Məhkəmə qərarları › İş №1(101)-333/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-333/2020

21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-333/2020 21.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamını Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 21:00 radələrində ünvan 2 D ünvanında yerləşən «Okean Pub» barının yaxınlığında Zərərçəkmiş şəxs pul kisəsini çıxartmasını tələb edib həmin pul kisəsindən 20 manat pulu açıq talamaqla soyğunçuluq etmişdir. Bundan sonra, o, təkrarən, özgəninəmlakınıtalama məqsədi ilə xx xxxxxx 2019cuiltarixdə təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs 20 manat pulunu açıq taladıqdan sonra, ünvan 3 D ünvanında yerləşən «Okean Pub» barının yaxınlığında Zərərçəkmiş şəxs «İphone-X» markalı mobil telefonunu əlindən alıb, şalvarının kəmərinin altında gəzdirdiyi bıçaq qabını nümayiş etdirməklə sonuncudan 50 manat pul tələb etmiş, pulu vermədiyi tədqirdə onu bıçaqla vuracağı ilə hədə-qorxu gələrək sonuncunun üzərində əlavə pulu olmadığı üçün saat 21:20 radələrində onu ünvan 4 ünvanında yerləşən «Gənclik Mall» ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən «Zara» paltar mağazasına gətirib həmin gün saat 20:25-də həmin mağazadan 55 manata aldığı şortu (qısa ətəkli yay şalvarını) sonuncu ilə birlikdə geri qaytarıb Zərərçəkmiş şəxs «İphone-X» markalı mobil telefonu verib qeyd edilən məbləği götürməklə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə 55 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Elmiri təxminən 3-4 il olar ki, tanıyır, onunla Elmirin evinə yaxın futbol meydançasında tanış olmuşlar. xx xxxxxx 2019-cu il tarixdə yaşadığı ünvana tək gedərkən təxminən saat 20:30 radələrində «Akkord Plaza»-nın yanında Elmirə rast gəlmiş və Elmirin yanında tanımadığı bir azyaşlı uşaq da olmuşdur. O, onlara yaxınlaşıb əvvəl Elmirlə, sonra isə onun yanında olan, sonradan adını bildiyi Orxanla görüşmüşdür. Elmir yanındakı oğlanla onu tanış edərək dostu Orxan olduğunu bildirdikdən sonra onlarla 5-10 dəqiqə söhbət etmiş və Elmirə bildirmişdir ki, ona olan borcunu versin. O, Elmirə «Point Black» oyunu satmış və Elmir pulun bir hissəsini vermiş, qalan 50 manatını isə verməmiş, ona görə də Elmirdən həmin 50 manat borcunu istəmiş, həmin vaxtı Elmir ona bildirmişdir ki, hazırda onun üstündə pulu yoxdur, sabah verər. Lakin Elmir onu bir neçə dəfə bu qaydada aldatdığı üçün o, ondan pulunu tələb etmiş, ancaq Elmir pulunun olmadığını bildirmişdir. Bundan sonra Elmir bir-iki nəfər tanışlarına zəng edərək onlardan pul istəmiş, lakin həmin şəxslər də Elmirə pullarının olmadığını bildirmişlər. Bundan sonra Elmir arxada dayanan dostu Orxana yaxınlaşıb ondan pul istəmiş, lakin Orxanın Elmirə nə cavab verdiyini o eşitməmişdir. Həmin vaxtı Elmir ona bildirmişdir ki, Orxan şortik alıbdır, Orxan şortiki qaytaracaq, o da ondan şortikin pulunu alıb ona verəcəkdir. Bundan sonra o, yenə də Elmirə bildirmişdir ki, ona şortik lazım deyil, onun borcunu qaytarsın. X9 tərəf dönmüş, ondan aldığı şortikin çekinin qalıb-qalmamasını soruşmuşdur. Orxan da Elmirə aldığı şortikin çekin hazırda qaldığını, həmin çekin sellofan torbaya yapışdırıldığını bildirmişdir. Sonra Elmir ona bildirmişdir ki, olabilsin o, müvəqqəti olaraq Bakı şəhərində olmasın, ona görə də o, Elmirlə şortiki qaytarmağa razılaşmışdır. Sonra o, taksi saxlatdırıb taksi ilə «Gənclik Mall» ticarət mərkəzinə getmişlər. Onlar avtomobillə “Gənclik Mall” ticarət mərkəzinə gedərkən o, avtomobilin arxa oturacağının sağ tərəfində, Elmir sol tərəfində, Orxan isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Avtomobil «Gənclik Mall»-ticarət mərkəzinə çatdıqda hər üçü avtomobildən düşmüş, taksinin pulunu Elmir ondan aldığı 5 manatla ödəmiş, sonra isə özündə olan 2 manat pulu ona vermişdir. Bundan sonra hər üçü «Gənclik Mall» ticarət mərkəzinin 2-ci mərtəbəsinə qalxıb «Zara» paltar mağazasına getmişlər. Mağazada Elmir, Orxan və o kassaya yaxınlaşmış, Orxan kassada işləyən qıza aldığı şortiki qaytarmaq istədiyini bildirmişdir. Kassadakı qız bir qəbz verib bildirmişdir ki, həmin qəbzi doldursunlar. O, özü masanın üstündə olan qəbzi götürüb Orxanın adından doldurmuş, Orxanın əlində su olduğu üçün həmin qəbzi özü imzalamışdır. Həmin qəbzi qıza verdikdən sonra qız 55 manat pul qaytarmış, həmin pulu o, götürmüşdür. Bundan sonra o, Elmir və Orxan sərnişin avtobusuna oturub «Nənəmin təndiri» adlanan yerə gəlmiş, orada avtobusdan düşüb hər kəs öz evinə getmişdir. O, Orxanının 20 manat pulunu almamış, Orxana bıçaqla hədə-qorxu gəlməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə özünə şortik almaq istəmiş, şortik almazdan qabaq qonşu binada qalan Şahid1 mobil nömrəsinə zəng etmişdir. O, Elmirə zəng edərək özünə şortik almaq istədiyini bildirib ondan onunla getməsini xahiş etmişdir. O, Elmirlə razılaşdıqdan sonra 75 manat pul götürüb saat 20:10 radələrində evdən çıxmış və Elmirlə bir yerdə metronun «Gənclik» stansiyasında yerləşən «Gənclik mall» ticarət mərkəzinin 2ci mərtəbədə yerləşən «Zara» adlı mağazadan 55 manata özünə şortik almışdır. Sonra o, Elmirlə bir yerdə ticarət mərkəzindən çıxıb evlərinə qayıtmaq üçün sərnişin avtobusuna oturmuşlar. Onlar sonra Avtobusdan düşüb piyada yolla yaşadığı binaya gedərkən yolüstü «Akkord» şirkəti ilə «AA» restoranının arasında Ceyhun öz dostları ilə dayanıb söhbət etdiyini görmüşlər. Həmin vaxt Ceyhun onunla Elmiri gördükdə dostlarından aralanıb Elmirə tərəf gəlmiş və hər ikisi ilə görüşmüşdür. Bundan sonra Ceyhun Elmirə demişdir ki, “gəlin ara küçələrlə gedək, yolumuz uzansın həm də söhbət edərik”. Onlar onunla razılaşmış, Elmirlə Ceyhun yanbayan, o isə onlardan bir metr aralıda onların arxasınca getmiş, onların nə barədə söhbət etdiklərini tam olaraq eşidə bilməmişdir. Təxminən 2-3 dəqiqə keçmiş Ceyhun ona tərəf dönüb qaba şəkildə “sən niyə bizim söhbətə qulaq asmırsan” demişdir. Bu qayda ilə Elmirlə Ceyhun söhbət edərək «Okean Pub» barının qarşısına çatdıqda, Ceyhun Elmirə demiş ki, “mən Orxanı qırağa çəkəcəm, qorxma, onu vurmaram ancaq sözümü deyəcəm”. Elmir isə Ceyhuna bildirmişdir ki, “söz uzanır, sabah söhbət edərik”, lakin Ceyhun öz inadından əl çəkməyərək Elmirə bildirmişdir ki, “mən Orxanla söhbət edəcəm”. Sonra Ceyhun ona yaxınlaşıb demişdir ki, “istər valideyinlərinə, istərsə də özünə aid olsun, mənim üçün fərqi yoxdur, sənin üzərində nə qədər pulun var”, o da Ceyhuna demişdir ki, üzərində cəmi 20 manat pulu vardır. Lakin Ceyhun ona inanmadığını bildirib ünvanına nalayiq sözlər işlədərək pul kisəsini çıxartmağını tələb etmişdir. Ona görə də o, şalvarının arxa cibindən pul kisəsini çıxartmış və bu zaman Ceyhun pul kisəsini əlindən dartıb almış, pul kisəsini açıb içərisində olan 20 manat pulu götürüb pul kisəsini özünə qaytarmışdır. Pulu götürdükdən sonra Elmirlə söhbət edəcəyini bildirib hər ikisi onun yanından təxminən 15 metr aralanmışlar. Təxminən 2 dəqiqə keçmiş Ceyhun Elmirlə bir yerdə geri qayıdaraq ona bildirmişdir ki, “sən niyə məni aldatmısan, Elmirə 50 manat verdiyini mənə deməmisən”. O da Ceyhuna bildirmişdir ki, Elmirə 50 manat pul verməmişdir. Bundan sonra Ceyhun ona demişdir ki, “indi belə çıxır ki, mən yalançıyam” və əlini belinə ataraq şalvarla belinin arasında olan bıçaq qabında bıçağı göstərib əlavə etmişdir ki, “yalan danışdığına görə mən bu bıçağı qarnına soxacağam”. Ceyhunun sözlərindən o çox qorxduğu üçün qaçmaq istəmiş, lakin Ceyhun onun qaçmaq istədiyini bilib ona yenidən hədə-qorxu gələrək demişdir ki, “əgər qaçsan səni tutub bıçaqla arxadan vuracağam”. O da Ceyhunun onu bıçaqlayacağından qorxduğu üçün oradan qaçmamış, bu zaman onun cibində olan mobil telefonuna zəng gəlmiş, o, telefonu açmaq istəyəndə Ceyhun demişdir ki, “sən telefona odboy ver və sonra telefonu ver mənə”. O da cibində olan «İphone-X» markalı mobil telefonu Ceyhuna vermiş və Ceyhun telefonu alıb cibinə qoymuşdur. Bundan sonra hər üçü «Şəki» restoranının qarşısına gəlmiş və Ceyhun ona demişdir ki, “sənə 20 dəqiqə vaxt qoyuram mənə 50 manat pul gətir”, o isə Ceyhuna demişdir ki, “mənim pulum haradadır sənə 50 manat tapım”. Bu zaman Ceyhun ona demişdir ki, “əgər sən mənə 50 manat pul gətirməsən telefonunu satacam”. Bundan sonra Ceyhun ona demişdir ki, “onda gəl gedək aldığın şortiki qaytaraq və mən oradan pulu götürəcəm”. Bundan sonra Ceyhun bir taksi saxlayıb özü qabaqda əyləşmiş, o isə Elmirlə arxada oturmuş, birlikdə taksi ilə «Gənclik Mall»a gəlmişlər. Orada Ceyhun cibindən 10 manat pul çıxarıb sürücüyə vermiş, lakin sürücünün xırda pulu olmadığından Ceyhun ona pulu uzatmış və demişdir ki, gedib bir su alsın və pulun xırdasını gətirib ona versin. O, 10 manatı verib 2 manata su almış və 8 manatı gətirib Ceyhuna vermişdir. Ceyhun həmin puldan 3 manat sürücüyə vermiş və qalan 5 manatını cibinə qoymuşdur. Sonra o, Ceyhun və Elmir «Gənclik Mall»un 2-ci mərtəbəsinə qalxıb «Zara» paltar mağazasına girmişlər. Orada satıcıya bildirmişdir ki, o şortiki geri qaytarır və bu zaman satıcı ona qəbz vermişdir ki, həmin qəbzi doldursun və orada göstərsin ki, şortiki nəyə görə qaytarır. Qəbzdə Ceyhun öz xətti ilə onun anket məlumatlarını yazmış, imza yerinə isə öz imzasını çəkmişdir. Bundan sonra satıcı qız şortiki geri alıb 55 manat pulu masanın üstünə qoymuş və Ceyhun da 55 manat pulu götürüb cibinə qoymuşdur. Ceyhun ona məxsus «İphone-X» markalı mobil telefonu özünə qaytarmış və bir yerdə avtobusa əyləşib evə tərəf gəlmişlər. Avtobusdan düşdükdən sonra Ceyhun ona 8 manat pul vermiş, təxminən 4 metr aralandıqdan sonra Ceyhun onu geri çağırıb verdiyi 8 manatı istəmiş, o da 8 manatı ona qaytarmışdır. Bundan sonra Ceyhun hədə-qorxu gələrək bildirmişdir ki, olanlar barədə polisə müraciət etməsinlər, əks halda hər ikisi üçün pis olacaqdır. Sonra da Elmirlə bir yerdə ondan aralanıb evə tərəf getmiş, evə gəldikdə olan hadisəni atası Kamilə danışmış və atası da 17-ci PB-nə gedib ərizə ilə müraciət etmiş, Elmirlə o isə bölməyə gedib bu barədə izahat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs on ilə yaxındır ki, tanıyır, onunla uşaqlıq dostudur. xx xxxxxx 2019-cu il tarixdə Orxan ona zəng edib bildirmişdir ki, o, metronun «Gənclik» stansiyasının yaxınlığında yerləşən «Gənclik Mall» ticarət mərkəzindən şortik almaq istəyir və onunla bir yerdə getməyini xahiş etmişdir. O da Orxanla razılaşıb bir yerdə «Gənclik Mall» ticarət mərkəzinə getmiş, Orxan «Zara» paltar mağazasına girib 55 manata özünə bir şortik almışdır. Sonra Orxanla birlikdə ticarət mərkəzindən çıxıb yaşadıqları binaya tərəf gedərkən «Akkord» şirkəti ilə «AA» restoranının arasından keçən yolda Ceyhunun öz dostları ilə dayanıb söhbət etdiyini görmüş, onları gördükdə Ceyhun söhbət etdiyi şəxslərdən aralanıb onlara tərəf gələrək hər ikisi ilə salamlaşmış və demişdir ki, “gəlin ara küçələrlə gedək bir az yolunuz uzansın, həm də söhbət edək”. Onlar Ceyhunla razılaşmış, o, Ceyhunla yan-yana getmiş, Orxan isə bir metr aralı, onların arxası ilə gəlmişdir. Ceyhun ona demişdir ki, bir az qabağa gedib onu yola salsınlar, lakin ona bildirmişlər ki, işləri var, tələsirlər. Təxminən 2-3 dəqiqə keçmiş Ceyhun Orxana tərəf dönüb qaba şəkildə demişdir ki, “sən niyə bizim söhbətə qulaq asmırsan”. Orxan isə Ceyhuna bildirmişdir ki, “elə mən sənə qulaq asıram”. Bundan sonra hər üçü bir yerdə söhbət edərək «Okean Pub» barın qarşısına çatdıqda Ceyhun ona demişdir ki, “mən Orxanı qırağa çəkəcəm, qorxma, onu vurmaram, ancaq sözümü deyəcəm”. O isə Ceyhuna bildirmişdir ki, tələsirlər, söz uzanır, sabah söhbət edərlər. Lakin Ceyhun öz inadından əl çəkməyərək demişdir ki, o Orxanla söhbət edəcək. X8 yaxınlaşıb ona demişdir ki, istər valideyinlərinə, istərsə də özünə məxsus olsun, fərq etmir, üzərində olan pulların sayını desin. Orxan isə ona üzərində cəmi 20 manat pulu olduğunu demiş, lakin Ceyhun ona inanmadığını bildirib Orxanın ünvanına nalayiq söyüşlər söyərək pul kisəsini tələb etmişdir. Orxan da şalvarının arxa cibindən pul kisəsini çıxartmış və Ceyhun pul kisəsini Orxanın əlindən dartıb alaraq açıb içərisində olan 20 manat pulu götürdükdən sonra pul kisəsini Orxana qaytarmışdır. Bundan sonra Ceyhun onunla kənara çəkilib “üstündə nə qədər pulun var” deyə soruşmuş, o isə üstündə qəpik-quruş olduğunu dedikdə Ceyhun “yox, mən o pulları demirəm, iri kağız pulu soruşuram” demişdir. O, Ceyhuna iri pulları olmadığını bildirmiş, sonradan isə Ceyhun demişdir ki, guya Orxan ona 50 manat pul verdiyini deyibdir. O isə Ceyhuna demişdir ki, Orxan ona 50 manat pul verməyib. Sonra isə o, Ceyhun Orxana tərəf gəlmiş və Orxana “niyə məni aldatmısan, guya Elmirə 50 manat pul vermisən” dedikdə Orxan da Ceyhuna “mən sənə elə bir söz deməmişəm” deyə cavab vermişdir. Həmin vaxtı Ceyhun Orxana demişdir ki, “belə çıxır ki, mən yalançıyam” deyərək əlini belinə atıb şalvarla belinin arasında yerləşən bıçaq qabında olan bıçağı Orxana göstərib bildirmişdir ki, “mən bu bıçağı qarnına soxaram”. Ceyhunun bu sözlərindən Orxan qorxub qaçmaq istəmiş, lakin Ceyhun Orxana “əgər qaçsan səni tutub bıçaqla arxadan vuracam” demişdir. Ona görə də Orxan qaçmamış, bu zaman Orxanın cibində olan mobil telefona zəng gəlmiş və Orxan telefonu götürüb açmaq istəyəndə Ceyhun Orxana “sən telefonu açma telefonu ver mənə” demiş, Orxan da «İphone-X» markalı mobil telefonunu Ceyhuna vermişdir. Ceyhun telefonu alıb cibinə qoymuş və bir yerdə «Şəki» restoranının qarşısına gəlmişlər. Ceyhun orada Orxana “sənə 20 dəqiqə vaxt qoyuram, mənə 50 manat pul gətir” dedikdə Orxan 50 manatı tapa bilməyəcəyini bildirmişdir. Bu sözlərdən X8 bildirmişdir ki, əgər 50 manat pul gətirməsə, telefonu satacaqdır. Sonra isə Ceyhun Orxana demişdir ki, “onda gəl gedək aldığın şortiki qaytaraq və mən oradan pulu götürəcəm”. Ceyhun bir taksi saxlayıb özü qabaqda, o da Orxanla arxada oturmuş, taksi ilə «Gənclik Mall»ın qarşısına gəlmişlər. Orada Ceyhun cibindən 10 manat pul çıxarıb sürücüyə vermiş, lakin sürücünün xırda pulu olmadığından Ceyhun Orxana pulu vermişdir ki, gedib bir su alsın və pulun xırdasını gətirib ona versin. Orxan gedib bir su almış və 8 manatı Ceyhuna qaytarmış, Ceyhun həmin puldan 3 manat sürücüyə verib qalan 5 manatı isə cibinə qoymuşdur. Sonra hər üçü «Gənclik Mall»ın 2-ci mərtəbəsinə qalxıb «Zara» mağazasına getmiş, orada Ceyhun satıcı qıza bildirmişdir ki, o şortiki geri qaytarır və bu zaman satıcı ona qəbz vermişdir ki, qəbzi doldursun və şortiki qaytarmağının səbəbini yazsın. Qəbzdə Ceyhun öz xətti ilə Orxanın anket məlumatlarını yazaraq imza etmişdir. Bundan sonra satıcı qız şortiki geri alıb 55 manat pulu masanın üstünə qoymuş, Ceyhun da 55 manat pulu götürüb cibinə qoyduqdan sonra Orxana məxsus «İphone-X» markalı mobil telefonu qaytarmış, yenə birlikdə avtobusa əyləşib evə tərəf getmişlər. Avtobusdan düşdükdən X8 8 manat pul vermiş, o və Orxan təxminən 4 metr aralanmışlar ki, Ceyhun Orxanı geri çağırmış və verdiyi 8 manatı yenidən almış, sonra da hədə-qorxu gələrək bu barədə nə polisə, nə də valideyinlərinə bildirməməyi tapşırmışdır. Bundan sonra Orxanla bir yerdə Ceyhundan aralanıb evə tərəf getmiş, sonra Orxanla birlikdə polis bölməsinə gedib bu barədə izahat vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Orxan onun oğludur. xx xxxxxx 2019-cu il tarixdə oğlu Orxan ona zəng edib bir neçə dəqiqəyə evə gələcəyini bildirmişdir. Orxanla telefon danışdığından xeyli vaxt keçdiyi üçün o narahat olub Orxana yenidən zəng etmiş, lakin Orxan telefonu açmamışdır. Orxana davamlı zəng etməmiş, Orxan evə qayıtdıqda isə ondan telefonu açmamağının səbəbini soruşduqda Orxan bildirmişdir ki, tanımadığı Ceyhun adlı şəxs dostu Elmirlə onun qarşısını kəsib onlara bıçaqla hədə qorxu gələrək pul tələb etmiş, üstündəki 20 manat pulu ondan zorla almış, sonra isə aldığı şortiki qaytarmağa məcbur etdiyi üçün bir yerdə “Gənclik Mall”a gedib şortiki qaytarmışlar. Ceyhun adlı şəxs şortiki qaytardıqdan sonra 55 manat pulu da alıb cibinə qoymuş və Orxanla Elmirə polisə müraciət etməsinlər deyə hədə-qorxu gəlmişdir. Bunu bildikdən sonra oğlu Orxanı da götürüb 17-ci PŞ-nə gedərək ərizə ilə müraciət etmiş, sonra oğlunun dostu Elmir də 17-ci PŞ-nə gəlib bu barədə izahat vermişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş X3 ifadəsində göstərmişdir ki, halhazırda göstərdiyi ünvanda böyük oğlu Ceyhunla yaşayır, kiçik oğlu Səfər isə babası ilə bir yerdə qalır. Özü hər gün səhər saat 9-dan axşama qədər işdə olur, rəsmi olmasa da sifarişlə gözəllik salonlarında xadimə işləyir, işdə olduğu müddətdə isə Ceyhun evdə qalır. Ceyhun evdə ona qarşı həmişə hörmət saxlamış, heç vaxt qonşularla və ya digər şəxslərlə heç bir münaqişəyə girməmişdir. Onun törətmiş olduğu cinayətlərdən xəbəri olmamışdır. Sonradan bilmişdir ki, Ceyhun hər hansı bir cinayət etmişdir. Özü ailəli olmuş, 2 il olar ki, ərindən ayrılmışdır. Bir daha qeyd edir ki, Ceyhunun cinayət etməsindən xəbəri olmamış və o, evə cinayət yolu ilə əldə edilmiş hər hansı bir əmlak və ya pul gətirməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xəttşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 24442 №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş məhsulun geri qaytarılması barədə qəbzdəki yazılar və imza qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. (iş vərəqə 216-219) İş materiallarında olan xx.xx.2019-cu il tarixli “videodiskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, görüntü xx.xx.2019-cu il tarixdə saat 21:17:55-dən başlanır. Mağazanın içərisində 3 nəfər cavan oğlan kassaya yaxınlaşır. Onlardan birinin, qara köynəkli oğlanın sol əlində torba var. Ağ köynəkli oğlan ortada nisbətən geridə dayanıb, əynində palıdı rəngli köynək olan oğlan isə solda dayanıb. Zərərçəkmiş şəxs bildirdi ki, qara köynəkli oğlan Təqsirləndirilən şəxs, ağ köynəkli oğlan özü, digəri isə Şahid1dir. Bundan sonra kassir qız kassanın digər tərəfinə yaxınlaşır, qara köynəkli oğlan əlindəki torbanı əlilə ona verir. Kassir torbadakı paltarı çıxarıb baxır və kassadan kağız çıxarıb stolun üzərinə qoyur, qara köynəkli oğlan qələm götürüb həmin kağıza yazılar yazır, kassir isə kassanı açıb pul çıxarır. Bundan sonra qara köynəkli oğlan yazdığı kağızı kassir qıza, o isə pulu qara köynəkli oğlana verir. Qara köynəkli oğlan pulu sayıb şalvarının sol cibinə qoyur, kassanın sağ tərəfindəki stolun üzərində qoyulmuş ətirlərin iylərinə baxır, daha sonra müxtəlif mallara baxdıqdan sonra hər üçü aralaşıb görüntüdən itirlər. (iş vərəqə 170) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 6891 saylı məktubundan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmayıb. (iş vərəqə 200) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa çalışır. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, üzləşdirmədə dindirmə protokolları və digər sənədlərlə tam təkzib olunmuşdur. İstintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir.(iş vərəqə 73-78) İş materiallarında olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (iş vərəqə 79-84) İş materiallarında olan təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti protokollarından da görünür ki, ifadələrinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 hadisə yerlərini və hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişlər. (iş vərəqə 158-164; 184-189; 193-199). Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı qərarının 1-ci bəndinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qeyd edilən Plenum qərarının 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin Plenum qərarının 6-cı bəndinə əsasən, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin Plenum qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakın istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlak öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Həmin Plenum qərarının 17-ci bəndinin 1-ci abzasına əsasənCM-nin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-nin 177, 178, 180, 181-ci maddələri ilə, habelə CM-nin 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusunu və işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 180.2.2-ci maddəsi ilə ittiham hazırda Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatında olan onun xx xxxx 2019-cu il tarixdə Binəqədi rayonu ərazisində X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxslə halında törətdiyi oğurluqla bağlı barəsində olan ********* №-li cinayət işi nəzərə alınmaqla verilmişdir. Müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə icraat Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə X4 məhkəmədən gizləndiyi əsası ilə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən, CM-nin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-nin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarının 16-cı bəndinə əsasən, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Binəqədi rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi oğurluq cinayəti üzrə əməlinə hazırda Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən xx xxxxxx 2019cu il tarixli qərarla icraatın dayandırıldığı ********* №-li cinayət işi üzrə hüquqi qiymət veriləcəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə CM-nin 180.2.2ci maddəsi ilə olan əməli CM-nin 180.1-ci maddəsinə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. (iş vərəqə 130-132) İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-248/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 68.1-ci maddələrinə əsasən təyin edilmiş cəzaları (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə, (1 il azadlığın məhdudlaşdırılması 6 ay azadlıqdan məhrumetmə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(005)- 268/2018 saylı hökmü ilə təyin olunmuş və xx xxxxxx 2019-cu il tarixinə çəkilməmiş qalan 4 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (2 ay 8 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 3 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (iş vərəqə 202-211) İş materiallarında olan Nərimanov rayonu İcra Hakimiyyətinin Nərimanov rayonu MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (iş vərəqə 142-144) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət yoxdur. (iş vərəqə 212) İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs və onun atası Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışıblar və ona qarşı heç bir iddia, şikayət və tələbləri yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Yuxarıda qeyd olunan Plenum Qərarının 16-cı bəndində qeyd edilir ki, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna daxil olan cinayətlərdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-248/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmalı və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 14 ünvanında yerləşən «Gənclik Mall» ticarət mərkəzindəki “Zara” geyim mağazasından götürülmüş “məhsulun geri qaytarılmasına dair” qəbz və həmin mağazada quraşdırılmış müşahidə kameralarının xx.xx.2019-cu il tarixdə qeydə aldığı videogörüntünün əks olunduğu disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 104 manat pul Təqsirləndirilən şəxs alınaraq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 4(103)-534/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətəazadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-248/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 03 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 104 manat pul Təqsirləndirilən şəxs tutularaq Respublika büdcəsinə keçirilsin. İş üzrə maddi sübut - iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 14 ünvanında yerləşən «Gənclik Mall» ticarət mərkəzindəki “Zara” geyim mağazasından götürülmüş “məhsulun geri qaytarılmasına dair” qəbz və həmin mağazada quraşdırılmış müşahidə kameralarının xx.xx.2019-cu il tarixdə qeydə aldığı videogörüntünün əks olunduğu disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar