Məhkəmə qərarları › İş №1(101)-332/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-332/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-332/2022 05.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Təqsirləndirilən şəxs İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müadfiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 187,297 qram çəkidə narkotik vasitə heroini və 0,023 qram çəkidə psixotrop maddə metafetamini əldə edib, narkotik vasitə heroini yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evində, psixotrop maddə metafetamini isə üzərində saxlayaraq daşımış, 14 iyun 2021-ci il tarixdə, saat 15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Xətai RPl-nin 34-cü Polis Bölməsinə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,023 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, əməliyyat-axtarış tədbirləri davam etdirilərək yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi 57 ünvanda yerləşən evinə baxış keçirilərkən isə evin yataq otağından bir ədəd sellofan torbanın içərisində dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 47,095 qram; 47,240 qram; 46,883 qram; 46, 079 qram; ümumi təmiz çəkisi 187,297 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cümaddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitələr qəbul edir. Əvvəllər fərdi əməklə məşğul olaraq maddi cəhətdən olan ehtiyaclarını təmin etmiş, lakin narkotik vasitələrin aludəçisi olması onu pis vəziyyətə salmışdır. Bir müddət sonra psixotrop maddə metafetamin qəbul etməyə başlamışdır. «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən İsi adlı şəxslə tanış olmuş, onunla sosial şəbəkədə danışmış, ona maddi cəhətdən çətinlik çəkdiyini bildirmişdir. İsi narkotik vasitələrin satışı ilə məşğul olduğunu, ona da sata biləcəyini, əldə etdiyi narkotik vasitələri sataraq gəlir əldə edə biləcəyini demiş, həmin vaxt maddi cəhətdən çətinlik çəkdiyindən İsi ilə razılaşaraq ondan narkotik vasitə almaq istədiyini bildirmişdir. 2021-ci ilin may ayında İsinin göndərdiyi "xxxx"a aid hesab nömrəsinə borca 700 (yeddi yüz) manat pul götürüb göndərmiş və əvəzində ondan 50 qram çəkidə narkotik vasitə heroin əldə etmişdir. İsi heroinin bir qramını ona 14 (on dörd) manata satmış, narkotik vasitəni «Neftçilər» metrosunun yaxınlığından götürmüş, yaşadığı Balaxanı qəsəbəsində qramını 17 (on yeddi) manatdan olmaqla müxtəlif şəxslərə satmış və təxminən 900-1.000 (doqquz yüz-bir min) manat pul qazanmışdır. Təxminən 2021-ci ilin iyun ayının ortalarında ikinci dəfə İsi ilə əlaqə saxlayaraq narkotik vasitə heroin istəmiş və "xxxx" ASC-yə aid göndərdiyi hesab nömrəsinə 980 (doqquz yüz səksən) manat pul köçürmüşdür. Bundan sonra İsinin ona narkotik vasitənin harada yerləşməsi barədə göndərdiyi şəkilə uyğun olaraq 70 qram çəkidə narkotik vasitə heroini 20 yanvar dairəsinin yaxınlığından götürmüşdür. Həmin narkotik vasitənin qramını 17 (on yeddi) manatdan olmaqla müxtəlif şəxslərə sataraq təxminən 1.190 (bir min yüz doxsan) manat məbləğində gəlir əldə etmişdir. İsidən külli miqdarda narkotik vasitə heroin aldığı üçün bir neçə dəfə də öz istifadəsi üçün beş-on qram psixotrop maddə metafetamin almışdır. İsi öz istifadəsi üçün istədiyi psixotrop maddə metafetamini ona pulsuz vermişdir. Sonuncu dəfə səhv etmirsə 09 iyul 2021-ci il tarixdə İsidən dörd ədəd bükümdə təxminən 200 qram çəkidə narkotik vasitə heroin almışdır. Belə ki, yenidən İsi ilə sosial şəbəkə vasitəsilə danışmış və İsinin göndərdiyi bank hesabına 2.800 (iki min səkkiz yüz) manat pul göndərmiş, o da ona narkotik vasitənin gizlədildiyi yeri göstərmişdir. İsinin göndərdiyi yerə uyğun olaraq 20 yanvar dairəsinin yaxınlığına gedib, narkotik vasitəni oradan götürmüşdür. Növbəti dəfə İsidən beş qram çəkidə metafetamin istəmiş, o da metafetamini Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşdirərək şəkilini çəkib ona göndərmişdir. Həm narkotik vasitə heroini, həm də psixotrop maddə metafetamini İsinin dediyi yerdən götürmüşdür. Aldığı narkotik vasitə heroini yaşadığı ünvana aparıb, yataq otağında olan güzgülü dolabın siyirməsində gizlətmişdir. Həmin ərəfələrdə ehtiyyat etdiyi üçün narkotik vasitə heroinin satışını bir müddət saxlamış, psixotrop maddə metafetamini isə ehtiyacı olduğu üçün istifadə etmişdir. 14 iyul 2021-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı evdən çıxaraq piyada hərəkət etdiyi zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu 34-cü Polis Bölməsinə dəvət etmişlər. Etiraz etməyərək bölməyə gəlmiş və orada dövlət hesabına vəkil dəvət olunmuş, barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra bölmədə üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, polis əməkdaşlarının təklifi ilə əynində olan göy rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd bükümdə şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metafetamini təqdim etmiş, həmin maddəni İsi adlı İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra ondan üzərində başqa narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Onların sualına cavab olaraq yaşadığı fərdi evdə narkotik vasitə heroin saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metafetamin zərfə qoyularaq qablaşdırılıb, bu barədə müvafiq protokol tərtib edildikdən sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, ev 57 ünvana getmişlər. Orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri yenidən izah edilmiş, yaşadığı evə baxış keçirilməsinə dair etiraz etmədikdən sonra fərdi evinə keçirilmiş baxış zamanı yataq otağında olan güzgülü dolabın içərisində saxladığı bir ədəd şəffaf sellofanın içərisindəki dörd ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Polis əməkdaşları bükümlərə baxış keçirmiş, ondan narkotik vasitə heroini kimdən əldə etdiyini soruşmuşlar. Polis əməkdaşlarına evindən aşkar edilmiş narkotik vasitə heroini də İsidən əldə etdiyini demişdir. Daha sonra aşkar edilən narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. İsinin narkotik vasitə heroini və psixotrop maddə metafetamini haradan gətirməsi barədə məlumatı olmamışdır, çünki, o şəxsi ümumiyyətlə görməmiş, onunla bu mövcuda söhbəti olmamışdır. İsi ilə yalnız telefon danışıqları olmuşdur. 050 865-23-67 mobil telefon nömrəsi atasının adına qeydiyyata alınsa da, tutulduğu günədək onun istifadəsində olmuşdur. Məhkəmə ittiham elan olunmuş Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidi dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyul 2021-ci il tarixdə bölməyə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 14:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın yaxınlığında olması ilə bağlı məlumat daxil olmuş və əməliyyat qrupunun üzvü, bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə qeyd edilən ünvana gedib, saat 15:30 radələrində oraya çatmışlar. Təqsirləndirilən şəxs deyilən ünvanda olmuşdur və ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlarla birlikdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs onlardan bunun səbəbini soruşduqda ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama, daşıma və satmada şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 34-cü Polis Bölməsinə gəlmiş, orada onun gətirilməsi ilə bağlı raport yazılaraq növbətçi hissəyə təqdim olunmuş, raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis leytenantı Elçin Qəhrəmanlıya həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin edilməsi məqsədi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş və gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Şübhəli şəxslə müdafiəçisi qəbul edilmiş qərarla tanış edildikdən sonra Təqsirləndirilən şəxs razılığı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, ondan əvvəlcə üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmiş, bu zaman o, əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd gümüşü rəngli kağızda olan bükülünü təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanuna zidd əşya və ya dəlil aşkar edilməmişdir. Ondan üzərindən aşkar edilmiş maddənin nə olduğu soruşulduğu zaman psixotrop maddə metafetamin olduğunu, İsi adlı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını, habelə yaşadığı evdə əlavə narkotik maddələr olmasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırıldıqdan sonra müvafiq protokol tərtib edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri, təhqiqatçı, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və vəkili ilə birlikdə Əlinin yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, ev 57 ünvanına getmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələri izah edilərək yaşadığı fərdi evə baxış keçirilməsinə dair etirazının olubolmaması soruşulmuş, o da etiraz etməmişdir. Evə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmet varsa təqdim etməsi təklif edilmiş, o da yataq otağında olan güzgülü dolabın içərisindən bir ədəd şəffaf sellofan torbaya bükülmüş dörd ədəd sellofan torba bükülünü təqdim edərək, onları İsidən online qaydada aldığını bildirmişdir. Həmin dörd ədəd şəffaf sellofan torbadakı bükülü tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, digər Şahid1 ifadəsində göstərdiyi xüsusiyyətləri təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir (iş vərəqi 122-125). Bundan başqa, iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin 14.07.2021-ci il tarixli raportundan görünür ki, bölmənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü Polis Bölməsinə gətirilmişdir. (iş vərəqi 12). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin 14.07.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 23). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin 14.07.2021-ci il tarixli protokolundan görünür ki, həmin gün bölmənin inzibti binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən onun əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd gümüşü kağıza bükülmüş təmiz çəkisi 0,023 qram olan şəffaf rəngli «şüşə» adlanan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür (iş vərəqi 32-33) İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin 14.07.2021-ci il tarixli protokolundan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evinə baxış keçirilərkən evin yataq otağından bir ədəd sellofan torbanın içərisində dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 47,095 qram; 47,240 qram; 46,883 qram; 46,079 qram; ümumi təmiz çəkisi 187,297 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (iş vərəqi 36-37). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2876 nömrəli 15.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Vət. Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,023 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir; bir ədəd kağız paketdə dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 47,095 qr., 47,240 qr., 46,883 qr., 46,079 qr., ümumi təmiz çəkisi 187,297 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri»in siyahısına (Siyahı İ); heroin həmin Qanunla təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri»in siyahısına (Siyahı İ) daxildir; spektral cədvəllər və aktın surəti protokola əlavə edilmişdir; aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik) müəyyən edilmişdir (iş vərəqi 46-52). İş materiallarındakıAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 16.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 60-61). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-301/2021 nömrəli 16.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 84-88). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 26.07.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir (iş vərəqi 89-91). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 28.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Məmmdəli oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 (təkrarən oğurluq törətmə), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq etmə) maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30.01.2019-cu il tarixli qərarı ilə cəzası azaldılaraq 02 (iki) il 06 (altı) ay müəyyən edilmiş, 13.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 11.06.2018-ci il tarixli dayandırma qərarı ilə barəsində mülki hüquqi öhdəliklərin icrasından yayınan borclu kimi 10.07.2018-ci il tarixli qərar elan edilmişdir (iş vərəqi 112-114). Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3-cü maddələrinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 11.10.2021-ci il tarixli qərarından görünür ki,"xxxx" MMC-dən götürülmüş CD diskə baxış zamanı «508652367_SMS», «**********67» və «abuneciler» adlı faylların olduğu müəyyən edilmişdir. Həmin faylların içərisinə baxış zamanı aşağıdakılar:- a) «508652367_SMS» adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 865-23-67 mobil telefon nömrəsinə daxil olan və çıxan sms-lərin olduğu, həmçinin onun bir sıra mobil telefon nömrələrinə sms-lər yazdığı və sms-lər qəbul etdiyi; habelə 09.05.2021-ci il tarixdə, saat 23:01-də 077 310-78-12 mobil telefon nömrəsinə «Məhərrəm 10 dənə lazimdiye açda telefonu», 21.05.2021ci il tarixdə, saat 22:25-də 050 827-76-87 mobil telefon nömrəsinə «ay brat məndə tema var prosta görüşək pul verim yenə verki səhər qalmayımda belə ilişməyim bildin nə demək istəyirdim», 04.07.2021-ci il tarixdə, saat 02:36-da 077 309-37-69 mobil telefon nömrəsinə «adam kişi olar çöreyi yeyəndədə verəndə alandada kişi kimi alar. İşiviz düşən kimi, götüvüzdən pox əyri çıxan kimi adamın üstünə qaçırsız. O, ki temanı aldız vso səsiniz kəsilir. Zəng etməsək heç yadıvızada düşmürüy. Kişi olun bizə pul atanın kişiliyindən asılı olmayaraq o adamın ağzını-üzünü (nalayiq ifadə). Tak sto sabah zəngimi görüb açmiyanın oğlanlığını (nalayiq ifadə). Sabahdan başqa olacaq hörmetin çox olsun Məhərrəm», 11.07.2021-ci il tarixdə, saat 23:49-da 077 309-36-72 mobil telefon nömrəsinə «Zaur telefonu aç gəl alver elə biziynən. Hər gün borcunnanda 50 manat verərsən bağlanaraq ama kişi kimi iş görəy ayıbdı sənən cavab gözləyirəm» məzmunlu sms-lər yazdığı, 30.06.2021-ci il tarixdə, saat 02:53-də 077 407-68-26 mobil telefon nömrəsindən «Əli Bakuşa de nə qədər gəlib soxmamışam ona düz versin, birazda daş versin çəkim», 13.07.2021-ci il tarixdə, saat 16:28-də 055 767-82-37 mobil telefon nömrəsindən «Gələndə şüşə gətir Əli» məzmunlu smslər qəbul etdiyi; b) «**********67» adlı fayla baxış zamanı faylda Təqsirləndirilən şəxs məxsus 050 865-23-67 mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı olduğu; c) «abuneciler» adlı fayla baxış zamanı Təqsirləndirilən şəxs məxsus 050 865-23-67 mobil telefon nömrəsinə zəng edən, eyni zamanda Təqsirləndirilən şəxs zəng etdiyi şəxslərin anket məlumatlarının olduğu müəyyən edilmişdir. "xxxx" MMC-dən göndərilmiş CD disk və diskdə olan «508652367_SMS» adlı faylda olan məlumatlar bütünlüklə kağıza çıxarılmaqla protokola əlavə edilmişdir (iş vərəqi 127-141). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin Ambulator X1 01.10.2021-ci il tarixli 3710 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 145-146). «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08.11.2012-ci il tarixli 8 saylı Qərarının 21-ci bəndinə əsasən cinayət törətmiş şəxslər barəsində alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmənarkoloji ekspertizasının rəyini tətdiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalıdır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 26.10.2021-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxs axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, o da bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd gümüşü kağızda olan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxış zamanı ağ rəngli kristal maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu, onu haradan, kimdən və nə məqsədlə əldə etməsi soruşulduqda, psixotrop maddə metafetamin olduğunu və İsi adlı İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə qablaşdırılaraq götürülmüşdür (iş vərəqi 157). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 26.10.2021-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3-yə baxış və götürmənin aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd diskə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qarşısında Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı Elçin Qəhrəmanlı tərəfindən ona hüquq və vəzifələri, eyni zamanda yaşadığı fərdi evə videoçəkilişlə baxış həyata keçiriləcəyi izah edilərək etirazının olub-olmaması soruşulmuş, o, etirazının olmadığını bildirdikdən sonra yaşadığı fərdi evə baxış keçirilməyə başlanır. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs evdə qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya, maddə və ya predmeti təqdim etməsi təklif edilir və o, evin yataq otağında olan güzgülü dolabın siyirməsindən bir ədəd şəffaf rənfli sellofanı götürüb təqdim edir. Sellofana baxış keçirilən zaman içərisində dörd ədəd şəffaf sellofan bükümün olduğunu müəyyən edildi. Bükümlərə baxış keçirilərkən içərisində qəhvəyi rəngli maddə olduğu aşkarlanır və Təqsirləndirilən şəxs ona ünvanlanan suala cavab olaraq həmin maddələrin narkotik vasitə heroin olduğunu, onları İsi adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq götürülür (iş vərəqi 158). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin «sübutların qiymətləndirilməsi» haqqında 26.10.2021-ci il tarixli qərarından görünür ki, əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 187,297 qram narkotik vasitə heroin və ilkin çəkisi 0,023 qram psixotrop maddə metafetaminin aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 187,217 qram çəkidə narkotik vasitə heroin və 0,013 qram psixotrop maddə metafetamin məsul saxlanış üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş; Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Xətai Rayon Polis İdarəi 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk; Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda baxış və götürmənin aparılması barədə görüntünü əks etdirən bir ədəd disk; Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətinlərinə dair məlumatları özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 159-169). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 26.10.2021-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metafetamini əldə etdiyi mənbənin müəyyən edilməməsi səbəbindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə fakta görə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqi 171-172). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 27.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (iş vərəqi 177-178). Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X3 məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 42 (qırx iki) saat müddətində müdafiə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28.06.2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun İ siyahısında narkotik vasitə- heroinin; İİ siyahısında psixotrop maddə- metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi özünün qismən etirafedici, məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması, video görüntülərə baxış keçirilməsi kimi istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutun mövcudluğu və iş üzrə başqa mötəbər, təkzib olunmaz sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin müəyyən edilməsi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin(qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.4, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 187,297 qram narkotik vasitə heroin və ilkin çəkisi 0,023 qram psixotrop maddə metafetaminin aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 187,217 qram çəkidə narkotik vasitə heroin və 0,013 qram psixotrop maddə metafetamin məhv edilməli; Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Xətai Rayon Polis İdarəi 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk, yaşadığı ünvan 3 ünvanda baxış və götürmənin aparılması barədə görüntünü əks etdirən bir ədəd disk və istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətinlərinə dair məlumatları özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun nəfinə 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 15 nömrəli Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 14 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 187,297 qram narkotik vasitə heroin və ilkin çəkisi 0,023 qram psixotrop maddə metafetaminin aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 187,217 qram çəkidə narkotik vasitə heroin və 0,013 qram psixotrop maddə metafetamin məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Xətai Rayon Polis İdarəi 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk, yaşadığı ünvan 3 ünvanda baxış və götürmənin aparılması barədə görüntünü əks etdirən bir ədəd disk və istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətinlərinə dair məlumatları özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun nəfinə 252 (iki yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Təqsirləndirilən şəxs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar