Məhkəmə qərarları › İş №1(101)-324/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-324/2020

12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-324/2020 12.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə, Hakimlər-Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- x13 Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin böyük prokuror metodisti Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Mütəxəssis x4 iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayonu Artuba kəndində qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmuş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2019-cu ildə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq bir bükümdə külli miqdarda, 20,660 qram heroin, bir bükümdə külli miqdarda, 50,300 qram tiryək və 2 bükümdə ayrı-ayrılıqda çəkiləri 3,457 qram və 4,212 qram, ümumilikdə 7,669 qram şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana narkotik vasitələrini əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək daxili orqanlarında gizlədərək daşımış, 13 avqust 2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə saat 01 radələrində «Astara» gömrük postunda gömrük əməkdaşları tərəfindən saxlanılmış və düz bağırsağında gömrük nəzarətindən gizlətdiyi 2 bükümdə 7,669 qram marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüş, faktla bağlı Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq 13 avqust 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilmiş və saat 17 radələrində 1 saylı kameranın sanitar qovşağında bir bükümdə 20,660 qram heroin və bir bükümdə 50,300 qram tiryək narkotik vasitələrini düz bağırsağından çıxararkən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təqribən 10 ildən çoxdur ki, narkotik vasitə marixuana qəbul etmişdir. x21 Respublikasının Astara şəhərinə gedib oradan narkotik vasitə əldə edib orada istifadə etmişdir. 12.08.2019-cu il tarixdə həm bazarlıq, həm də narkotik vasitə əldə edib orada istifadə etmək üçün İrana getmək qərarına gəlmiş və bu məqsədlə həmin gün, günün ikinci yarısında Astara Gömrük postundan keçməklə İrana getmişdir. Azərbaycan İran dövlət sərhədini keçərkən orada həmkəndlisi, həmçinin uzaq qohumu x2 ilə rastlaşmışdır. Sonuncu ondan nə üçün İrana getdiyini soruşduqda Habil bildirmişdir ki, yük gətirmək üçün İrana getmişdir. Onlar bir az söhbət etdikdən sonra Habil yük götürmək üçün körpünün İran tərəfində qalmış, o isə Habilə bazarlıq etmək üçün marketə gedəcəyini bildirmişdir. Bir qədər uzaqlaşdıqdan sonra tanımadığı taksi şoferinə yaxınlaşıb çəkmək üçün marixuana lazım olduğunu bildirmiş, cavabında sürücü marixuana olduğunu, avtomobilə əyləşməsini birlikdə gedib götürməyin mümkün olduğunu bildirmişdir. Həmin taksi şoferinin idarə etdiyi maşınla xeyli yol getdikdən sonra sürücü bir məhəllədə avtomobili saxlamış və ona gözləmək lazım olduğunu bildirib maşından düşmüşdür. Bir xeyli müddət sonra sürücü, əlində olan sellofan paketlə maşına əyləşmiş və lazım olan marixuananın burada olduğunu bildirmişdir. O, sellofanın içərisinə baxdıqda marixuananın miqdarının çox olduğunu görüb onu götürməkdən imtina etmişdir ki, onun hamısını çəkə bilməz. İranlı sürücü ona bildirmişdir ki, lazım olan qədərini istifadə edər, qalanını da özü ilə aparar. Bundan sonra o maşında həmin narkotik vasitə marixuananın az hissəsini çəkmiş, sonra həmin sürücü yerdə qalan marixuananı 2 (iki) ədəd bağlama halına gətirib qablaşdırıb ona vermişdir ki, daxili orqanına yerləşdirib Azərbaycan Respublikasına keçirtsin və orada istifadə etsin. O narkotik vasitəyə görə taksi şoferinə 49 (qırx doqquz) manat, taksi xidmətinə görə isə əlavə 2 (iki) manat pul vermişdir. O, həmin iranlıdan ayrıldıqdan sonra bir qədər bazarlıq edib İran gömrüyünə gəlmiş və gömrükdə olan tualetdə 02 ədəd bağlamanı daxili orqanı-düz bağırsağına yerləşdirmişdir ki, Azərbaycana keçirdə bilsin. İran Azərbaycan sərhədi arasında olan körpüdə o, yenə Habillə rastlaşmış və sonuncudan nə üçün hələ də gözlədiyini soruşduqda o bildirmişdir ki, hələ ki, ona heç kim yük verməmişdir. O, bu ay ona düşən yükü Azərbaycana gətirdiyi üçün Habildən yüklərini aparmasını xahiş etmiş və buna görə ona hörmət edəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə İran Azərbaycan sərhədini keçib Astara Gömrük postuna daxil olmuş, pasport qeydiyyatından keçdikdən sonra 13.08.2019-cu il tarixdə saat təqribən 01 radələrində vətəndaşların yoxlama xəttinə daxil keçmişlər. Bu zaman bir gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq üstündə və ya daxili orqanlarında qanunla dövriyyəsi qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış, habelə gömrük nəzarətindən gizlədilmiş yaxud bəyan olunmamış mallar–narkotik vasitələr, silah sursat, qızıl və digər zinət əşyaları, psixotrop və ya güclü təsir edən dərman preparatları və s. olub-olmadığını soruşmuşdur. O, bildirmişdir ki, üstündə, daxili orqanlarında heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş mallar yoxdur. Əl yüklərini rentgen aparatından yoxlamadan keçirtdikdən sonra gömrük əməkdaşı onu saxlamış və bildirmişdir ki, üzərində yoxlama aparacaq. İki nəfər şahid dəvət edib onların iştirakı ilə üzərini yoxlamağa başlamışlar. Üzərində aparılan yoxlama zamanı hər hansı hüquqpozma predmeti aşkar olunmamışdır. Bundan sonra daxili orqanlarının yoxlamadan keçirilməsi məqsədilə onu hal şahidlərinin iştirakı ilə gömrük əməkdaşları Astara Rayon Mərkəzi Xəstəxanasına apararaq daxili orqanlarını tibbi müayinədən keçirmişlər. Xəstəxanada rentgenoloji müayinə zamanı daxili orqanı – düz bağırsağında gizlətdiyi bağlamaları görmüşlər. Daha sonra tibbi müdaxilə nəticəsində daxili orqanı–düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 2 (iki) ədəd bağlamanı aşkar edərək çıxarmışlar. Həmin bağlamalara baxış zamanı hər iki bağlamanın içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuana olduğu məlum olmuşdur. Yoxlama başa çatdıqdan sonra daxili orqanında aşkar edilmiş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuana olan 2 (iki) ədəd bağlama onun və hal şahidlərinin iştirakı ilə gömrük işçiləri tərəfindən götürülmüş, postun xidməti otağına gətirilərək elektron tərəzidə çəkilmiş və araşdırma məqsədilə qablaşdırılaraq möhürlənmişdir. Sonda bu barədə sənədləşmə aparılmış, o da, həmin sənədlərlə tanış olub imza etmişdir. Bir neçə saat sonra o, Bakı şəhərinə gətirilmiş və onun Əməliyyat-İstintaq Baş İdarəsində ifadəsi alındıqdan sonra Bakı şəhəri Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerinə aparıb təhvil vermişlər. Orada saxlanıldığı müddətdə onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Ona verilmiş ittihamda 13.08.2019-cu il tarixdə saat 17 radələrində Yasamal RPİ-də 1 saylı kameranın sanitar qovşağında bir bükümdə 20,660 qram heroin və bir bükümdə 50,300 qram tiryək narkotik vasitələrini düz bağırsağından çıxararkən müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən aşkar edilərək götürülməsinə dair hissələri təsdiq etmir. Bildirir ki, o İran İslam Respublikasında olarkən şəxsi istifadəsi üçün yalnız narkotik vasitə marixuana almış və bir hissəsini çəkdikdən sonra qalan hissəsini düz bağırsağına yerləşdirərək gömrük sərhədini keçərkən saxlanılmışdır. Onun üzərində və eləcə də daxili orqanlarında narkotik vasitə heroin və tiryək olmamışdır. MSY-yə qəbul olunarkən üzəri yoxlanılmış və kameraya salınmış, sonrakı müddətdə polis əməkdaşları heç vaxt onu yoxlamamışlar. Sonradan hazırda xatırlamadığı polis əməkdaşları gələrək ona iki ədəd büküm göstərmiş və həmin bükümlərin də guya ondan aşkarlandığını qeyd etmişlər. Həmin gün İran İslam Respublikasında narkotik vasitə marixuana çəkdiyindən bir qədər özündə olmamış və hazırda polis əməkdaşları tərəfindən imzalamaq üçün sənəd təqdim edilib-edilmədiyini, özünün hər hansı bir sənədi imzaladığını xatırlamır. Dəqiq olaraq bildirir ki, onda narkotik vasitə marixuanadan başqa heç bir narkotik vasitə olmamışdır. Elan edilməklə ona təqdim olunmuş cinayət işinin 1-ci cildinin 126-127-ci vərəqlərində olan izahat ona tanış olsa da, həmin izahatın məzmununda İran İslam Respublikasında narkotik vasitə marixuana ilə yanaşı, heroin və tiryək növündə də narkotik vasitələr almış olması, həmin narkotik vasitələri daxili orqanlarında gizlətməsi, Yasamal RPİ-nin MSY-də saxlandığı vaxt sanitar qovşağında olduğu zaman polis əməkdaşlarının içəri daxil olduqları zaman düz bağırsağından çıxardığı iki ədəd bağlamanı aşkar etmələri, polis əməkdaşlarına həmin bağlamaların gömrükdən gizlətdiyi bağlamalar olmasını və sanitar qovşağında çıxarmaq istəməsi barədə verdiyi izahatını hazırda təsdiq etmir. Həmin məzmunda izahat verməsinin səbəblərini izah etməkdə çətinlik çəkir. Bildirir ki, hazırda məhkəmə iclasında verdiyi ifadələr həqiqətə uyğundur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 157-ci vərəqində olan 26.09.2019-cu il tarixli “Təqsirləndirilən şəxsi dindirmə protokolu” ona tanışdır. Həmin protokolun hər bir vərəqində “Təqsirləndirilən şəxs” qrafası qarşısında, hər bir vərəqin aşağı hissəsində və protokolun sonunda “Təqsirləndirilən şəxs” qrafası daxilindəki imzalar ona məxsusdur. Həmin protokolun tərtib olunması zamanı həqiqətən də dövlət hesabına ona təqdim olunmuş müdafiəçi Faiq Qarayev iştirak etmişdir. Protokolun məzmununda onun adından qeyd olunmuş ifadəsində İran İslam Respublikasında narkotik vasitə marixuana ilə yanaşı, heroin və tiryək növündə də narkotik vasitələr almış olması, həmin narkotik vasitələri daxili orqanlarında gizlətməsi, Yasamal RPİ-nin MSY-də saxlandığı vaxt sanitar qovşağında olduğu zaman polis əməkdaşlarının içəri daxil olduqları zaman düz bağırsağından çıxardığı iki ədəd bağlamanı aşkar etmələri, polis əməkdaşlarına həmin bağlamaların gömrükdən gizlətdiyi bağlamalar olmasını və sanitar qovşağında çıxarmaq istəməsini, həmin narkotik vasitələrin ona məxsus olmasını bildirməsini hazırda təsdiq etmir. Həmin protokolun qeyd hissəsində kiril qrafikalı Azərbaycan Əlifbası ilə “mənə elan edilmiş ittiham üzrə özümü təqsirli bilmirəm, narkotik vasitələri öz istifadəm üçün almışam, satış məqsədim olmayıb. 10 ildir narkotik qəbul edirəm, güclü ağrılarım var , ona görə güclü miqdarda narkotik almışam. İfadəmi oxudum düzdür imzamla təsdiq edirəm” məzmunda yazılmış qeydləri həqiqətən o, öz xətti ilə şəxsən yazmışdır. Həmin qeydlərin məzmununda satış məqsədi olmadığını qeyd etməklə yanaşı, narkotik vasitələr ifadəsini işlətməsini, yəni hazırda məhkəmə iclasında daxili orqanlarında yalnız marixuana növündə narkotik vasitə gizlətməsini bildirməsinə baxmayaraq həmin qeyddə narkotik vasitələrdən bəhs etməsininin səbəbini izah etməkdə çətinlik çəkir. Məhkəmə iclasında göstərdiyi halları nəzərə alaraq, əməlinə düzgün qiymət verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə tövsif edilməsini və barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi «Astara» gömrük postunda inspektor vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 avqust 2019-cu il tarixdə o İİR-dən AR-ə gələn piyadalar üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat təqribən 01 radələrində piyada yolla İrandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs və x2 yoxlama xəttinə daxil olmuşlar. Sonuncuların narkotik vasitə gətirəcəyi barədə Əməliyyat şöbəsinin işçiləri tərəfindən ona əvvəlcədən məlumat verildiyindən, o Xanlar və Habillə sorğu-sual edərək üzərlərində, daxili orqanlarında hər hansı hüquqpozma predmetlərinin olub-olmaması haqqında sual vermişdir. Cavab olaraq Xanlar və Habil öz növbələrində üzərlərində, daxili orqanlarında gizli və bəyan olunmamış heç bir şey olmadığını bildirmişlər. Sonra o yaxınlıqda olan şəxslərdən iki nəfər hal şahidini və Astara Rayon Mərkəzi Xəstəxanasının həkimini dəvət etməklə Təqsirləndirilən şəxs və x1 üzərlərində şəxsi yoxlama aparmış, yoxlama zamanı sonuncuların üzərlərində hər hansı hüquqpozma predmeti aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və x2 daxili orqanlarının müayinəsi məqsədilə onun tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasına aparılmış və rentgenoloji müayinədən keçirilmişlər. Müayinə zamanı Təqsirləndirilən şəxs daxili orqanlarında şübhəli cizgilər müşahidə edilmiş və tibbi müdaxilə nəticəsində Təqsirləndirilən şəxs daxili orqanı – düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bağlama aşkar edilərək çıxarılmışdır. Həmin bağlamalara baxış zamanı 02 ədəd bağlamanın içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Habil Novruzovun daxili orqanlarında hər hansı şübhəli cizgilər müşahidə edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs daxili orqanında aşkar olunmuş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 02 ədəd bağlama tərəfindən götürülmüş, Təhqiqat Şöbəsinin xidməti otağına gətirilərək maddələr elektron tərəzidə çəkilmişdir. Hər bir bağlamanın təqribi çəkisinin 6 (altı) qram olmaqla, 2 (iki) ədəd bağlamanın ümumi təqribi çəkisinin 12 (on iki) qram olduğu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2019-cu il tarixli, 20569 №-li rəyi ilə aşkar edilmiş bağlamaların ayrı-ayrılıqda təmiz çəkilərinin 3,457 qram, 4,212 qram, ümumi təmiz çəkisinin 7,669 qram olmasının müəyyən edilməsini onunla izah edə bilər ki, yoxlama zamanı Təqsirləndirilən şəxs daxili orqanından aşkar edilmiş 2 (iki) ədəd bağlama narkotik vasitənin qablaşdırılması ilə birlikdə onun tərəfindən tərəzidə çəkilmişdir ki, çəkilər arasında fərq məhz həmin bağlamalara görə yarana bilər. O bir gömrük postunun əməkdaşı olaraq Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs şübhələndiyi üçün ondan üzərində hər hansı qanunsuz predmetlərin, narkotik vasitələrin və sair əşyaların olduğunu soruşduqdan və olmaması barədə cavabı aldıqdan sonra Təqsirləndirilən şəxs Astara rayon mərkəzi xəstəxanasına aparmışdır. Orada onun daxili orqanları müayinə olunduqdan sonra düz bağırsağında iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək tərəzidə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Tibbi müayinə edildikdən sonra Təqsirləndirilən şəxs saxlanmaq üçün təhvil verildiyi Yasamal RPİ-də sonuncudan başqa narkotik vasitələrin aşkar edilməsi barədə istintaqın sonrakı mərhələsində məlumatı olmuş, bu barədə özü müayinəni aparmış x17la əlaqə saxladıqda sonuncu həkim müayinəsi zamanı tərəfindən Təqsirləndirilən şəxs yalnız düz bağırsağına müdaxilə etdiyini, müayinə zamanı digər narkotik vasitələrin Təqsirləndirilən şəxs mədəsində ya digər daxili orqanlarında olmuş ola biləcəyini, həmin halda rentgen müayinəsi zamanı həmin predmetlərin aşkar edilməməsinin mümkün olmasını, və müayinə edildikdən bir gün sonra Təqsirləndirilən şəxs mədəsində olan kənar predmetlərin təbii yolla çıxmasının mümkün olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x12 ifadəsində bildirmişdir ki, 13 avqust 2019-cu ildə təqribən saat 01 radələrində Fərid adlı gömrük xidmətinin əməkdaşı onu və onunla birlikdə fəhləlik edən Şahid2 Astara Gömrük Postunun piyada idxal xəttinə dəvət edərək, iki nəfərin üzərinin yoxlayacağını, onların da yoxlamada hal şahidi kimi iştirak etməklərinin lazımlı olduğunu bildirmiş, onlar da sonuncunun təklifi ilə razılaşdıqdan sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onların iştirakı ilə DGK-nın əməkdaşı tərəfindən yoxlama xəttində olan şəxsiyyəti orada onlara məlum olmuş AR vətəndaşları Təqsirləndirilən şəxs və x1 üzərini yoxlanılmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs və x1 üzərində hər hansı hüquqpozma predmeti aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və x2 daxili orqanlarının müayinəsi məqsədilə onların iştirakı ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılmış və həmin xəstəxananın həkimi şəxsiyyəti ona orada məlum olmuş Etibar Cəlilov tərəfindən rentgenoloji müayinədən keçirilmişdir. Müayinə zamanı x17 Təqsirləndirilən şəxs daxili orqanlarında şübhəli cizgilər müşahidə etdiyini bildirmiş və, tibbi müdaxilə nəticəsində Təqsirləndirilən şəxs daxili orqanı – düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bağlama aşkar edilərək çıxarılmışdır. Həmin bağlamalara baxış keçirildikdə içərilərində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. x17 daha sonra Habil Novruzovu da müayinə etmiş və daxili orqanlarında hər hansı şübhəli cizgilər müşahidə edilmədiyini bildirmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs daxili orqanında aşkar olunmuş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 02 ədəd bağlama Təqsirləndirilən şəxs və onların iştirakı ilə götürülmüş, xidməti otaqların birində maddələr elektron tərəzidə çəkilmişdir. Bu zaman hər bir bağlamanın təqribi çəkisinin 06 qram olması müəyyən edilmiş və sonda araşdırma ilə əlaqədar bağlamalar qablaşdırılaraq möhürlənmiş və bu barədə sənədlər tərtib edilmiş, onlar da sənədlərlə tanış olub imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər şahid x12 ilə eyni məzmunlu ifadə verib iş üzrə xüsusatları təsdiqləyərək, 13 avqust 2019-cu ildə təqribən saat 01 radələrində Fərid adlı gömrük xidmətinin əməkdaşının onu və birlikdə fəhləlik etdiyi x16 Gömrük Postunun piyada idxal xəttində iki nəfərin üzərində keçiriləcək yoxlamada hal şahidi kimi iştiraka dəvət etdiyini, bundan sonra onların iştirakı ilə DGK-nın əməkdaşı tərəfindən yoxlama xəttində olan şəxsiyyəti orada onlara məlum olmuş AR vətəndaşları Təqsirləndirilən şəxs və x1 üzərinin yoxlanıldığını, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs və x1 üzərində hər hansı hüquqpozma predmetinin aşkar olunmadığını, daha sonra sonuncuların Astara Rayon Mərkəzi Xəstəxanasında xəstəxananın həkimi Etibar Cəlilov tərəfindən müayinədən keçirilərkən, Təqsirləndirilən şəxs daxili orqanlarında şübhəli cizgilər müşahidə etdiyini və tibbi müdaxilə nəticəsində sonuncunun daxili orqanı – düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bağlama aşkar edilərək çıxarıldığını, yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs daxili orqanında aşkar olunmuş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 02 ədəd bağlamanın götürülərək, xidməti otaqların birində elektron tərəzidə çəkildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerinin manqa komandiri, polis baş serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 13 avqust 2019-cu il tarixdə xidmətdə olduğu zaman Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş şübhəli şəxs Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Bundan sonra «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi» haqqında qanuna və «Polis orqanlarında müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair» təlimata əsasən Təqsirləndirilən şəxs yoxlanışı zamanı üzərinə baxış keçirilsə də qanunsuz heç bir əşya aşkar olunmamış və yoxlamadan sonra Təqsirləndirilən şəxs 1 saylı kameraya yerləşdirilmişdir. Həmin tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs kameranın sanitar qovşağından uzun müddət çıxmadığı nəzərə çarpdığından o və MSY-nin digər növbədə olan əməkdaşları 1 saylı kameranın sanitar qovşağına daxil olmuş və sanitar qovşağın yerində 2 ədəd bükümdə narkotik vasitəyə oxşar maddənin olduğunu aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bükümlər barədə soruşulduqda o, həmin bükümlərin ona məxsus olduğunu, daxili orqanlarında gizlətməklə gömrükdən keçirdiyini, Astara xəstəxanasında yoxlama zamanı aşkar olunmadığını və həmin narkotik vasitələri düz bağırsağından çıxardığını bildirmişdir. Qeyd olunan bükümlər qablaşdırılaraq götürülmüş və bu barədə müvafiq akt tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Yasamal rayon polis idarəsinin rəhbərliyinə bu barədə məlumat verildikdən sonra təhqiqat araşdırması başlanılmışdır. Təqsirləndirilən şəxs olduğu sanitar qovşaqdan aşkar edilən maddələrin başqa bir şəxsə məxsus olması mümkün deyildir, çünki sonuncunun saxlanıldığı kamerada ondan başqa heç kim olmamış və hər bir kamerada saxlanılan şəxslər ora yerləşdirilmədən öncə yoxlanılmışdır. Təqsirləndirilən şəxs MSY-yə qəbul olunarkən yoxlanışdan keçmiş, lakin heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sanitar qovşağında uzun müddət qaldığını müşahidə etdiklərindən oraya daxil olmuş və bu zaman həmin narkotik vasitələri aşkar etmişlər. Belə hesab edir ki, Təqsirləndirilən şəxs sanitar qovşağında aşkar olunan bükümlərin tərəflərindən aparılmış yoxlama zamanı aşkar edilməməsinə səbəb həmin bükümlərin Təqsirləndirilən şəxs tərəfindən daxili orqanlarında gizlədilməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin müvəqqəti saxlama yerlərinin polis nəfərləri Şahid6, Şahid7 və Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək 13 avqust 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş şübhəli şəxs Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verildiyini, təlimat qaydalarına əsasən Təqsirləndirilən şəxs yoxlanışı zamanı qanunsuz heç bir əşya aşkar olunmadığını, Təqsirləndirilən şəxs 1 saylı kameraya yerləşdirildiyni, həmin tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs kameranın sanitar qovşağından uzun müddət çıxmadığı nəzərə çarpdığından MSY-nin növbədə olan əməkdaşları ilə 1 saylı kameranın sanitar qovşağına daxil olduqlarını, sanitar qovşağın yerində 2 ədəd bükümdə narkotik vasitəyə oxşar maddənin olduğunu aşkar etdiklərini, Təqsirləndirilən şəxs həmin bükümlərin ona məxsus olduğunu, daxili orqanlarında gizlətməklə gömrükdən keçirdiyini, Astara xəstəxanasında yoxlama zamanı aşkar olunmadığını və sanitar qovşağında həmin narkotik vasitələri düz bağırsağından çıxardığını bildirdiyini və həmin bükümlərin qablaşdırılaraq götürülüb, bu barədə müvafiq akt tərtib etdiklərini, Təqsirləndirilən şəxs saxlandığı 1 saylı kamerada sonuncudan başqa heç kimin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan Azərbaycan Respublikası DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və x7 Şöbəsinin rəisi tərəfindən Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisinin birinci müavininə olan 13 avqust 2019-cu il tarixli raportundan görünür ki, Cənub Ərazi Baş Gömrük idarəsi Əməliyyat və x7 Şöbəsinə Daxil olmuş məlumatlarına əsasən Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs və x2 13 avqust 2019-cu il tarixdə piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, saat təqribən 01 radələrində Astara Gömrük Postunda gömrük nəzarəti zamanı əməkdaşlar tərəfindən saxlanılmış və sorğu-sual edilərək Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən onların üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs və x1 üzərlərindən qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmiş, lakin onların daxili orqanlarında hüquqpozma predmetinin olması şübhəsi yarandığından Təqsirləndirilən şəxs və H.Ə.Novruzov əməkdaşlar tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasına aparılaraq daxili orqanları tibbi müayinədən keçirilmişdir. Xəstəxanada rentgenoloji müayinə zamanı Təqsirləndirilən şəxs daxili orqanı-düz bağırsağında şübhəli cizgilər müşahidə edilmişdir. Daha sonra tibbi müdaxilə nəticəsində Təqsirləndirilən şəxs daxili orqanı-düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bağlama aşkar edilərək çıxarılmışdır. Təqsirləndirilən şəxs daxili orqanı-düz bağırsağında aşkar edilmiş bağlamalara baxış zamanı hər iki bağlamanın içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. x1 daxili orqanlarının rentgenoloji müayinə zamanı isə onun daxili orqanlarında şübhəli cizgilər müşahidə edilməmişdir. (cild 01, iş vər. 05) “Şəxsi yoxlama aparılması haqqında” 13 avqust 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun böyük inspektoru tərəfindən dəvət olunmuş hal şahidlərinin və Astara Rayon Mərkəzi Xəstəxanasının həkimi x5 iştirakı ilə vət. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı hüquqpozma predmeti aşkar olunmamış, bundan sonra Rzayev x6 Rayon Mərkəzi Xəstəxanasına aparılaraq daxili orqanları tibbi müayinədən keçirilmişdir. Xəstəxanada rentgenoloji müayinə zamanı Təqsirləndirilən şəxs daxili orqanı-düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 2 ədəd bağlama aşkar edilərək çıxarılmışdır. Həmin bağlamalara baxış zamanı 2 ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olunmuşdur. Daha sonra həmin 2 ədəd bağlama Təqsirləndirilən şəxs özünün və hal şahidlərinin iştirakı ilə götürülmüş və qablaşdırılmışdır. (cild 1, iş vər. 15-17). İşdə olan 13 avqust 2019-cu il tarixli, saat 01.45 dəqiqədə Astara Rayon Mərkəzi Xəstəxanasının həkimi x9 tərəfindən tərtib olunmuş arayışdan görünür ki, Astara Rayon Artupa kənd sakini Təqsirləndirilən şəxs düz bağırsağın yad cismi diaqnozu ilə x3 gətirilmiş, müayinə zamanı düz bağırsağından 02 (iki) büküm yad cisim aşkarlanaraq götürülmüşdür. (cild 01, iş vər. 19) İşdə olan tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2019-cu il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qərarı ilə onun barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 avqust 2019-cu il tarixdən hesablanmışdır. (cild 1, iş vər. 34, 99- 100). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2019-cu il tarixli, 20569 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş polietilen paketdə 02 ədəd üzərləri “skoç”la bağlanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,457 qram, 4,212 qram, ümumi təmiz çəkisi 7,669 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanalardır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısına aiddir. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd bağlamalarda olan marixuanaların ümumi təmiz çəkisi 7,669 qram olmuş, tədqiqata sərf edilmiş 0,04 qram və 7,629 qram qalıq qalmışdır. (cild 1, iş vər. 55-56). İşdə olan “Cinayət işinin başlanması haqqında” 17 sentyabr 2019-cu il tarixli qərardan örünür ki, Azərbaycan Respublikası DGK Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin rəisi tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərar alınmışdır. (cild 01, iş vər. 117) İşdə olan “Cinayət işləri üzrə icraatın birləşdirilməsi barədə” 24 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DGK Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən icraatında olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi birləşdirilmiş və ********* nömrəsi altında istintaq davam etdirilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 206.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 01, iş vər. 114-115) İşdə olan Yasamal RPİ-nin MSY-nin manqa komandiri polis baş serjantı Şahid4 tərəfindən tərtib edilmiş 13 avqust və 15 avqust 2019-cu il tarixli aktlardan görünür ki, 13 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində DGK-nın əməkdaşları tərəfindən Yasamal RPİ-nin MSY-nə gətirilən Təqsirləndirilən şəxs sanitar qovşağına girib uzun müddətdən sonra oradan çıxandan sonra Yasamal RPİ-nin MSY-nin komandiri Şahid4 və Yasamal RPİ-nin MSY-nin əməkdaşı Şahid6 kameraya daxil olaraq oradan istintaqa məlum olmayan iki ədəd şəffaf bükümdə narkotik vasitəyə oxşayan maddə aşkarlayaraq götürülmüş, həmin narkotik vasitələr 15 avqust 2019-cu il tarixdə Yasamal RPİ-nin baş təhqiqatçısı Əli Məmmədova təhvil verilmişdir. (cild 1, iş vər. 122,123). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2019-cu il tarixli, 20808 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək, tədqiqata təqdim edilmiş üzərində “Yasamal RPİ-nin manqa komandiri polis baş leytenantı (imza) Şahid4” sözlərindən ibarət qeydlər olan zərfdəki 02 ədəd bükümlərdən: bir ədəd bükümdə təmiz çəkisi 20,660 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; həmin zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 50,300 qram olan tünd qəhvəyi rəngli maddə isə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (cild 1, iş vər. 129-131). İşdə olan Azərbaycan Respublikası Astara RİH Başçısının Səncərədi Kənd x14 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 107/1 nömrəli, 22 oktyabr 2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Rzayev x6 rayonunun Artupa kəndində ailə üzvləri (anası və atası) ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs xaraktercə sabit şəxs deyildir. Ərazidə yaşadığı dövrdə özünü müsbət cəhətdən xarakterizə etməmişdir. Ev və təsərrüfat işlərində valideynlərinə və qohum-qonşularına köməklik göstərməsinə baxmayaraq zərərli vərdişlərə meyilliyi vardır. Uzun müddətdir ki, istifadəçisi və satışı ilə məşğul olduğundan kənddə qınaq mənbəyinə çevrilmişdir. (cild 1, iş vər. 189). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 16.10.2019cu il tarixli, 2463 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vər. 186). “Sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin qərarla iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,629 qram marixuana, 20,610 qram heroin və 50,200 qram tiryək narkotik vasitələri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (cild 1, iş vər. 232-243). Məhkəmə həmin iş üzrə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, İran İslam Respublikasında yalnız narkotik vasitə marixuana əldə edib, saxlayaraq daşımaqla daxili orqanlarında gizlətməklə qaçaqmalçılıq yolu ilə ölkəyə yalnız narkotik vasitə marixuana keçirdiyi, həmin narkotik vasitənin gömrük əməkdaşları tərəfindən müəyyən olunaraq götürüldüyü, satış məqsədinin olmadığı, narkotik vasitə heroin və tiryək əldə etmədiyi, gömrük sərhədindən gizli yolla narkotik vasitə heroin və tiryək keçirmədiyi, 13 avqust 2019-cu il tarixdə Yasamal RPİ-nin MSY-də olarkən ondan heç bir narkotik vasitə götürülmədiyinə dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında qurudulmuş marixuananın 5 qramdan yuxarı şəxsi istehlak miqdarında artıq miqdar, heroinin xalis çəkisinin 2 qramdan yuxarı aşkar olunması külli miqdar, tiryəkin isə 50 qramdan artıq aşkar olunması külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə həmin tövsiyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda narkotik vasitə istintaqla müəyyən edilməmiş mənbədən əldə etməsini, onların müxtəlif narkotik vasitələr növünə aid olmaqla bükümlərə bölünmüş vəziyyətdə qablaşdırılmasını və dövlət gömrük sərhədindən gizli qaydada keçirilmə üsulunu, yaşayış yeri üzrə səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş xasiyyətnamə ilə uzun müddətdir narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olan şəxs kimi xarakterizə olunmaqla şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda marixuana və külli miqdarda heroin və tiryək növündə narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib, saxlayaraq, 13 avqust 2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, şəxsi yoxlama aparılması haqqında protokol, maddi sübutun götürülməsinə dair tərtib olunmuş akt, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 22 oktyabr 2019-cu il tarixli tələbnamə və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Rzayev x6 Rayon Məhkəməsinin 23.02.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuş, 25.06.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, sonuncu dəfə x11 Məhkəməsinin 29 fevral 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 17 dekabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vər. 148, 222-227). Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 1126.1-ci maddəsində nəzərdə tutulan cinayət ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini törətdiyi tarixdə ağır cinayət törətməyə görə yaranmış məhkumluğunun ödənilmədiyini müəyyən edərək, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Bakı şəhəri Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,629 (yeddi tam mində altı yüz iyirmi doqquz) qram marixuana, 20,610 (iyirmi tam mində altı yüz on) qram heroin və 50,200 (əlli tam mində iki yüz) qram tiryək narkotik vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 174,86 (yüz yetmiş dörd manat səksən altı qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə törətməkdə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 05 (beş) il müddətinə və CM-nin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 avqust 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,629 (yeddi tam mində altı yüz iyirmi doqquz) qram marixuana, 20,610 (iyirmi tam mində altı yüz on) qram heroin və 50,200 (əlli tam mində iki yüz) qram tiryək narkotik vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərcləri cəmi 174,86 (yüz yetmiş dörd manat səksən altı qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar