Məhkəmə qərarları › İş №1(101)-319/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-319/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-319/2022 18.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci Zabrat istixana kombinatı massivi, ev 2, mənzil 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmiş və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən soyuq silah hesab olunan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edərək 10 iyul 2021-ci il tarixdək üzərində gəzdirmiş, 10 iyul 2021-ci il tarixdə saat 1 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat avtomobil yolunda yerləşən “Araz” marketin yaxınlığında əvvəllər tanımadığı taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota” markalı **- XY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olduğu zaman sürücünün əyləşdiyi oturacağı irəli-geri tərpətməsi Zərərçəkmiş şəxs xoşuna gəlmədiyinə görə sonuncunun avtomobili saxlayıb onun ünvanına nalayiq sözlər işlətməsi, habelə avtomobili tərk etməsini kobud formasında ondan tələb etməsi səbəbindən özünü təhqir olunmuş hesab edərək Zərərçəkmiş şəxs onun yaxasından tutan zaman üzərində olan soyuq silah hesab edilən ov bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs boynundan 1 dəfə vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəskin qanitirmə ilə müşayiət olunan sol xarici yuxu arteriyasının kəsilməsinə səbəb olan boyunun sol yarısının 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 iyul 2021-ci il tarixdə gecə saatlarında yaşadığı evə getmək üçün “Koroğlu” metrostansiyasının yaxınlığında taksiyə adambaşı 1 manatdan 4 nəfərin yığışması üçün dayanmışdır. Maştağa istiqamətində adambaşı 1 manatdan 4 nəfərin yığılmasını görüb tanımadığı digər müştərilər ilə avtomobilə əyləşmişdir. Əvvəllər tanımadığı taksi sürücüsü müştərilərdən üçünü Zabrat qəsəbəsində düşürmüş, onu isə Maştağa qəsəbəsində düşürməli olmuşdur. Yolun Maştağa qəsəbəsi istiqamətində olan hissəsində Zabrat-Maştağa körpüsünün üzərində olan yolda oturduğu yer narahat olduğundan qarşısında olan avtomobilin qabaq oturacağını yerindən tərpədərək qabağa-arxaya doğru etməyi sürücünün xoşuna gəlməmiş və sonuncu ona öz iradını bildirmişdir. Bir qədər getdikdən sonra sürücü yenidən avtomobilin qabaq oturacağını yerindən tərpədərək qabağa-arxaya doğru etməyini görüb əsəbləşərək bunu etməməyini bildirdikdə o, rahat əyləşmək üçün etdiyini demişdir. Bundan sonra sürücü əsəbləşərək pulunun ona lazım olmadığını, pulunu münasib yerinə salmağı ilə bağlı ünvanına nalayiq sözlər deyib avtomobildən rədd olub düşməyini bildirmişdir. Bundan sonra sürücü avtomobili “Araz Market”in yaxınlığında saxlayıb avtomobildən düşərək təkidlə avtobilindən rədd olub düşməyini bildirdikdə onun dodaqaltı deyinməyini görüb yenidən əsəbləşib yaxınlaşaraq söyüb yaxasından tutaraq sifətini dağıdacağını bildirmişdir. Bu zaman o, sürücüyə söyüş söyməməsini və yaxasını buraxmasını bildirdikdə sürücü yaxşı etdiyini demişdir. Sürücünün onu vuracağından ehtiyat edib onu buraxması üçün cibində meyvə doğramaq üçün saxladığı cib bıçağı ilə onun boyun nahiyəsindən 1 dəfə zərbə vurub oradan uzaqlaşmışdır. Səhərisi evdə olarkən evə gələn polis əməkdaşlarından ona məlum olmuşdur ki, taksi sürücüsü bıçaqla vurduğu zərbədən yaralanmış və hadisə yerindən aparıldığı 3 saylı Şəhər Kliniki Xəstəxanasında əməliyyat olunmuşdur. Hadisə günü taksi ilə evinə getmişdir. Hadisənin baş verməsinə səbəb onun avtomobilin oturacağını tərpətməsi olmuşdur. Belində problem olduğundan rahat əyləşə bilmək üçün avtomobilin ön oturacağını qabağa-arxaya etmişdir. Zərərçəkmiş şəxs təzyiq göstərərək onu avtomobildən çıxarmış və ünvanına nalayiq sözlər demişdir. Bıçaqla zərərçəkmiş şəxsin boyun nahiyəsindən 1 dəfə zərbə vurmuşdur. Üzərində olan bıçaqdan həyətdə müəyyən işləri görmək üçün istifadə etmişdir. Hadisə günü həyətdə iş gördükdən sonra bıçaq uşaqların əlinə keçməsin deyə cibinə qoyub evdən çıxmışdır. Əlihüseyni bıçaqla vurmaqda məqsədi ona xəsarət yetirməklə qorxutmaq olmuşdur. Hadisə yerində kənar şəxslər olmamışdır. Bıçağı hadisədən təxminən 1 ay əvvəl “8-ci km” bazarından almışdır. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus “Toyota” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 10 iyul 2021-ci il tarixdə gecə saatlarında müştəri götürmək üçün “Koroğlu” metrostansiyasının yaxınlığında dayanmışdır. Taksiyə Maştağa istiqamətində adambaşı 1 manatdan 4 nəfərin yığılmasını görüb həmin tanımadığı müştəriləri avtomobilinə götürmüşdür. Müştərilərdən üçünü Zabrat qəsəbəsində düşürmüş, sonuncunu isə Maştağa qəsəbəsində düşürməli olmuşdur. Yolun Maştağa qəsəbəsi istiqamətində olan hissəsində Zabrat-Maştağa körpüsünün üzərində olan yolda arxada əyləşən tanımadığı şəxsin avtomobilin qabaq oturacağını yerindən bərk tərpədərək qabağa-arxaya doğru etməsi xoşuna gəlməmiş və həmin şəxsə öz iradını bildirmişdir. Bir qədər getdikdən sonra arxada əyləşən müştərinin yenidən avtomobilin qabaq oturacağını yerindən bərk tərpədərək qabağa-arxaya doğru etməsini görüb əsəbləşərək bunu etməməsini bildirdikdə həmin müştəri rahat əyləşə bilməsi üçün bunu etdiyini demişdir. O, yenidən əsəbləşərək həmin şəxsə pulunun ona lazım olmadığını, pulunu münasib yerinə salması ilə bağlı ünvanına nalayiq sözlərlə söyüb avtomobildən rədd olub düşməsini bildirmişdir. Sonra da avtomobili “Araz market”in yaxınlığında saxlamış və düşüb avtomobilində olan sərnişinə təkidlə avtobilindən rədd olub düşməsini bildirdikdə həmin tanımadığı şəxsin dodaqaltı deyinməsini görüb yenidən əsəbləşib ona yaxınlaşaraq ünvanına söyüş söyüb yaxasından tutaraq yumruqla sifətini dağıdacağını bildirmişdir. Bu zaman həmin şəxs söyüş söyməməyini və yaxasını buraxmağını bildirdikdə ona yaxşı etdiyini demişdir. Bundan sonra tanımadığı şəxs cibindən çıxartdığı cib bıçağı ilə boyun nahiyəsindən 1 dəfə zərbə vuraraq çıxıb getmişdir. Həmin vaxt özündə olmadığından kömək üçün yaxınlıqda olan mağazaya yaxınlaşmışdır. Mağazada olan tanımadığı şəxs onu mağazanın qarşısında olan avtomobilə əyləşdirib 3 saylı xəstəxanaya yola salmışdır. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, hadisə zamanı ona xəsarəti Təqsirləndirilən şəxs adlı şəxs yetirmişdir. İrad bildirməyinə baxmayaraq təqsirləndirilən şəxsin hərəkətlərini davam etdirməsi onu əsəbləşdirmişdir. Təqsirləndirilən şəxs deyindiyini gördükdə əsəbləşib onun yaxasından tutmuşdur. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra oradan uzaqlaşmışdır. Hüseynlə arasında olan hadisə onun Hüseynin ünvanına nalayiq söyüş söyməsi səbəbindən baş vermişdir. Hadisə yerində kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ona kifayət qədər maddi yardım göstərildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid X5 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolunda yerləşən avtomobil yolunda yerləşən “Araz” market-də meyvə tərəvəz satışı işi ilə məşğul olur. 10 iyul 2021-ci il tarixdə saat 1 radələrində “Araz” marketdə işində olduğu zaman tanımadığı şəxs boynunu tutaraq onun olduğu yerə doğru gəlmiş və ondan köməklik göstərməsini xahiş etmişdir. Mağazaya daxil olan tanımadığı şəxsə köməklik üçün mağazanın qarşısında olan tanımadığı sürücünün idarə etdiyi avtomobilə əyləşdirib 3 saylı xəstəxanaya yola salmışdır (cild 1, iş vərəqə 74- 75). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadədən görünür ki, o, şahid X3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 80-81). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və ona necə xəsarət yetirməsini əyani şəkildə göstərməklə ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 116-117). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 28 iyul 2021-ci il tarixli 1045 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs kəskin qanitirmə ilə müşayiət olunan sol xarici yuxu arteriyasının kəsilməsinə səbəb olan boyunun sol yarısının 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Xəsarət deşici-kəsici əşyanın (alətin) təsirindən törənmiş, müddəti qərarda göstərilən 10.07.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir (cild 1, iş vərəqə 90-92). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 sentyabr 2021-ci il tarixli 3/1419 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqə 97-99). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 28 iyul 2021-ci il tarixli 1619 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bunu görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmaldır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 93-95). Cinayət işinin materiallarında olan “əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqə 110). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 77). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ifadələrin məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla qəsdən ağır xəsarət yetirməsi zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında olmuşdur. Məhkəmə Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında Təqsirləndirilən şəxs ona bıçaqla qəsdən ağır xəsarət yetirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 134). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - hadisənin Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında baş verməsini, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və himayəsində 1 azyaşlı uşağının olmasını müstəsna hallar hesab edərək onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 19). Cinayət işinin materiallarında olan Sabunçu rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 70-72). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.4-cü maddələrinin tələblərinə əsasən “böyük ictimai təhlükə törətməyən” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 13 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar