Məhkəmə qərarları › İş №1(101)-317/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-317/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-317/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Saatlı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1998-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 35 saylı poliklinikanın yanında fərdi evdə yaşamış, 10 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 11 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 35 saylı poliklinikanın yaxınlığında şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 4,193 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, 10 iyul 2021-ci il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Binəqədi qəsəbəsi 35 saylı poliklinikanın yaxınlığında saxlanılaraq Binəqədi RPİ 43cü Polis bölməsinin inzibati binasına aparılaraq, saat 14:00-da inzibati otaqların birində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4,193 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı isə Təqsirləndirilən şəxs həmin əməlini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirmiş, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması faktı öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildi. O, ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. Valideynləri onun narkotikdən müalicə olunması üçün polis əməkdaşlarına zəng etmiş, polis işçiləri də atasının müraciətindən sonra gəlib onu evdən yatdığı yerdən götürüb polis bölməsinə aparmışlar. Həmin vaxt onda heç bir narkotik olmamış, lakin polis bölməsində üzərində axtarış keçirilərkən ondan “şüşə” kimi tanıdığı metamfetamin aşkar etmişlər. Bölmədə polislər hətta özləri ona narkotik vasitə də təklif etmişlər. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis işçiləri onu evdən gəlib götürərkən anası və bacısı evdə olmuş, onu yatdığı zaman oyadıb bölməyə aparmışlar. Videoçəkilişdən qabaq narkotiki polislər ona vermiş, cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb masanın üzərinə qoymağı təklif etmişlər. Cibində 1 büküm “şüşə” kimi tanıdığı psixotrop maddə olmuş, təqdim edərkən polis əməkdaşlarının sözlərinə əsasən, onu guya “Papanin”də tanımadığı şəxsdən aldığını demişdir. Saxlanılarkən onda tərəzi olmamış, bölmədə ona təzyiqlər göstərmişlər. Özü tutulmamışdan təxminən 6-7 ay qabaq narkotikdən istifadə etməyə başlamış, narkotik vasitələrdən məhəllədə dost-tanışla birlikdə istifadə etmiş və həmin narkotikləri onun üçün dosttanışı gətirmişdir. Özləri əvvəllər “Papanin”də qaldığıqları üçün orada adlarını demək istəmədiyi dost-tanışları olmuşdur. Evdə valideynləri də onun narkotik vasitədən istifadə etdiyini bilmişlər. Bütün bunlara görə o, narkotik istifadəçisi olduğu üçün özünü qismən təqsirli bilir. İfadələri arasında ziddiyyətlər olduğuna görə, məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, o, 10 iyul 2021-ci il tarixdə saat 12:20 radələrində Binəqədi qəsəbəsi, Binəqədi- Xırdalan şossesində 35 saylı poliklinikanın yaxınlığında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisinə baxılan zaman ağ rəngli küllənin aşkar olunmuş, o, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni bir gün əvvəl, yəni 09 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində 35 saylı poliklinikanın yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 90 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polislər tərəfindən saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir zor və təzyiq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs 14.10.2021-ci il tarixdə əlavə dindirilərkəıı ifadəsində göstərmişdir ki, özü narkotik vasitə istifadəçisi olsa da, 10 iyul 2021-ci il tarixdə saat 12:20 radələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsus deyildir və o, özünü təqsirkar bilmir (cild 1, iş vərəqi 69-71, 151-153). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni polis işçilərinin özlərinin yazdığını və özünün oxumadan imza etdiyini, polis işçiləri ona qarşı qərəzli olduqlarını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, barəsində olan cinayət işinin CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyinin ona deyildiyini, buna görə də, müstəntiqə inanıb təqdim olunmuş bütün sənədləri oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bİnəqədİ RPİ, 43-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barədə qonşulardan da şikayət olmuş, həmçinin atası da Elcanın narkotik vasitədən istifadə etdiyini və evdən əşyaları götürüb satdığını bildirmişdir. Buna görə onlar əməliyyat qrupu təşkil edərək həmin ünvana getmiş və Elcanı yaşadığı ünvanın yaxınlığında saxlayıb bölməyə gətirmişlər. Polis bölməsində Elcanın üzərinə baxış keçirilərkən 1 bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Verilən sualları cavablandıran Şahid1 Elcan barədə məlumatın ona daxil olduğunu, həmin məlumatda Elcanın narkotik vasitə istifadəçisi olması bildirildiyini, Elcanın narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda məlumat olmadığını, saxlanılarkən Elcanın özünün də narkotik vasitə istifadəçisi olduğunu etiraf etdiyini, bölmədə Elcana qarşı təzyiq və təsir göstərilmədiyini, Elcanın atasının ona müraciət edərək oğlunun narkotik vasitələrdən istifadə etdiyini və hətta evdən əşyaları da satmağa başladığını bildirdiyini, əməliyyat tədbirinin günorta saatlarında keçirildiyini, Elcanı yaşadığı evin yaxınlığında saxladıqlarını, onu evində tutmadıqlarını və onların evinə girmədiklərini, özünün həmin gün Elcanın atasına zəng etdiyini, bu zaman Elcanı soruşduğunu, atası evdə olmadığını bildirdiyini, əlaqə saxlamaq üçün həyat yoldaşının nömrəsini verdiyini və Elcan barəsində həyat yoldaşına zəng vurmağı məsləhət gördüyünü, onun da dəqiqləşdirmək üçün Elcanın anasına zəng etdiyini və sonuncunun, oğlunun evdə olduğunu dediyini, Elcanın evinə daxil olmadıqlarını və evdən çıxdıqda onu saxladıqlarını, onun üzərindən metamfetamindən başqa heç nə aşkar edilmədiyini, aşkar olunan vasitənin 1 bükümdə olduğunu, bükümün içərisində ağ rəngdə psixotrop maddə metamfetamin aşkar edildiyini, Elcan tutulduqdan sonra da onun narkotik vasitələrin satışı ilə məşğul olması təsdiqini tapmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bİnəqədİ RPİ, 43-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuşdur. Həmin məlumat əməliyyat müvəkkili Şahid1 daxil olmuş və sonuncunun rəhbərliyi ilə onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Həmin gün onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və evin yaxınlığında Elcanı saxlayıb bölməyə aparmışlar. Orada saxlanılan şəxsin üzərində şəxsi axtarış keçirilmiş və üzərindən metamfetamin aşkar edilərək götürülmüşdür. Suallara cavab verən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinii təsdiq etdiyini, məlumatın Şahid1 daxil olduğunu və həmin məlumatın Elcanın narkotik vasitələrin istifadəsi ilə məşğul olması ilə bağlı olduğunu, Elcanın narkotik vasitələrin satışı ilə məşğul olması barədə sonradan da hər hansı məlumat əldə olunmadığını, Elcana qarşı təzyiq və təsir göstərilmədiyini, şəxsi axtarış keçirilərkən videoçəkiliş aparıldığını, əməliyyat tədbirində əvvəldən axıra kimi iştirak etdiyini, özünün Elcanın atasına zəng etmədiyini, onun yanında Nicatın heç kimə zəng etmədiyini, Elcanın üzərindən metamfetamin aşkar olunduğunu və həmin maddənin şəffaf rəngdə selofan bükülüdə olduğunu, Elcanın həmin narkotik vasitəni tanımadığı şəxsdən almasını dediyini ifadəsinə əlavə etdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisə baş verən gün o, evdə olmuş, bu zaman həyat yoldaşı Elgün ona zəng edərək polis işçilərinin oğlunu götürmək üçün gəldiklərini bildirmişdir. Bundan bir müddət sonra mobil telefonuna tanımadığı bir nömrədən zəng gəlmiş, tanımadığı bir nəfər ondan evlərin bir-birinə oxşadığını bildirib, hansı evin onlara məxsus olduğunu soruşmuşdur. Bu zaman o, küçəyə çıxmış, polis işçiləri onu görüb maşından düşmüşlər və üç nəfər polis əməkdaşları onunla birlikdə evə girmişlər. Həmin vaxt oğlu Elcan evdə yatmış vəziyyətdə olmuşdur. Polis işçiləri evə girdikdən sonra o, oğlunun şalvarını geyinmək üçün ona vermiş, sonuncu, əynini geyinmiş və onu aparmışlar. Polis işçiləri onlara gələndə saat 10-nun yarısı olmuş, qızı İmamə də evdə olub baş verənləri görmüşdür. Şalvarı o, özü şəxsən geyinmək üçün oğluna vermişdir. Oğlunun şalvarını o, özü təmizləyib ciblərinə baxmış və ciblərində heç nə olmadığını özü təsdiq edə bilər. İstintaqda da onun ifadəsi alınmışdır, lakin həmin ifadədə oğlunun guya yoldan tutulduğu yazılmışdır. Əslində isə belə olmamış, istintaqdakı ifadəsində yazılan həmin hissəni təsdiq etmir. Sonradan polis idarəsində istintaqda olarkən onlara gəlmiş polis əməkdaşı onu tanımadığını bildirmiş, lakin o, həmin əməkdaşa onları qarşılayıb evinə aparan qadın olduğunu xatırlatmışdır. Şahid4 ifadəsinə görə, o, əvvəllər Elcanın narkotiklərdən istifadə etdyini görməmişdir. Lakin həyat yoldaşı Elgün oğlunun narkotik vasitədən istifadə etdiyindən şübhələndiyinə görə, 102 xidmətinə zəng edib məlumat vermişdir. Bu zaman ərinin məqsədi oğlunu tərbiyələndirmək və onu müalicə etmək olmuşdur. Elgün oğluna dəfələrlə xəbərdarlıq edib pis uşaqlarla görüşməməsini, əks halda polisə məlumat verəcəyini bildirmişdir. Onun özü də hər səhər oğlunun şalvarının ciblərini yoxlayıb baxmış, lakin heç vaxt onun ciblərində narkotik olduğunu görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid5 Təqsirləndirilən şəxs bacısı olduğunu bildirərək, anası Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs atası X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun həyat yoldaşı Şahid4 məhkəmədə göstərdikləri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 142-144). Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs atası evindən üzüyün oğurlanması və bu işdə oğlundan şübhələnməsi ilə bağı bölməyə ərizə ilə müraciət etmiş və həmin ərizə onun icraatında olmuşdur. Həmin ərizə qeydiyyatdan keçmiş və icra üçün ona verilmişdir. Üzüyün itməsi ilə bağlı onunla təqsirləndirilən şəxsin atası arasında telefon danışıqları olmuşdur. Atası ərizəsin yazmışdır ki, oğlu həm də narkotik vastələrin istifadəçisidir və üzüyün itməsində oğlundan şübhələnir. Təqsirləndirilən şəxsin valideynləri 102 xidmətinə, hətta onların işlədiyi bölməyə zəng vurub bu barədə məlumat vermişlər. Onlara bu barədə əməliyyat tapşırığı daxil olmuş və şübhəli şəxs kimi də əməliyyatçılar Elcanı saxlayıb bölməyə gətirmişlər. Bölmədə onun üzərində şəxsi axtarış keçirilən zaman bir büküm narkotik vasitə aşkar olunmuşdur. O da, bir təhqiqatçı kimi keçirilmiş əməliyyat tədbirini səndləşdirilib materialı CM-nin 234.1-ci maddəsi ilə istintaqa təhvil vermişdir. Şəxsi axtarış zamanı o, Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni maddələrin olubolmadığını soruşmuş, o da, cibindən bir bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Videoçəkiliş zamanı Elcan həmin maddəni haradan və necə aldığını demişdir, hazırda həmin detallar onun yadında qalmamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 10 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 43-cü Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman saxlanılan şəxs qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxılmış və əlavə hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu şəffaf rəngli selofan bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən ağ rəngli kütlənin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni bir gün əvvəl saat 19:00 radələrində Binəqədi qəsəbəsi, 35 saylı poliklinikanın yaxınlığında adını bilmədiyi üzdən tanıdığı şəxsdən 90 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bir ədəd şəffaf rəngli selofan bükülüdəki maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 33-35). İş materiallarında olan 15.07.2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərinə 10.07.2021-ci il tarixdə şəxsi axtarış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd CD diskə baxış keçirilmiş, həmin diskdə olan görüntülər sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 92, 181-191). Məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2021-ci il tarixli 6/2771 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Nəzərli E" yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,193 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (cild 1, iş vərəqi 45-50). Məhkəmə-narkoloji ekspertizanın 02 avqust 2021-ci il tarixli 2603 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 131-132). İbtidai istintaq orqanının 14.07.2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,193 qram təşkil edən psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,093 qram olan psixotrop maddə metamfetamin məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 87-89). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 17.07.2021ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır (cild 1, iş vərəqi 96-97). Məhkəmə kollegiyası yuxarıda sadalanan və məhkəmədə tədqiq edilmiş bütün sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna 4,193 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı verilmiş ittiham məhkəmə iclasında sübuta yetirilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə, törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işinə əlavə edilmiş təhqiqat materiallarının heç birində, yəni 10.07.2021-ci il tarixdə tərtib olunmuş raportda, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda, əməliyyat qrupunun təşkil edilməsi haqqında qərar və protokolda, eləcə də şübhəli şəxs qismində saxlanıldıqdan sonra tərtib olunmuş raportda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin məhz satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması cinayətlərinin törədilməsində şübhəli bilinməsi barədə məlumat olmamış, əksinə həmin sənədlərdə şəxsin satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Eyni zamanda, həm ibtidai istintaq zamanı dindirilərkən, həm də məhkəmə iclasında şahid qismində verdikləri ifadələrində polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 bildirmişlər ki, şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs barədə əməliyyyat məlumatı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istifadə üçün əldə edib saxlaması və gəzdirməsi barədə olmuş, həmin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması barədə heç nə bildirilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 490-68-92 saylı mobil telefonla aparılmış danışıqlar, həmin nömrəyə daxil olan və çıxan “sms” yazışmaları barədə məlumatlar "xxxx" MMC-dən 06.09.2021-ci il tarixli 18467 saylı məktubu ilə istintaq orqanına təqdim edilmişdir. Həmin məlumatların əks olunduğu 1 ədəd SD diskə istintaq orqanı tərəfindən baxış keçirilməsi haqqında 14 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 490-68-92 saylı mobil telefonla iş üçün əhəmiyyət kəsb edən hər hansı danışıq zəngləri və ismarıc mətnləri aşkar edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 4,193 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin cinayət tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Göstərilənləri ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş cinayət işi üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,193 qram təşkil edən psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,093 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində Binəqədi RPİ-nin 43-cü Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 2603 saylı rəyinə əsasən hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin saxlanc anbarına təhvil verilmiş maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,193 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 4,093 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində Bakı şəhəri, Binəqədi RPİ, 43-cü Polis bölməsində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar