Məhkəmə qərarları › İş №1(101)-315/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-315/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-315/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:00 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 9,853 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 15:02-də Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsi 51 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Daxili İşlər Nazirliyinin BMCMİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 9,853 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 03 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 2,307 qram, 3,627 qram və 3,919 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə yuxudan durub dostu ilə görüşmək qərarına gəlmişdir. Dostuna zəng etmiş və o, işdə olduğunu bildirmişdir. Dostu Günəşli qəsəbəsində boya hazırlamaqla məşğul olur. Dostunun iş yerində olan zaman üç nəfər mülki geyimli şəxs içəriyə daxil olaraq, onun Təqsirləndirilən şəxs olub-olmamasını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra həmin mülki geyimli şəxslər onu ağ rəngli “Pajero” markalı avtomobilə mindirərək, təhqir etməyə, üzərini axtarmağa başlamışlar. Həmin mülki geyimli şəxslər ona narkoman olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişlər. O, isə həmin şəxslərdən onu ekspertizadan keçirmələrini tələb etmişdir. Onu idarəyə apararaq əllərini arxadan qandallayıb, bir büküm maddəni qarşısına qoyaraq, ona aid olduğunu bildirmişlər. O, razılaşmadıqda, onu şərəfini alçaltmaqla hədələmişlər. Bu səbəbdən o, razılaşmalı olmuş, bir qədər sonra onu saxlayan əməkdaşların rəisi qapıya yaxınlaşaraq, bükümün artırılaraq 3 büküm edilməsi barədə göstəriş vermişdir. Həmin 3 bükümü cibinə qoymasını tələb etmişlər. O, həmin bükümləri cibinə qoyduqdan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirərək, onu 3 gün polis idarəsində saxlamışlar. Bundan sonra o Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. O, 5-6 dəfə narkotik vasitə olan marixuanadan istifadə etmiş, narkotik vasitə olan marixuananı anket məlumatlarını bilmədiyi bir şəxsdən əldə etmişdir. Hər dəfə bir dəfəlik çəkmək üçün az miqdarda narkotik vasitə marixuana əldə etmək məqsədilə 10 manat məbləğində pul verirmişdir. Sonuncu dəfə saxlanılmamışdan 15-20 gün öncə marixuanadan istifadə etmiş, 15-20 gün ərzində polis əməkdaşları ilə hər hansı problemi olmamışdır. Psixotrop maddə olan metamfetamindən heç bir zaman istifadə etməmiş, hansı səbəbdən həbs edildiyini bilmir. Polis əməkdaşları tərəfindən döyülmüş, lakin, bədənində hər hansı xəsarət əmələ gəlməmişdir. Ambulatornarkoloji yoxlamanın rəyi ilə razı deyil. Narkoloji yoxlama zamanı ondan heç bir test götürülməmiş, yalnız suallar verilmiş və o, ara-sıra marixuanadan istifadə etdiyini bildirmişdir. Videoçəkiliş zamanı onun üzərindən aşkar edilən bükümlər ona aid olmamışdır. Həmin vaxtı Videoçəkilişi dayandırılmış, o təhqir olunaraq döyülmüş, sonra çəkiliş davam etdirilirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid1 başçılıq etmiş, əməliyyat qrupunda o və Şahid2 iştirak etmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin ünvan 4 ünvanın yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra qeyd olunan yerə getmişlər. Həmin gün qeyd olunan ünvanın yaxınlığında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşduqda sonuncu özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs satış məqsədi ilə üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirib onu Baş İdarəyə dəvət etmişlər. Sonuncu etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə gəlmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, bundan sonra vəkil dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla gəzdirməsində şübhəli bilindiyi və bununla bağlı video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılacağı izah edilmişdir. Baxış vaxtı Təqsirləndirilən şəxs üzərindən 03 ədəd bükümdə psixotrop maddəyə bənzər kütlə, avtomobilin qeydiyyat şəhadətnaməsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələri 2-3 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmış, həmin qrupa onun rəhbərliyi ilə Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 daxil olmuşdur. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin şəxsin ünvan 4 ünvanın yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra qeyd olunan yerə getmişlər. Həmin gün günorta saatlarında qeyd olunan ünvanın yaxınlığında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşduqda sonuncu özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs satış məqsədi ilə üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirib onu Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman psixotrop maddə metamfetamin aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunmaqla ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin, onu bilavasitə satışla məşğul olan zaman saxlamamışlar. Onun psixotrop maddəni hər hansı şəxsə satmasına dair məlumat əldə etməmişlər. Təqsirləndirilən şəxs nə üçün ona qarşı qəddarlıq göstərilməsi, ona qarşı qanunsuz hərəkətlər edilməsini bildirməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlər olunmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, məlumat rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin ünvan 4 ünvanın yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra qeyd olunan yerə getmişlər və həmin gün saat 15:00 radələrində qeyd olunan ünvanın yaxınlığında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşduqda sonuncu özünü təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs satış məqsədi ilə üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğunu bildirib onu Baş İdarəyə dəvət etmişlər. Sonuncu etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə gəlmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmiş, raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Murad Azayevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar, orada təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərindən Eldar Qədimi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmaqla sonuncudan həmin vəkilə etirazının olubolmaması soruşulmuş, o, vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla gəzdirməsində şübhəli bilindiyi və bununla bağlı video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş, sonuncu etiraz etmədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu üzərində ”patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu deyərək, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 03 ədəd bükümü, digər ciblərindən mobil telefonu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini və plastik kartı çıxarıb təqdim etmişdir. Bükümlər açıldıqda hər birinin içərisindən psixotrop maddə metamfetamin aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələri 2-3 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, həmin maddələr qablaşdırılaraq götürülmüş, həmçinin digər əşyalar da götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunmaqla ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,307 qram, 3,627 qram, 3,919 qram, ümumi təmiz çəkisi 9,853 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (siyahı İ) daxildir. (iş vərəqə 40-43) İş materiallarında olan Komisyon Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 125-126) İş materiallarında olan Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 aprel 2023-cü il tarixli, 2004 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksakasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 127-128) İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, üzərində “patı” kimi tanınan psixotrop maddə olmasını bildirərək, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 03 ədəd bükümü, digər ciblərindən mobil telefonu, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilin qeydiyyat şəhadətnaməsini və plastik kartı çıxarıb təqdim etmişdir. (iş vərəqə 26-27) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023cü il tarixli qərarından görünür ki, 18 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 18 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 95) İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, 18 yanvar 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 18 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 118-119) Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilən zaman xəsarət aşkar edilməmişdir. Həmçinin, iş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, 27/MEŞ saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə (xx.xx.2023-cü il) və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir. (iş vərəqə 122-123) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuş, lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olubolmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş vərəqə 120) Əməliyyat tapşırığına cavab məktubundan göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı mötəbər məlumat verilməmişdir. Bu qeyd edilənlər həmin əməliyyat məlumatına cavab məktubunun formal xarakter daşımasına, hər hansı fakta əsaslanmamasına, yalnız sübuta yetirilməyən şübhələrdən ibarət olmasına dəlalət edir. Beləliklə, ibtidai istintaq orqanının şəxsə AR CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi üçün əsas götürdüyü hallar öz təsdiqini tapmamış şübhələrdən ibarətdir. Eləcə də, iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, Təqsirləndirilən şəxs üzərindən çıxmış “Samsung” markalı mobil telefonun da iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi qeyd olunmuşdur. Yəni, şəxsin telefonunda da psixotrop maddələrin satışı ilə bağlı hər hansı hala rast gəlinməmişdir. (iş vərəqə 129-134) Həmçinin, məhkəmə iclasında ifadə verən şahidlər Şahid1 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onu bilavasitə satışla məşğul olan zaman saxlamadıqlarını, onun psixotrop maddəni hər hansı şəxsə satmasına dair məlumat əldə etmədiklərini qeyd etmişlər. Bütün qeyd edilənlərə baxmayaraq, kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, tamamilə anlaşılmaz şəkildə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs tərəfindən hər hansı istehlakçı ilə razılıq əldə edilməsinə dair məlumatın olmaması, eləcə də, onun özündə kannaboidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Eyni zamanda Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə özünü ümumiyyətlə təqsirli bilməyərək, saxlanılarkən üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən ona təqdim edilməsi, ibtidai istintaq zamanı fiziki, psixi təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşımaqla, həqiqəti əks etdirməməklə, ibtidai istintaq zamanı özünün 20 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/317 nömrəli rəyi, 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarları, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktub, ona əlavə edilmiş tibbi kitabça, 19 yanvar 2023-cü il tarixli, 27/MEŞ saylı ekspertiza rəyi və digər mötəbər sübutlarla tam təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadəsində göstərmişdir ki, təxminən 30 gündür “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə etmişdir. Həmin maddəni Bakı şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Tutulamışdan bir neçə gün əvvəl Bakı şəhəri Xətai rayonu ərazisində, Əhmədli Metrostansiyası adlanan yerin yaxınlığında olan zaman yolun kənarında üç ədəd bükümün olduğunu görmüş, bükümlərə baxan zaman onların içərisində psixotrop maddə metamfetamin olmasının şahidi olmuşdur. Sözü gedən maddələri istifadə etdiyi üçün onları da gələcəkdə istifadə etməyi üçün üzərində saxlamaq qərarına gəlmiş və onları götürüb üzərində saxlamışdır. Həmin bükümlərdən birinin içərisindən iki gün ərzində istifadə etmiş, qalan maddələri də, mütəmadi olaraq üzərində saxlamışdır. 18 yanvar 2023-cü il tarixdə günorta saatlarında evdən çıxmış, həmin gün saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsi 51 ünvanının yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə ona üzərində olan əşyalarını təqdim etməsi təklif olunmuşdur. Bu zaman üzərində “patı” kimi bilinən maddənin olduğunu deyib əynində olan qara rəngli şalvarın sol yan cibindən üç ədəd bükümü, digər ciblərindən mobil telefonunu, şəxsiyyət və sürücülük vəsiqələrini, avtomobilin qeydiyyat şəhadətnaməsini və plastik kartı təqdim etmişdir. Bükümlər açılan zaman onların içərisindən psixotrop maddə metamfetamin aşkar edilmiş, bükümlər qablaşdırılaraq götürülmüş, sorğu zamanı həmin maddələri tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 9,853 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 15:02-də Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsi 51 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Daxili İşlər Nazirliyinin BMCMİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, 03 bükümdə ümumilikdə 9,853 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 91-92) İş materiallarında olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai rayon 75 saylı MKİS-ə yaşadığı müddət ərzində heç bir şikayət daxil olmamışdır. (iş vərəqə 113) Məhkəməyə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs atası X1 birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsiz şəxs kimi başqasının qulluğuna ehtiyacı var. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs atasının birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsiz şəxs kimi başqasının qulluğuna ehtiyacı olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs atasının birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsiz şəxs kimi qulluğa ehtiyacının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 76/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 18, 82-86) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 08 aprel 2023-cü il tarixli, 2004 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” protokoluna əsasən, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 9,853 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,703 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” protokoluna əsasən, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,703 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar