Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-329/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxxx 1975-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 227.3-cü və 228.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 22 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 91A-da qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 15,475 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda - 19,644 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 oktyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:10 dəqiqədə qeyd olunan ünvanda saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,776 qram, 4,951 qram və 3,748 olmaqla eyni tərkibli ümumilikdə külli miqdarda - 15,475 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,368 qram və 9,276 qram olmaqla eyni tərkibli ümumilikdə külli miqdarda - 19,644 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də gödəkçəsinin sağ yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, tutulmamışdan təxminən 7- 8 ay əvvəl özünə məxsus mobil telefonunu itirmiş və telefonunun tapılması ilə bağlı polisə müraciət etmişdir. Bir müddət sonra 20-ci Polis Bölməsindən ona zəng olunaraq telefonunun tapıldığı bildirilmişdir. O, telefonunu götürmək üçün həmin Bölməyə getmiş, lakin polis əməkdaşı telefonun seyfdə olduğunu, seyfin açarının onda olmadığını deyərək başqa vaxt gəlməsini xahiş etmişdir. Növbəti dəfə 12 oktyabr 2022-ci il tarixdə onu yenidən həmin bölməyə çağırmışlar. O da həmin Polis Bölməsinə getmiş və bölmənin qabağına çatanda mülki geyimli şəxslər onu tutub saxlamışlar. Sonra bölmənin içərisinə aparıb onun cibinə bükülü qoyularaq onun özünə məxsus olmasını deyib boynuna götürməsi tələb olunmuş, ona yüngül şəkildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılacağı bildirilmişdir. Lakin o, heç bir halda razılaşmamış və nahaqdan üstünə cinayət götürməyəcəyini bildirmişdir. Bu narazılıqdan sonra bükülülərin sayı və çəkisi artırılaraq sənədləşdirmələr aparılmış, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Üzərindən aşkar edilmiş kimi rəsmiləşdirilən narkotik vasitənin və psixotrop maddənin ona heç bir aidiyyətı yoxdur. O, şəxsən özü heç vaxt narkotik vasitə istifadə etməmiş və satmamışdır. İbtidai istintaq zamanı heç bir sənədə imza etmiş və ifadə verməmişdir. Bütün bu məsələlərin arxasında onun fikrincə keçmiş arvadının münasibətdə olduğu gömrük orqanında işlədiyini eşitdiyi Cabir adlı şəxs dayanmış, məhz həmin şəxsin qurduğu tələ və sifariş əsasında həbs olunmuşdur. Ona görə də məhkəmədən bu məsələlərin diqqətə alınmasını və işinə obyektiv baxılaraq ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş izahatında göstərmişdir ki, o, 12 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonunda piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu baş idarəyə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. O, video çəkilişlə şəxsi axtarış keçirilməsindən imtina etdiyindən barəsində müdafiəçinin və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən olan şəffaf rəngli kiçik ölçülü sellofan paketdə üç bükümdə narkotik vasitə heroini və iki bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, əynindəki şalvarın sol yan cibindən 53 manat pul aşkar olunmuşdur. Narkoik vasitə heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroinin çəkisinin 17 qram, metamfetaminin çəkisinin isə 23 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmışdır. Bundan başqa iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və əynindəki qış gödəkcəsi qablaşdırılıb götürülmüş, 53 manat pul özünə qaytarılmışdır. O, şəxsi axtarış aparılması barədə tərtib olunmuş protokola və digər sənədlərə imza etməkdən imtina etmişdir. Sorğu zamanı o, aşkar edilmiş heroini və metamfetamini Bakı şəhəri, Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən əldə etdiyini, vaxtaşırı narkotik vasitələrdən istifadə etdiyini, bəzən tanışları üçün narkotik maddələr təşkil etdiyini və özündə olan narkotik vasitələrdən də hədiyyə kimi pulsuz verdiyi bildirmişdir. O, əvvəllər xuliqanlıq cinayəti etdiyi üçün məhkum olunmuş, yenidən məhkumluq həyatı yaşamaq istəmədiyi üçün tərtib olunan heç bir sənədi imzalamamışdır (cild 1, iş vərəqə 41-43). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 göstərdi ki, Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 12 oktyabr 2021-ci il tarixli əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs həmin gün saat 15:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədullah Mirqasımov küçəsi 3 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə getdikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edilmiş və ona daxil olmuş məlumatla əlaqədar üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilməli olduğu bildirilmişdir. Lakin Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına qəti etiraz etdiyi və çəkilişin aparılmasına imkan verməyəcəyini bildirdiyi üçün baxışda iştirak etmək məqsədi ilə operativ şəkildə iki nəfər hal şahidi dəvət olunaraq hüquqları izah olunmuş, onlar Təqsirləndirilən şəxs də təqdim olunaraq videoçəkilişə imkan vermədiyi, razılaşmadığı üçün qanuna əsasən hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etməsi təklif edilmiş, sonuncu da masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən olan şəffaf rəngli, kiçik ölçülü sellofan paketin içindən üç bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və iki bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sol yan cibindən 53 manat pul aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər maddənin qablaşdırma ilə birlikdə çəkisi təxminən 17 qram, metamfetaminə bənzər maddənin çəkisi isə qablaşdırma ilə birlikdə təxminən 23 qram olmuşdur. Daha sonra həmin kütlələrin qablaşdırıldığı paketlər möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon və Təqsirləndirilən şəxs əynində olan gödəkcə qablaşdırılaraq möhülənməklə imzalanıb götürülmüş, 53 manat pul isə ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddələri Bakı şəhəri, Nəsimi rayonu ərazisində əldə etdiyini, vaxtaşırı olaraq narkotik vasitələrdən istifadə etdiyini, bəzi hallarda narkotik vasitələri tanışları üçün təşkil edərək özündə olan narkotik maddələrdən onlara da verdiyini, üzərindən çıxarıb təqdim etdiyi heroin və metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Kifayət qədər təcrübəli şəxs təsiri bağışlayan və əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs davranışı çox ehtiyatlı olmuş, həm də şifahi danışığında kömək istəmiş və yenidən məhkumluq həyatı yaşamaq istəmədiyini ifadə etmişdir. Bu hallar da nəzərə alınaraq şəxsi axtarış zamanı prosesi ətraflı əks etdirə biləcək kifayət qədər fotoşəkillər də çəkilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Çəkilmiş fotoşəkillər də protokola əlavə olunmuşdur. Lakin Təqsirləndirilən şəxs yenidən məhkumluq həyatı yaşamaq istədiyini bildirərək heç bir sənədə imza etməyəcəyini demiş, şəxsi axtarış protokolunu imzalamaqdan imtina etmişdir. Amma protokol digər iştirakçılar tərəfindən imzalanaraq həqiqiliyi təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ətrafında sonradan da əməliyyat tədbirləri davam etdirilmiş, narkotik vasitəni və psixotrop maddəni həm də satış məqsədilə əldə etməsini təsdiqləyən məlumatlar əldə olunmuşdur. Onun narkotik vasitələrin iqanunsuz dövriyyəsi ilə yanaşı başqa qanunazidd əməlləri barədə hal-hazırda da lazımi qanuni tədbirlər davam etdirilir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Cəmiyyət oğlu Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 12 oktyabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində tək piyada gedərkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqəsini göstərib özünü təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. Polis əməkdaşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən bir nəfər şəxsi saxladıqlarını, həmin şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək ondan şəxsi axtarış keçirilməsi prosesində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, polis əməkdaşlarına köməklik etməyi özünə borc bildiyi üçün razılaşmış və polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getmişdir. Baş İdarədə olarkən ondan əvvəl bir nəfər şəxsin də hal şahidi qismində dəvət olunduğunu görmüşdür. Daha sonra polis əməkdaşları onu və digər hal şahidini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək polis idarəsinə gətirilən və üzərinə şəxsi axtarış keçiriləcək şəxslə, yəni Təqsirləndirilən şəxs ilə tanış etmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı bir tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs yanında bir nəfər müdafiəçisi də olmuşdur. Daha sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin, onun və digər hal şahidinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ona və digər hal şahidinə hüquq və vəzifələrini, eləcə də iştiraklarının mahiyyətini izah etmişlər. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddələr və dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da masaya doğru yaxınlaşıb əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən olan şəffaf rəngli, kiçik ölçülü sellofan paketin içindən üç bükümdə tünd qəhvəyi rəngli və iki bükümdə ağ rəngli kristal şəkilli kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sol yan cibindən 53 manat pul aşkar olunmuşdur. Tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkilərkən çəkisi təxminən 17 qram, ağ rəngli kristal şəkilli kütlənin çəkisi isə 23 qram təşkil etmişdir. Sonra həmin kütlələr qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra bir ədəd mobil telefon və Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsi də qablaşdırılaraq möhülənməklə imzalanıb götürülmüş, 53 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri Bakı şəhəri, Nəsimi rayonu ərazisində əldə etdiyini, vaxtaşırı olaraq narkotik vasitələrdən istifadə etdiyini, bəzi hallarda narkotik vasitələri tanışları üçün təşkil edərək özündə olan narkotik maddələrdən onlara da verdiyini, əvvəllər məhkum olunduğunu, üzərindən çıxarıb təqdim etdiyi heroin və metamfetaminin özünə məxsus olduğunu, ancaq yenidən məhkumluq həyatı yaşamamaq üçün heç bir sənədə imza etməyəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Yafəs oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması barədə 12 oktyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 oktyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:10-da saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən üç ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və iki ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 30-37). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid4, Şahid3 Cəmiyyət oğlu, Şahid1 və Şahid2 Yafəs oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 86-96). Məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 6/4539 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... ” yazısı və imzalar olan paketdə və bağlamadakı 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,776 qram, 4,951 qram, 3,748 qram, ümumi təmiz çəkisi 15,475 qram tünd qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,368 qram və 9,276 qram, ümumi təmiz çəkisi 19,644 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd qara rəngli gödəkcənin sağ və sol ciblərinin içərisində və bir ədəd “Samsung” markalı mobil telefonun üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi - 15,325 qram, metamfetaminin qalıq çəkisi 19,544 qram təşkil etmişdir (cild 1, iş vərəqə 48-53). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 oktyabr 2021 -ci il tarixli 3946 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdə istifadə etmə halları olub. Lakin Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 189-190). Məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 3323/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir (cild 1, iş vərəqə 185-188). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə müəyyən olunmadığına ibtidai istintaq orqanının 28 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 201). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən 24 noyabr 2021-ci il tarixli 20-04/367 nömrəli, 26 noyabr 2021-ci il tarixli 20- 04/1377 nömrəli, 10 dekabr 2021-ci il tarixli 20-04/1452 nömrəli, 22 dekabr 2021-ci il tarixli 20-04/1515 nömrəli məktublarla məhkəməyə verilmiş məlumatlarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs nəzərə çarpan bədən çəkisinin itkisi, kəskin böyrək və qaraciyər çatmamazlığı yaranmışdır. Hemadinamik göstəricələri stabil deyil. Reanimasiya şöbəsində intensiv müalicə tədbirlərinin aparılmasına baxmayaraq səhhətində daha da pisləşmə izlənilir. Aparılan elektrokardioqrafik müayinə zamanı ürək əzələsinin qanla təchizatında kəskin pozulma əlamətləri müşahidə olunmuş, dərhal troponin testi aparılmış, nəticə pozitiv olduğu üçün miokard infarktı diaqnozu təsdiqlənmişdir. Huşu koma şəkilində pozulub, hemodinamik göstəriciləri stabil deyil. Arterial qan təzyiqi dərmanların köməyi ilə saxlanılır. Qan dövranının zəifləməsi nəticəsində ağciyərlərdə durğunluq yaranıb. Saturasiya tənəffüs cihazının köməyi ilə 80-84% arasında (norma 95%) dəyişir. Qidalandırılması zondla və parenteral (damar vasitəsilə zülal və amin turşu tərkibli, eləcə də qlukozanın yeridilməsi) yolladır. Mədə-bağırsağında gizli qanaxma, ağciyərin naməlum səbəbdən deşilməsi nəticəsində döş boşluğuna havanın toplanması (spontan pnevmotoraks) və ağciyərin büzüşməsi, plevra boşluğuna mayenin toplanması və iltihabı, divararalığının iltihabı, bunların nəticəsində isə kəskin tənəffüs çatmamazlığının inkişafı baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən məhkəməyə daxil olmuş 04 aprel 2022-ci il tarixli 20-04/459 saylı məktubla isə bildirilmişdir ki, müalicə müəssisisəsində aparılan uzun müddətli geniş həcmli müalicələrdən sonra Təqsirləndirilən şəxs səhhətində tədricən müsbət dinamika aldə olunmuş, anesteziologiya və intensiv terapiya şöbəsində müalicəsi başa çatdırılaraq sonrakı müalicə üçün Terapiya şöbəsinə köçürülmüşdür. Stasionar müalicə tələb edən patologiya aradan qalxdıqdan sonra Təqsirləndirilən şəxs nisbi kafi vəziyyətdə Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına məhkəməyə daxil olmuş 04 aprel 2022-ci il tarixli 17/382132 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Müalicə müəssisəsinin həkimlərinin tövsiyyəsinə və onların verdiyi dəstəkləyici təyinatın icra edilməsi məqsədilə o, 04 aprel 2022-ci il tarixdə tibbi-sanitar hissəsinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından, habelə müvafiq Abşeron Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmündən və Sumqayıt Apelyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qərarından görünür ki, Kərimov X3 Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 227.3-cü və 228.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 22 fevral 2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 148-169). Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə onun əməlində cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs müxtəlif xəstəliklərdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 oktyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 116-120). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan bir ədəd qara rəngli gödəkçə, ekspert tədqiqatından sonra qalıq çəkisi 15,325 qram təşkil edən narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 19,544 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində 17 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi 17 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş bir ədəd qara rəngli gödəkçə, ekspert tədqiqatından sonra qalıq çəkisi 15,325 qram təşkil edən narkotik vasitə heroin və ekspert tədqiqatından sonra qalıq çəkisi 19,544 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına 17 saylıVəkil Bürosunun hesabına vəkil X4 üçün 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-329/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-329/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver