Məhkəmə qərarları › İş №1(101)-321/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-321/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-321/2021 02.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi – «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi X5 iştirakı ilə, 4 iyul 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış: belə ki, o, 5 mart 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində, Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qəsdən satış məqsədi ilə qanunsuz olaraq 290 manat pul müqabilində 6 ədəd bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 7,154 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və 5 ədəd bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 2,850 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, 6 mart 2020-ci il tarixdə saat 13:50 radələrində ünvan 1 ünvanda olarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Nəsimi rayon polis idarəsinin 22-ci Polis şöbəsinə gətirilib orada üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 6 ədəd bükümdə ümumi təmiz çəkisi 7,154 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,850 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, narkotik vasitələri satış məqsədi ilə deyil şəxsi istifadə üçün əldə etmiş, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir, şübhəli şəxs qismində tutularkən ona müdafiəçi və tərcüməçi təyin edilmişdir; uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyinə görə əvvəllər məhkum olunmuş, sonuncu dəfə 9 yanvar 2017-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 8 fevral 2017-ci il tarixli qərarına əsasən Xətai Rayon Məhkəməsinin barəsində çıxartdığı hökm dəyişdirilərək cəzası 1 il 5 aya endirilmiş, 1 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; həzırki iş üzrə tutularkən üzərində 11 büküm deyil, 2 büküm olmuş, 1 bükümdə təxminən 2 qrama yaxın psixotrop maddə metamfetamin və 1 bükümdə 2 qrama yaxın narkotik vasitə heroin olmuş, həmin narkotik vasitə ilə psixotrop maddəni 2020-ci ilin mart ayının əvvəllərində Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən təxminən 100 manat pul müqabilində almış, o, həmin maddəni aldıqdan sonra özündə saxlamış, 6 mart 2020-ci il tarixdə saat 13:50 radələrində o, ünvan 2 ünvana doğru hərəkət etmiş, həmin küçədə olarkən qeyd edilən iki büküm əynindəki şalvarın sağ yan cibində olmuş, yolda olarkən ona mülki geyimdə şəxslər yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olmalarını bildirmişlər, polis əməkdaşlarından biri ona: “Sən narkotik vasitənin və psixotrop maddənin qanunsuz əldə edilib istifadə edilməsində həmçinin satışında şübhəlisən, bizimlə polis şöbəsinə getməlisən”, - demiş, o, buna etiraz etməmiş, həmin şəxslərlə birlikdə polis şöbəsinə gəlmiş, şöbəyə gəldikdən sonra onu ayrıca otağa salıb hüquq və vəzifələrini izah etmişlər, onun üçün müdafiəçi və tərcüməçi dəvət etmişlər, polis əməkdaşlarının və çəkiliş aparan şəxsin iştirakı ilə videoçəkiliş aparmaqla baxış keçirilmiş, baxış zamanı üzərindən 2 büküm yox, 11 büküm aşkar edilmiş, həqiqətdə onun üzərində iki büküm olmuş, ancaq buna baxmayaraq o, aparılan videoçəkilişdə üzərindən aşkar edilmiş 11 bükümlə bağlı heç nə deməmiş, yalandan onların özünə məxsus olmasını bildirmiş, daha sonra götürülmüş 11 bükümdəki narkotik vasitə və psixotrop maddə ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir; 6 mart 2020-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşcul olduğu barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə Baş idarədə onun rəhbərliyi altında əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və polis baş serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 6 mart 2020-ci il tarixdə saat 13 radələrində əməliyyat qrupunun üzvləri ünvan 3 ünvanın qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, sonuncuya qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edərək özündə saxlamaqla daşıması, həmçinin satışı ilə məşğul olmasında şübhələndiklərini bildirmiş, Təqsirləndirilən şəxs Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə gətirilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi və tərcüməçi təqdim edilmiş, videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçiriləcəyi bildirilmiş, Leonid buna etiraz etməmiş, əməliyyat qrupunun üzvü Şahid3 xidməti zərurətlə əlaqədar olaraq, baxışda iştirak edə bilməmiş, o və Elmir baxışda iştirak etmişlər, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli plastik qab aşkar olunmuş, həmin qabın içərisindən 8 ədəd sellofan büküm və 3 ədəd ağ rəngli kağız büküm, şalvarının sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və iki ədəd bir manatlıq pul əskinasları aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər götürlmüş, zərfə qoyularaq möhürlənmiş, protokol tərtib olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2, həmçinin ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 14 may 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxslə üzləşdirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 11 bükümün aşkar olunmasını, həmin bükümlərin Leonidə məxsus olmasını bildirmişdir, (1-ci cild iş vərəqi 171-174). İşdə olan 14 may 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X1 Leonid Valeryeviçlə üzləşdirilmiş və üzləşdirmə istintaq hərəkəti zamanı Elmir Baxuşov baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 11 bükümün aşkar olunmasını, həmin bükümlərin Leonidə məxsus olmasını bildirmişdir (1-ci cild iş vərəqi 167-170). İşdə olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş təhqiqatçısı polis kapitanı Emil Qaralov tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 6 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli üzərində yazıları olan plastik qab içərisində 8 ədəd sellofan büküm və 3 ədəd ağ rəngli kağız büküm, 6 bükümdə narkotik vasitə heroin, 5 ədəd bükümdə isə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, sonra isə zərfə qoyularaq möhürlənmişdir (1-ci cild iş vərəqi 47-53). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 6 mart 2020-ci il tarixli 6/85 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 6 ədəd bükümdə ümumi təmiz çəkisi 7,154 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, və 5 beş bükümdə ümumi təmiz çəkisi 2,850 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 17-60). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 29 may 2020-ci il tarixli 6/930 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin Tədqiqat Obyekti N-59 ştamp əksi ilə möhürlənmiş paketdəki Təqsirləndirilən şəxs götürülmüş 6 ədəd bükümdə narkotik vasitə olan heroinin və 5 beş bükümdə psixotrop maddəmetamfetaminin ayrı-ayrılıqda xarici əlamətlərinə və kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər (1-ci cild iş vərəqi 184-188). İşdə olan məcburi-narkoloji tibbi yoxlama üzrə 18 may 2020-ci il tarixli 1314 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (1-ci cild iş vərəqi 177-178). İşdə olan maddi sübut kimi tanıma haqqında 23 mart 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 6 büküm narkotik vasitə heroin və 5 büküm psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyini nəzərə alaraq 23 mart 2020-ci il tarixli qərar ilə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş və saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (1-ci cild iş vərəqi 141-143). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 13 mart 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 9 yanvar 2017-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 9 mart 2017-ci il tarixli qərarı ilə cəzası 1 il 5 aya endirilmiş, 1 mart 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir (1-ci cild iş vərəqi 125-127). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 5 mart 2020-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan 2 il 4 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 6 mart 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 mart 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1ci cild iş vərəqi 23-30). İşdə olan Nəsimi Rayon Məhkəməsinin 8 mart 2020-ci il tarixli və 30 aprel 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 6 mart 2020-ci il tarixdən hesablanmışdır, Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə həbs müddəti 1 ay uzadılmışdır (1-ci cild iş vərəqi 117-121, 165-166). İşdə olan Nəsimi Rayon Məhkəməsinin 2 iyun 2020-ci il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatət təmin edilməmiş, həmin tarixdə Təqsirləndirilən şəxs məhkəmə zalından azad edilmişdir (1-ci cild iş vərəqi 203-205). İşdə olan 2 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 206- 207). İşdə olan maddi sübut kimi tanımaq haqqında 23 mart 2020-ci il tarixli qərardan görünür ki, 6 ədəd bükümdə ümumi təmiz çəkisi 7,154 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,700 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin məhkəmə baxışınadək Nəsimi RPİ-də saxlanılması barədə qərar verilmişdir (1-ci cild iş vərəqi 141-142). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni özünü müdafiə xarakterli hesab edir. Təqsirləndirilən şəxs üzərindən 11 büküm deyil, cəmi 2 bükümün aşkar edələrək götürülmüsi barədə ifadəsinin özünü müdafiə xarakteri daşıması işin materialları ilə, yəni Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi ifadəsi, videoçəkilişlə keçirilmiş baxış və axtarış aparılmısa barədə protokollar, şahid ifadələri, üzləşdirmə protokolları ilə təsdiq olunur (1-ci cild iş vərəqi 203-204). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 6 ədəd bükümdə ümumi təmiz çəkisi 7,154 qram olan qəhvəyi rəngli tozşəkilli maddələrin narkotik vasitə heroin, 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,850 qram olan maddənin psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib, saxlamasına və daşımasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən Leonid Ponomareva elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilmədiyindən onun əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 6 mart 2020-ci il tarixdə tərtib etdiyi raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın əldə edilməsi göstərilsə də, məlumatda Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələrin satışı ilə məşğul olması bildirilməmiş, işdə olan Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin baş təhqiqatçısı Emil Qaralovun tərtib etdiyi 7 mart 2020-ci il tarixli raportda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsində şübhəli olması göstərilmiş, lakin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, həmçinin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə bildirməmiş, uzun müddət ərzində narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni də şəxsi istifadəsi üçün əldə etdiyini göstərmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı narkotik vasitələrin hazırlanması, bölünməsi, çəkisinin müəyən edilməsi və satışa hazırlanması üçün istifadə edilən hər hansı bir əşya, predmet aşkar edilməmiş, 7 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs mənzilində aparılmış axtarış zamanı oradan narkotik vasitələrin alqı-satqısı ilə bağlı qadağan olunmuş vasitə, əşya və ya predmet (narkotik vasitə, tərəzi və s.) aşkar edilməmiş, cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə 1987 saylı 10 iyul 2020-ci il tarixli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmiş, Leonid Panomoryov əvvəllər də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinə görə məhkum olunmuş, hazırki cinayət işi üzrə müstəniq tərəfindən ibtidai istintaqın ilk mərhələsi Leonid Ponomarevun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqib edilməsi ilə aparılmış, 5 aydan sonra heç bir yeni sübut göstərmədən təqsirləndirilən şəxsə yenidən ittiham elan edərək, onu Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmiş, o cümlədən məhkəmə zamanı dindirilən şahidlər tərəfindən Təqsirləndirilən şəxs üzərindən akşar edilmiş narkotik vasitə və psixotrop maddənin satılması ilə bağlı heç bir ifadə verilməmiş, məhkəmə zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Qeyd edilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotorop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini təsdiq etmir. Bu səbəbdən onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi, saxlaması və daşıması cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir: belə ki, 5 mart 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Bakı metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istfiadəsi üçün 290 manat pul müqabilində 6 ədəd bükümdə külli miqdarda-ümumi təmiz çəkisi 7,154 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və 5 ədəd bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 2,850 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, 6 mart 2020-ci il tarixdə saat 13:50 radələrində ünvan 4 ünvanda olarkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Nəsimi rayon polis idarəsinin 22-ci Polis şöbəsinə gətirilib orada üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 6 ədəd bükümdə ümumi təmiz çəkisi 7,154 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,850 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qərarda qeyd olunan 3 amildən heç biri hazırki cinayət işi ilə bağlı araşdırılan fakt üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamasına dair ittiham elan edilmiş, həmin ittihamda narkotik vasitənin əvəzli verilməsinin, qazanc eldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olması qeyd edilməmiş və təsdiqini tapmamışdir. Bundan əlavə «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram, metamfetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 2,850 qram, narkotik vasitə heroinin ümumi təmiz çəkisi 7,154 qram olmuş, qeyd edilən tövsiyyələrə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdar hesab edilməsi üçün ən aşağı həddən təxminən 5,154 qram çox heroinin və külli miqdar hesab edilməsi üçün ən aşağı həddən təxminən 0,850 qram çox metamfetaminin yalnız miqdarı, onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hər hansı bir xüsusat müəyyən edilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş heroini satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmir, ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə verilmiş ittiham isə yalnız ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət töərtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyətin tərkibi vardır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs 6 mart 2020-ci il tarixdən 2 iyun 2020-ci il tarixədək həbsdə olduğu 2 ay 26 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, 6 mart 2020ci il tarixdən 2 iyun 2020-ci il tarixədək həbsdə olduğu 2 ay 26 gün müddətin azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, cəza təyin edilərkən həmin müddətin nəzərə alınmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məcburi-narkoloji tibbi yoxlama üzrə 18 may 2020-ci il tarixli 1314 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (1-ci cild iş vərəqi 177-178). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar – Nəsimi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 6,974 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 2,700 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxsndən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 6 mart 2020-ci il tarixdən 2 iyun 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 ay 26 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablansın və həmin müddət nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 2 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Nəsimi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 6,974 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 2,700 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar