbiq edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəkləri hədəsi ilə ondan qızıl-zinət əşyaları və pul tələb edib, sonuncuya məxsus 250 (iki yüz əlli) manat nağd pulu, 5 (beş) manat dəyərində süni dəridən olan telefon qabını, üzərində 5 (beş) manat dəyərində ***-***-**-** nömrəsi olan 55 (əlli beş) manat dəyərində "Samsung" markalı mobil telefonu, 1.000 (bir min) manat dəyərində qızıl qadın boyunbağını və 500 (beş yüz) manat dəyərində qadın qızıl boyunbağının bir hissəsini ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 1.815 (bir min səkkiz yüz on beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 01 mart 2017-ci il tarixdə saat 21:00 radələrində işdən evə gəlmiş, həmin vaxt bir həyətdə qaldığı baldızı Məhəbbətin və Etibarın evinə getmişdir. Söhbət zamanı Etibar Ramana qəsəbəsində yaşlı bir qadın yaşadığını, pulu və qızılının olduğunu, evin yerini bildiyini, gecə həmin qadının evinə girib ondan pul və qızıl almaq istədiyini bildirmiş, həmçinin ona qoşulub birlikdə həmin qadının evinə girməyi təklif etmişdir. O, əvvəlcə Etibarla razılaşmamış və öz evinə getmişdir. Evdə olarkən Etibar onu çağırmış, birlikdə oturub yemək yemiş və Etibarın aldığı 250 qramlıq arağı içmişlər. Sonra Etibar qadının evində adam olmadığını bildirmiş və bir daha qadının evinə girməyi ona təklif etmişdir. O, maddi vəziyyətinin pis olmasını nəzərə alıb Etibarın təklifi ilə razılaşmışdır. Təxminən saat 03:00 radələrində Etibar yenidən onu çağırmış və birlikdə yaşdığları evdən təxminən 1 kilometr məsafədə yerləşən həmin qadının evinə getmişlər. Qadının yaşadığı məhəlləyə girəndə Etibarla evdən götürdükləri köynəyi maska kimi başlarına keçirib qadının evinin qapısına getmişlər. Qapı bağlı olduğundan Etibar darvazanın üstündən keçib həyətə düşmüş, sonra qapını içəridən açmış və o, həyətə girmişdir. Etibarla birlikdə evin arxasına olan pəncərənin birinin barmaqlıqlarını əyib aralamış və pəncərəni açaraq evə daxil olmuşlar. Otaqların birini axtarmağa başlamış və həmin otaqda heç nə tapmamışlar. Digər otağa keçən zaman qadını yatmış görmüşlər. Qadına heç nə etməyib ikinci otağa keçmişlər. Həmin otağı da axtarmış, lakin heç nə tapa bilməmişlər. Bundan sonra Etibar mətbəxə baxmış, və o, Etibara heç nəyin olmadığını, getmələrini bildirmiş, lakin Etibar ona arvadı durğuzmağı və qızılları tələb etməyi təklif etmişdir. Həmin vaxt arvad onların səsinə oyanmış, bu zaman Etibar arvadın ağzını tutmuşdur. Həmçinin Etibar ona qadının əllərindən tutmağı tapşırmış, o, qadının əllərindən tutanda həmin qadın qəribə bir səs çıxarmış və buna görə o, qadının əllərini buraxmışdır. Həmin vaxt arvad çox qorxmuş və ona heç nə etməməyi xahiş etmiş və onlara pul verəcəyini demişdir. Bundan sonra arvad onlara pulun şkafda olduğunu bildirmiş və əli ilə şkafı göstərmişdir. Etibar arvadın əlindən tutduğundan ona şkafdan pulu götürməsini demişdir. Lakin arvad özü şkafı açıb orada torbadan pulu çıxarıb ona vermişdir. O, bu zaman Etibarın əlində bıçaq görmüş, lakin Etibarın bıçağı nə vaxt və haradan çıxartdığını görməmişdir. Sonra Etibar arvadı öldürəcəyi ilə hədələmiş və ondan qızılları verməsini tələb etmişdir. Arvad isə qızıllarının olmadığını bildirmişdir. Etibar əlini atıb arvadın boynunda olan qızıl boyunbağını dartmış, arvad isə həmin qızılı kəfən pulu üçün saxladığını bildirib ona dəyməməyi xahiş etmişdir. Amma Etibar boyunbağını arvadın boğazından dartıb qopararaq cibinə qoymuşdur. Bundan sonra onlar evdən çıxmış və oradan uzaqlaşmışlar. Evə tərəf getdikləri zaman əldə etdikləri pulları saymışlar. Arvaddan aldıqları pul 180 manat olmuş və həmin pulu aralarında bölmüşlər. Etibar qızılı satıb ona da pul verəcəyini demiş, amma sonra borcu olduğunu, həmin qızılı satıb borcuna verəcəyini bildirmiş, o da, Etibarla razılaşmışdır. Sonra Etibar telefonunun arvadın evində düşdüyünü demiş, o da, cinayətin onlar tərəfindən edilməsinin məlum olacağını bildirib rayona getmək qərarına gəlmişdir. Səhəri gün o, yoldaşı Kəmalə ilə Ağdaş rayonuna getmişdir. Bir gün rayonda qalmış, sonra isə Bakıya qayıtmışdır. Burada olarkən polis əməkdaşları tərəfindən tutulub bölməyə aparılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə baş verən gün gecəyarısı yatdığı zaman qəflətən kiminsə əli ilə onun ağzını tutduğunu hiss edib gözlərini açmış və başının üstündə iki nəfər maskalı şəxsin durduğunu görmüşdür. Onlardan biri balacaboy oğlan ağzını, ikinci nisbətən hündür oğlan isə qollarını tutmuşdur. Həmin şəxslərdən hər ikisi eyni vaxtda ondan qızılların və pulların harada olduğunu soruşmuş, həmçinin səsini çıxartsa onu öldürəcəkləri ilə hədələmişlər. Sonra həmin şəxslərdən biri onun boğazında olan iki ədəd qızıl boyunbağını dartıb qopartmışdır. Boyunbağılardan biri tam qopmuş, digərinin isə bir hissəsi qırılıb boynunda qalmışdır. Bu zaman o, həmin şəxslərdən hündürboylu oğlanın əlində bıçaq görmüşdür. Bərk qorxduğundan pulların yerini özünün göstərəcəyini demiş, həmin şəxslər onu buraxmış və o, uzandığı çarpayının ayaq hissəsində yerləşən telefon altlığının rəfini çəkmiş və pulun orada olduğunu bildirmişdir. Həmin şəxslərdən balacaboylu oğlan həmin yerdən 180 manatı götürmüş və çıxıb getmişlər. O, bərk qorxduğundan özünü piss hiss etmiş, təxminən bir neçə dəqiqə çarpayıda qalmışdır. Sonra özünə gəlib çarpayıdan qalxmış, zəng etmək istəmiş və yatdığı çarpayının yanında oturacağın üstünə qoyduğu telefonun yerində olmadığını görmüş və həmin şəxslərin telefon qabını, içərisində olan pulu və mobil telefonu da apardıqlarını bilmişdir. Sonra ev telefonu vasitəsi ilə qardaşı uşaqlarına məlumat vermiş, onlar gəldikdən sonra isə «102» xidmətinə zəng edərək hadisə barədə məlumat vermişlər. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə vaxtı ona qarşı quldurluq edən şəxslərin üzlərini görmədiyini, onlardan hündürboylu şəxsin əlində bıçaq olduğunu, Təqsirləndirilən şəxs və Etibar adlı şəxsləri əvvəllər tanımadığını, cinayət nəticəsində ona təxminən 1.815 manat məbləğində ziyan vurulduğunu, lakin vurulmuş ziyanın ona qaytarılmadığını və ziyanın ödənilməsini tələb etmədiyini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bibisidir. 02 mart 2017-ci il tarixdə saat 05 radələrində bibisi Tamam ona zəng edərək təzyiqinin qalxdığını və gəlib onu evə aparmasını istəmişdir. O, təcili evdən çıxıb idarə etdiyi avtomobillə bibisinin yaşadığı evə getmiş və bibisi Tamamın yataqda uzandığını görmüşdür. O, nə baş verdiyini soruşduqda, Tamam iki nəfər tanımadığı maskalı şəxslərin evə girdiyini, birinin onun boğazından, digərinin isə qollarından tutduğunu, hədələdiyini, qorxutduğunu, pulunu, telefonunu və boğazında olan qızılları apardıqlarını bildirmişdir. Bundan sonra o, Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra evə baxan zaman dəhlizdəki tumboçkanın üzərində bir ədəd köhnə mobil telefon görmüş, bibisindən həmin telefonun ona məxsus olub-olmamasını soruşduqda, bibisi həmin telefonun ona məxsus olmadığını bildirmişdir. O, həmin telefonun evə girən şəxslərin olduğunu və evdən gedən zamanı unutduqlarını başa düşmüşdür. Bir neçə dəqiqədən sonra evə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Həmin telefonu da o, polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 01 mart 2017-ci il tarixdə saat 21:00 radələrində bacısı Kəmalənin yoldaşı Elvin onlara gəlmiş, bu zaman özü ilə yemək də gətirmişdir. Onun əri Etibar və Elvin evdə yemək yedikləri zaman o, həyətdə qab yumuşdur. İşlərini görüb evə qayıtdıqda Elvin və Etibarın araq içidiklərini görmüşdür. Sonra o, oğlunu hamama aparıb çimdirmiş, geri qayıtdıqda isə artıq Elvin getmişdir. Gecə saat 12 radələrində Etibar işi olduğunu deyərək evdən çıxıb getmişdir. Artıq 02 mart 2017-ci il tarixdə saat 04:00 radələrində oyanıb Etibarın qayıtmadığını görmüş, sonra öz nömrəsindən Etibarın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmişdir. Telefona bir nəfər cavab vermiş və ona «sizinkilər gəlib buranı yarıblar, telefonu da burda salıb gediblər» sözlərini demişdir. O, bunu eşidən kimi əlaqəni kəsmişdir. Təxminən 20 dəqqiqədən sonra Etibar evə gəlmiş, o, nə baş verdiyni soruşduqda, Etibar bir nəfər yaxın uşaqla birlikdə bir evə oğurluğa girdiklərini, ancaq heç nə götürmədiklərini, evin sahibinin arvad olduğunu bildikdə qaçıb bayıra çıxdıqlarını bildirmişdir. Sonra Etibar getməyə hazırlaşmış, o, Etibardan hara getdiyini soruşsa da, sonuncu ona cavab verməyərək çıxıb getmişdir. Bundan sonra o, Etibarın qardaşı Sənana zəng vurub hadisə barədə məlumat vermişdir. 02 mart 2017-ci il tarixdə saat 07:00 radələrində o, Ağdaş rayonuna getmiş, həmin gün axşam Etibar ona zəng edərək Ağdaşda olduğunu bildiyinə görə, oraya gəlmişdir. Söhbət zamanı Etibar ona Elvinlə birlikdə bir qadının evinə girdiklərini, lakin heç nə aparmadıqlarını bildirmişdir. Sonra Etibar onun X9 borcu olduğunu deyib, ona 220 manat pul vermiş, həmin pulu Əliyə göndərmək lazım olduğunu bildirmişdir. O, həmin pulu anasına vermiş, sonuncu, Ağdaş şəhərində yerləşən poçt vasitəsilə 220 manatı X9 göndərmişdir. Həmin gün Elvin də Ağdaş şəhərinə gəlmişdir. Onlar üçü birlikdə Kəmalənin evində qalmışlar. Səhəri gün Elvin Bakı şəhərinə qayıtmış, onlar isə Ağdaş şəhərində qalmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, 02 mart 2017-ci il tarixdə saat 00:40 radələrində anası Pərvanə onu yuxudan oyadıb qardaşı Etibarın evə gəlmədiyini bildirmiş və onunla əlaqə saxlamasını istəmişdir. O, Etibara zəng etmiş, Etibar Ramana qəsəbəsində olduğunu, tezliklə evə gəldiyini bildirmişdir. Saat 06:00 radələrində anası yenə onu yuxudan qaldırıb Etibarın gəlmədiyini deyərək ona zəng etmək istəmiş, lakin balansı olmadığından danışa bilməmişdir. Sonra o, yenidən yatmış və saat 08:00 radələrində həyətdən gələn səs-küyə oyanmışdır. Həyətə çıxdıqda Sabunçu rayon 12-ci Polis bölməsinin əməkdaşlarını həyətdə görmüşdür. Nə baş verdiyini soruşduqda, polis əməkdaşları qardaşı Etibarla əlaqədar müəyyən məsələlərə aydınlıq gətirilməsi üçün polis bölməsinə getməyi təklif etmiş və o, polis bölməsinə getmişdir. Bölmədə yaşadığı Ramana qəsəbəsində bir qadının evinə iki nəfər maskalı şəxsin girib qadından pul və qızıl boyunbağısının götürüldüyünü, bundan sonra həmin iki nəfər şəxsin bilmədiyi səbəbdən evdən qaçarkən üstlərində olan telefonun, yəni qardaşı Etibarın telefonunun yerə saldığını bilmişdir. Bundan sonra bölmədə olarkən onun telefonun tanımadığı nömrədən zəng gəlmiş, bu zaman polis əməkdaşları danışığın səs gücləndirici vasitəsi ilə aparılmasını istəmişdir. O, bu səbəbdən telefonu açaraq səs gücləndiriciyə qoyub danışmağa başlamışdır. Danışıq zamanı qarşı tərəfin əvvəllər Ramana qəsəbəsinə yaşamış tanıdığı Aygün olduğunu bilmişdir. Aygün qardaşı Etibarın ona zəng vurduğunu və gecə saatlarında Ramana qəsəbəsində yaşayan Gürcüstanlı arvadın evinə bir neçə adamla girdiyini, Etibarın telefonunun arvadın evində düşüb qaldığını və Etibarın özünün əlaqə saxlayacağını dediyini bildirmişdir. O, Aygünə qardaşının onunla əlaqə saxlamasını deməsini xahiş etmiş və danışıq bitmişdir. Bölmədə olarkən Aygün təkrar zəng edərək Ağdaş rayonuna getdiyini, Etibar tutulacağı halda onu qurtaracağını bildirmişdir. Bu danışıqlardan qardaşı Etibarın cinayət törətdiyini başa düşmüşdür. Məhkəmə iclasında Şahid4 cinayət işinin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, Şahid1 və X4 onun ögey uşaqları olduğunu bildirmişdir. 02 mart 2017-ci il tarixdə saat təxminən 17:00 radələrində evdə olduğu zaman evə qızı Məhəbbət gəlmiş, ondan bacısı Kəmalənin gəlib-gəlməməsi ilə maraqlanmışdır. Sonra Məhəbbət ona Kəmalənin də Elvinlə birlikdə bu gün gələcəyini demişdir. Bundan sonra Məhəbbət Kəmalənin yaşadığı evdə qalacağını deyərək evdən çıxıb getmiş və axşam evə gəlməmişdir. 03 mart 2017-ci il tarixdə saat 17:00 radələrində Məhəbbət yenə də onun yaşadığı evə gəlmiş, tanışı Etibarın Bakı şəhərində kiminləsə dalaşdığını və onu qurtarmaq üçün Bakı şəhərinə poçt vasitəsi ilə 220 manat göndərmək lazım olduğunu demişdir. Sonra Məhəbbət ona kağız parçası uzatmış, həmin kağız parçasında X3 yazılmışdır. Məhəbbət ona bildirmişdir ki, pulları həmin şəxsin adına göndərmək lazımdır. Məhəbbətlə söhbət etdiyi zaman küçədə iki nəfər cavan oğlan görmüşdür. Həmin oğlanlardan biri Kəmalənin yoldaşı Elvin olmuş, digərini isə tanımamışdır. Sonradan bildiyinə görə, ikinci şəxs isə Məhəbbətin tanışı Etibar olmuşdur. Bundan sonra o, Ağdaş şəhərində yerləşən poçt şöbəsinə getmiş və X7 adına 220 manat pul göndərmişdir. Geri qayıtdıqda Məhəbbətlə görüşüb poçtdan verilmiş qəbzi ona vermişdir. Sonra bir daha Məhəbbəti görməmişdir. 04 mart 2017-ci il tarixdə işləri olduğu üçün Bakı şəhərinə getmişdir. Bakı şəhərində olduğu zaman ona məlum olmuşdur ki, polis əməkdaşları Məhəbbəti və Etibarı Ağdan şəhərində tutmuşlar (cild 1, iş vərəqi 78-79). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında elan və tədqiq edilmiş ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 06 mart 2017-ci il tarixli protokola əsasən, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, sonuncu isə, öz növbəsində zərərçəkmiş şəxsə qarşı quldurluq cinayətini törətdiyini etiraf etmişdir (cild 1, iş vərəqi 74). Cinayət işinə əlavə edilmiş 03 oktyabr 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, istintaqa verdiyi sərbəst ifadəsində göstərdiklərini həmin istintaq hərəkəti zamanı əyani şəkildə təsdiq etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 264-272). Cinayət işində olan 02 mart 2017-ci il tarixli raportdan və həmin tarixli ərizədən görünür ki, Sabunçu rayonu, Ramana qəsəbə sakini Zərərçəkmiş şəxs 02.03.2017-ci il tarixdə saat 05-37 radələrində DİN-nin «102» xidmət mərkəzinə zəng edərək iki nəfər maskalı naməlum şəxsin yaşadığı evə daxil olaraq ona qarşı quldurluq etməsi barədə məlumat vermiş, həmçinin Sabunçu RPİ-nin 12-ci Polis bölməsinə eyni məzmunlu ərizə ilə müraciət etmişdir (cild 1, iş vərəqi 4-5). Hadisə yerinə baxış keçirilməsi haqqında 02 mart 2017-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən yaşayış evində baş vermişdir. Baxış zamanı yaşayış evindəki otaqların dağınıq vəziyyətdə olması, həmçinin yataq otağının pəncərəsinə vurulmuş dəmir barmaqlıqların əyilməsi, pəncərənin torunun isə cırılmış olması müəyyən edilmişdir. İstintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs qohumu Şahid2 1 ədəd “Nokia 101” modelli mobil telefonu təqdim edərək həmin telefonun cinayəti törətmiş şəxslər tərəfindən evdə unudulduğunu bildirmiş, telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 6-15). Əşyaların təqdim edilməsi və götürülməsi barədə 02 mart 2017-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verərkən onun boynundan qoparılmış qızıl boyunbağının qırılmış hissəsini istintaq orqanına təqdim etmişdir (cild 1, iş vərəqi 32). Cinayət işinin materiallarına əlavə edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 03 mart 2017-ci il tarixli protokoldan görünür ki, Şahid3 tanınmaya 1 ədəd «NOKİA» markalı 101 modelli mobil telefon təqdim olunmuş, Şahid3 4 ədəd telefonların arasında «NOKİA» markalı 101 modelli mobil telefonu tanıyaraq telefonun qardaşı X6 məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 38-39). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 25.04.2017-ci il tarixli 630 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmə təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 148-149). Məhkəmə-tibb ekspertizasının 07.03.2017-ci il tarixli 310 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin qançırı və sıyrığı müəyyən edildi. Xəsarətlər bərk kürt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 02.03.2017-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 135-136). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2017-ci il tarixli 9629/9630/9717 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan boyunbağı (qırıqdır) üzərində “583” əyar damğası həkk edilmişdir, metalı 583 əyarlı qızıla uyğun, çəkisi 5,31 qramdır. Məmulatda zavod üsulu ilə hazırlanmanın səciyyəvi xüsusiyyətləri (damğaların səlist vurulmaması, rəqəmlərin dərinliyinin eyni olmaması, paparel yerləşməməsi və s.) olmadığından, kustar üsulla hazırlandığı müəyyən edildi. Təqdim edilmiş boyunbağının orta sahəsində bir-biri ilə birləşdirməli olan detalın olmaması ilə bağlı material çatışmazlığı vardır. Həmin çatışmazlıq fiziki qüvvənin təsiri ilə qopma nəticəsində yaranmağa xarakterikdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, ekspertiza tədqiqatına təqdim olunan 1 ədəd boyunbağının 2017-ci ilin mart ayı üçün orta bazar qiyməti 240,0 manat müəyyən edilir (cild 1, iş vərəqi 152-155). İbtidai istintaq orqanının 20 sentyabr 2017-ci il tarixli qərarına əsasən, Zərərçəkmiş şəxs məxsus 583 əyarlı, çəkisi 5,31 qram olan 1 ədəd qızıl boyunbağı və hadisə yerindən götürülmüş X6 məxsus «NOKİA» markalı 101 modelli (İMEİ **********20488/**********20496) mobil telefon maddi sübut hesab edilmişdir, hazırda Sabunçu RPİ-də saxlanılır (cild 1, iş vərəqi 227). İstintaq orqanının 21 sentyabr 2017-ci il tarixli qərarı ilə hazırkı cinayət işindən X1 barəsində ayrıca icraata cinayət işi ayrılmış, sonuncuya məxsus olmaqla hadisə yerindən götürülmüş «NOKİA» markalı 101 model (İMEİ **********20488/**********20496) mobil telefon həmin iş üzrə maddi sübut hesab edilərək cinayət işindən ayrılmışdır (cild 1, iş vərəqi 248-254). İş materiallarında olan 11.03.2017-ci il tarixli tələbnamədən görünür ki,Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 140). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli 1 №-li qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, oğurluq edilərkən təqsirləndirilən şəxsin hərəkətləri həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşaiyət edildiyi hallarda əməl quldurluq kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 mart 2017-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Sabunçu RPİ İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 05 mart 2017-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.3-cü maddəsinin tələbinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Sabunçu RPİ-də saxlanılan iş üzrə maddi sübut - 583 əyarlı, çəkisi 5,31 qram olan 1 ədəd qızıl boyunbağı Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə hadisə yerindən götürülərək maddi sübut kimi tanınmış X1na məxsus «NOKİA» markalı 101 model (İMEİ **********20488/**********20496) mobil telefonla bağlı isə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işindən adı çəkilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat materialları ayrılmış və həmin materiallara hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca icraatda baxılır. Bu səbəbdən, həmin mobil telefon göstərilən icraat materialları üzrə də maddi sübut kimi tanındığından, qeyd olunan mobil telefon barədə həmin iş üzrə qərar qəbul edilməli, həmin hal hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 213 (iki yüz on üç) manat 80 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 213 (iki yüz on üç) manat 80 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddianın verilməməsi, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 mart 2017-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə Sabunçu RPİ-də saxlanılan maddi sübut - 583 əyarlı, çəkisi 5,31 qram olan 1 ədəd qızıl boyunbağı Zərərçəkmiş şəxs qaytarılsın. X1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat materialları ayrıldığından və həmin materiallara hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca icraatda baxıldığından adı çəkilən şəxsə məxsus «NOKİA» markalı 101 modelli (İMEİ **********20488/**********20496) mobil telefonla bağlı həmin iş üzrə qərar qəbul edilməli olması nəzərə alınsın. Məhkəmə məsrəfləri olan 213 (iki yüz on üç) manat 80 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddianın verilməməsi, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar