Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-323/2020 18.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhər 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, Quba rayon məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat cərimə cəzasına məhkum edilmiş, Quba rayonu, Rustov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını zor tətbiq edərək hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla intim əlaqədə olması barədə əri Şahid1, anasına və atasına məlumat verəcəyi, həmçinin telefonunda olan intim fotoşəkillərini internet sosial şəbəkəsində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb edib əldə etmək məqsədilə 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs Quba rayonu, Vladimirovka kəndində bir ədəd 585 əyarlı 5 qram çəkidə 350 manat dəyərində sarı qızıldan olan üzüyünü və sonuncu dəfə Jalə Məmmədovdan 09 oktyabr 2019-cu il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsi, 6 saylı ünvanın qarşısında hədəqorxu ilə sonuncudan 1000 manat pul tələb etmiş, sonuncu da bununla razılaşmadıqda, zor tətbiq edərək əlində olan siqareti onun üzünə basıb sağ yanaq nahiyəsinin İİ dərəcəli yanıq yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirərək 1000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə hədə-qorxu ilə tələb edərək, Zərərçəkmiş şəxs ümumilikdə 350 manat dəyərində qızıl üzüyünü ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsin 182.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, Jalə ilə 2018-ci ilin oktyabr ayında Quba şəhərində tanış olmuşlar. Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra yaxın münasibətləri yaranmışdır. Jalə ilə tanış olarkən ona mobil telefon nömrəsini vermişdir. Onlar telefonla danışmağa başlamışlar. Jalənin Quba rayonu Vladimirovka kəndində yaşadığını öyrənmişdir. O, Jalə ilə təzə tanış olduğu vaxtlarda ondan subay ya evli olduğunu soruşmuş, Jalə ona subay olduğunu demişdir. O, Jalənin evli, iki uşağı olmasını öyrənmişdir. O, ayrılmaq istəmişdir, lakin Jalə ayrılmaq istəmədiyini deyərək ağlamağa başlamışdır. Ona demişdir ki, mənə olan olub, oda onu atmasın. O, Jalənin həmin sözlərindən sonra ayrılmaq fikrindən daşınmışdır. Jalə bir müddət sonra ona xəstə olduğunu demişdir. Ondan müalicəyə ehtiyac olduğu üçün pul istəmişdir. 2018-ci ilin noyabr ayından o, Jaləyə hissə-hissə olmaqla 800 manat pul vermişdir. Jalə də həmin məbləği ona qaytara bilmədiyi üçün borcunun əvəzində ona qızıl üzük vermişdir. O, həmin qızıl üzüyü 193 manata satmışdır. Jalə ondan əlavə olaraq 400 manat pul almışdır. O, Jalənin nömrəsinə dəfələrlə zəng etmişdir, lakin cavab ala bilməmişdir. O, öyrənmişdir ki, Jalə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. O, Bakıya Jaləni axtarmağa getmişdir. O, Jalənin həyat yoldaşına zəng etmiş kirayə ev tapması haqqında danışmışlar. O, Jalənin ərindən öyrənmişdir ki, Jalə Bakı şəhəri Qaraçuxur qəsəbəsi ərazisində yaşayırmış, o, Jalənin uşaqlarının məktəbdə oxumasını bildiyi üçün 10 oktyabr 2019-cu il tarixdə saat 07:30 radələrində Qaraçuxur qəsəbəsi ərazisində 146 nömrəli tam orta məktəbə getmiş, o, orada gözləyərkən Jalənin uşaqları məktəbə gətirməsini görmüşdür. O, Jalə uşaqları məktəbə qoyub qayıdarkən, ona yaxınlaşmışdır. Jaləyə verdiyi 1000 manat borc pulunu istəmişdir. O, Jalə ilə söhbət etmiş evə getmişdir. Həmin günü saat 11 radələrində onun telefonuna zəng gəlmişdir, telefona cavab verəndə bilmişdir ki, zəng edən şəxs Jalədir. Jalə tanışından 300 manat pul aldığını, həmin pulu ona verəcəyini, 700 manat pulu isə on günə verəcəyini demişdir. Bundan sonra o, Jalə ilə Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında görüşməyi qərarlaşdırmışdır, həmin günü Jalə ilə görüşmək üçün “Neftçilər” stansiyası yaxınlığına gəlmişdir, ora çatanda bir qədər aralıdan Jaləni və yanında 4-beş nəfər şəxs olduğunu görmüşdür. Jalənin həmin şəxsləri onu döydürmək üçün gətirməsini fikirləşib oradan uzaqlaşmışdır. Yolla gələrkən o, Jaləyə zəng edib, polisə verəcəyini və haqqını tələb edəcəyini demişdir. 11 oktyabr 2019cu il tarixdə saat 09 radələrində o, Jaləyə zəng edib aralarında baş verənlərdən danışmış və həmin gün, saat 11 radələrinə onun pulunu çatdırmasını demişdir. Jalə də razılaşmışdır. Jalənin telefonu söndürülmüş olmuşdur. Həmin günü saat 11 radələrində o, Jaləyə zəng etmiş və Jaləyə 700 manat pul tapmasını demişdir. O, Jaləylə telefonda danışarkən “Neftçilər” stansiyası yaxınlığında olmağını demiş, həmin günü saat 14 radələrində “Neftçilər” stansiyası yaxınlığına gəlmişdir. O, orada olarkən 3-4 nəfər şəxs yaxınlaşıb onu tutmuşlar. O, həmin şəxslərdən kim olduqlarını soruşmuşdur, həmin şəxslər də polis əməkdaşlarıyıq deyə cavab vermişlər. Onlarla polis bölməsinə gəlməsini demişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsi, şahidləri dindirib, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Quba rayonu Vladimirovka kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 5-də yaşayır. Ailəlidir iki övladı var. O, ailə həyatı qurduqdan sonra Bakı şəhərində yaşamışdır. Quba rayonuna gedib-gəlirmiş. Onun həyat yoldaşı ilə arasında narazılıqlar yaranmışdır, o, Quba rayonuna öz atasının evinə getmişdir. 2018-ci ilin sonlarında o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Emillə tanış olduqdan sonra münasibətləri yaranmışdır. Vladimirovka kəndində yolla gedərkən əvvəllər tanımadığı bir nəfər şəxs yaxınlaşaraq ondan xoşunun gəldiyini, tanış olmaq istədiyini demişdir. Həmin şəxs özünü ona Emil kimi təqdim etmişdir, o, Emillə yol gələrkən bir qədər söhbət etmişdir. O, Emilə evli və iki uşağının olduğunu demişdir. Emil ona subay olduğunu və ondan xoşunun gəldiyini, nömrəsini Emilə verməsini ancaq telefonla danışmaq istədiyini demişdir. O, telefon nömrəsini Emilə vermişdir. O, Emillə telefonla danışmağa başlamışdır. O, Emillə bir neçə gün danışdıqdan sonra həyat yoldaşı ilə barışacağını fikirləşmiş və Emilə zəng edərək artıq danışmaq istəmədiyini demişdir. O, Emilə bir daha zəng etməməsini və nömrəni silməsini xahiş etmişdir. Emil ona onun başına oyun açacağını, onda Emildən ayrıla bilməyəcini demişdir. Emil ona özü istəməsə ondan ayrıla bilməyəcəyini hamıya onunla danışdığını yayacağını, onunla cinsi əlaqədə olmasını istəmişdir. Ona hədə-qorxu gələrək şantaj etmişdir. O, qorxmuşdur ki, Emil onunla danışıqlarını telefonuna yazır, o, Emilə onun istədiklərini edəcəyini, sonra onu narahat etməməsini demişdir. O, həmin gün Emillə görüşmüş, cinsi əlaqədə olmuşlar. 2019-cu ilin avqust ayında Emil ona zəng edərək, onun yaşadığı məhəlləyə gəldiyini, əlində olan üzüyü çıxarıb ona verməsini, verməsə onunla arasında olanları atasına, anasına, həyat yoldaşına deyəcəyini demişdir. Ona sosial şəbəkədə yayacağını, evinin şüşəsinə, qapılarına hər şeyi yazacağını demişdir. O, Emilin dediklərini etməsindən qorxmuş, rüsvay olacağını düşünmüşdür. O, Emillə görüşməyə razılıq vermiş və həmin günü Emillə küçədə görüşmüşdür. O, Emilə artıq hədə-qorxu gəlməməsini və hərəkətlərindən əl çəkməsini demişdir. Emil ondan üzüyü verməsini demiş, verməsə aralarında olanları atasına, anasına deyəcəyini onu rüsvay edəcəyini demişdir. O, barmağındakı üzüyü Emilə vermişdir. Emil ona zəng edərək üzüyü 190 manata satdığını bildirmişdir. Emil ona üzüyün pulunu nə vaxtsa ona qaytaracağını demişdir. Həyat yoldaşı Quba rayonuna gəlmiş və münasibətləri düzəlmişdir. O, həyat yoldaşı ilə barışdığı üçün Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gələrkən, o, Emilin zəng etməməsi üçün telefon nömrəsini dəyişmişdir. Emil onun yerini tapmaq məqsədilə onun yoldaşına zəng edib kirayə ev axtardığını demişdir. Yoldaşı isə burada kirayə evlərin çox olduğunu bildirmişdir. Oğlu Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində olan 146 nömrəli məktəbdə oxuyurmuş. O, Bakı şəhərinə gəldikdən sonra Emillə əlaqə saxlamamışdır. 09 oktyabr 2019-cu il tarixdə saat 07:30 radələridə yaşadığı evdən oğlu ilə birlikdə çıxmış , onu məktəbə aparmışdır. O, oğlunu məktəbə qoyub yaşadığı evə qayıtmaq istədiyi vaxt Emillə rastlaşmışdır. Həmin vaxt Emil ona təcili 1000 manat pul verməsini yoxsa aralarında olanları həyat yoldaşına deyəcəyini, onu biyabır edəcəyini, yaşadığı evi Emilə göstərməsini istəmişdir. O, Emilə yaşadığı evi göstərməmişdir. Emil əlində olan siqareti onun sifətinə basaraq söndürmüşdür. Həmin gün qorxduğu üçün həyat yoldaşına bu barədə bildirmişdir. O, yoldaşı ilə birlikdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gəlmişdir. Polis bölməsinə bu barədə ərizə ilə müraciət etmiş və izahatını almışlar. Bundan sonra həmin günü o, polis əməkdaşlarının telefonu ilə Emilə zəng etmiş 1000 manat puldan 300 manatını tanışından tapdığını, görüşərək verəcəyini demişdir. Emil də onunla razılaşmış, Neftçilər stansiyası yaxınlığında görüşərik demişdir. O, həmin günü polis əməkdaşları ilə həmin yerə getmişdir. O, Emil ilə görüşən zaman polis əməkdaşları Emili tutaraq polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 09 oktyabr 2019-cu il tarixdə bölmədə əməliyyat qrupunun üzvü olmuşdur. Həmin gün o, bölmədə olduğu zaman bir nəfər qadın və bir nəfər kişi bölməyə gəlmiş və şikayət etmək istədiklərini demişlər. Həmin qadının yanında olan şəxs kişi olmuşdur. O, onlardan kim olduqlarını soruşduqda qadının adının Jalə, həyat yoldaşının adının isə Tariyel olmasını öyrənmişdir. O həmin qadından nə baş verdiyini soruşmuşdur. Jalə, Emil adlı şəxsin ondan hədə-qorxu gələrək pul istədiyini demişdir. Jalə bir ədəd üzüyünü qorxaraq Emilə vermişdir. Emil Jalədən pul tələb edərək, üzünə siqaret basmışdır. O, Jaləyə bu barədə ərizə ilə müraciət etməsini təklif etmişdir, Jalə də onunla razılaşaraq hadisə barədə ərizə ilə rəhbərliyə müraciət etmiş və bu barədə sənədləşdirmə aparılaraq araşdırma aparılmağa başlanılmışdır. Bundan sonra Emil adlı şəxsin müəyyən edilməsi üçün bölmədə Jaləyə mobil telefon verilmişdir, Jalə həmin telefon ilə Emilin nömrəsinə zəng etmişdir. Jalə telefonda Emilə görüşmək istədiyini demişdir. Emil görüşməyin səbəbini soruşmuş, Jalə 1000 manat pulun 300 manatını tanışından tapdığını və ona verəcəyini demişdir. Bundan sonra Emil Neftçilər stansiyası yaxınlığında görüşməyi demişdir. Sonra rəhbərliyin göstərişi əsasında o, iş yoldaşı əməliyyat-müvəkkili Şahid3 və Jalə Neftçilər stansiyası yaxınlığına getmişlər. Ora çatdıqda o, və iş yoldaşı Əlizamin Emilə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini Emilə göstərib bölməyə getməyi təklif etmişlər. Emil də onlarla razılaşmış və Emili polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 09 oktyabr 2019-cu il tarixdə bölmədə əməliyyat qrupunun üzvü olmuşdur. Həmin günü bölmədə olduğu zaman bir nəfər qadın və bir nəfər kişi bölməyə gəlmişlər, şikayət etmək istədiklərini demişlər. Həmin qadının yanında olan şəxs kişi olmuşdur. O, onlardan kim olduqlarını soruşmuş, qadının adının Jalə, həyat yoldaşının adının isə Tariyel olmasını öyrənmişdir. O, həmin qadından nə baş verdiyini soruşduqda, Jalə, Emil adlı şəxsin hədəqorxu gələrək pul istədiyini, bir ədəd üzüyünü qorxaraq Emilə verdiyini, bu gün də pul tələb edib üzünə siqaret basdığını bildirmişdir. Sonra o, Jaləyə bu barədə ərizə ilə müraciət etməsini təklif etmişdir. Jalə də onunla razılaşaraq hadisə barədə ərizə ilə rəhbərliyə müraciət etmiş və bu barədə sənədləşdirmə aparılaraq araşdırma aparılmağa başlanılmışdır. Bundan sonra Emil adlı şəxsin müəyyən edilməsi üçün bölmədə Jaləyə mobil telefon verilmişdir. Jalə həmin telefonla Emilin nömrəsinə zəng etmişdir. Jalə telefonda Emillə görüşmək istədiyini demiş, Emil görüşməyin səbəbini soruşduqda Jalə 1000 manat pulun 300 manatını tanışından tapdığını və ona verəcəyini demişdir. Bundan sonra Emil Neftçilər stansiyası yaxınlığında görüşməyi demişdir. Sonra rəhbərliyin göstərişi əsasında o, iş yoldaşı əməliyyat-müvəkkili Şahid2 və Jalə Neftçilər stansiyası yaxınlığına getmişlər. Ora çatdıqda o, və iş yoldaşı Habil Emilə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini Emilə göstərib bölməyə getməyi təklif etmişlər. Emil də onlarla razılaşmış və Emili polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onların iki uşağı vardır. Jalə ilə təxminən 7-8 il bundan əvvəl ailə qurmuşlar, aralarında bir neçə dəfə narazılıqlar olmuşdur. Onun Jalə ilə arasında narazılıqlar olsada, onlar boşanmamışlar, barışmışlar. Təqsirləndirilən şəxs əvvəllər görməmişdir, onu tanımamışdır. Emili ilk dəfə polis bölməsində görmüşdür. Emil ona zəng vurarkən onun nömrəsini kənddən Şakir adlı dostundan aldığını demiş, Qaraçuxur tərəfdə ona kirayə ev lazımdır, o, Emilə harada yaşadığını deməmişdir, ona Qaraçuxurda kirayə evlərin çox olduğunu bildirmişdir. O, Emilə görüşməyi ona köməklik göstərəcəyini demişdir. Emil ondan harada görüşməsini soruşmuşdur. O da, Qaraçuxurda məscid tərəfə gəlməsini orada görüşəcəklərini bildirmişdir. O, məscidin yanına getmiş, Emilin gəlmədiyini görmüşdür. O, bir müddət gözləmiş, Emil gəlmədiyi üçün geri qayıtmışdır. Həmin günü axşam saatlarında Jalə evə gələrək ona Emil adlı şəxsin şantaj edərək hədə qorxu gəldiyini, qızıl üzüyünü hədə qorxu gələrək aldığını, bu gün uşağı məktəbə aparan zaman Jaləyə yaxınlaşaraq 1000 manat pul tələb etmiş və əlindəki siqareti Jalənin üzünə basmışdır. İş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizasının 07 noyabr 2019-cu il tarixli 2306 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 197-198) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 09 oktyabr 853 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ yanaq nahiyəsinin İİ dərəcəli yanıq yarası isti hərarətə malik əşyanın, ola bilsin yanar siqaretin termiki təsirindən törənmişdir, qərarda göstərilən 09.10.2019-cu il tarixdə əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (iş vərəqə 200-201) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin x1 alınmış tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Tər-Tər rayon hərbi məhkəməsinin 27 noyabr 2012-ci il tarixli hökmü ilə 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilmiş, hökm 18 dekabr 2012-ci il tarixdə qüvvəyə minmişdir. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq edilməklə, məhkum Təqsirləndirilən şəxs 6 iyun 2013-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin 27.11.2012-ci il tarixli hökmü ilə təyin olunmuş 200 (iki yüz) manat cərimə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmənin sorğusu əsasında Quba rayon icra və probasiya şöbəsinin 10.02.2020ci il tarixli, 338524/17/05 №-li cavab məktubundan görünür ki, Quba rayon Məhkəməsinin 28.09.2017-ci il tarixli, 1(027)-1550 saylı hökmü 30.11.2017-ci il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs ona təyin olunmuş cərimə cəzasını bugünki tarixə qədər ödəməmişdir. Təqsirləndirilən şəxs cərimə cəzasını ödəməsə də, onun əməlində cinayətlərin residivi yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən isə, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsində nəzərdə tutulmüş cinayət əməlləri düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlləri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirildiyindən o həmin maddə üzrə cinayət əməllərinin törədilməsində təqsirli bilinib cəzalandırılmalı və o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4cü və 56.1.2-ci maddələrinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13cü bəndinə əsaslanaraq onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında»Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Təqsirləndirilən şəxs 11 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu yəni 11 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Bu cinayət işi üzrə cinayət hadisələrinin olması, həmin əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin həmin cinayətin törədilməsinə aidiyyati, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar olmamış, cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə xüsusi qərarın çıxarılmasını zəruri hesab etməmişdir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Quba rayon Məhkəməsinin 28 sentyabr 2017-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş 1000 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilsin və ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə və 1000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2019-cu il tarixdən hesablansın. O, cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-323/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-323/2020
18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver