Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-329/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, orta təhsilli, subay, Bakı şəhəri, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi, ev 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi, ev 14-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əmir” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Əmir” adlı şəxs vasitəsi ilə məlum olmayan tarixdə, vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 3050,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib 01 ədəd qara rəngli sellofan torba içərisindəki 01 ədəd qara rəngli sellofan bağlamada üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə saat 20:42-də ünvan 1 ünvanın yaxınlığında müəyyən edilib saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət olunduqdan sonra orada həmin gün saat 22:49-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən həmin külli miqdarda 3050,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs əlində saxladığı və təqdim etdiyi həmin 01 ədəd qara rəngli sellofan torbada olan 01 ədəd qara rəngli sellofan bağlamanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, 1 ildir ki narkotik vasitə olan marixuanadan istifadə edir, lakin narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Saxlanılmamışdan təxminən 1 ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan “Əmir” adlı şəxsi tanımışdır. Bir müddət şəxsi istifadəsi üçün sonuncudan narkotik vasitə alıb istifadə etmişdir, lakin sonradan Əmir adlı həmin şəxsdən narkotik vasitə almaq istəsə də sonuncu ona narkotik vasitə verməyi yubatmış və o da əsəbləşərək narkotik almaqdan imtina etmiş, «Əmir»lə dalaşaraq əlaqəni tamamilə kəsmişdir. Üzərindən bir müddət keçdikdən sonra tanımadığı İran İslam Respublikasının vətəndaşından ona WhatsApp mobil tətbiqi vasitəsilə zəng gəlmiş və zəng edən şəxs narkotik vasitə satdığını bildirmişdir. O, narkotik vasitə istəmədiyini bildirsə də iranlı şəxs onu dilə tutaraq narkotik vasitəni ucuz qiymətə verəcəyini bildirmiş, hər kəsə marixuananın qramını 6 manatdan versə də ona 3 manatdan verəcəyini söyləmişdir. Üstündən bir müddət keçdikdən sonra iranlı ona zəng edərək əlində 100 “baş”, yəni təqribən 30 qram narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 120 manata ona verə biləcəyini bildirmişdir. Narkotik vasitənin qiymətini 80 manata razılaşdıqdan sonra həmin iranlı şəxs onu narkotik vasitəni götürməsi üçün 7-ci mikrorayon adlanan əraziyə dəvət emtişdir. Sonuncu ona konum atmış və o da həmin konuma getmişdir. İranlı şəxs ona söz verdiyi narkotik vasitəni söylədiyi həcmdə konumdakı yerə qoya bilmədiyini, 2 kq narkotik vasitə qoyduğunu söyləmişdir. O da iranlıya etiraz edərək razılaşmanı pozduğunu bildirmişdir. Lakin iranlı şəxs ona yalvararaq təkid etdikdən sonra o iranlıya yalnız öz şəxsi istifadəçisi üçün qoyulmuş narkotik vasitənin 1/10 qədərini götürəcəyini bildirmiş və yalnız həmin miqdarının pulunu verəcəyini söyləmişdir. O konumdakı narkotik vasitəni götürmək istədikdə bükümlərin həddən artıq çox olduğunu gördükdə qorxmuş lakin narkotiki götürüb oradan uzaqlaşmaq istəmişdir, bu zaman BMCMİ əməkdaşları onu saxlamış və vəhşicəsinə döyə-döyə maşına mindirərək polis idarəsinə gətirmişlər. İdarədə ona videoçəkiliş olacağını bildirmiş o etiraz etdikdə ona fiziki və psixi təzyiq göstərərək narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə boynuna əlavə də narkotik vasitə qoyacaqları ilə hədələmişlər. Daha sonra videoçəkiliş olmuş və polis əməkdaşları 2 kq narkotik vasitəni 3 kq 50 qram edərək videoçəkilişdə ona etiraf etdirmişlər. Polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. İstintaq təcridxanasına daxil olduqda üzərində olan xəsarətlərin yıxılması nəticəsində əmələ gəldiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, törətdiyi cinayət əməlinə görə səmimi peşmanlıq çəkir. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi, ev 14-də anası X2 ilə birlikdə yaşayır. Özü subaydır, rəsmi heç yerdə işləmir, fərdi qaydada sürücülük etməklə məşğul olur. 2016-cı İldə yaşadığı Xocasən qəsəbəsində 103 saylı tam orta məktəbi azərbaycan bölməsi üzrə oxuyub bitirmiş, ali təhsili və hərbi xidməti yoxdur. Atası 2000-ci ildə ölmüşdür, anası isə heç yerdə İşləmir, evdar qadındır. Ailədə özündən başqa bir qardaşı var, qardaşı X3 hazırda oğurluq cinayəti törətdiyinə görə Xələc qəsəbəsindəki Cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır. Təxminən 4-5 ay qabaq özü mobil telefonda WhatsApp propramı vasitəsi X7 Respublikasının vətəndaşı olan bir nəfər oğlanla tanış olmuşdur. Onun adını və anket məlumatlarını dəqiq bilmir, lakin WhatsAppla zəng edəndə səhv etmirsə həmin şəxsin adı telefonda Əmir olaraq çıxmışdır. Əmir adlı həmin İranlı onun nömrəsini əvvəllər özünün tanıdığı və adını dəqiq bilmədiyi başqa bir İranlıdan öyrənmiş və zəng etmişdir. Belə ki, əvvəlki İranlı şəxsdən bir müddət qabaq özü üçün narkotik vasitə marixuana almış, sonra həmin İranlı ilə münasibəti korlanmış və artıq danışmamışdır. Əmir də onun mobil nömrəsini həmin İranlıdan götürmüşdür. Əmir adlı həmin İranlı ilə telefon vasitəsi ilə aralarında ünsiyyət yaranmış, danışıqları zamanı onun deməsinə görə bilmişdir ki, o İrandan Azərbaycana narkotik maddələr göndərir və satdırır. 21 yanvar 2023-cü il tarixdə aralarındakı telefon danışığı zamanı İranlı Əmir təklif etmişdir ki, onun Bakı şəhərinə göndərdiyi və Cavadxan küçəsində qoydurduğu narkotik maddə qurudulmuş marixuana bağlamasını həmin yerdən gedib götürsün, satandan sonra pulundan özünə də qazanc götürsün, həmçinin onun da pulunu göndərsin. Pulun məbləği barədə aralarında dəqiq danışıq olmamış, sadəcə razılaşmışlar ki, satılandan sonra pul barədə danışacaqlar. Özü də İranlı Əmirin bu təklifinə etiraz etməyib onunla razılaşmışdır. Lakin özlüyündə belə bir fikri olmuşdur ki, həmin narkotiki götürəndən sonra Əmirlə əlaqəni kəsəcək, narkotikdən özü çəkib istifadə edəcək. Bundan sonra 21 yanvar 2023-cü il tarixdə axşam saat təxminən 20:30 radələrində özü İranlı Əmirin dediyi yerə, yəni Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsinə gedib orada olan «Adana» restoranının yaxınlığındakı yol kənarı ara yerdən həmin marixuana olan bağlamanı götürmüşdür. Marixuana bağlaması oraya qara sellofan torbada üzərisi skotçlanmış vəziyyətdə qoyulmuşdur. Həmin sellofan torbanı əlinə götürəndən sonra oradan uzaqlaşmaq üçün hərəkət etməyə başlamış, az bir neçə dəqiqə keçməmiş elə Cavadxan küçəsində əlində həmin torba ilə olduğu zaman özünə tərəf kənardan üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış, həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduğunu bildirmişlər, xidməti vəsiqələrini də göstərmişlər və ondan anket məlumatlarını soruşmuşlar. Özünü təqdim edib anket məlumatlarını söyləmiş, sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə özlərində məlumat olduğunu deyib onunla bağlı əməliyyat-axtarış tədbiri keçirildiyini söyləmişlər, özlərində olan bu barədə qərarla onu tanış etmişlər. Həmçinin ondan üzərində bu kimi maddələr olub-olmadığı soruşmuşlar, özü də səmimi şəkildə bildirmişdir ki, əlindəki qara torbada marixuana bağlaması vardır. Bundan sonra polis əməkdaşları onu özləri ilə Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib gətirmişlər. Həmin idarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilərək özünə təqdim olunmuş, heç bir etiraz etməmiş və şübhəli şəxs qismində tutulmuşdur, Özünə hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlanmış, təklif olunmuşdur ki, üzərində olan əşyaları, eləcə də qanunsuz saxladığı narkotik vasitə və psixotrop maddələr varsa çıxarıb təqdim etsin. Özü də əlində saxladığı, içərisində marixuana bağlaması olan qara sellofan torbanı təqdim etmiş, həmçinin şalvarının ciblərindəki özünə məxsus olan 01 ədəd «Samsung» markalı mobil telefonu, 15 manat şəxsi pulunu və 02 ədəd bank kartını və 01 ədəd metro kartını da baxışa təqdim etmişdir. Polis əməkdaşları özləri də onun üst-başını yoxlamış, başqa qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşı onun təqdim etdiyi həmin 01 ədəd qara sellofan torbanın içindəki marixuana bağlamasını çıxartmış, üzəri skoçlanmış həmin sellofan bağlama açılıb baxılmış və marixuana aşkar edilmişdir. Sonra isə götürülüb qablaşdırılmışdır. Özü də həmin marixuananı İranlı şəxsin vasitəsi ilə əldə etdiyini səmimi danışıb bildirmişdir. Polis əməkdaşı onun 01 ədəd metro kartını və 15 manat pulunu özünə qaytarmış, 01 ədəd «Samsung» markalı mobil telefonunu və 02 ədəd bank kartını isə iş üzrə əhəmiyyət kəsb etdiyini bildirərək götürmüşdür. Özünün istifadə etdiyi mobil nömrəsi (051) ***-**-** saylı nömrədir, həmin nömrə ilə danışıqlar aparmış, başqa mobil nömrəsi yoxdur. İranlı Əmir ona sadəcə bildirmişdir ki, həmin marixuana bağlamasını onun qoydurduğu yerdən gedib götürsün, satışını təşkil edəndən sonra aralarındakı pul qazancı barədə sonra danışacaqlar. Lakin dəqiq məbləğ barədə hələlik danışmamışlar. Əmir hətta ona demişdir ki, marixuana ilə yanaşı ola bilsin oraya başqa növ narkotiklərdən də qoyduracaqdır, lakin yalnız marixuana qoydurmuşdur. Lakin marixuananı götürəndən sonra özünün fikri onu özü çəkib qəbul etmək, İranlı Əmirlə əlaqəsini kəsmək niyyəti olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış keçirilərkən özünə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü həmin Əmir adlı şəxslə heç vaxt üzbəüz görüşməmiş, sadəcə mobil telefonda WhatsApp proqramı ilə danışmış, görüntülü danışığı da olmamışdır. Adını da heç dəqiq bilmir. Onun mobil nömrəsi hazırda əzbər olaraq dəqiq yadında deyil, mobil telefonunun yaddaşında da qeyd etməmişdir. Sadəcə WhatsAppla ona zəng edəndə adı «Əmir» kimi ekrana çıxmışdır. Özü onu heç dəqiq tanımır. Onun həmin narkotiki hansı şəraitdə, kimlərin vasitəsi ilə göndərdiyi və ya Cavadxan küçəsinə qoydurduğu da özünə məlum deyil, bu barədə Əmir ona ətraflı bildirməmişdir. Qeyd edilən narkotik vasitəni əldə edərkən və saxlayarkən özü tək olmuş, bu işdə başqa heç kimin iştirakı və rolu olmamışdır. Özü arabir narkotik vasitə qurudulmuş marixuana çəkib qəbul edir. Heç vaxt ruhi- psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir (cild 1, iş vərəqi 66-71) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bu kimi maddələri satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə saat 20:42-də ünvan 2 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs da əlində saxladığı qara sellofan torbanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, həmçinin şalvarının ciblərindəki özünə məxsus əşyaları, yəni 01 ədəd «Samsung» markalı mobil telefonunu, 15 manat şəxsi pulunu, 02 ədəd plastik bank kartlarını və 01 ədəd metro kartını çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin qara sellofan torbanın içərisinə baxış keçirilmiş və onun içindən digər 01 ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlama açılıb baxış keçirildikdə onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən və həmin idarədə olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz təsir göstərilməmiş, belə hallara yol verilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 24-25). Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (ay) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 85-86). Şəxsi axtarış və götürmə aparılması haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə saat 20:42-də ünvan 1 ünvanın yaxınlığında müəyyən edilib saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət olunduqdan sonra orada həmin gün saat 22:49-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əlində saxladığı və təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbada olan 01 ədəd qara rəngli sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib qablaşdırılmaqla götürülmüşdür. (cild 1, iş vərəqi 27-30). Məhkəmə-bioloji ekspertiza üzrə 22 yanvar 2023-cü il tarixli 7/87 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli sellofan torbada olan 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” yazıları və imzalar olan, üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 3050,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; Təmiz çəkisi 3050,0 qram olan marixuananın 0,1 qramı tədqiqata sərf edildikdən sonra qalıq 3049,9 qram marixuana qalmışdır. (cild 1, iş vərəqi 41-45). Məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2023-cü İl tarixli 2015 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən, məcburi narkoloji tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 134-135). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 147). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyi 2 kq narkotik vasitə olan marixuana olduğunu, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 3 kq 50 qram narkotik vasitəni videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, 2 kq narkotik vasitəni tanımadığı iranlı şəxsdən uzun müddətli öz şəxsi istiadəsi üçün aldığını, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmiş və ona qarşı irəli sürülən ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş və əməlindan peşiman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 21 yanvar 2023-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 21 yanvar 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəəyən edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə Respublika Baş Prokurorluğundan daxil olmuş məlumatın yoxlanılması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı qeyd olunan xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 131-133) . Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdardaümumi təmiz çəkisi 3050,0 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, iş, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş narkotik vasitə marixuananın ümumilikdə təmiz çəkisi 3050,0 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirlən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 21 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 21 yanvar 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-bioloji ekspertizası üzrə 22 yanvar 2023-cü il tarixli 7/87 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3050,0 qram narkotik vasitə olan qurudulmuş marixuana kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda qalıq 3049,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və gütürmə aparılması video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda qalıq 3049,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və gütürmə aparılması video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-329/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-329/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver