Məhkəmə qərarları › İş №1(101)-323/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-323/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-323/2022 14.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X2, müdafiəçi: «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və tərcüməçi X1 iştirakı ilə, 29 avqust 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 4 avqust 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, bir ədəd bükümdə, təmiz çəkisi 16,128 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 5 avqust 2020-ci il tarixdə saat 16:40-da ünvan 1 ünvanın qarşısında Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən 31-ci PB-nin inzibati binasına gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol cibindən həmin bir ədəd şəffaf rəngli sellofana bükülü halda bir ədəd bükümdə, təmiz çəkisi 16,128 qram, yəni külli miqdarda açıq qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən almışdır. 5 avqust 2020-ci il tarixdə, saat 4-5 radələrində evində yatarkən polis əməkdaşları yaşadığı evə girmiş və səsə yuxudan oyanmışdır. Sonuncular uşaqlarının yanında ona təzyiq göstərmiş, onları həyətə çıxarıb evdə axtarış aparmış, lakin evindən narkotik vasitə aşkar edilməmişdir. Sonra polis işçiləri onu özləri ilə polis bölməsinə aparmışlar. Bölmədə xidməti otaqların birində bir büküm narkotik vasitəni stolun üstünə qoyub, ona məxsus olmasını bildirməsini tələb etmişlər. Həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan polis əməkdaşlarının diktəsi ilə hərəkət edib, narkotik vasitəni götürüb cibinə qoymuşdur. Bundan sonra videoçəkilişlə onun üzərinə baxış keçirilmişdir. Əvvəlcədən polis əməkdaşlarının dediyi kimi, narkotik vasitəni cibindən çıxarıb stolun üstünə qoymuş və güya həmin narkotik vasitəni Hövsan qəsəbəsində dəniz kənarında gəzərkən tapdığını bildirmişdir. Əslində isə həmin narkotik vasitənin ona aidiyyəti olmamışdır. Ona elan edilmiş ittihamla razı deyildir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tutularkən üzərindən və evindən narkotik vasitə aşkar edilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 31-ci PB-nin rəis müavini olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi barədə idarəyə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ifşa etmək üçün əməliyyat qrupu yaradılmışdır. 5 avqust 2020-ci il tarixdə qrup üzvləri Şahid2 və İzzət Hüseynovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısına getmişlər. Həmin gün saat 16:40-da Təqsirləndirilən şəxs orada saxlanılmış və 31-ci PB-nin növbətçi hissəsinə təhvil verilmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Sonuncu özü əynində olan gödəkçəsinin sol cibindən iki ədəd bükülünü çıxarıb təqdim etmiş, onların narkotik maddə heroin olduğunu, 4 avqust 2020-ci il tarixdə səhər saatlarında Hövsan qəsəbəsində dəniz kənarında gəzərkən yerdən tapdığını, bir qismini istifadə etdiyini, qalanını isə sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər, biri açıq qəhvəyi rəngli toz halında, digəri ağ rəngli kristallardan ibarət maddə olan iki ədəd büküm qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İşin 29-30-cu vərəqlərindəki 5 avqust 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol cibindən 2 ədəd bükümü çıxarıb təqdim edərək, onların narkotik maddə heroin olduğunu, 4 avqust 2020-ci il tarixdə səhər saatlarında Hövsan qəsəbəsində dəniz kənarında yerdən tapdığını, bir qismini istifadə etdiyini, qalanını sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını, 5 avqust 2020-ci il tarixdə saat 16:40-da ünvan 5 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər biri açıq qəhvəyi rəngli toz halında, digəri ağ rəngli kristallardan ibarət maddə olan iki ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İşin 103-cü vərəqindəki 10 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol cibindən bir ədəd şəffaf rəngli sellofana bükülü halda bir ədəd bükümdə nakotik vasitəyə bənzər maddəni təqdim etməsi müəyyən edilmişdir. İşin 94-100-cü vərəqlərindəki axtarış aparılması haqqında protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 17, mənzil 11-də yerləşən fərdi yaşayış sahəsində axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, axtarış zamanı həmin evdə saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İşin 40-44-cü vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 6 avqust 2020-ci il tarixli 6/1468 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 16,128 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur. Heroin 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. İşin 128-130-cu vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 9 sentyabr 2020-ci il tarixli 1773 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 131-132-ci vərəqlərindəki ambulator məcburi-narkoloji ekspertizasının 28 sentyabr 2020-ci il tarixli 2672 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyayta alınması məsləhət görtülür. İşin 146-154-cü vərəqlərindəki sübutların qiymətləndirilməsi haqqında 26 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 16,128 qram təşkil edən heroinin ekspertiza tədqiqatından sonra qalan 16,028 qram hissəsi və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə istintaq hərəkəti aparılarkən çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroin saxlanılması üçün Suraxanı RPİ-nə təhvil verilmiş və disk isə cinayət işinə əlavə edilmişdir. İşin 126-127-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İşin 20-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 5 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 16,128 qram təşkil edən heroinin ekspertiza tədqiqatından sonra qalan 16,028 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 5 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 16,128 qram təşkil edən heroinin ekspertiza tədqiqatından sonra qalan 16,028 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərində axtarış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar