Məhkəmə qərarları › İş №1(101)-332/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-332/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-332/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 24 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib, yetişdirməklə külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə 01 may 2022-ci il tarixdə özünə məxsus ünvan 1 ünvanında yerləşən evin həyatyani sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib ümumilikdə külli miqdarda - 98 ədəd sayda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 16 iyun 2022-ci il tarixdə saat 17:04 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq həmin sahəyə baxış keçirilərkən orada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi ümumi təmiz çəkisi 5 kiloqram 380 qram olan külli miqdarda 98 ədəd əkilib-becərilməsi qadağan olunmuş, öz aralarında eyni olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmaqla marixuana istifadə edir. Çətənə bitkisini özü əkib, yarpaqlarını qurudub istifadə etmişdir. Sonuncu dəfə o, 60 çətənə kolu əkmişdir. 16 iyun 2022-ci il tarixdə yaşadığı evdə olan zaman qapının döyülməyini eşidib qapını açmış və mülki geyimli şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar yaşadığı evin həyətyanı torpaq sahəsinə videoçəkilişlə baxış keçirmişlər və 60 narkotik tərkibli kol müəyyən olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ittiham aktında 98 kol göstərilmiş, həmin sayla o, razı deyildir. O, kollara sadəcə su vermiş, xüsusi qulluq etməmişdir. O, öz istifadəsi üçün əkmişdir. Heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 16 iyun 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi, eləcə da satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlayaraq dövriyyəsi ilə məşğul olması bildirilmiş, alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında" 16 iyun 2022-ci il tarixli qarar qəbul edilmişdir. Həmin qərarın icra edilməsi ilə əlaqədar həmin gün saat 17:04-də tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evin qarşısına gəlmişlər. Həmin evin giriş qapısı döyüldükdə qapını açan bir nəfər kişi cinsli şəxsə özlərini təqdim edib həmin şəxsdən anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlayaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs "Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs səmimi şəkildə yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin sahəni göstərə biləcəyini bildirərək yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə onların tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana və ünvanın həyətyanı sahəsinə baxış keçirilməzdən əvvəl baxışda iştirak edən aqronom-mütəxəssis X4 hüquq və vəzifələri izah edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə baxış prosesində iştirak edən, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə 16 iyun 2021-ci il tarixdə saat 17:04-də "Sony" markalı rəqəmsal videokamera vasitəsilə çəkliş aparılmıqla baxış keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Evin həyətyanı sahəsini keçmək üçün yaşayış evinin içərisinə daxil olmuşlar və evin içərisindən dəmir qapı vasitəsi ilə evin arxa hissəsində yerləşən həyətyanı sahəyə keçmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda evdə ondan başqa heç kəs yoxdur. Evin həyətyanı sahəsinə keçdikdən sonra Təqsirləndirilən şəxs əli ilə həyətin sağ tərəfini göstərərək tərkibində narkotik olan bitkiləri orada əkdiyini bildirmiş və iştirakçıları həmin sahəyə dəvət etmişdir. Həmin sahədə torpaq səthində 80-150 santimetr və kiçik ölçülü bitkilərin əkildiyi məlum olmuşdur. Baxışda iştirak etməsi üçün dəvət olunmuş aqronom-mütəxəssis Ramis Bayramov həmin bitkilərə baxış keçirib yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkiləri olduğunu, torpaqda suvarılma əlamətləri aşkar edildiyini, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2022-ci ilin may ayının əvvəllərində özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs özünun uzun illərdir narkotik vasitə olan marixuana qəbul etdiyini və bitkiləri əkməkdə məqsədinin özü istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra onların tərəfindən həyətyanı sahədə əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 98 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş çətənə tərkibli bitkilər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan onların tərəfindən 01 ǝdǝd torbada qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs və digər iştirakçılar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşlar. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili X6 Baş İdarəyə dəvət olunaraq ona təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunaraq doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində şahid - digər polis əməkdaşı Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 125-129). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Hüseyn” adlı şəxsin yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlayaraq dövriyyəsi ilə məşğul olması bildirilir. Müəyyən edilmişdir ki, “Hüseyn” adlı şəxs xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlayaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs həmin günü saat 17:04-də yaşadığı ünvanın qarşısında saxlanılmış, onun iştirakı ilə yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman narkotik tərkibli çətənə bitkisi kollarına oxşar 98 ədəd bitki və evin həyətyanı sahəsində olan taxta qutunun içərisindən 10 ədəd sellofan bağlamada narkotik vasitə marixuanaya oxşar maddələr aşkar olunaraq götürülmüş, müvafiq prosessual hərəkətlər keçirildikdən sonra o, Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 14, 39). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evə və evin həyətyanı sahəsinə xx.xx.2022-ci il tarixdə saat 17:04-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs üzərində yaşadığı evdə və evin həyətyanı sahəsində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, həmiçinin evin həyətyanı sahəsində kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitkiləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməyərək iştirakçıları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmiş, evin həyətyanı sahəsinə keçdikdən sonra Təqsirləndirilən şəxs əli ilə həyətin sağ tərəfini göstərərək tərkibində narkotik olan bitkiləri orada əkdiyini bildirmişdir. Həmin sahədə torpaq səthində 80-150 santimetr və kiçik ölçülü bitkilərin əkildiyi məlum olmuşdur. Baxışda iştirak etməsi üçün dəvət olunmuş aqronom-mütəxəsis Ramis Bayramov həmin bitkilərə baxış keçirib yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkiləri olduğunu, torpaqda suvarılma əlamətləri aşkar edildiyini, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2022-ci ilin may ayının əvvəllərində özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs özünün uzun illərdir narkotik vasitə olan marixuana qəbul etdiyini və bitkiləri əkməkdə məqsədinin özü istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra həyətyanı sahədə əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 98 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş çətənə tərkibli bitkilər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd torbada qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, yaşdığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş əşya və predmetlər saxlayırsa həmin maddələri və əşyaları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkisi kollarının yarpaqlarını yığıb qurudaraq yaşadığı evin həyətyanı sahəsində yerləşən taxta qutunun içərisində gizlədib saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsində taxta qutunun içərisində olan maddələr götürülərək onlara baxış keçirilmişdir. Baxış zamanı taxta qutunun içərisində olan sarı rəngli sellofan paketin içərisində 10 ədəd sellofan bağlamalarda tünd spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər maddələrin olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi məqsədilə həmin bağlamaları evin həyətyanı sahəsində taxta qutunun içərisində saxladığını, həmin maddələri özü əkdiyi bitkilərdən yığaraq qurutduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Budan sonra aşkar olunmuş 10 ədəd sellofan bağlamada olan narkotik vasitə marixuanaya oxşar maddələr aşkar olunduğu sarı rəngli sellofan paketin içərisində qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 32-35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/646 saylı rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş sellofan bağlamadakı 10 (on) ədəd sellofan torbacığlarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,957 qram, 4,022 qram, 1,546 qram, 3,850 qram, 4,020 qram, 4,007 qram, 4,014 qram, 3,955 qram, 3,983 qram, 3,957 qram olan bitki mənşəli kütlələrin tərkibində çətənə (kannabis) bitkisinə məxsus komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir. Ümumi təmiz çəkisi 37,311 qramdır. - Tədqiqata təqdim edilmiş üzərindən “Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar ağ rəngli sintetik torbadakı ümumi sayı 98 (doxsan səkkiz) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 5380 qram (5 kq 380 qram) olan bitki nümunələri öz aralarında eyni olub, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. -Təqdim olunmuş bitki mənşəli kütlələr və çətənə (kannabis) bitkiləri müxtəlif növə aid olduğuna görə müqayisəli tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 46-49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli aqronomik rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilən zaman aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq olunmuş və suvarılmışdır (cild 1, iş vərəqi 50). İşdə olan “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx-8515 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə könüllü surətdə stasionar müalicədə olmuşdur (cild 1, iş vərəqi 104). İşdə olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 5440 nömrəli məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2019-xx.xx.2019-cu il tarixdə qeyd edilən xəstəxanada müalicədə olmuşdur (cild 1, iş vərəqi 105). İşdə olan Suraxanı RİH Hövsan Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 462 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Qasımov X5 rayonu, Hövsan qəsəbəsi, M.Ş.Vazeh küçəsi 17A saylı evdə yaşayır və yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 146-148). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evə və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə və həyətyani torpaq sahəsində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, Təqsirləndirilən şəxs əli ilə yaşadığı evin həyətyanı torpaq sahəsinin sağ tərəfini göstərərək həmin sahədə tərkibində narkotik maddələr olan bitkiləri əkdiyini bildirir. Təqsirləndirilən şəxs göstərdiyi sahəyə baxış keçirilr və həmin sahədən 98 ədəd kollar torpaqdan çıxarılaraq 01 ədəd torbada qablaşdırılır. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirir ki, əkib-becərdiyi çətənə bitkisinin kollarının yarpaqlarını qurudaraq yaşadığı evin həyətyanı sahəsində taxta qutunun içərisində saxlayır. Sonra həmin yerə baxış keçirilir və taxta qutunun içərsindən 10 ədəd sellofan bağlamada olan narkotik vasitə marixuanaya oxşar maddələr aşkar olunaraq sellofan paketin içərisində qablaşdırılır (cild 1, iş vərəqi 149). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-**, saylı mobil nömrə ilə bağlı "xxxx" MMC-dən alınmış bir ədəd diskə baxış zaman müəyyən edilir ki, diskdə 03 ədəd fayl vardır. Birinci faylda SMS tarixçəsi, ikinci faylda zənglərin detallaşdırılması, üçüncü faylda isə zənglərin məxsusluq tarixçələri vardır. Baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 150). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Katel” markalı mobil telefonun sim kart üçün nəzərdə tutulmuş yerində 01 ədəd ***-***-**-** saylı mobil sim nömrə vardır. Həmin nömrəyə baxış keçirilmiş və həmin nömrədə iş üçün əhəmiyyət kəsb edən heç bir SMS mətnləri və mobil zəng nömrələri aşkar edilməmişdir (cild 1, iş vərəqi 151). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4481 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 153-154). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2306 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 155-157). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 98 ədəd yaş vəziyyətdə ümümi təmiz çəkişi 5380 qram (tədqiqata sərf edildikdən sonra qalıq 5378,04 qram) çətənə bitkisi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 163-170). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 152). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİİ Siyahıya əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərdən çətənə növlü bitkilərin 16 ədədi və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş çətənə kollarının 98 deyil, 60 ədəd olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, iş üzrə toplanmış sübutlar, o cümlədən hadisə yerinə baxış protokolu, həmin protokola əlavə edilmiş diskdə olan məlumatlar, məhkəmə-bioloji ekspertizasının rəyi Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş çətənə kollarının məhz 98 ədəd olması barədə məhkəmədə qəti qənaət yaratmışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə külli miqdarda kultivasiya etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 16 iyun 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 82-86 ). Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 16 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 5378,04 qram olan narkotik tərkibli çətənə bitkiləri məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 5378,04 qram olan narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar