Məhkəmə qərarları › İş №1(101)-316/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-316/2020

21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-316/2020 21.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 oktyabr 2019-cu il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolunun üzərində yerləşən “Klub” çay evinin qarşısında bacısı Şahid1 qeyri-rəsmi vətəndaş nikahında yaşadığı Zərərçəkmiş şəxs idarə etdiyi “Daewoo Nexia” markalı **-SO-*** dövlət nömrə nişanlı avtomobilin salonunda sonuncunun bacısı ilə ayrılması səbəbindən aralarında yaranmış münaqişə zamanı üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs iki dəfə qəsdən vuraraq 1 ədəd sağ bazunun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qanın yığılması), perikardın və sol ağciyərin yuxarı payının yaralanmasına səbəb olan 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 il əvvəl bacısı Şahid1 ilə ailə həyatı qurmuş və sonra onların birgə nikahlarından bir övladları olmuşdur. İlkin vaxtlarda onların münasibətləri normal olsa da, sonradan Ramin bacısını döydüyünə görə onların arasında münaqişələr yaranmağa başlamışdır. Bacısı ilə yeznəsi Raminin münasibətləri pisləşəndən sonra bacısı bir neçə dəfə onlara gəlmişdir. O isə Raminlə danışaraq onları barışdırmışdır. Sonuncu dəfə 15 oktyabr 2019-cu il tarixdə bacısı yenidən onların evinə gəlmişdir. Bacısından nə problem olduğunu soruşduqda o, Raminin yenidən evdə münaqişə yaratdığını bildirmiş, o isə bacısına heç bir söz deməmişdir. Bundan iki gün sonra, yəni 17 oktyabr 2019-cu il tarixdə saat 12:30 radələrində evdən çıxaraq marşrut avtobusu ilə “Koroğlu” metrostansiyasının yaxınlığına getmişdir. “Ayxan” marketin yanından keçdiyi zaman Zərərçəkmiş şəxs yolun sağ hissəsində dayandığını görmüşdür. Sonra avtobusdan düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb salamlaşmış və ona avtomobilə oturmağı təklif edərək Raminlə bacısı arasında yaranan münaqişəyə görə danışmaq istəmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və onlar Raminin avtomobilinə əyləşmişlər. Avtomobilə əyləşdikdən sonra o, Raminə nə üçün bacısı ilə yola getmədiklərini soruşmuşdur. Zərərçəkmiş şəxs isə onunla kobud şəkildə danışaraq məsələnin ona aidiyyatının olmadığını bildirmişdir. O isə Zərərçəkmiş şəxs birlikdə evə gedərək münaqişənin səbəbini müzakirə etməyi və barışmağı təklif etmişdir. Bu zaman Zərərçəkmiş şəxs onu təhqir etmişdir. O, Ramindən nalayiq sözlər deməməyi tələb etsə də, sonuncu onun sözlərinə qulaq asmayıb onu təhqir etməyə davam etmişdir. O da əynində olan cins şalvarının sağ yan cibində olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs vurmaq istəmişdir. Lakin birinci dəfə bıçaq zərbəsi Raminin sol qoluna dəymiş, ikinci dəfə isə o, Zərərçəkmiş şəxs sinə nahiyəsindən zərbə ilə vurmuş və sonra da avtomobildən düşüb evə getmişdir. Hadisə zamanı Raminə 2 dəfə bıçaqla xəsarət yetirmiş, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı etiraflarını - cinayət törətməkdə öz təqsirini etiraf etməsini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Fərqiyyə ilə qeyri-rəsmi olaraq 1 il 6 ay nikahda olmuşdur. Həmin nikahdan onların bir övladları dünyaya gəlmişdir. Fərqiyyə onunla qeyri-rəsmi nikahlarının 6-cı ayında onun ailəli olduğunu öyrəndikdən sonra aralarında münaqişə yaranmağa başlamışdır. Aralarında dəfələrlə münaqişə olduğu üçün o, Fərqiyyəyə ayrılmaq istədiyini demişdir. Fərqiyyə isə ona hədə-qorxu gələrək ailəsinə onunla münasibəti olması barədə məlumat verəcəyini bildirmişdir. Fərqiyyəni ayrılmağa razı salmağa çalışsa da, sonuncu onun sözlərinə əhəmiyyət verməyərək ayrılacağı halda həyat yoldaşına və qayınatasına məlumat verəcəyini demişdir. 17 oktyabr 2019-cu il tarixdə saat 12:30 radələrində taksi fəaliyyəti göstərdiyi avtomobil ilə “Klub” kafenin qarşısında dayanmışdır. Bu zaman Fərqiyyənin qardaşı Təqsirləndirilən şəxs ona yaxınlaşmış və avtomobildə əyləşib söhbət etməyi təklif etmişdir. O da Faiqlə razılaşaraq avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra Faiq ondan nə üçün Fərqiyyə ilə ayrıldığını soruşmuşdur. O da Faiqə Fərqiyyənin özünü yaxşı aparmadığı üçün ondan ayrıldığını demişdir. Bu zaman əlində olan mobil telefon yerə düşmüş və o, mobil telefonu götürdüyü zaman qəflətən Faiq bıçaqla ona zərbə vurmuşdur. O, özünü müdafiə etmək istədiyi zaman bıçaq qoluna dəymişdir. Sonra Faiq ikinci dəfə bıçaqla ona zərbə vurmuşdur. Faiqin bıçaqla vurduğu ikinci zərbə sinəsinə dəymişdir. O, sinəsini tutaraq qan gəldiyini görmüşdür. Faiq isə onun sinəsindən qan gəldiyini görüb avtomobildən düşmüş və çıxıb getmişdir. O da avtomobilini idarə edib dərhal dayısı Şahid2 zəng edərək harada olmasını soruşduqda dayısı Zabrat qəsəbəsində 9 mərtəbəli binanın yanında olduğunu demişdir. O dərhal həmin yerə gedib dayısını götürmüş və onu təcili xəstəxanaya çatdırmasını bildirmişdir. Dayısı da onu 3 saylı x3 gətirmiş və orada onu əməliyyat etmişlər. Faiq onun xəstəxana xərclərinə köməklik göstərmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2019-cu il tarixdə saat 13:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 9 mərtəbəli binanın yaxınlığında yerləşən bərbərxanada olduğu zaman bacısı oğlu Zərərçəkmiş şəxs ona zəng edib həyəcanlı şəkildə harada olduğunu soruşmuşdur. O isə Raminə Zabrat qəsəbəsində, 9 mərtəbəli binanın yaxınlığındakı bərbərxanada olduğunu demişdir. Ramin də ona həmin yerə gəldiyini deyərək çölə çıxmağını istəmişdir. O dərhal çölə çıxmış və bir neçə dəqiqə sonra Ramin ora gəlmiş və avtomobildən düşərək təcili onu xəstəxanaya aparmağını demişdir. O dərhal Raminin avtomobilini idarə edib onu 3 saylı x3 aparmışdır. Ramini görəndə ondan qan axdığını görmüşdür. Yolda olarkən Ramindən nə baş verdiyini soruşmuş, lakin o, heç bir söz deməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 68-71). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanılması zamanı ibtidaiistintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək hadisə baş verən yeri göstərmişdir (cild 1, iş vərəqə 116-120). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x5-Təcrübi və Tədris Birliyinin 7 noyabr 2019-cu il tarixli 1603 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qöş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qanın yığılmasına), perikardın və sol ağciyərin yuxarı payının yaralanmasına səbəb olan bir ədəd, sağ bazunun bir ədəd (cəmi iki ədəd) deşilmişkəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmiş, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilərdi, törənmə müddəti 17 oktyabr 2019-cu il tarixə uyğun gəlmişdir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qanın yığılmasına), perikardın və sol ağciyərin yuxarı payının yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmuşdur. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmuşdur (cild 1, iş vərəqə 100-103). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x2 Məhkəmə Psixiatrik Ekspertizasının 29 oktyabr 2019-cu il tarixli 2191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Cinayət işinin materiallarından və psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, onun məcburi müalicəyə ehtiyacı olmamışdır (cild 1, iş vərəqə 104- 105). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 noyabr 2019-cu il tarixli 26951 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilməmiş, üzərində onun təyinatını dəyişdirən hər hansı dəyişiklik edilməmişdir (cild 1, iş vərəqə 108). Cinayət işinin materiallarından görünür ki, kustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, üzərində təyinatını dəyişdirən hər hansı dəyişiklik edilməyən 1 ədəd turist bıçağı maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 123- 130). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(cild 1, iş vərəqə 90). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 2). Cinayət işinin materiallarında olan “şəxsin könüllü boynuna alma haqqında şifahi ərizə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2019-cu il tarixdə cinayət törətdikdən sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edərək törətdiyi cinayət əməlini etiraf etmişdir (cild 1, iş vərəqə 16). Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna aldığından və Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən, həmçinin cəzasını ağırlaşdıran hallar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 oktyabr 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 60-61). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 17 oktyabr 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılankustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, üzərində təyinatını dəyişdirən hər hansı dəyişiklik edilməyən 1 (bir) ədəd turist bıçağı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılankustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən, üzərində təyinatını dəyişdirən hər hansı dəyişiklik edilməyən 1 (bir) ədəd turist bıçağı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar