Məhkəmə qərarları › İş №1(101)-328/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-328/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-328/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1988-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfeamini və narkotik vasitə kokaini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasiətəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Yusif adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 06 iyul 2021-ci il tarixdə sonuncu tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Enbawood” mebel salonunun yaxınlığında gizlədilmiş külli miqdarda 1080,112 qram çəkidə ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1,245 qram çəkidə narkotik vasitə olan kokaini satış məqsədi ilə, qanunsuz olaraq əldə edib üzərində və yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən nömrəsiz evdə saxlayaraq daşımış, 15 iyul 2021-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 17:50 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ 43-cü PB-nin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qöy rəngli cins şalvarın sol yan cibindən çıxartdığı 01 ədəd şəffaf sellofan bükümün içərisindən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,630 qram, 0,506 qram və 0,976 qram olmaqla ümumi çəkisi 20,112 qram olan ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd sellofan bükümdə 1,245 qram çəkidə narkotik vasitə olan kokain aşkar edilərək götürüldükdən sonra, həmin tarixdə saat 20:20-də onun könüllü razılığı əsasında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən nömrəsiz evə baxış keçirilərkən evin zirzəmisindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1060,0 qram ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 02.08.2021-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında yerləşən evdə dostu Nicat ilə bir yerdə oturduqları zaman qapıdan və pəncərədən təxminən 12 nəfər içəri daxil olmuşlar. Daha sonra onları yerə yıxaraq onlara təzyiq göstərmişlər. Masanın üzərində olan 20 qram narkotik vasitəni götürərək onları 43-cü bölməyə aparmışlar və bölmədə onları ayrı-ayrı otaqlarda saxlamışlar. O, orada dostunun evdə aşkar olunmuş narkotik vasitə ilə heç bir əlaqəsi olmadığını və sonuncunun onun qonağı olduğunu demişdir. Bu səbəbdən dostunu sərbəst buraxmışlar. Bölmədə ona polis əməkdaşları təzyiq göstərərək 1080,112 qram psixotrop maddə olan metamfetamini, 1,245 qram narkotik vasitə olan heroini və bir ədəd elektron tərəzini öz üzərinə götürməsini tələb etmişlər. Daha sonra polis əməkdaşları ilə evinə getmişlər. Anası qapını açan zaman anasını qol gücü ilə darvazadan çölə çıxarmışlar və darvazanı içəridən bağlamışlar. Orada polis əməkdaşlarından biri jiletinin altından 1080,112 qram psixotrop maddə olan metamfetamini və 1,245 qram narkotik vasitəolan heroini çıxararaq evin zirzəmisinə qoymuş və qabaqcadan ona dedikləri kimi videoçəkilişlə o, həmin narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Çəkiliş bitdikdən sonra polis əməkadşları darvazanın arxasını açmışlar və anasını içəri buraxmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin gün evindən ittihamda yazılan çəkidə deyil, şəxsi istifadəsi üçün aldığı 20 qram narkotik vasitə aşkar edildiyini bildirmişdir. O, həmin narkotik vasitəni iranlı Yusifdən deyil Babək prospektində yerləşən Embawood mağazasının yanından tanımadığı şəxdən almışdır. Həmçinin qeyd etmişdir ki, evinə axtarış keçirilən zaman müdafiəçi iştirak etməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PŞ-də sahə rəisi Şahid2 oğlu fadəsində göstərmişdir ki, 15.07.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan və Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarəl əməliyyat qrupıı təşkil olunmuşdur. Sonra o və Şahid1lə birlikdə məlumat əsasında saat 17:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov küçəsinə getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx xxx 1988-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Bəhruza narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bəhruz buna etiraz etmədikdən sonra sonuncunu PB-yə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Fuad Alıyevə təhvil vermişlər. X10 Əmənovun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Bəhruzu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 02 ədəd mobil telefonu, sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilən zaman həmin bükülünün içərisindən ayrıca şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kütlə olan bir ədədi iri, digər iki ədədi kiçik ölçüdə olmaqla üç ədəd sellofan bükülü və bir ədəd ayrıca sellofana bükülmüş ağ rəngli kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükülüdə olan iri və yanında iki ədəd kiçik ölçüdə olan sellofan bıikülülərdəki maddələrin psixotrop maddə olan metamfetamin, digər bir ədəd ayrıca sellofan bükülüdəki maddənin isə narkotik vasitə olan kokain olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddələri Yusif adlı İran İslam Respublikası vətəndaşının ona bildirdiyi bank kart hesabına pulu göndərdikdən sonra Yusif adlı şəxsin dediyi yerdən götürdüyünü, narkotik və psixotrop maddələrdən həm istifadə etdiyini, həm də satdığını, psixotrop maddə olan metamfetamini qramı 15 manatdan alıb 20 manata satdığını, üzərindən aşkar olunmuş narkotik vasitə olan kokaini isə qramını 200 manata alıb 300 manata satdığını, yaşadığı ünvanda da psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Bəhruzun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Bəhruzun üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov küçəsində nömrəsiz evə baxış keçirilməsi üçün sonuncudan ərizə alınmışdır. Sonra onlar, yəni o, Binəqədi RPİ-nin 43cü PB-in sahə rəisi Şahid2, şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs, müdafiəçi Pəhlivan Aslanov və təhqiqatçı Fuad Alıyev birlikdə Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov küçəsində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi tikilmiş evə getmişlər. Orada təhqiqatçı Fuad Alıyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Bəhruz evin zirzəmi hissəsinin plastikdən olan kiçik ölçülü qapısını açaraq zirzəmidə saxladığı içərisində ağ rəngli maddə olan 01 ədəd sellofan bükümü və 01 ədəd elektron tərəzini təqdim edərək, həmin bükümün içərisində olan maddənin psixotrop maddə olan metamfetamin olmasını, üzərindən aşkar olunmuş psixotrop maddənin evin zirzəmisindən aşkar olunmuş metamfetaminin bir hissəsi olduğunu, aşkar olunmuş tərəzini narkotik vasitə və psixotrop maddəni həm satanda, həm də istifadə edəndə miqdarını müəyyən etmək məqsədilə istifadə etdiyini bildirmişdir. Bundan sonra baxışda iştirak edən şəxsilərin iştirakı ilə aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və təsir edilməmşdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 16.07.2021ci il tarixli, 6/2894 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketdə və iki ədəd zərfdə olan: - üzərində "'Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 18,630 qram, 0,506 qram, 0,976 qram ümumi təmiz çəkisi 20,112 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,245 qram olan ağ rəngli maddə narkotik vasitə olan kokaindir. -üzərində '"Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 1060,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bır-biri ilə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və digər maddələrlə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 11.10.2021-ci il tarixli, 3887 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarında olan 15 iyul 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PŞ-nin təhqiqatçısı X4, Binəqədi RPİ-nin 43-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1, Binəqədi RPİ-nin 43-cü PŞnin sahə rəisi Şahid2 nun və Binəqədi RPİ-nin KTQ-nun inspektor kriminalisti X1 iştirakları ilə videoçəkilişdən isifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 02 ədəd mobil telefonu, sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilən zaman həmin bükülünün içərisindən ayrıca şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kütlə olan bir ədədi iri, digər iki ədədi kiçik ölçüdə olmaqla üç ədəd sellofan bükülü və bir ədəd ayrıca sellofana bükülmüş ağ rəngli kütlə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükülüdə olan iri və yanında iki ədəd kiçik ölçüdə olan sellofan bıikülülərdəki maddələrin psixotrop maddə olan metamfetamin, digər bir ədəd ayrıca sellofan bükülüdəki maddənin isə narkotik vasitə olan kokain olduğunu bildirir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddələri Yusif adlı İran İslam Respublikası vətəndaşının ona bildirdiyi bank kart hesabına pulu göndərdikdən sonra Yusif adlı şəxsin dediyi yerdən götürdüyünü, narkotik və psixotrop maddələrdən həm istifadə etdiyini, həm də satdığını, psixotrop maddə olan metamfetamini qramı 15 manatdan alıb 20 manata satdığını, üzərindən aşkar olunmuş narkotik vasitə olan kokaini isə qramını 200 manata alıb 300 manata satdığını, yaşadığı ünvanda da psixotrop maddə olan metamfetamin olduğunu bildirib həmin maddəni də təqdim edə biləcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmur. Sonra axtarış iştirakçılarının iştirakı ilə Bəhruzun üzərindən aşkar olunmuş kütlə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bu barədə protokol tərtib olunur, iştirakçılara ucadan oxunur, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş 15 iyul 2021-ci il tarixli “ünvana baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PŞ-nin təhqiqatçısı X4, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X2, Binəqədi RPİ-nin KTQ-nun inspektor kriminalisti X1, Binəqədi RPİ-nin 43-cü PŞ-nin sahə rəisi Şahid2 və Binəqədi RPİ-nin 43-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirakları ilə videoçəkilişdən isifadə etməklə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi tikilmiş evə baxış keçirilir. Təqsirləndirilən şəxs yaşadığı evdə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilir. Bu təklifdən sonra Bəhruz evin zirzəmi hissəsinin plastikdən olan kiçik ölçülü qapısını açaraq zirzəmidə saxladığı içərisində ağ rəngli maddə olan 01 ədəd sellofan bükümü və 01 ədəd elektron tərəzini təqdim edərək, həmin bükümün içərisində olan maddənin pxisotrop maddə olan metamfetamin olmasını, üzərindən aşkar olunmuş psixotrop maddəni evin zirzəmisindən aşkar olunmuş metamfetaminin bir hissəsi olduğunu, aşkar olunmuş tərəzini narkotik vasitə və psixotrop maddəni həm satanda, həm də istifadə edəndə miqdarını müəyyən etmək məqsədilə istifadə etdiyini bildirir. Bundan sonra baxışda iştirak edən şəxsilərin iştirakı ilə aşkar olunmuş kütlə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bu barədə protokol tərtib olunur, iştirakçılara ucadan oxunur, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilir. Cinayət işinin materiallarına əlavə edilmiş 26 oktyabr 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatına baxış keçirilir və baxış zamanı mobil telefonun “Qalareya” bölməsindən elektron tərəzinin üzərində 92,59 qram çəkidə narkotik vasitəyə bənzər maddənin çəkilməsinin və 1 ədəd 13.07.2021 -ci il tarixli Təqsirləndirilən şəxs adına olan kart hesabından 450 manat pulun göndərilməsi barədə qəbzin foto şəklinin olması aşkar olunur. Həmçinin baxış zamanı “Samsung Galaxy A10” markalı mobil telefonda olan “WhatsApp” proqramının Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi aşkar olunur. “WhatsApp” proqramında olan yazışmalara baxış keçirən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən +**********10 saylı mobil nömrəyə 13.07.2021-ci il tarixdə “Qaqaş neynirsən, navar nə yox, salamtçılıqdı, qaqaş tezdən səhər açılandan 150, 450 də bu” məzmunda səs yazısının, eyni zamanda Təqsirləndirilən şəxs adına olan kart hesabından 450 manat pulun göndərilməsi əks olunmuş qəbzin foto şəklinin göndərilməsi aşkar edilir. Eyni zamanda +**********10 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında aşağıdakı məzmunda - - +**********10 saylı mobil nömrədən:-“ ok,950,500,450,150 110 sorası var, 1 İp 110” -***-***-**-** saylı mobil nömrədən “Qaqa kola götürə bilerem? Cunki seher uje azer isde olacaq menede kola lazım olacah” -+**********10 saylı mobil nömrədən – “1 100” -+**********10 saylı mobil nömrədən- “1100 hə, ata 1100-də hə” -***-***-**-** saylı mobil nömrədən – “500, 450, 150” -+**********10 saylı mobil nömrədən- “Gotr, Bəhruz 1100 eliyirda Ay Bəhruz da, qulaq as mənə, götürməyinə götüre problem yoxdu, a prostu heçolmasa bağlada kolaları, heç olmasa 1500 vur da, bir dənə keçən səfərkinə bax ata 4300-dən 3000 mənim əlim heç təmiz pul gəlib çıxmade ata” -***-***-**-** saylı mobil nömrədən- “qaqa hava qaralır vuracam yenə pul”, +**********10 saylı mobil nömrədən- “yaxşı ata yaxşı, demirəm qaralmasın vurginan, əziz qardaşım muğayat olgunan başına dönüm, sənən and verirəm mən allah, səhər səhər 500 çek atmışdıma elə bil ki gedib onu çıxardıblar 550 manat çıxıb oradan, indi day qalanın bilmirəm ata, bu birisiləri göndərəcəm çıxardacaqlar. Bəhruz bilirsən nə üçün deyirəm məncə mənim pulum qalmamışdı kartda ona görə deyirəm 550 çıxıb biləsən”. -***-***-**-** saylı mobil nömrədən-“ay həri qaqaş həri, mən sıfır karta pul vurmuşam eləbilki, geə, elə bilə ki bu günkü tarixə üç dəfə pul vurmuşamda səhf eləmirəmsə” -+**********10 saylı mobil nömrədən- “550, 500 manat atmısan çek, amma 550 manatdı da yəni kartda, sora 450 atmısan, sora da 250, opşim 1100 manatdı, amma 1150 çıxıre, bunu çıxartmamışama mən 450 və 150-ni, indi çıxardanda deyəcəm səbirli ol Bəhruz, bidənə yığ məni, Bəhruz” - yazışmaların və səs yazıların olması müəyyən edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs 055-881-74- 54 mobil nömrənin ona məxsus olduğunu, +**********10 saylım mobil nömrənin Yusif adlı İran İslam Respublikasının vətəndaşına məxsus olduğunu. Yusifin bildirdiyi bank hesabına pul göndərdikən sonra sonuncudan narkotik vasitə istədiyini bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından alınmış 07.09.2021-ci il tarixli 7513 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıbdır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı- 02 fevral 2015-ci il təvəllüdlü X5 vardır. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs mənzilindən aşkar olunaraq götürülən narkotik vasitənin çəkisinin 20 qram olması, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi, polis əməkdaşlarının təzyiqi altında 1080,112 qram psixotrop maddə olan metamfetamini, 1,245 qram narkotik vasitə olan heroini və bir ədəd elektron tərəzini üzərinə götürməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il və 27 oktyabr 2021-ci il tarixlərdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 15 iyul 2021-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yaşadığı ünvanın yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə və psixotrop maddə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyriqanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli şalvarın sağ arxa cibindən bir ədəd qara rəngli Samsung markalı, bir ədəd qara rəngli Huavvei markalı olmaqla iki ədəd mobil telefonu, həmin şalvarın sol yan cibindən bir ədəd iri şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərimdə hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun göy rəngli şalvarının ciblərini açmağı tələb olunduqda, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Onun masanın üzərinə qoyduğu şəffaf rəngli sellofan bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən ayrıca şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kütlə olan bir ədədi iri digər iki ədədi kiçik ölçüdə olmaqla üç ədəd sellofan bükülü və bir ədəd ayrıca sellofana bükülmüş ağ rəngli kütlə aşkar olunmuşdur. O, bir sellofan bükülüdə olan iri və yanında iki ədəd kiçik ölçüdə olan sellofan bükülülərdəki maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, digər bir ədəd ayrıca sellofan bükümdəki maddənin isə narkotik vasitə olan kokain olduğunu bildirmişdir. O, həmin narkotik vasitə və psixotrop maddələri Yusif adlı İran İslam Respublikası vətəndaşından mobil telefon vasitəsilə Yusifin qabaqcadan Whatsapp mobil tətbiqi vasitəsilə şəkil formatında göndərdiyi bank kart hesabına pulu göndərməklə həmin Yusif adlı şəxsin ona qabaqcadan təyin etdiyi yerdən götürdüyünü, həmin narkotik vasitədən həm istifadə etdiyini, həm də satdığını bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini qramı 15 manatdan alaraq 20 manata satmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan kokaini isə qramını 200 manata alıb 300 manata satmışdır. Ona bundan əlavə olaraq narkotik vasitə və psixotrop maddə olub olmadığı barəsində sual verildikdə o, əlavə olaraq yaşadığı ünvanda psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni də təqdim edə biləcəyini bildirmişdir. Daha sonra yaşadığı ünvana onun razılığı ilə baxış keçirilən zaman o, evin zirzəmisindən bir ədəd şəffaf rəngli sellofan bükülünü və bir ədəd gümüşü rəngli tərəzini çıxarıb təqdim etmişdir. O, həmin şəffaf rəngli sellofan bükülüdəki ağ kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, üzərindən aşkar olunmuş psixotrop maddənin evin zirzəmisindən aşkar olunmuş metamfetaminin bir hissəsi olduğunu bildirmişdir. Zirzəmidən aşkar olunmuş tərəzini narkotik vasitə və psixotrop maddəni həm satanda, həm də istifadə edəndə miqdarını müəyyən etmək məqsədilə istifadə etmişdir. O, özü narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Lakin elə olmuşdur ki, yaxın dostlarına satmışdır. Onun üzərindən aşkar olunan maddələri 06 iyul 2021-ci il tarixdə tanıdığı İran İslam Respublikasında yaşayan Yusif adlı şəxsdən, Whatsapp proqramı ilə əlaqə saxlayıb, sonradan isə ünvanı ona deyəndən sonra Nizami rayonu, Babək prospektində yerləşən "Enbawood” mebel evinin yanından götürmüşdür. Bunun müqabilində o, terminal vasitəsi ilə Yusif adlı şəxsə 400 manat pul köçürtmüşdür. Narkotik maddələri ona satan Yusif adlı şəxsi qiyabi tanımışdır. Yalnız Yusiflə “Whatsapp” vasitəsilə əlaqə qurmuşdur. Təxmini iki aya yaxındır ki, narkotik və psixotrop maddələrin satışı ilə məşğuldur. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddənin, həmçinin mənzilində psixotrop maddə və tərəzinin olması, narkotik vasitə olan kokainin və psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, üzərindən aşkar olunan psixotrop maddənin xırda bükümlərə bölünməsi onun həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarı ilə təqsirkar şəxsin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı təqsirkarın istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 16.07.2020-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmiş və 21.10.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən altı il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,195 qram təşkil edən narkotik vasitə olan kokain, qalıq qalmış 1079,912 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk və 01 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,195 qram təşkil edən narkotik vasitə olan kokain, qalıq qalmış 1079,912 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk və 01 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar