Məhkəmə qərarları › İş №1(101)-328/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-328/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-328/2023 18.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi ev 10-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşımaqla özündə saxlamışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Yusif adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, Azadlıq metrostasiyasının yaxınlığında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 5,713 qram külli miqdarda narkotik vasitəheroini və 2,426 qram külli miqdarda psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:10-da Binəqəd RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş, həmin gün saat 16:15-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə 5,713 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, bir ədəd bükümdə 1,512 qram və bir ədəd bükümdə 0,914 qram olmaqla ümumi təmiz çəkisi 2,426 qram külli miqdarda ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və üzərində metamfetamin izləri olan bir ədəd üzərində “Constant” yazıları olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsdir. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsi “Azadlıq” metrostasiyasının yaxınlığında Yusif adlı şəxsdən öz istifadəsi üçün bir bükümü 20 manat olmaqla, iki büküm narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitə ümumilikdə cəmi 0,5 qram heroin olmuşdur. O, aldığı həmin 0,5 qram heroinin yarısını istifadə etmiş, qalan yarısını isə cibinə qoymuşdur. Səhəri gün təxminən saat 15:10-da ünvan 4 ünvanının qarşısında taksi gözləyən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparılmışdır. Şöbədə polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları ona məxsus olan heroini cibindən aşkar etmiş, lakin video kamera ilə üzərinə baxış keçirilməzdən əvvəl ona əlavə dörd büküm narkotik vasitə verərək, həmin bükümlərdən üçündə narkotik vasitə olacağını, bir bükümün isə boş olacağını, bununla da onu narkotik vasitələrin istifadəçisi kimi sənədləşdirəcəklərini demişlər. O, əvvəl polis əməkdaşlarının bu təklifi ilə razılaşmamış, lakin polis əməkdaşları onu döyərək, təzyiq göstərdikləri üçün, sonradan məcbur qalıb polis əməkdaşlarının dediyi kimi hərəkət etmiş və onların verdiyi bükümləri cibinə qoyaraq, video çəkiliş zamanı guya ona məxsus imiş kimi cibindən çıxararaq təhvil vermişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, heroini aldıqdan sonra evində şkafda saxlamış, polis əməkdaşları onu döyüb təzyiq etmişlər, əgər onların dediyi ilə razılaşmasa, külli miqdarda narkotik vasitə ilə protokollaşdıracaqları ilə qorxutmuşlar. Polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə heç bir orqana şikayət etməmiş, müstəntiq də onu aldadaraq narahat olmamasını, onu narkotik vasitələrin istifadəçisi kimi sənədləşdirəcəklərini demişdir. O, narkotik vasitəni Yusif adlı şəxsdən almış, heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları ona bükümləri cibinə qoymasını deyib, çəkiliş etdikdən sonra onu narkotik vasitələrin istifadəçi kimi protokollaşdırmalarını təklif etmişlər. O da həmin bükümləri cibinə qoymuş və video çəkiliş zamanı cibindən çıxarıb təqdim etmişdir. Onu 4-5 nəfər polis əməkdaşı tutmuşdur. Tərəzini də çəkiliş zamanı polislər cibinə qoymuş, tərəzi ona məxsus olmamışdır. Çəkiliş zamanı müdafiəçi, təhqiqatçı və əməliyyatçılar iştirak etmişlər. Aldığı həmin 0,5 qram heroinin yarısını alandan sonra istifadə etmiş, qalan yarısı isə cibində olmuşdur. Nə tərəzi, nə də bükümdə olan narkotik vasitələr ona məxsus olmamış, döyüldüyü üçün istintaq dövründə həmin məzmunda ifadəyə qol çəkmişdir. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində o, özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, “Azadlıq” metrostasiyasının yaxınlığında Yusif adlı şəxsdən öz istifadəsi üçün bir bükümü 20 manat olmaqla iki büküm metamfetamin və bir büküm heroin alaraq üzərində saxlamış, onlara ümumilikdə 60 manat pul vermiş, həmin aldığı heroini və metamfetamini üzərində daşıdığı tərəzidə çəkərək almış, aldadılmasın deyə tərəzidən istifadə etmiş, xx.xx.2022-ci il tarixdə saat 15:10-da ünvan 1 ünvanının qarşısında hərəkət edərkən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş, inzibati binada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilməsi nəzərinə çatdırılmaqla hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi təyin edilmiş, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərinə keçiriləcək şəxsi axtarışa etiraz etməyərək polis əməkdaşları da daxil olmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı barədə sual verildikdə o, əynində olan qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd bükümdə heroini, iki ədəd bükümdə metamfetamini və bir ədəd elektron tərəzini, həmçinin şalvarının sağ yan cibindən özünə məxusus 1 ədəd mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuş, bundan başqa şəxsi axtarış zamanı üzərindən də bir boş büküm çıxmışdır ki, onun da içindən heç nə aşkarlanmamış, boş kağız olmuşdur. Həmin bükümlər və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülməklə qablaşdırılmış, möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən polis idarəsinə gətirilərkən, həmçinin üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşları tərəfindən heç bir zorakılığa məruz qalmamış, narkotik vasitələrin satışı ilə məşğul olmasından, həmçinin evdə narkotik vasitə saxlamasından heç kimin xəbəri olmamış, əldə etdiyi narkotik vasitədən tanıdığı heç kimə satmamışdır (iş vərəqə: 86-89). Təqsirləndirilən şəxs ibtidai istintaq istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin arasındakı ziddiyyəti, polis əməkdaşlarının ona təzyiq göstərib, hədələyərək qeyd olunan məzmunda ifadəni imzalamağa məcbur etmələri ilə izah etmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verdiyini, mənzilinə baxış keçirilməsi adı ilə mənzilindən mobil telefon və pul götürdüklərini bildirmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə olunmuş və əməliyyat qrupu təşkil olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15:10-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Həmin gün saat 16:15-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli maddə və iki ədəd bükümdə ağ rəngli kristallik maddələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni öz istifadəsi üçün saxladığını bildirmiş, ona qarşı hər hansı bir təzyiq olunmamış, sadəcə onu saxlayanda üzərində olan maddələri tullayıb qaçmaq istəyərkən yıxılmış, daha sonra saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, qapısına tez-tez maşınların gəlib-getməsi barədə qonşular tərəfindən dəfələrlə şöbəyə şikayətlər daxil olmuşdur. Sadəcə vaxt məhdudiyyəti olduğuna görə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olan zaman tuta bilməmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçmaq istəyərkən yıxılmış və yüngül xəsarət almışdır. Əməliyyatdan əvvəl Təqsirləndirilən şəxs qonşuları onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Təqsirləndirilən şəxs PPX-nin avtomaşınına əyləşdirilmiş, həmin vaxt bir nəfər də ondan narkotik vasitə almağa gəlmiş, sadəcə olaraq həmin şəxsi saxlaya bilməmişlər. Təqsirləndirilən şəxs üzərində iki büküm metamfetamin və bir büküm heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi döngə 6 ünvanının qarşısında, evdən çıxdıqda evinin qarşısında saxlanılmış, o, narkotik vasitəni “Azadlıq” metrostasiyasının yaxınlığında Yusif adlı şəxsdən aldığını bildirmiş, lakin onlar Yusif adlı şəxsin şəxsiyyətini müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Daha sonra məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin 4-cü Polis şöbəsində təhqiqatçı işləyən X1 verilən suallara cavab olaraq bildirmişdir ki, Babayev X2 rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunub götürülmüşdür. Şəxsi axtarışı o keçirmiş, şəxsin üzərindən narkotik vasitə, telefon, tərəzi aşkar olunaraq götürülmüşdür. O, Təqsirləndirilən şəxs üzərində hər hansı bir xəsarət görməmişdir. Ona şəxsi axtarışdan sonra nazik uclu şprislər təqdim edilmiş, təqsirləndirilən şəxsin evinin yanından götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində olan bükümlər onun özünə məxsus olmuş, onun cibinə heç kim narkotik vasitə qoymamışdır. Təqsirləndirilən şəxs üzərindən telefon aşkar olunmuş və istintaqa təhvil verilmişdir. Təqsirləndirilən şəxs evindən pul və ya başqa telefonlar götürülməmiş, polis əməkdaşları onun evinə oğurluq etmək üçün getməmiş, prosessual qaydada axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs evinə bir dəfə video çəkiliş aparmaqla axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022ci il tarixli protokolla müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, əyinində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, sol yan cibindən isə bir ədəd şəffaf sellofanda 04 ədəd ağ rəngli kağız bükümləri və bir ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda 02 ədəd ağ kağız bükümdə olan maddə metamfetaminə bənzər maddə və 01 ədəd bükümdə olan isə heroinə bənzər maddə olmuşdur. Digər büküm açıldıqda isə içərisində heç bir şey aşkarlanmamışdır (iş vərəqə: 34-35). Məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, üzərində markası olmayan, ağ rəngli 1 ədəd DVD diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 02 ədəd video fayl olduğu müəyyən edilmiş, həmin video fayllara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə əməkdaşların iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əyinində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, sol yan cibindən isə bir ədəd şəffaf sellofanda 04 ədəd ağ rəngli kağız bükümləri və bir ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda 02 ədəd ağ kağız bükümdə olan maddə metamfetaminə bənzər maddə və 01 ədəd bükümdə olan isə heroinə bənzər maddə olmuşdur. Digər büküm açıldıqda isə içərisində heç bir şey aşkarlanmamışdır. Təqsirləndirilən şəxs üzərindən çıxan 01 ədəd elektron tərəziyə baxış zamanı müəyyən edilmişdir ki, həmin tərəzinin qara rəngli və üzərində “Constant” yazıları yazılmışdır. Həmçinin qeyd olunan protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən çıxan 01 ədəd “Samsung” markalı mobil telefonun yaddaşında fotoşəkil yerinə, yaddaş kartına baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən dəlillər və sübutlar aşkar edilməmişdir (iş vərəqə: 71). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3459 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 173» dairəvi möhür əksləri olan, “.... 3... Təqsirləndirilən şəxs ...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,713 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,512 qram, 0,914 qram, ümumi təmiz çəkisi 2,426 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş 2 (iki) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 5,713 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq-5,663 qram, metamfetaminin təmiz çəkisi-2,426 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq- 2,326 qram. (iş vərəqə: 47-51). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli, 3742 nömrəli rəylə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 114-115) İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2042 saylı rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 22-ci maddəsinin təsiri altına düşmür (iş vərəqə:116-118). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 12 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 5,713 qram heroinin və ümumi təmiz çəkisi-2,426 qram metamfetaminin, həmçinin üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalan-5,663 qram heroin və 2,326 qram metamfetamin, həmçinin üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk üzərində hadisənin izləri saxlanıldığına görə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (iş vərəqə: 145-150). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 5,713 qram heroin və ümumi təmiz çəkisi 2,426 qram metamfetamin aşkar edilməklə heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək bir neçə bükümdə daşıyıb saxlaması, üzərindən narkotik vasitə və psixotrop maddə ilə yanaşı elektron tərəzinin aşkar olunması, onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair DİN-nin 102 Zəng Mərkəzinə şikayətin daxil olmasını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində özünü qismən təqsirli bilib, narkotik vasitələrin istifadəsi ilə məşğul olmasını, xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsi Azadlıq metrostasiyasının yaxınlığında Yusif adlı şəxsdən öz istifadəsi üçün bir bükümü 20 manat olmaqla, iki büküm narkotik vasitə heroin almasını, aldığı narkotik vasitənin ümumilikdə cəmi 0,5 qram heroin olmasını etiraf etsə də, həmin narkotik vasitədən heç kimə satmaması, öz istifadəsi üçün əldə etməsi, üzərindən aşkar olunmuş digər narkotik vasitələrin, həmçinin metamfetaminin, habelə elektron tərəzinin ona məxsus olmaması məzmunundakı ifadələrinə də qiymət verərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə 5,713 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, bir ədəd bükümdə 1,512 qram və bir ədəd bükümdə 0,914 qram olmaqla ümumi təmiz çəkisi 2,426 qram külli miqdarda ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və üzərində metamfetamin izləri olan bir ədəd üzərində “Constant” yazıları olan elektron tərəzi aşkar olunmuşdur. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin 0,5 qram heroin olması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhz saxlanılan zaman üzərindən aşkar edilmiş heroini özünün istifadə etməsi məqsədi ilə əldə etməsi, heç kimə satmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin narkotik vasitə və psixotrop maddənin bir neçə bükümdə aşkar olunması, eyni zamanda üzərindən narkotik vasitələrin satışını təmin etmək məqsədi ilə istifadə edilən üzərində metamfetamin izləri olan 01 ədəd elektron tərəzinin aşkar olunması qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Bundan əlavə məhkəmənin sorğusuna əsasən, Binəqədi rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaş X6 xx.xx.2022-ci il tarixdə saat 13:06-da ***-***-**-** nömrəli telefonla DİN-nin “102” Xidməti-Zəng mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr satdığını bildirmiş və polisin gəlməsini xahiş etmişdir. Bununla əlaqədar X6 şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət olunsa da, onun hərbi xidmətdə olması ilə əlaqədar məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində qeyd olunan həmin xüsusatların yoxlanılması məqsədi ilə məhkəmə tərəfindən Binəqədi rayon Prokurorluğuna müraciət edilmiş və Binəqədi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs işgəncə, qəddar və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyulması faktı müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin onun mənzilinə baxış keçirilməsi zamanı polis əməkdaşlarının mənzildən mobil telefon və pul götürmələri ilə bağlı ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin xüsusatla bağlı təqsirləndirilən şəxsə müvafiq prokurorluq orqanına şikayətlə müraciət etmək hüququ izah edilmiş, həmçinin cinayət işinin materiallarında olan mənzilə baxış keçirilməsi ilə bağlı istintaq hərəkəti zamanı hər hansı prosessual pozuntu aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmü ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2303 saylı xx.xx.2012-ci il tarixli Əfv Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur (iş vərəqə: 126-135) Baxılan cinayət işi üzrə cinayət hadisəsinin 20 iyun 2022-ci il tarixdə baş verməsini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü üzrə olan məhkumluğu yeni cinayətin törədildiyi tarixədək ödənilmiş, həmçinin götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2303 saylı xx.xx.2012-ci il tarixli əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, yeni cinayət törətdiyi xx.xx.2022-ci il tarixədək qanunla müəyyən olunan iki illik müddət keçmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2022-ci il tarixli, 3742 nömrəli nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğu ödənilməklə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs statusunda olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (iş vərəqə: 22-23), 22 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (iş vərəqə: 76-77), Binəqədi rayon Prokurorunun həmin tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: 103-104). Məhkəmənin 18 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməkdən boyun qaçırdığından, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozduğundan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-328/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində axtarış elan edilmiş, həmçinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. Daha sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-120/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə həbs edilmiş, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-328/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilsə də, o, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-120/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirləndirildiyi başqa bir cinayət işi üzrə həbs edildiyindən, hazırki iş üzrə onun cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı tarixdən, yəni 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində hazırki iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-328/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin saxlanc yerinə saxlanması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalan- 5,663 qram heroin və 2,326 qram metamfetamin, həmçinin üzərində metamfetamin izləri olan 1 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 65 (altmış beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 50 (əlli) saat müddətində müdafiə olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və üzərində 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəzasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 328/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin saxlanc yerinə saxlanması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalan 5,663 qram heroin və 2,326 qram metamfetamin, həmçinin üzərində metamfetamin izləri olan, üzərində “Constant” yazıları olan 1 ədəd elektron tərəzi məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonun təqsirləndirilən şəxsin özünə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar