Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-324/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X4, X1 və X8, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, müdafiəçilər –Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Xaçmaz Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 11:40-da açıq məhkəmədə baxaraq, müəyyənetdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 iyun 2022-ci il tarixdə, saat 17 radələrində idarə etdiyi “Toyota Prius(hibrid)” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı taksi avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə üzü Tbilisi prospekti istiqamətinə doğru hərəkətdə olarkən, 20 Yanvar dairəsində, ondan irəlidə hərəkətdə olan “Chevrolet Cobalt” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs ona yol verməməsini bəhanə gətirib, sonuncunu avtomaşını hərəkət yolundan kənara çəkib saxlamasını təkidlə tələb edərək, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasının yanına sürdürərək saxlatdırmış və maşından yerə düşərək, orada ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlilik, etinasızlıq göstərərək, ətrafda olan vətəndaşların gözləri qarşısında, heç bir əsaslı səbəb olmadan, cüzi səbəbdən aralarında yaranmış mübahisə zamanı kənardan mübahisəni görən şəxslərə də əhəmiyyət verməyib, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlilik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, eləcə də ümumi davranış, əxlaq və mənəviyyat normalarına qarşı hörmətsizlik ifadə edən hərəkətlər edərək, yumruq zərbəsi ilə ardıcıl olaraq Zərərçəkmiş şəxs sifət nahiyəsindən 2 dəfə qəsdən vuraraq, ona yetirildiyi andan həyatı üçün təhlükəli olan sol gözaltı nahiyədə geniş hematoma, gözün konyuktivasına qansızma, sol yanaqda yumşaq toxumaların əziyi, üst dodaqda solda əzilmiş yara, sol əng sümüyünün ön, arxa və yuxarı divarlarının qəlpəli sınıqları, sinus daxilinə qansızma və oradan gicgah sümüyünə irradiasiya edən xətti sınığı kimi xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar tanımış, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. O, 2022-ci ilin iyun ayında dəqiq xatırlamadığı tarixdə “20 Yanvar” dairəsi deyilən ərazidən “Şamaxinka” (Şamaxı yolu) deyilən istiqamətə doğru hərəkət edərkən yolda tıxac olduğundan, idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili qəfil ötüb keçmək üçün yol istəsə də, sonuncu ona yol verməmiş, avtomobilinin önünə keçən zaman Zərərçəkmiş şəxs pəncərədən onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ardınca Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobili ötüb keçmək istəyəndə bir-birlərini təhqir etmişlər. Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyinə görə bunun səbəbini öyrənmək üçün 100-150 metr avtomobillə arxasında getmiş, təhqir edilməkdən əsəbləşmişdir. Mübahisənin yaranmasına səbəb Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətməsi olmuşdur. Onlar idarə etdikləri avtomobilləri saxlayıb "xxxx"-un qabağındakı avtomobil dayanacağına, insanların olmadığı yerə getmişlər. Zərərçəkmiş şəxs avtomobildən düşüb ona nalayiq ifadələr işlətməyə davam etmiş, o, həmin ifadələri işlətməsinin səbəbini Zərərçəkmiş şəxs soruşduqda, sonuncu yol vermədiyinə görə bunu etdiyini bildirdikdən sonra Fərhad Ərəbanxanov onun üzərinə gəlib əli ilə itələyərək bir daha nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o da Zərərçəkmiş şəxs əli ilə itələmiş, mübahisə 1-2 dəqiqə davam etmişdir. Mübahisə insanların olmadığı yerdə baş vermiş, yanlarında heç kim olmamışdır. O, əsəbi olduğuna görə uzaqlaşan zaman sol əli ilə Zərərçəkmiş şəxs üzünə bir sillə zərbəsi vurmuş, sonuncu ağır xəsarət almamış, avtomobilini sürüb oradan getmişdir. Zərərçəkmiş şəxs bir gün belə xəstəxanada olmamış, sonuncuya yumruq zərbəsi vurmamış, əməlində xuliqanlıq mövcud deyil. Mübahisə zamanı yaxınlıqda heç kim olmamışdır. Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bütün bu halların və əməlindən səmimi peşman olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar tanımış, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin iyun ayında dəqiq xatırlamadığı tarixdə “İmperial” şadlıq sarayının yaxınlığından “Şamaxinka” deyilən əraziyə doğru idarə etdiyi “Chevrolet” markalı avtomobillə hərəkətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobillə onu ötüb keçməsini özünə hörmətsizlik kimi qəbul etmiş, həmin yolda Təqsirləndirilən şəxs yol istəyəndə sonuncu ona yol vermədiyinə görə Təqsirləndirilən şəxs avtomobilinin sağından manevr qaydası ilə sıxıb Təqsirləndirilən şəxs şəxsiyyətinə toxunan sözlər işlətdiyindən, Təqsirləndirilən şəxs onun arxasınca gəlmişdir. O, "xxxx"-un dayanacağına tərəf gedib, avtomobili ağacın altında evinə getmək üçün saxlayan zaman Təqsirləndirilən şəxs avtomobili sürərək onun avtomobilinin arxasında saxladığını görmüş, avtomobillərindən düşdükdən sonra Təqsirləndirilən şəxs ondan nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda, o, ötmə əməliyyatını etdiyinə görə söyüş söydüyünü bildirmiş və yenidən Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs də cavabında ona kobud söz dedikdə o, əli ilə sonuncunun sinə nayihəsindən itələdikdən sonra Babək Yeloyev əli ilə onun üzünə bir zərbə vurmuş, həmin zərbədən əsəbiləşib o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurmuşdur. Hadisədən sonra gözündə problem hiss edib Z.Əliyeva adına Göz xəstəlikləri institutuna müraciət etmiş, göz həkimi müayinədən sonra gözündə problem olmadığını bildirmişdir. Evə qayıtdıqdan sonra elə həmin gün çənəsi ağrıdığı üçün X14 getmiş, orada kompüter tomoqrafiyasından keçiriləndə üz nahiyəsində qəlpəli qırıqların olması müəyyən edilmişdir. Həkim əməliyyat məsləhət görsə də, razı olmamışdır. Təqsirləndirilən şəxs onun müalicəsinə kömək etmiş, sonuncu ilə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, 1987-ci il tarixdən ekspert-radioloq kimi, hazırda isə Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X5” X13 Təkrar ekspertizalar şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımamış, Zərərçəkmiş şəxs isə ekspert tədqiqatı ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslə aralarında ədavət və düşmənçilik yoxdur. “Məhkəmə-tibbi Ekspertiza və X5” X13 Yasamal rayon şöbəsində Zərərçəkmiş şəxs müayinə edilərkən sonuncunun üzündə hematoma xəsarətləri ilə birlikdə tibbi sənədlər də ekspert tərəfindən tədqiq edilmişdir. Həmin tibbi sənədlərdə zərərçəkmiş şəxsin üz sümüklərində və kəllə skeletinin sümüklərində qırıq olduğu qeyd olunduğuna görə ekspert tərəfindən həmin xəsarətlər həyat üçün təhlükəli olan ağır bədən xəsarəti kimi qiymətləndirilmişdir. Təkrar ekspertiza təyin edildiyinə görə sənədlər və həmin sənədlərlə bağlı üz skeletində və kəllə əsnasında olan sınıqlarla bağlı disk komissiya üzvlərinə təqdim olunmuş, diskə baxış keçirilən zaman üz skeletində müəyyən sınıqlarla məməyəbənzər çıxıntılar gicgah sümüyünün arxa çıxıntısının olması görülmüş, həmin sümüyün qəlpəli sınığı yazılmışdır. KT (kompüter tomoqrafiyası) görüntülərinə baxış keçirən zaman belə bir sınığın olmadığı müəyyən olunmuşdur. Sınığın əmələ gəlməsi üçün üzə zərbə olmalıdır. Bu da təkrar komisyon ekspertiza əsasında müəyyən edilmişdir. Əng sümüyü kəllə sümüyü və gicgah sümüyünün alt hissəsinin üstündə oturmuşdur. Bu sınıqlar məməyəbənzər çıxıntılı qəlpəli sınıqlar olmuş olsa idi, o halda beyindən mütləq qaydada ən azından o nahiyəyə uyğun gicgahda hematoma, beyinin gicgah payını sıxan qansızma və ya hematoma və digər travmatik dəyişikliklər əmələ gələ bilərdi. Ola bilər ki, həmin trayektoriyaya görə beynin zədələnməsi olmur. Amma buna baxmayaraq gicgah sümüyü kəllə əsasını təşkil etdiyinə görə təlimatda ağır bədən xəsarəti kimi qiymətləndirilir. Bu xəsarətin müalicə olunmadan da bərpası mümkündür. Bu xəsarət ilk zərbədən dəyən sümüyün sınığının üstündə oturub ona görə onu basıb sındırma nəticəsində olmuşdur. Qeyd olunan xəsarət özü-özünə yetirilməyə qətiyyən xarakterik deyil, ancaq kənar təsirin qüvvəsindən əmələ gəlmişdir. Bu zərbənin sol əlinin iç hissəsi ilə yetirilməsi inandırıcı deyil. Birinci yumruq zərbəsi sındırır, ikinci zərbə isə trayektoriyanı artırır. Müayinə zamanı zərərçəkmiş şəxs əvvəllər burnunda sınıqlar olduğunu desə də, döyənəyin özü sınmır, döyənəyin kənarı sınır. Bu sahədə sınıqların olması qaçılmaz ola bilər, lakin bu trayektoriya o hissədə deyil. Zərərçəkmiş şəxsin yerə yıxılması nəticəsində belə xəsarət alması inandırıcı deyil. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1997-ci ildən məhkəmə tibb eksperti vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımamış, Zərərçəkmiş şəxs isə ekspert tədqiqatı ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslə aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs ekspertizası onun tərəfindən aparılmış və ekspertiza nəticəsində zərərçəkmiş şəxsdə göz ətrafında böyük ölçüdə qançır, sol yanaq hissəsində isə böyük ölçüdə şişkinlik müəyyən edilmiş, kompüter tomoqrafiyasının cavabında əng sümüyünün çıxıntısı qeyd edildiyi üçün həmin cavaba əsasən rəy vermişdir. Hər ikisi ağır bədən xəsarətidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin məsul növbətçisi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 2768 nömrəli raportdan (1HK) görünür ki, Zərərçəkmiş şəxs həmin gün saat 17:16 radələrində “Toyota” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı taksi sürücüsü tərəfindən təhqir edilərək döyüldüyünü bildirmişdir. (Cild 1, iş vərəqə 6) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin məsul növbətçisi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 2NK-3763 nömrəli raportdan görünür ki, Z.Əliyeva adına göz xəstəxanasından zəng edilərək Zərərçəkmiş şəxs göz altı hematoması və üzün əzilməsi xəsarəti ilə həmin müraciət etdiyi bildirilmişdir. (Cild 1, iş vərəqə 7) xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş vermə yeri və şəraiti barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 10-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X5” X13 26 iyun 2022-ci il tarixli, 622 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- gicgah sümüyünün məməyəbənzər çıxıntısının ön-arxa üst divarının qəlpəli sınıqları ilə yanaşı sümük boşluğuna qansızma və burun sümüklərinin sınıqları, sol gözaltı nahiyənin hematoması və konyuktiva qişası altında qansızma, sağ gözün itiliyinə təsir etməyən göz almasının küt travması, sol yanaq nahiyəsinin şişkinlik halında əzilməsi, üst dodağın sol yarısının dodağın keçid haşiyəsinə və selikli qişasına keçən əzilmiş yara küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. (Cild 1, iş vərəqə 20-23) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 46-47) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı ASAN Xidməti Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsinə görə Təqsirləndirilən şəxs soyadının “Yevloyev” olması müəyyən olunmuş və hal-hazırda həmin şəxsiyyət vəsiqəsi aktiv qüvvədə olmaqla fəaliyyətdədir. (Cild 1, iş vərəqə 58) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı ASAN Xidməti Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE 16405573 seriyalı şəxsiyyət vəsiqəsinə görə Təqsirləndirilən şəxs keçmiş soyadının “Quliyev” olması müəyyən olunmuş, lakin halhazırda həmin şəxsiyyət vəsiqəsi fəaliyyətsiz olmaqla qüvvədə deyildir. (Cild 1, iş vərəqə 59) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı ASAN Xidməti Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş əsasən AZE 17076801 seriyalı şəxsiyyət vəsiqəsinə görə Təqsirləndirilən şəxs keçmiş soyadının “Quli” olması müəyyən olunmuş, lakin hal-hazırda həmin şəxsiyyət vəsiqəsi fəaliyyətsiz olmaqla qüvvədə deyildir. (Cild 1, iş vərəqə 60) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 64-65) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətindən imtina edilmişdir. (Cild 1, iş vərəqə 74-76) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 77-78) Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı məlumat yoxdur. (Cild 1, iş vərəqə 80) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən keçmiş soyadı yəni “Quliyev” və “Quli” olduğu təqdirdə X9 və X10 xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2ci hissəsinin “A” bəndi, 132-ci maddəsinin 2-ci hissəsinin “A” bəndi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək Moskva şəhər Xamovniçezk rayon məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqan məhrumetə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqə 81-84) Bakı şəhər 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmış, Təqsirləndirilən şəxs tərəfindən ödəniləcək təzminat tam ödənilmiş, ona qarşı heç bir şikayət və iddiası yoxdur. (Cild 1, iş vərəqə 92) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş 2010.2016-cı il tarixli Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs “hər iki əlin İİ-İİİ-İV barmaqların bükücü-açıcı kontrakturası. Sağ əlin İİ-İİİ barmaqların bükücü vətərlərinin vətər plastikası əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə 3-cü dərəcəli əlillik verilmişdir. (Cild 1, iş vərəqə 96) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2625 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 117-119) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 Təkrar Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T600/2022-ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol gözaltı nahiyədə geniş hematoma, konyuktivaya qansızma, sol yanaqda yumşaq toxumaların əziyi, üst dodaqda solda əzilmiş yara, sol əng sümüyünün gicgah altı səthindən gicgah sümüyünə keçən xətti sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən həmin nahiyəyə yumruqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Burun sümüyünün sola doğru deformasiyası köhnə sınıq olmaqla yetirilmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlmir. (Cild 1, iş vərəqə 139-143) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2023-cü il tarixli, T19/2023 il tarixli ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs sol gözaltı nahiyədə geniş hematoma, gözün konyuktivasına qansızma, sol yanaqda yumşaq toxumaların əziyi, üst dodaqda solda əzilmiş yara, sol əng sümüyünün ön,arxa və yuxarı divarlarının qəlpəli sınıqları, sinus daxilinə qansızma və oradan gijgah sümüyünə irradiasiya edən xətti sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixə yarana bilərdilər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir və onlar eyni mexanizmdən yarandığından onların ayrı-ayrılıqda sağlamlığa zərərvurma dərəcəsini təyin etmək mümkün deyildir. Vətəndaş Zərərçəkmiş şəxs ilkin ekspertiza zamanı göstərilən gijgah sümüyünün məməyəbənzər çıxıntısının qəlpəli sınığı “X16”-dən verilmiş KT müayinəsinin nəticəsinə əsasən səhvən göstərilmişdir, bu həqiqətdə sol əng sümüyünün qəlpəli sınığı kimi qəbul edilməlidir. Bu nəticə ekspert radioloqların təkrar təhqiqatı zamanı təqdim edilmiş CD disklərinə əsasən bir daha öz təsdiqini tapdı. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilən burun sümüklərinin sola doğru deformasiyalı sınığı köhnə olmaqla xx.xx.2022-ci il tarixli hadisə ilə əlaqəsi yoxdur. (Cild 1, iş vərəqə 165- 169) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi və yeni məzmunlu ittihamın elan edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 185-189) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilməklə, o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (Cild 1, iş vərəqə 191-192) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş vermə yeri və şəraiti barədə məlumat vermişdir. (Cild 1, iş vərəqə 199-202) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi barədə” qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 204-210) Aze-MİS Elektron məhkəmə informasiya sisteminin məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il, xx.xx.2018-ci il və xx.xx.2023-cü il təvəllüdlü uşaqları vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 53-2/2-1136 nömrəli və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-1216/2024 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 126.2.4-cü maddəsinə əsasən, xuliqanlıq niyyəti ilə qəsdən törədilmiş əməl nəticəsində yuxarıda göstərilən nəticələr baş verdikdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında isə göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə, yəni xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əməlinə görə ittiham elan edilmişdir. İbtidai istintaq orqanı həmin ittihamı irəli sürərkən 21 aprel 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi barədə” qərarın təsviri-əsaslandırıcı hissəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur.” Xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə, (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, mübahisənin başlanmasının səbəbi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə nalayiq ifadələr işlətməsi və mübahisənin gedişində təqsirləndirilən şəxsi əli ilə itələməsi olmuş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuşdur. Məhkəmə yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə istintaqında da mübahisə və dalaşmanın Təqsirləndirilən şəxs təşəbbüsü ilə deyil, Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlaması, sonuncu tərəfindən təqsirləndirilən şəxsə qarşı nalayiq ifadələr işlədilməsi, təqsirləndirilən şəxsi təhqir edib əli ilə itələməsi bir daha onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq xuliqanlıq niyyəti kimi qiymətləndirilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs təklikdə mübahisə etmiş, yaxınlıqda başqa şəxs olmamışdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı hadisənin şahidləri müəyyən edilməmiş, məhkəmə baxışı zamanı da hər hansı əlavə xüsusat ortaya çıxmamışdır. Odur ki, məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəməyədək icraat zamanı mübahisəni aralayan 2-3 şəxsin olması ilə bağlı verdikləri ifadələrə tənqidi yanaşır. Belə ki, həmin hal məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən ağır dərəcəli xəsarət yetirməsi barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, sağlamlıq vəziyyətini də cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi əsası ilə azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməklə həmin qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmin tarixdən hazıradək Təqsirləndirilən şəxs fasiləsiz olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, hazırkı iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın, məhkəmə məsrəflərinin, xüsusi müsadirə edilməli əmlakın və maddi sübutların olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-324/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-324/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver