Məhkəmə qərarları › İş №1(101)-330/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-330/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-330/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri X5 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarənin Ağır cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmmədoviçin, zərər çəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 2002-ci ildə Ağsu rayonu, Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Kalva kəndində pasport qeydiyyatında olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Xəzri Yaşayış massivi Əkinçi küçəsi 126-da həmin küçə sakini Zərərçəkmiş şəxs həmin gün 55 № xətt marşrutu üzrə hərəkət edən İsuzi markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusda onu təpiklə qarnından vurması və onun ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun başına bir dəfə yumruqla vurub onu yerə yıxaraq yerdən götürdüyü daşla başına və sifətinə bir neçə dəfə vuraraq, daha sonra yumruqla bədənin müxtəlif nahiyyələrinə yumruqla vuraraq sol və sağ kürək nahiyyələrinin, onurğanın, bel-oma şöbə oynağının proyeksiyasının sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən, sol gözətrafının hematoması yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül və qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sol gicgah sümüyünün pullu hissəsinin qəlpəli basılmış, alın sümüyünün solda tac tikişinin basılmış, sol göz yuvası alt divarının, alın payının sol hissəsinin intraparenximatoz hematoması, sol gicgah nahiyyəsinin yarası kimi xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 10-11 radələrində dostu Orxanla birlikdə Sumqayıt şəhərinə, ona paltar almağa getmişlər. Həmin gün saat 16:00 radələrində Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzindən H.Z.Tağıyev qəsəbəsinə qayıtmaq üçün 55 №li mikroavtobusun dayanacağında avtobus gözləyən vaxt onlarla bir yaşayış massivində yaşayan Laçınla onun qohumu Səbuhi də onların yanına dayanacağa gəlmişlər. Sonra onlar 55 nömrəli marşrut avtobusuna minmişlər. Onlardan sonra isə avtobus tərpənməyə başlayanda onlarla eyni yaşayış massivində yaşayan Kamran da avtobusa minmişdir. Onlar avtobusun arxa sərnişin oturacaqları tərəfə getmişlər. Uşaqlar arxa oturacaqda əyləşmişlər, onunla Kamran isə ayaq üstə dayanmışlar. Avtobus dayanacaqda olan zaman o, uşaqlarla zarafat etmiş və uşaqlardan kiməsə dəli, gic kimi sözlər demişdir. Həmçinin onlar dayanacaqda olarkən o Xəyalla telefonla “Vatsapla” zəng vurub danışıb onunla zarafat edərək dənizdə olduğunu, onun da dənizə gəlməsini demiş, Xəyal ona inanmadığı üçün, o da onu onu müxtəlif bəhanələrlə inandıraraq ona “dəli” və “gic” sözlərini demişdir. O, Xəyalla danışarkən onunla söyüşlə danışmamışdır. O, uşaqlarla zarafat edib onlara “dəli” və “gic” sözləri dediyi üçün qabaq tərəfdən bir nəfər oğlan, adını sonradan bildiyi Zərərçəkmiş şəxs arxaya onların yanına gələrək kimin nalayiq söz işlətdiyini soruşmuş, o da Müşfiqə sözü onun işlətdiyini bildirib nəsə problem olmasını bildirmişdir. O Müşfiqə demişdir ki, “dəli” və “gic” sözündə nə var ki? Müşfiq də ona normal danışmasını demişdir. Beləliklə onların aralarında mübahisə yaranmış, Müşfiq onun boğazından tutub sıxıb itələmiş, o da Müşfiqin qarnından təpiklə vurmuşdur. Həmin vaxt uşaqlar və avtobusda olan digər şəxslər onlara dalaşmağa imkan verməmişlər. Müşfiq sürücüyə qışqırmışdır ki, avtobusu saxlasın. Müşfiq ona yerə düşmələrini demiş, o da düşməyəcəyini demişdir. Sonra avtobusda olan qadınlar, Müşfiqi sakitləşdirmişlər. Sonra avtobus hərəkətə başlamışdır. Müşfiq də gedib həyat yoldaşının yanında əyləşmişdir. O isə arxa oturacaq tərəfdə ayaq üstə durmuşdur. O, avtobusda oturan vaxt söyüşlə onu təhqir edib demişdir ki, onun başını kəsəcək. Onun söyüş söyməyi ona pis təsir etmişdir. O yolda Xəyala yenə ”Votsap” proqramı ilə zəng edib demişdir ki, o 55 nömrəli marşrutdadır, dənizə gəlməsin, dayanacağa gəlsin, Xəyal isə ona demişdir ki, artıq dayanacaqdadır. X12 yaşayış massivinin içərisində avtobusa minmiş, onların yanına gəlmişdir. Saat 16:30 radələrində avtobus “55” adlanan ərazinin son dayanacağına çatanda hamı avtobusdan düşmüş, sonra o, Müşfiqə onu gözlədiyini deyib gəlib-gəlməyəcəyini soruşmuşdur. Müşfiq də ona onu gözləməsini, qayıdacağını bildirmişdir. Sonra Müşfiq həyat yoldaşı ilə avtobusdan düşüb getmişdir. O, avtobusdan düşdükdən sonra ilk öncə Müşfiqin getdiyi istiqamətə baxmışdır. Həmin vaxt Müşfiq Xəzri yaşayış massivində yaşayan Qorxmaz adlı oğlandan nəsə soruşmuş, sonra Qorxmaz onun yanına gəlib mübahisə barədə nəsə soruşmaq istəyəndə ona «sənlik deyil, get işinlə məşğul ol» sözünü demişdir. Bundan sonra o “Qayalı” marketin yanında uşaqlarla birlikdə, yəni, Xəyal, Kamran, Laçın, Səbuhi, Orxanın yanında turbanın üstündə oturub Müşfiqi gözləmişdir. Təxminən 5 dəqiqə keçəndən sonra o, Müşfiqin gəlmədiyini görüb onun arxasınca getmişdir. Uşaqlar da onun arxasınca getmişlər. O Müşfiqin yaşadığı məhəlləyə tərəf getmiş, həmin vaxt Müşfiq də yanında bir nəfər təxminən 13-14 yaşlı uşaqla birlikdə ona tərəf gəlmişdir. O Müşfiqin paltarını dəyişib gəldiyini görmüş, Müşfiq gələndə yenə onu nalayiq söyüşlərlə təhqir etməyə başlamış və o düşünmüşdür ki, çatan kimi Müşfiq onu vuracaq, bu səbəbdən Müşfiq onu söydüyü üçün və onun onu vurmasını düşündüyü üçün Müşfiq ona çatan kimi o, onu yumruqla başından bir dəfə vurmuşdur. Müşfiq zərbənin təsirindən yerə yıxılmış, o da əsəbiləşdiyi üçün Müşfiqin üstünə uzanıb yerdən daş götürüb daşla 3-4 dəfə onun başına vurmuşdur. Müşfiqin başı qanadığı üçün o, onun üstündən ayağa durmuşdur. Müşfiq də ayağa durub onun üstünə cummuş, onun belinə girib divara dirəmiş, o da onun boynunu qoltuğuna salmış, Müşfiq onu, o da Müşfiqi yumruqla vurmuşlar. Sonra o, Müşfiqi buraxıb kənara itələmişdir. Lakin Müşfiq ondan aralaşmamış, həmin vaxt oraya toplaşmış uşaqlardan Xəyalla Kamran onları aralaşdırmışdır. O, Müşfiqin başının, sifətinin qan içində olduğunu görüb qorxub qaçıb getmiş, onun arxasınca gələn uşaqlarda onun dalınca qaçmışlar. Hadisə yerindən təxminən 10 metr aralaşdıqdan sonra o, görmüşdür ki, onun “Samsung J3” markalı telefonu üstündə yoxdur, həmin vaxt Xəyal gedib hadisə yerindən telefonunu götürüb gətirmiş və onlar qaçıb getmişlər. Sonra eşitmişdir ki, Müşfiq xəstəxanaya müraciət etmiş və onun barəsində polisə şikayət etmişdir. Onu Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə çağırmışlar, o da polis bölməsinə getmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi, önün səmimi etirafı ilə yanaşı aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 12 radələrində o, həyat yoldaşı Ayşənlə azyaşlı uşaqlarına paltar almaq üçün Sumqayıt şəhərinə, bazara getmişlər. İşlərini bitirdikdən sonra saat 16:00 radələrində Sumqayıt şəhəri ərazisində qeydiyyat nişanına fikir vermədiyi bənövşəyi rəngli 55 №li mikroavtobusa minmişlər ki, H.Z.Tağıyev qəsəbəsinə yaşadıqları evə gəlsinlər. Onlar marşruta minəndən təxminən 5-10 dəqiqə sonra marşrut sərnişinlə dolmuş, o yoldaşı Ayşənlə marşrutun arxa tərəf qoşa oturacağında əyləşmişlər. Marşrut hərəkətə başlamamışdan əvvəl avtobusun arxa tərəfində əyləşmiş 3-4 nəfər cavan oğlanlar bir-biri ilə nalayiq sözlər danışaraq zarafat etmişlər, bir-birinin ünvanına nalayiq sözlər demişlər və onların səsi avtobusda tam aydın şəkildə eşidilmişdir. Marşrutda yoldaşı və digər qadınlar olduğu üçün o, bir dəfə arxa tərəfə çönərək oğlanlara nalayiq sözlər danışmamalarını, avtobusda qadın olmasını bildirmiş, lakin həmin uşaqlar ona əhəmiyyət verməyərək öz aralarında nalayiq sözlər danışaraq zarafat etmişlər. O, onların hərəkətinə əsəbləşərək yenidən ayağa qalxıb uşaqlara iradını bildirmək istəyəndə, avtobusda olan qadınlar düşüb onlara su almağını xahiş etmişlər, ona görə o, avtobusdan enib dayanacağın yanındakı dükandan qadınlara su almış, təxminən 1-2 dəqiqə sonra avtobusa qayıdanda görmüşdür ki, yenə oğlanlar şit-şit zarafat etməkdə, tərbiyyəsiz sözlər danışmaqda davam edirlər. Ona görə üzünü həmin uşaqlardan tanıdığı qəsəbədə bərbər işləyən Cavidanın qardaşına tutub ona “qaqaş biraz abırlı danışın, avtobusda qadın var, sizin də ananız bacınız var, sizin də qohumunuz avtobusda ola bilər” sözünü demişdir. Cavidanın qardaşı Ceyhun ona “qaqaş yox, adım Cekadır” sözünü demişdir. O da Ceyhuna “sənə başqa söz demirəm, deyirəm tərbiyəsiz sözlər danışmayın, sən nə danışırsan” sözünü demişdir. Həmin vaxt Ceyhun ona yaxınlaşıb alnını başına dirəyib “ne deyirsən” sözünü demiş, o da əli ilə onun sinəsindən tutub itələmişdir. Ceyhun avtobusun sonuncu oturacaq yerində olduğu üçün onlardan bir pillə yuxarıda olmuşdur. O onu itələyəndə Ceyhun onu təpiklə qarın hissəsindən bir dəfə vurmuşdur. O da qarşılıqlı olaraq ona təpik atmışdır. Belə onların aralarında mübahisə baş vermiş, Ceyhun avtobus sürücüsünə qışqıraraq avtobusu saxlamasını demiş, ona görə də sürücü avtobusu dayandırmış, onunla Ceyhun yaxalaşmaq istəyəndə avtobusda olan şəxslər onlara dalaşmağa imkan verməmişlər və avtobusda olan tanımadığı qadınlar Ceyhunu və yanında olan oğlanları tənbeh etməyə başlayaraq “bayaqdan abırsız abırsız danışırsız, adamın tərbiyyəsi olar, sizin də ananız, bacınz var” sözünü demişlər. Sonra dostları Ceyhunu sakitləşdirib oturtmuşlar, o da həyat yoldaşının yanında əyləşmiş və bundan sonra avtobus hərəkətə başlamışdır. Ceyhun və onun yanında olan dostları hamının eşidəcəyi dərəcədə öz aralarında ona sataşacaq sözlər demişlər, lakin o onlara əhəmiyyət verməmişdir. Ceyhun marşrutda olan zaman telefonla kimlərəsə zəng edərək avtobusun olduğu yer barədə məlumat vermiş və danışdığı şəxslərə yola çıxmalarını, onun dediyi ünvana gəlmələrini, hətta bir nəfərə o şeyi də özü ilə götürməsini bildirmişdir. Xəzri bağları ərazisindən onlar olduqları marşruta təxminən 3 nəfər cavan oğlanlar avtobusa minib Ceyhunun yanına getmişlər. 55 №li avtobusun son dayanacağında düşəndə təxminən 7-8 nəfər Ceyhunla bərabər oğlan görmüş, lakin onların kimliyinə fikir vermədən həyat yoldaşı Ayşən və qonşuları Səbinə ilə avtobusdan düşüb evlərinə tərəf getmişlər, Ceyhun isə arxadan uca səslə onun ünvanına “səni gözləyirik, qayıdarsan” sözünü demiş, lakin o, yenə əhəmiyyət verməmişdir. Onlar evləri istiqamətdə gedən vaxt adını sonradan bildiyi Qorxmaz adlı oğlan qarşılarına çıxmış, o Qorxmazdan həmin uşaqların kim olduğunu soruşmuşdur. Həmin vaxt Ceyhun Qorxmazın üstünə qışqırıb “sən kim olmusan, bizdən məlumat verirsən” sözünü demişdir. Qorxmaz da onlara heç nə deməyib çıxıb getmişdir. O, isə Ayşənlə evlərinə getmişlər. O, evdə olduğu üçün paltarını dəyişib ev paltarını geyinmişdir. O, paltarını dəyişdikdən sonra Ceyhun yaşadığı evin qapısını döymüş, o da evin pəncərəsindən baxıb görmüşdür ki, Ceyhun evin qapısını döyür, evin digər tinində isə Ceyhunla gələn uşaqlar yığışmışdır. O, Ceyhuna gözləməsini və gələcəyini demişdir. Ceyhun da həmin uşaqlarla bir az kənara çəkilib onu gözləmişlər. O evdən Ceyhungil tərəfə gələndə qonşusu Mehrac da onun yanında gəlmiş, lakin o, çörək almağa getmişdir. O, onlara tərəf yaxınlaşanda Ceyhun onlardan aralaşıb ona tərəf getmiş və ona çatan kimi «bayaq nə tolkovat edirdin» sözünü deyib bir dəfə yumruqla başından, yəni sol qulağının arxasından vurduqdan sonra, o yerə yıxılmış, həmin vaxt adını sonradan bildiyi Xəyalla Ceyhun birlikdə onun hərəsi bir ayağından tutub dartıb kənara çəkmək istəmişlər ki, qonşu pəncərədən onları görməsinlər. Lakin o müqavimət göstərib onların onu yerlə sürümələrinə imkan verməmiş, yerdən çınqıl götürüb onların üstünə atmış, onlar da onu buraxmışlar. O, ayağa qalxıb, Ceyhunun üstünə cummuş, Ceyhunun belindən tutub onu divara dirəmiş, Ceyhunla bir birlərini yumruqla vurmağa başlamışlar. Həmin vaxt Xəyal onu arxadan tutub kənara itələyib yıxmış və Ceyhunla birlikdə onu təpiklə vurmağa başlamışlar. Oraya yığışmış uşaqlardan kimsə bəsdi bəsdi deyə qışqırmışdır. Onlar da onu buraxıb qaçıb getmişlər. O da onların arxasınca qaçmaq istəmiş, lakin görmüşdür ki, qan içindədir və özünü pis hiss edir, ona görə də geri qayıtmışdır. O, evə tərəf qayıdanda, Gülüstan xala onun yanına gəlmiş, o, bir təhər Gülüstün xala ilə evlərinə tərəf getmiş, lakin özündə olmamış, ayaq üstə dayana bilməmiş, qusmaq istəmişdir. Gülüstan xala qoluna girib onu evlərinə aparmış, evdə yoldaşı ona ilkin yardım etmiş, lakin başının qanını kəsə bilmədiklər üçün təcili yardım çağırmışlar və onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasına üzürlü səbəblərdən gələ bilməyən və bu barədə məhkəməyə ərizə ilə müraciət edən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilərkən onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə oxşar və onunla eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o Sumqayıt şəhəri 8-ci mikrorayon, ev 10V, mənzil 52-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Xəmsə küçəsi fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanımaqla onunla bir massivdə yaşayır, münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, onu hadisə baş verdikdən sonra tanımışdır. xx xxx 2020-ci il tarixdə təxminən saat 15-16 radələrində o evdə olarkən Ceyhun onun mobil nömrəsinə “Votsap” proqramı ilə mesaj yazıb demişdir ki, Sumqayıtdadır, Orxanla birlikdə dənizdədir, gəlsin dənizə. O da ona inanmış, evdən çıxıb Sumqayıt H.Z.Tağıyev qəsəbəsi, Xəzər Bağları massivi ərazisində, Teymurun mağazasının yanında 30 №li marşrut avtobusunu gözləməyə başlamışdır ki, minib Sumqayıt şəhərinə Ceyhungilin yanına dənizə getsin. O avtobusu gözləyərkən görmüşdür ki, Ceyhun 55 №li marşrut avtobusundan əl eləyib onu çağırmışdır. O da həmin marşrut avtobusuna minmişdir. O, avtobusa minib görmüşdür ki, tanışları Ceyhun, Orxan, Kamran, Laçın avtobusdadırlar. O avtobusda olarkən bilmişdir ki, Ceyhun avtobusla gələrkən adını sonradan bildiyi Müşfiq adlı şəxslə dalaşmışdır. O, avtobusda olarkən Ceyhunla Müşfiq bir-birləri ilə mübahisə etmişlər. Ceyhun da Müşfiqə avtobusdan düşəndə söhbət edəcəklərini demişdir. 55 №li marşrutun son dayanacağında, yəni “Qayalı” marketin qarşısında onlar hamısı avtobudan düşmüşlər, həmçinin avtobusla gələn Müşfiq də yanındakı xanımı ilə birlikdə avtobusdan düşmüşdür. O, avtobusdan düşərkən Ceyhun ona gəlib-gəlməyəcəyini soruşub onu gözləyəcəyini demişdir. Müşfiq də Ceyhuna “gözlə gəlirəm” sözünü demişdir. Ceyhun avtobusdan düşdükdən sonra ilk öncə Müşfiqin getdiyi istiqamətə baxmışdır. Həmin vaxt Müşfiq Xəzri yaşayış massivində yaşayan Qorxmaz adlı oğlandan nəsə soruşarkən Ceyhun aralıdan qışqıraq “sənlik deyil, get işinlə məşğul ol” sözünü demişdir. Ondan sonra Ceyhun “Qayalı” marketin yanında onlarla birlikdə, yəni, o, Kamran, Laçın, Orxanın yanında turbanın üstündə oturub Müşfiqi gözləmişdir. Təxminən 5 dəqiqə keçəndən sonra Ceyhun Müşfiqin arxasınca getmiş, onlar da yəni, o, Kamran, Laçın onun arxasınca getmişlər. Orxan həmin vaxt dükana su almağa getmişdir. Onlar Ceyhunun arxasınca Müşfiqin yaşadığı məhəlləyə tərəf getmişlər. Həmin vaxt Müşfiq də yanında bir nəfər təxminən 13-14 yaşlı uşaqla birlikddə Ceyhuna tərəf gəlmişdir. Müşfiq Ceyhunun yanına gələn kimi onlar bir-birlərini söymüşlər, bu səbəbdən Ceyhun Müşfiq ona çatan kimi yumruqla onun başından bir dəfə vurmuşdur. Müşfiq zərbənin təsirindən yerə yıxılmış, Ceyhun Müşfiqin üstünə uzanıb yerdən daş götürüb daşla bir neçə dəfə onun başına vurmuşdur. X9 altından çıxıb onun üstünə cummuş, onun belinə girib onu divara dirəmiş, Ceyhun da onun ortasından tutub bir birlərini vurmuşlar. Həmin vaxt onlar Müşfiqin başının və sifətinin qan içində olduğunu görüb onunla X6 aralaşdırmışlar. O, Ceyhunu kənara çəkmiş, Kamran isə Müşfiqi kənara çəkmişdir. Həmin vaxt Ceyhun Müşfiqin qan içində olduğunu görüb qaçıb getmiş, onlar da Ceyhunun arxasınca qaçmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, Nərimanov küçəsi, Yat-7də qeydiyyatda olmaqla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Xəmsə küçəsi, ev 316-da ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onunla bir yaşayış massivində yaşayır, münasibətləri normaldır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 16 radələrində o yaşadığı evə getmək üçün Sumqayıt şəhəri 34cü məhəllə ərazisində 55-nömrəli marşrut avtobusuna minmişdir. O avtobusa minəndən avtobusda onunla bir massivdə yaşayan Ceyhun, Orxan, Laçın və Laçının qohumu Səbuhi avtobusda olmuşlar. Onlar avtobusun arxa oturacağında əyləşmişlər. Ceyhun isə ayaq üstə olmuşdur. O da Ceyhunun yanına getmiş, ayaq üstə onun yanında dayanmışdır. Avtobus yolda gedərkən Ceyhun onlarla zarafat etmiş və onlara dəli, gic kimi sözlər demişdir. Ceyhun onlarla zarafat edib onlara “dəli” və “gic” sözləri dediyi üçün qabaq tərəfdən bir nəfər oğlan, adını sonradan bildiyi Zərərçəkmiş şəxs arxaya onların yanına gələrək kimin nalayiq söz danışdığını bildirmiş, Ceyhun həmin Müşfiqə sözü onun işlətdiyini bildirib nəsə problem olmasını soruşmuşdur. Ceyhun Müşfiqə “dəli” və “gic” sözündə nə var deyərək başını Müşfiqin sifətinə yaxınlaşdırıb Müşfiqə bozarmışdır. Müşfiq də Ceyhuna normal danışmağını demişdir. Beləliklə onların arasında mübahisə yaranmış, Müşfiq Ceyhunun boğazından tutub kənara itələmiş, Ceyhun isə Müşfiqin qarnından təpiklə vurmuşdur. Həmin vaxt onlar və avtobusda olan digər şəxslər onların dalaşmasına imkan verməmişlər. Ceyhun sürücüyə qışqıraraq avtobusu dayandırmasını, düşüb yerdə söhbət etmələrini bildirsə də, avtobusda olan insanlar onları sakitləşdirmişlər. Müşfiq də gedib yoldaşının yanında əyləşmişdir. Daha sonra Ceyhun avtobusda olarkən Xəyala zəng edib ona “55 nömrəli marşrutdayam, hardasan, gəlmirsən dayanacağa” sözünü demiş, sonra avtobus yaşayış massivin içərisi ilə gedərkən Xəyal onların olduqları avtobusa minmişdir. Saat 16:40 radələrində avtobus “55” adlanan ərazinin son dayanacağına çatanda hamı avtobusdan düşmüş, sonra Ceyhun Müşfiqə «səni gözləyim» sözünü deyib onun gəlib-gəlməyəcəyini soruşmuşdur. Müşfiq də Ceyhuna onu gözləməsini, qayıdacağını bildirmişdir. Sonra Müşfiq həyat yoldaşı ilə avtobusdan düşüb getmişdir. Ceyhun avtobusdan düşdükdən sonra ilk öncə Müşfiqin getdiyi istiqamətə baxmışdır. Həmin vaxt Müşfiq Xəzri yaşayış massivində yaşayan Qorxmaz adlı oğlandan nəsə soruşarkən Ceyhun aralıdan qışqıraq “sənlik deyil, get işinlə məşğul ol” sözünü demişdir. Ondan sonra Ceyhun “Qayalı” marketin yanında onlarla birlikdə, yəni, o, Xəyal, Laçın, Orxanın yanında turbanın üstündə oturub Müşfiqi gözləmişdir. Təxminən 5 dəqiqə keçəndən sonra Ceyhun Müşfiqin gəlmədiyini görüb onun arxasınca getmiş, onlarda yəni, o, Xəyal, Laçın onun arxasınca getmişlər. Orxan həmin vaxt dükana su almağa getmişdir. Onlar Ceyhunun arxasınca Müşfiqin yaşadığı məhəlləyə tərəf getmişlər. Həmin vaxt Müşfiq də yanında bir nəfər təxminən 13-14 yaşlı uşaqla birlikdə onlara tərəf gəlmişdir. Müşfiq Ceyhunun yanına gələn kimi onlar bir-birlərini nəsə demişlər, bu səbəbdən Ceyhun Müşfiqi yumruqla başından bir dəfə vurmuşdur. Müşfiq zərbənin təsirindən yerə yıxılmış, Ceyhun Müşfiqin üstünə uzanıb onu vurmağa başlamışdır. X9 altından çıxıb onun üstünə cumub onu divara dirəmiş, Ceyhun da onun ortasından tutub bir birlərini vurmuşlar. Həmin vaxt Müşfiqin başının və sifətinin qan içində olduğunu görüb Xəyalla birlikdə Ceyhunla Müşfiqi aralamışlar. O, Müşfiqi, Xəyal isə Ceyhunu kənara çəkmişdir. Həmin vaxt Müşfiq yenə Ceyhunun üstünə cummaq istəmiş, Ceyhun onun qan içində oladuğunu görüb qaçıb getmiş, onlar da Ceyhunun arxasınca qaçmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Rafayıl oğlu və Şahid4 Şahid7lə eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərkən onun Şahid7 ifadəsinə oxşar ifadə verdiyi müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zəngilan rayonu Gilətağ kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ev 124-də ailəsi ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs onun qonşu olmaqla, onunla münasibəti normal olmuş, Təqsirləndirilən şəxs tanımamışdır. xx.xx.2020-ci il tarixdə saat 16:45 radələrində evdə olarkən küçədən səs eşitmiş və evin pəncərəsindən çölə baxarkən küçədə təxminən 10 nəfər adamın yığışdığını və bir nəfər adını sonradan bildiyi Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs başına əli ilə zərbi vurduğunu, Müşfiqin yerə yıxıldığını, Ceyhunun yerdə də Müşfiqi vurduğunu, daha sonra Müşfiqin ayağa qalxıb Ceyhunun üstünə cumub onun ortasından tutub divara dirədiyini, Ceyhunun da Müşfiqi vurduğunu görmüşdur. Sonra orada olan uşaqlar onları aralaşdırmış və onlar qaçıb çıxıb getmişlər. Müşfiq evə tərəf gələrkən o görmüşdür ki, Müşfiqin başının arxa tərəfindən qan axır, başı sifəti qan içindədir. Sonra qonşuları Gülüstan xala ilə Müşfiqi evlərinə aparmışlar. Müşfiqin vəziyyəti pis olmuş, onlar onun qanını dayandıra bilmədikləri üçün təcili yardım çağırmışlar və Müşfiqi xəstəxanaya aparmışlar. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 613 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində QKBT, baş beyin əzilməsi, sol gicgah sümüyünün pullu hissəsinin qəlpəli basılmış, alın sümüyünün solda tac tikişinin önündə basılmış, sol göz yuvası alt divarının, alın sümüyünün horizontal səhvəsinin solda göz yuvasının üst divarının sınıqları, alın payının sol hissəsinin intraparenximatoz hematoması, sol gözərafının hematoması, ənsənin sol hissəsinin yarası, sol və sağ kürək nahiyyələrinin, onurğanın, bel-oma şöbə oynağını proyeksiyasının sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx xxx 2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə - QKBT, baş beyin əzilməsi, sol gicgah sümüyünün pullu hissəsinin qəlpəli basılmış, alın sümüyünün solda tac tikişinin önündə basılmış, sol göz yuvası alt divarının, alın sümüyünün horizontal səhvəsinin solda göz yuvasının üst divarının sınıqları, alın payının sol hissəsinin intraparenximatoz hematoması, sol gicgah nahiyyəsinin yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, sol gözərafının hematoması, yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya, sol və sağ kürək nahiyyələrinin, onurğanın, bel-oma şöbə oynağını proyeksiyasının sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş əlavə məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020ci il tarixli, 41/613 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində QKBT, baş beyin əzilməsi, sol gicgah sümüyünün pullu hissəsinin qəlpəli basılmış, alın sümüyünün solda tac tikişinin önündə basılmış, sol göz yuvası alt divarının, alın sümüyünün horizontal səhvəsinin solda göz yuvasının üst divarının sınıqları, alın payının sol hissəsinin intraparenximatoz hematoması, sol gözərafının hematoması, ənsənin sol hissəsinin yarası, sol və sağ kürək nahiyyələrinin, onurğanın, bel-oma şöbə oynağını proyeksiyasının sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx xxx 2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə - QKBT, baş beyin əzilməsi, sol gicgah sümüyünün pullu hissəsinin qəlpəli basılmış, alın sümüyünün solda tac tikişinin önündə basılmış, sol göz yuvası alt divarının, alın sümüyünün horizontal səhvəsinin solda göz yuvasının üst divarının sınıqları, alın payının sol hissəsinin intraparenximatoz hematoması, sol gicgah nahiyyəsinin yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, sol gözərafının hematoması, yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya, sol və sağ kürək nahiyyələrinin, onurğanın, bel-oma şöbə oynağını proyeksiyasının sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər beşbarmaqla, eləcə də daşla vurulma nəticəsində əmələ gələ bilərdi. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1365 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstələyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs təsvir olunan əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəktlərini dərk etmək və onlara rəhbərlik etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Bu səbəbdən Təqsirləndirilən şəxs prosesual fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Hövsələsizlik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, tənqidə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixoloji xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisəni, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillik əlamətləri aşkar olunmadı. Cinayət işinə əlavə olunmuş notaril qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmışdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Zərərçəkmiş şəxs müalicəsi üçün maddi yardım göstərməsini və onunla barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edib, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha az müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, ona təyin ediləcək cəzanın əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçıkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün ona təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar