Məhkəmə qərarları › İş №1(101)-325/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-325/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-325/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşamış, 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq naməlum mənbədən külli miqdarda 84,193 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində və yaşadığı evdə saxlamış və Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyun 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, ünvan 3 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılaraq orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 05 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri külli miqdarda 2,120 qram, 1,968 qram, 1,920 qram, külli miqdarda 2,557 qram və 1,315 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 9,88 qram çəkidə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin girişdən sağ tərəfdə olan otaqda yerə salınmış yorğan-döşəyin arasından 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi külli miqdarda 74,313 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, narkotikdən istifadə etmiş, əvvəllər narkotiklə tutulmuş, lakin birinci dəfə də, bu dəfə də tutulanda narkotiklə yüklənmişdir. Belə ki, o, heç vaxt narkotik satmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislər tərəfindən saxlanıldığı gün onu yolda şübhəli şəxs kimi saxlamışlar, lakin üstündə narkotik olmamışdır. Tutulduqdan sonra təzyiq altında olmuş, çəkiliş zamanı da gözünün altının göy olması görünmüşdür. Belə ki, çəkilişdə ona 3 büküm vermişlər, çıxarıb təqdim etməsini bildirmişlər. Lakin çəkilişdə də narkotiki haradan aldığını deməmişdir. Həmin vaxt ayıq olmuş, məcbur olub narkotiki boynuna götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, müstəntiqi cinayət işi başlayandan 2 ay sonra görmüş, sənədləri də ona sonda imza etdirmişlər. Lakin o vaxta kimi heç bir sənədə imza etməmişdir. İstintaqda narkotiki iranlıdan alması ilə bağlı heç nə deməmişdir. Prokurorluqda istintaqda döyülməsi ilə bağlı heç nə deməmiş, lakin sanksiya seçiləndə hakimə istintaqda döyüldüyünü demişdir. Buna baxmayaraq barəsində 4 ay müddətinə həbs seçilmişdir. İstintaq Təcridxanasında xəsarətləri olduğunu bildirmiş və bu barədə qeyd edilmişdir. Lakin prokurorluqdan bununla bağlı araşdırma aparılmamış, nə də izahat almağa gələn olmamışdır. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olduğu üçün təxminən 2 (iki) ildir ki, Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən “kakos” kimi tanıdığı narkotik vasitə alaraq çəkmək yolu ilə istifadə etmişdir. Sonuncu dəfə 17 may 2022-ci il tarixdə «Papanin» adlanan yerdən tanımadığı İran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi üçün 120 (yüz iyirmi) manat nəğd pul ödəyərək beş ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində “kakos” kimi tanıdığı narkotik vasitə almış, həmin narkotik vasitəni sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. 14 iyun 2022-ci il tarixdə, təxminən saat 18:00 dəqiqədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsanda yerləşən fərdi yaşayış evinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyinə görə saxladıqlarını deyib Suraxanı RPİ-nin 30-cu PŞ-pə aparmışlar. Polis şöbəsində ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi təklif edilmiş, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, həmçinin müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları videoçəkliş aparmaqla üzərinə şəxsi axtarış keçirmiş, üzərinə şəxsi axtarış keçirməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya varsa çıxardıb təqdim etməsi təklif olunmuşdur. Başqa çıxış yolu olmadığından əynində olan göy rəngli şalvarının sol yan cibində saxladığı özünə məxsus olan beş ədəd sellofan kəsiyi bükümlərində olan narkotik vasitə heroini və sağ cibində olan «Nokia» markalı mobil telefonunu da çıxarıb təqdim etmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı beş büküm narkotik vasitə heroin və bir ədəd «Nokia» markalı mobil telefonundan başqa hər hansı bir əşya aşkar olunmamışdır. Üzərinə şəxsi axtarış keçirilməsi və götürmə barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, protokolda yazılanlar doğru olduğundan protokolun səhifələrini sərbəst şəkildə imzalamışdır. Üzərindən aşkar olunmuş beş ədəd bükümdə narkotik vasitə heroin zərfə qoyularaq zərfin ağzı bağlanmış, üzərinə möhürlər vurulmuş, özü və polis əməkdaşları zərfin üzərini imzalamışlar. Həmin beş bükümdə heroin maddəsini «Papanin» deyilən yerdə İran vətəndaşından 120 manata öz istifadəsi üçün aldığını polislərə bildirmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilməsi barədə təklif olunduqda evinə baxış keçirilməsinə etiraz etməmiş, bu barədə ərizə də vermişdir. Müdafiəçisi və polis əməkdaşları ilə birlikdə polis şöbəsinin inzibati binasından çıxıb yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, kənd Hövsanda yerləşən fərdi yaşayış evinə getmiş, özü qapını açıb həyətə daxil olaraq evində baxış və götürmə aparılması üçün şərait yaratmışdır. Baxış və götürmə zamanı evin girişdən sağ tərəfdə olan otaqda yerə salınmış yorğan-döşəyin arasından bir ədəd ağ rəngli sellofan kəsiyi aşkar olunmuş, həmin sellofan kəsiyinin içərisində də özünə məxsus alıb saxladığı narkotik vasitə heroin olmuşdur. Evindən aşkar edilən narkotik vasitə heroin də bir ədəd zərfə qoyulub zərfin ağzı bağlanmış, üzəri möhürlənmiş, polis əməkdaşları və onun tərəfimdən imzalanmışdır. Videoçəklişdən istifadə edilməklə evində baxış və götürmə keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokolda yazılanlar doğru olduğundan protokolun səhifələrini sərbəst şəkildə imzalamışdır. Tutulmamışdan üç-dörd gün əvvəl, beş bükümdə narkotik vasitəni aldığı tanımadığı İran vətəndaşını «Papanin» deyilən yerdə təsadüfən görmüş, üzərində satması üçün narkotik vasitəsi olduğunu bilərək fürsətdən istifadə edib evindən aşkar edilib götürülən narkotik maddəni 200 manata almış, beş büküm heroin qurtardıqdan sonra istifadə etməsi üçün evində gizlədib saxlamışdır. Narkotik vasitə aldığı İran vətəndaşını üzdən tanımış, sonuncunu cəmi iki dəfə təsadüfən görmüş, barəsində hər hansı başqa məlumatı olmamışdır (iş vərəqə: cild İ, səh. 76-78). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 14 iyun 2022-ci il tarixdə 30-cu PŞ-nə ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hösanda 54 ünvanda yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı barədə dərhal Polis şöbəsinin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis şöbəsinin rəisinin əmri ilə və onun rəhbərliyi ilə Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 14 iyun 2022-ci il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsandakı evinin yaxınlığında olduğunu müəyyən edərək sonuncuya yaxınlaşıb polis əməkdaşları olduqlarını, narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu, sol yan cibindən isə beş ədəd ağ rəngli sellofan kəsiyində olan bükümləri çıxarıb təqdim etmiş, təqdim etdiyi beş ədəd sellofan kəsiyindən olan bükümlərin içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, təqdim etdiyi narkotik vasitəni bir neçə gün öncə tanımadığı İran İslam Respublikası vətəndaşından öz istifadəsi və satış üçün 120 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd sellofan bükümündə olan kütlə götürülərək bir ədəd zərfə qablaşdırılıb zərf möhürləndikdən sonra bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Şahid1 ifadəsinin davamnıda göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsanda 54 ünvanda yerləşən fərdi yaşayış evində də narkotik vasitə olduğunu, həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin və özünün iştirakı ilə yaşadığı evə və həmin evin yardımçı binalarına videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə yığılmış yorğan-döşəyin arasından bir ədəd ağ rəngli sellofan bükümündə olan kütləni çıxardıb təqdim etmişdir və bildirmişdir ki, təqdim etdiyi bükümünün arasında olan narkotik vasitəni də İran vətəndaşından almışdır. Təqdim olunan həmin kütlə götürülmüş, bir ədəd zərfə qablaşdırılıb möhürlənmişdir. Protokol tərtib olunandan sonra protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olur, həmçinin üzərindən və evindən aşkar olunub götürülmüş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşımışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə analoji ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 14 iyun 2022-ci il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefon, sol yan cibindən isə 05 (beş) ədəd ağ sellofan bükümlərinin içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitəni bir neçə gün öncə tanımadığı İran vətəndaşından 120 manata öz şəxsi istifadəsi və satışı üçün alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 32-33). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «baxış keçirmə və götürmə haqqında» 14 iyun 2022-ci il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsanda yerləşən fərdi yaşayış evinə və həmin evin yadımçı binalarına baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin otağına daxil olduqda sağ tərəfdə yığılmış yorğan döşəyin arasından içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd sellofan bükümü aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən narkotik vasitəni bir neçə gün öncə tanımadığı İran vətəndaşından 120 manata öz şəxsi istifadəsi və satışı üçün alaraq üzərndə saxlayıb gəzdirdiyini bildirir (iş vərəqə: cild İ, səh. 42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu və sol yan cibindən 05 (beş) ədəd sellofan bükümlərini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 (beş) ədəd bükümlərin içərisindəki «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni bir neçə gün öncə tanımadığı İran İslam Respublikası vətəndaşından ümumilikdə 120 manata öz istifadəsi üçün alaraq üstündə saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 (beş) ədəd sellofan bükümləri açıldıqda bükümlərin içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, amma onun üzərindən özünün təqdim etdiyi 05 (beş) bükümdən başqa heç bir əşya və ya vasitə aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh 62). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, kənd Hövsanda yerləşən nömrəsiz evə baxış keçirilməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” formatlı diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsanda yerləşən nömrəsiz evə və həmin evin yardımçı binalarına baxış keçirilmişdir. Ev bir otaqdan ibarətdir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evində və həmin evin yardımçı binalarında əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evindəki yığılmış yorğan və döşəklərin arasından bir ədəd ağ rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Sellofan bükülü açıldıqda bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi selloffan bükülüdə olan kütlə götürülərək bir ədəd zərfə qoyulmuş və zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs evinə və həmin evin həyətindəki yardımçı binalara baxış davam etdirilmiş, amma onun evindən və evinin yardımçı binalarından özünün təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükülüdən başqa heç bir əşya və ya vasitə aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh 63). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, kənd Hövsanda yerləşən nömrəsiz evə baxış keçirilməsi prosesinin videogörüntülərini özündə əks etdirən iki ədəd “DVD” formatlı diskə yerləşdirilmiş videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair və baxış keçirmə və götürmə haqqında 14 iyun 2022-ci il tarixli protokolların, o cümlədən diskə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokolların məzmununa uyğundur. “DVD” formatlı həmin diskin nümayişi zamanı hər hansı prosesual pozuntuya yol verilmədiyi müəyyən edilmişdir (iş materialları). Bundan başqa, məhkəmə baxışı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 15 iyun 2022-ci il tarixli, 6/3362 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «…şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən…» sözləri olan 1 №-li zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkilərəi 2,120 qram, 1,968 qram, 1,920 qram, 2,557 qram, 1,315 qram olan tünd qəhvəyi rəngli və 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 74,313 qram olan açıq-qəhvəyi rəngli maddə, ümumi təmiz çəkisi 84,193 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.1 №-li zərfdəki beş ədəd bükümdəki narkotik vasitə heroin xaricxi əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 74, 313 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 84,193 qram, tədqiqatan sərf edilmişdir 0,120 qram, qalıq 84,073 qram (iş vərəqə: cild İ, səh. 47-52). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2022-ci il tarixli, 4390 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 142-143). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan, “Sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 84,193 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 84,073 qram narkotik vasitə heroin maddi sübut olaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 144-151). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işindən onun küllü miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 144-151; 153-154). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 84,193 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərindən dəfələrlə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 84,193 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin 6 ədəd bükümlərdə aşkar edilib götürülməsi, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və sonuncu həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanılmasından sonra PB-də döyülməsi, xəsarətlənməsi ilə əlaqədar məhkəmə araşdırması aparılmış, Təqsirləndirilən şəxs saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından sonuncunun tibbi kitabçası götürülməklə baxış keçirilmiş və Təqsirləndirilən şəxs Təcridxanaya daxil olarkən onun bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı sonuncunun həmin xəsarətlərin həbs olunmadan əvvələ aid olduğunu bildirməsi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən saxlanılarkən onda narkotik vasitə olmaması, üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması, döyülməklə xəsarətlənməsi və etiraf etməsinə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəzaçəkmə müddətinin başlanğıcı 13 dekabr 2019-cu il tarixdən hesablanmaqla 11 iyun 2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh.113-114; 115-122). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu, cəzadan azad olunduğu 11 iyun 2021-ci il tarixdən baxılan iş üzrə hadisənin baş verdiyi 14 iyun 2022-ci il tarixə, bunun üçün qanunla müəyyən olunan 2 il keçmədiyindən, ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməli az ağır cinayətlər kateqoriyasına aid olduğu üçün onun məhkumluğu 11 iyun 2023-cü il tarixdə ödənilməli idi. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli hökmünə əsasən təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin hökmlə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi) törətməsi cinayətin residivini yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, …….. az ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2022-ci il tarixli, 4390 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 14 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və sonuncunun yaşadığı ünvandan aşkar edilib götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi təmiz çəkisi 84,073 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 81 (səksən bir) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi təmiz çəkisi 84,073 qram təşkil edən heroin narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar