Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-324/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi – 12 saylı Bakı şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və rus-azərbaycan dilləri üzrə tərcüməçi X2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, ünvan 1 ünvanda yaşamış, 19 fevral 2021-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 07 may 2021-ci il tarixdə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 20 gün, yəni 27 may 2021-ci il tarixədək uzadılmış, 17 iyun 2021-ci il tarixdə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ittiham aktı ilə baxılmasından ötrü 12 noyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və ilk məhkəmə hazırlıq iclası 19 noyabr 2021-ci il tarixə təyin olunmuşdur. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri altında olan Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il, 09, 17 və 29 dekabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclaslarına gəlməyib məhkəmədən yayındığından Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs axtarış nəticəsində tutulduğundan dayandırılmış icraat təzələnmiş və məhkəmənin hazırlıq iclası 24 fevral 2022-ci il tarixə, saat 14:30-a Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Həmin cinayət işi 18 fevral 2021-ci il tarixdə Suraxanı RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X14 oglu tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı külli miqdarda heroinin narkotik vasitəsinin 17 fevral 2021-ci il tarixdə aşkar edilib ondan götürülməsi faktına görə Azarbaycan Respublikasi CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və ilkin istintaq hərəkətləri aparılmışdır. Cinayət işi Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 icraatında ibtidai istintaq edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, sonuncu həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi yekunlaşdırılaraq ittiham aktı tərtib edilmiş, ittiham aktı Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə 08 may 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə məhkəmə hazırlıq iclasında baxılarkən ilkin dinləmələrlə məhkəməyədək icraat mərhələsində məhkəmə baxışı zamanı aradan qaldırılması və işə mahiyyəti üzrə baxılması mümkün olmayan bir sıra kobud pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması hallarına yol verildiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla milliyətcə tatardır, rus dilində orta və orta ixtisas təhsili almışdır, onun ana dili və bildiyi dil rus dili hesab olunur, rus dilində daha səlis danışır, fikirlərini izah edir, oxuyur, yazır, deyilənləri qavrayır və hüquqi terminləri anlayır, lakin ibtidai istintaq orqanı tərəfindən onun ana dilindən və ya tərcüməçinin köməyindən istifadə hüququ təmin edilməmişdir. Qeyd olunanlara əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarına əsasən məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin müdafiə hüququnun, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kimi kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.2, 303.3.6 və 303.3.7-ci maddələrinin tələblərinə uyğun olaraq həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna qaytarılmış, həmçinin məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud pozuntularına yol vermiş Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin İdarənin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 və həmin İdarənin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 barəsində xüsusi qərar çıxarılmışdır. Cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinin tələbləri baxımından Bakı şəhəri Suraxanı rayon prokurorluğuna qaytarıldıqdan sonra yenə də Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 icraatına qəbul edlilmiş, ibtidai istintaq aparılıb yekunlaşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işi üzrə ittiham aktı tərtib edilmiş, ittiham aktı yenə də eyni şəxs - Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə 04 noyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinə məhkəmə hazırlıq iclasında baxılarkən ilkin dinləmələrlə müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarında göstərilmiş kobud qanun pozuntuları nəinki aradan qaldırılmış, əksinə müstəntiq Orxan Allahquliyev barəsində çıxarılan xüsusi qərardan nəticə çıxarmayıb bu dəfə daha irəli gedərək cinayət işinin istintaqı zamanı 05 iyun 2021-ci il tarixli qərarla X6 cinayət işi üzrə rus-azərbaycan dilləri üzrə tərcüməçi təyin edib onu işə buraxsa da, cinayət mühakimə icraatının aparıldığı Azərbaycan dilini bilməyən Təqsirləndirilən şəxs özünün iştirakı ilə aparılmış bir sıra istintaq hərəkətlərində tərcüməçinin faktiki iştirakını təmin etməmiş, həmin istintaq hərəkəti protokollarına və müvafiq qərarlara həmin protokolların tərtibinin və qərarların qəbul edilməsinin başa çatmasından qeyri-müəyyən müddət sonra tərcüməçi Elman Tağıyevə formal olaraq imza etdirməklə istintaq hərəkəti protokollarını və müvafiq qərarları saxtalaşdırmış, təkrarən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüquqlarını kobud şəkildə pozmuş və nəticədə Təqsirləndirilən şəxs özünün müdafiə hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Belə ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində hüquqlarının pozulması ilə bağlı göstərdi ki, cinayət işi məhkəmədən geri qaytarıldıqdan sonra ona yenə də heç bir tərcüməçi təyin edilməmiş, iş üzrə tərcüməçi təyin olunmasından, tərcüməçinin kişi və ya qadın olmasından məlumatsız olmuş, onun iştirakı ilə aparılan istintaq hərəkətlərində heç bir tərcüməçi iştirak etməmiş, istintaq hərəkəti protokolları və qəbul olunan qərarlar ona tərcümə olunmamış, heç bir sənədin, o cümlədən ittiham aktının nə rus dilinə və nə də azərbaycan dilinə tərcümə olunmuş surəti ona verilməmişdir. İbtidai istintaq zamanı təqdim olunan sənədlərə müstəntiqin təklifi ilə imza etmiş, lakin həmin sənədlərin məzmunundan xəbəri olmamışdır. Məhkəmə tərcüməçinin faktiki iştirakının təmin edilməməsi, həmin istintaq hərəkəti protokollarına və müvafiq qərarlara tərcüməçinin qeyri-müəyyən müddət sonra formal olaraq imza etməsi, istintaq hərəkəti protokollarının və müvafiq qərarların saxtalaşdırılması ilə əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, kompyüter vasitəsi ilə tərtib edilmiş sözü gedən istintaq hərəkəti protokollarının və qərarların sonunda faktiki iştirak etmiş proses iştirakçılarının – təqsirləndirilən şəxsin, müdafiəçinin və müstəntiqin özünün iştirakları da kompyüter vasitəsi ilə yazılmışdır. Lakin proses iştirakçısı olaraq tərcüməçi Elman Tağıyev həmin istintaq hərəkəti protokollarına və qərarlara özünün iştirakını istintaqın sonunadək eyni (qara) rəngdə olan qələmlə əlavə etmiş və imzalamışdır. İşdə olan təqsirləndirilən şəxsin 05 iyun 2021-ci il tarixli ərizəsi, təqsirləndirilən şəxsin müdafiəçidən imtinası barədə 05 iyun 2021-ci il tarixli protokol, təqsirləndirilən şəxsə müdafiəçi təqdim olunması barədə 05 iyun 2021-ci il tarixli protokol, təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə 26 oktyabr 2021-ci il tarixli qərar, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah olunması barədə 26 oktyabr 2021-ci il tarixli protokol, təqsirləndirilən şəxsə prosessual sənədlərin surətlərinin təqdim olunması barədə 26 oktyabr 2021-ci il tarixli protokol, “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının izah edilməsi barədə 26 oktyabr 2021ci il tarixli protokol, etirazlar barədə 26 oktyabr 2021-ci il tarixli protokol, ibtidai istintaqın qurtarması barədə məlumat və iş materiallarının tanışlıq üçün təqdim olunması haqqında müvafiq olaraq 28 və 29 oktyabr 2021-ci il tarixli protokollar əvvəlki abzasda göstərilən qanun pozuntularına əyani sübutdur(iş vərəqə: 198, 199, 203, 225-226, 229-230, 236, 237-238, 239, 247, 248). Azərbaycan Respublikası CPM-nin 99.4.4-cü maddəsinə əsasən tərcüməni təmin etmək üçün zəruri olan bütün müddətdə istintaq və ya digər prosessual hərəkətlər aparılan yerdə və məhkəmə iclası zalında olmaq, bu hərəkətlərin aparıldığı yeri onları həyata keçirən şəxsin, məhkəmənin iclas zalını isə məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək; 99.4.5-ci maddəsinə əsasən tərcüməni tam, düzgün və vaxtında həyata keçirmək; 99.4.8-ci maddəsinə əsasən iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolunda tərcümənin tam və düzgün qeyd olunmasını və cinayət prosesində iştirak edən şəxslərə təqdim olunan sənədlərdə tərcümənin düzgünlüyünü imzası ilə təsdiq etmək tərcüməçinin qanunla müəyyən olunan vəzifələrinə aiddir. Bundan başqa, hazırlıq iclasında müəyyən edildi ki, ibtidai istintaq orqanının 05 iyun 2021-ci il tarixli qərarına əsasən X9 iş üzrə rus və azərbaycan dilləri üzrə tərcüməçi təyin edildikdən dərhal sonra həmin qərarın ardınca tərcüməçiyə Azərbaycan Respublikası CPM-nin 99-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinə əsasən bilə-bilə yalan tərcümə etməyə görə ona cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir (iş vərəqə: 191, 192, 193-194, 195-196, 197). Lakin işdə olan təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə 26 oktyabr 2021-ci il tarixli qərarın, təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah olunması barədə 26 oktyabr 2021-ci il tarixli protokolun, iş üzrə tərtib edilmiş ittiham aktının və cinayət işinin Suraxanı rayon prokuroruna göndərilməsi haqqında posessual sənədlərin rus dilinə tərcümə edilmiş surətlərindən görünür ki, həmin sənədlər işdə tərcüməçi qismində iştirak etmiş X9 tərəfindən deyil, hüquq və vəzifələri izah olunmamış, bilə-bilə yalan tərcümə etməyə görə cinayət məsuliyyəti barədə xəbər edilməmiş, yəni heç bir məsuliyyət daşımayan, şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisi – X12 tərəfindən tərcümə edilmiş və X4 adlı fiziki şəxsə məxsus oldluğu göstərilən “SAHİL M” firmasına məxsus möhürlə təsdiqlənmişdir (iş vərəqə: 227-228, 231-234, 253-272, 273). Məhkəmə hazırlıq iclasında öyrənilən iş vərəqə 227-228-də olan təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə 26 oktyabr 2021-ci il tarixli qərarın və iş vərəqə 231-234-də olan təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah olunması barədə 26 oktyabr 2021-ci il tarixli protokolun rus dilinə tərcümə edilmiş surətləri ilə bir daha təsdiq olunur ki, qeyd olunan istintaq hərəkətləri aparılarkən tərcüməçi Elman Tağıyev faktiki iştirak etməmiş, türcüməçi kimi vəzifələrini qanuna müvafiq yerinə yetirməmişdir. Belə ki, qeyd olunan həmin qərarın və protokolun tərcümə olunmuş surətlərində tərcüməçinin iştirakı barədə ümumiyyətlə tərcümə qeydi aparılmamışdır. Hansı ki, işdə olan, qeyd olunan sənədlərin əslində, yuxarıda göstərildiyi kimi, istintaq hərəkətləri aparılarkən tərcüməçinin iştirakı barədə qeydlər sonradan, yəni sənədin əsli tərcümə üçün təqdim edildikdən sonra aparılmışdır. Hər iki sənədin əslinin isə tərcümə edilməsi üçün hansı tarixdə təqdim olunması və ya tərcümənin nə vaxt aparılması özü belə, qeyri-müəyyəndir. Daha sonra məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, iş üzrə tərtib olunan ittiham aktının təsdiq olunmamış surəti tərcümə üçün onu tərcümə etməli olan şəxsə təqdim edilmişdir. Belə ki, işdə olan ittiham aktının əsli ilə onun rus dilinə tərcümə olunmuş surətinin müqayisəli təhlili aparılarkən müəyyən edildi ki, ittiham aktının rus dilli variantında cinayət mühakimə icraatının aparıldığı azərbaycan dilində olan əslində müstəntiq tərəfindən qiymətləndirilən sənədlərin istinad olunduğu iş vərəq göstəriciləri, həmçinin ittiham aktını tərtib etmiş müstəntiqin və onu təsdiq etmiş Suraxanı rayon prokurorunun imza göstəricilərini təsdiq edən qeydlər mövcud deyildir(iş vərəqə: 227-228, 231-234, 253- 272, 273). Məhkəmə baxışı zamanı, həmçinin müəyyən olundu ki, ibtidai istintaq orqanının 17 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmuş, həmin qərar rus dilinə ümumiyyətlə tərcümə olunmamışdır. Cinayət işində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi barədə qərarın surətinin azərbaycan və rus dillərində təqsirləndirilən şəxsə verilməsini təsdiq edə biləcək hər hansı protokol müəyyən olunmamışdır (iş vərəqə: 209-210, 211). Azərbaycan Respublikasının CPM-nin 292.4-cü maddəsinin tələblərinə görə cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Məhkəmə hazırlıq iclasında cinayət mühakimə icraatının aparıldığı dili bilməyən Təqsirləndirilən şəxs ittiham aktının ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş, həmçinin azərbaycan dilində olan sürətlərinin verilmədiyi müəyyən edildiyindən Təqsirləndirilən şəxs iş üzrə ittiham aktının azərbaycan və rus dillərində olan hər iki variantı ilə təmin edilmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin 303.3.1ci maddəsi ilə nəzərdə tutulan təqsirləndirilən şəxsin müdafiə hüququnun, Cinayət Məcəlləsinin 303.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, Cinayət Məcəlləsinin 303.3.7-ci maddəsi ilə nəzərdə tutulan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi kimi kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 303.3.2-ci və 303.3.7-ci maddələrinin tələblərinə görə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi ciddi prosessual pozuntu olmaqla təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsində nəzərdə tutulan müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 91.5-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq, ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək, cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq, hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, …… habelə ittiham aktının, ….. surətlərini almaq, təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək qanunla təqsirləndirilən şəxsə verilmiş hüquqlardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Məhkəmə hazırlıq iclasında Müdafiəçi şifahi vəsatət qaldıraraq göstərdi ki, cinayət işinin materialları ilə tanış olarkən və Təqsirləndirilən şəxs ilə görüşüb onunla konfidensial söhbət apararkən ibtidai istintaq orqanı tərəfindən kobud qanun pozuntularına yol verildiyini, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququnun, tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulduğunu müəyyən etmişdir. İşdə tərcüməçi təyin olunsa da, bu formal xarakter daşımış, heç bir istintaq hərəkətinin aparılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surəti verilməmiş, işdə olan bəzi zəruri sənədlər ümumiyyətlə rus dilinə tərcümə olunmamışdır. Müdafiəçi ibtidai istintaq mərhələsində məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntuların yol verildiyini nəzərə alıb, həmin puozuntuların aradan qaldırılmasından ötrü cinayət işinin baxılmasına təkrarən xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon Prokurorluğuna qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında məhkəməyədək icraat mərhələsində yol verilmiş kobud qanun pozuntularına dair məsələni müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1, 303.3.2 və 303.3.7-ci maddələrində nəzərdə tutulan, məhkəmə baxışı nəticəsində aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntulara yol verildiyindən cinayət işinə baxılmasına təkrarən xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə belə hesab edir ki, cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslılıdır və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğundur. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3 bəndinin tələblərinə görə cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq (“a” yarımbəndi); məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək (“e” yarımbəndi). Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar, həmçinin bu Məcəllənin 303.3.1, 303.3.2 və 303.3.7-ci maddələrinin tələblərinin pozulması hallarında çıxarılır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Təqsirləndirilən şəxs barəsində olan qətimkan tədbiri ilə bağlı məsələyə münasibət bildirib, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 17 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub 19 fevral 2021-ci il tarixədək 2 gün həbsdə saxlanılmış, 19 fevral 2021-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, 17 iyun 2021-ci il tarixədək fasiləsiz olaraq 3 ay 28 gün ev dustaqlığında olmuşdur. Bundan sonra ibtidai istintaq orqanının 17 iyun 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri əvəz olunmaqla axtarış elan edilmiş, görülmüş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin əməkdaşları tərəfindən 28 yanvar 2022-ci il tarixdə tutulmuş və həmin vaxtdan faktiki olaraq həbsdə saxlanılmaqdadır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əsaslılığı ilə bağlı məsələyə baxaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması, onun məhkəmə hazırlıq iclaslarına gəlməkdən yayınması, axtarış nəticəsində yerinin müəyyən olunub saxlanılması, həmçinin Azərbaycan Respublikasının CPM-nin 159-cu maddəsinin tələbləri nəzərə alınmalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarına əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclasının yekun qərarının çıxarılacağı tarixdən iki ay müddətində, yəni 7 (yeddi) ay 3 (üç) günədək uzadılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, qeyd olunan məsələdə Azərbaycan Respublikasının CPM-nin 159-cu maddəsinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə ...... qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının CPM-nin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud pozuntularına yol vermiş Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 barəsində təkrarən xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, eyni cinayət işi üzrə eyni müstəntiq tərəfindən təkrarən kobud qanun pozuntularına yol verilməsi həmin cinayət işi üzrə prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun nəzər diqqətinə çatdırılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2-ci və 307.1ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün təkrarən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclasının yekun qərarının çıxarıldığı 03 mart 2022-ci il tarixdən iki ay müddətinə, yəni 03 may 2022-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntularına yol verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair eyni cinayət işi üzrə eyni müstəntiq tərəfindən təkrarən kobud qanun pozuntularına yol verilməsi həmin cinayət işi üzrə prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudovun nəzər diqqətinə çatdırılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində proses iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-324/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-324/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver