Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-334/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 27 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı «Mehrəm» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, «MilliÖn» ödəmə terminalı vasitəsilə «Mehrəm» adlı şəxsin məlum olmayan hesab nömrəsinə göndərdiyi 550 manat pul müqabilində naməlum vaxtda və yerdə «Mehrəm» adlı şəxs tərəfindən göndərilmiş külli miqdar təşkil edən 590,875 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdar təşkil edən 7,846 qram çəkidə narkotik vasitə heroini məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyul 2021-ci il tarixdə saat 22:05-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi RPİ 21-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman sağ çiyinindən asdığı üzərində “Gucci” yazısı olan qara rəngli əl çantasının içərisindən külli miqdar təşkil edən 590,875 qram psixotrop maddə metamfetaminin 1 bükümdə 590 qram hissəsi, əl çantasının orta cibindən 1 ədəd şəffaf rəngli plastmas qutunun içərisində qablaşdırılmış halda psixotrop maddə metamfetaminin 3 bükümdə ayrı-ayrılıqda 0,302 qram, 0,427 qram və 0,146 qram olmaqla, ümumilikdə 0,875 qram hissəsi, əl çantasının orta cibindən 1 ədəd plastmas qabın içərisində qablaşdırılmış halda 13 ədəd selofan bükümlərdə hər birinin ayrıayrılıqda çəkiləri 7,313 qram, 0,056 qram, 0,038 qram, 0,033 qram, 0,046 qram, 0,038 qram, 0,040 qram, 0,033 qram, 0,058 qram, 0,052 qram, 0,047 qram, 0,038 qram və 0,054 qram olmaqla, ümumi təmiz çəkisi 7,846 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə heroin və həmin əl çantasının içərisindən narkotik vasitə, psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə gəzdirdiyi 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni öz istifadəsi üçün almışdır. Saxlanılarkən onda 1,5-2 qram nakrotik vasitə heroin olmuşdur. Narkotiki satan şəxslər onun qoyulduğu yeri demiş, o da, gedib həmin narkotikləri deyilən yerdən götürmüşdür. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitə istifadəçisidir. Mehrəm adlı şəxsi tanımır. Sonuncu dəfə onun 50-60 manat pulu olmuş, həmin pula üç büküm narkotik vasitə almışdır. Cinayət işində qeyd olunan nömrə ona məxsusdur. O, taksi sürücüsü kimi işləyib pul qazanmışdır. Tutularkən onun üzərində əl çantası olmuşdur. Videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus məxsus olduğunu demiş, lakin iranlının adını deməmişdir. Onun ifadəsi polis əməkdaşlarının ona dediyi formada yazılmışdır. İttihamda qeyd olunan narkotik vasitələrin hamısı ona məxsus deyildir. Saxlanılarkən onda 1,5-2 qram narkotik vasitə olmuş, qalan narkotik vasitələr və psixotrop maddələrin ona aidiyyəti yoxdur. Polis işçiləri həmin narkotiklərlə onu yükləmişlər. Üzərində olan narkotiki şəxsi istifadəsi üçün əldə etmiş və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Həmin ifadələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun əvvəllər məhkumluğu olmuş, sonuncu dəfə 22 may 2017-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddə ilə təqsili bilinib 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 06 fevral 2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. O, uzun müddətdir ki, narkotik vasitədən və psixotrop maddədən istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitə ilə psixotrop maddə ona məxsus olmuşdur. O, həmin narkotik vasitə ilə psixotrop maddəni təxminən 1 ay bundan əvvəl tanış olduğu “Mehrəm” adlı İran vətəndaşından almışdır. Belə ki, o, həmin şəxslə “WhatsApp” vasitəsi ilə danışaraq ona atdığı hesab nömrəsinə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar köçürərək narkotik vasitə ilə psixotrop maddələr almışdır. Sonuncu dəfə o, “Mehrəm“ adlı şəxsdən 550 manat pul müqabilində ümumilikdə 17 büküm narkotik vasitə ilə psixotrop maddə, yəni 4 büküm metamfetamin və 13 büküm heroin almışdır. Sonra həmin narkotik vasitə ilə psixotrop maddəni özünə məxsus çantasına qoymuşdur. 27 iyul 2021-ci il tarixdə saat 21:50 radələrində o, həmin maddələri satmaq məqsədi ilə yaşadığı ünvandan çıxarkən qəflətən mülki geyimdə iki nəfər ona yaxınlaşmış və xidməti vəsiqəni göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə həmin polis əməkdaşlarından biri narkotik vasitənin qanunsuz əldə edilib istifadə edilməsində və satışında şübhəli olduğunu bildirmişdir. O da, polis əməkdaşlarına narkotik vasitədən istifadə etdiyini və satdığını səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ona Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə gedəcəklərini bildirmişlər. O da, buna etiraz etməmiş və onlarla birlikdə həmin bölməyə gəlmişdir. Oraya gəldikdən sonra hüquq və vəzifələrini izah etmişlər, daha sonra isə müdafiəçi dəvət etmişlər. Müdafiəçi gəldikdən sonra polis əməkdaşları ona videoçəkilişlə üzərində baxış keçiriləcəyini bildirmişlər. O da, buna etiraz etməmişdir. Beləliklə, onun polis əməkdaşlarının və çəkiliş aparan şəxsin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Daha sonra ona üzərində qanunsuz əşya varsa, təqdim etməyini demişlər. O da, əlində olan qara rəngli çantanı masanın üzərinə qoymuşdur. Həmin çantanın içərisindən ona məxsus 1 ədəd “Samsung” və 1 ədəd “ KGTEL” markalı mobil telefon aparatları, 1 ədəd metal rəngli tərəzi, 1 ədəd şəffaf rəngli plastmas qutu, ümumilikdə 4 büküm metamfetamin və 13 büküm heroin, 30 manat pul aşkar edilmişdir. Bununla bağlı protokol tərtib edilmiş, iştirakçılar həmin protokola imza etmişlər. Eyni zamanda, götürülmüş narkotik vasitə ilə psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Ona sonradan məlum olmuşdur ki, üzərindən götürülmüş metafetaminin ümumi çəkisi 590,875 qram, narkotik vasitə heroinin çəkisi isə 7,846 qramdır. Polis əməkdaşları ona qarşı bölmədə heç bir fiziki, psixoloji və mənəvi təzyiq etməmişlər, onu döyməmişlər. Onun bu barədə heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. O, narkotik vasitə heroini və psixotrop maddəni aldığı şəxsi İran vətəndaşı “Mehrəm” adı ilə tanımış, Mehrəmin onun telefonunda vatsap nömrəsi olmuş, lakin telefonu yararsız vəziyyətə düşdüyündən əlaqə nömrəsini istintaqa təqdim edə bilməmişdir. O, narkotik vasitə ilə psixotrop maddənin satışı ilə məşğul olduğunu, yoldan keçən tanımadığı şəxslərə müxtəlif məbləğlərə narkotik satdığını bildirmişdir. O, “Mehrəm” adlı şəxsin bank hesabını bilmədiyindən yadında qalmamış, o, ödənişi etdikdən sonra çekləri zibil qutusuna atmışdır. O, “Mehrəm” adlı şəxsdən narkotik vasitə və psixotrop maddəni Mehrəmin kart hesab nömrəsinə “Milliön” aparatı vasitəsi ilə pul köçürdükdən sonra ona vatsap vasitəsi 9-cu mkr ərazisində yerləşən “Neptun” marketlə üzbəüz qarajların arasında yerdə narkotik vasitə və psixotrop maddənin qoyulacağı yeri demiş və o da, həmin yerdən onları götürmüşdür. Bildirmişdir ki, “Mehrəm” adlı şəxslə aralarında olan razılaşma bundan ibarət olmuşdur ki, “Mehrəm” ona narkotik vasitə və psixotrop maddənin yerini demiş, həmçinin “Mehrəm” həmin narkotik vasitə və psixotrop maddələri satmağı ona tapşırmış, o, onları satıb pul əldə etdikdən sonra həmin pulun bir hissəsini “Mehrəm” adlı şəxsə göndərəcəkmiş. Narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin hansı ölkədən qaçamalçılıq yolu gətirildiyindən onun xəbəri olmamışdır. Üzərindən aşkar olunan pul əskinaslarının onun özünə məxsus olduğunu, narkotikin satışında əldə etdiyi pullar olmadığını bildirmişdir. O, “Mehrəm” adlı şəxsin ona narkotik vasitə heronin və psixotrop maddə metamfetaminin qoyulduğu yeri, yəni 9-cu mkr ərazisində yerləşən “Neptun” marketlə üzbəüz qarajların arasında olduğunu təxmini dediyini və o da, orada götürdüyünü bildirmişdir. Hazırda isə həmin yer tam yadında qalmadığı üçün dəqiq yerini göstərə bilmədiyini qeyd etmişdir. O, yalnız “Mehrəm” adlı şəxsə danışdığını, başqa heç kim ona narkotik vasitə və ya psixotrop maddə vermədiyini bildirmişdir. Bundan başqa, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən siyahıda qeyd olunan şəxslərlə sms vasitəsi ilə danışıqlar apardığını, ona məxsus mobil telefonlarında olan məlumatları sildiyi üçün sms yazışmalarını təqdim edə bilmədiyini, həmçinin bir daha narkotik vasitə satdığını təsdiq etmişdir (cild 1, iş vərəqi 98-103, 199- 200, 215-217). Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Nəsimi RPİ 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 27 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, dalan 2 ünvanın qarşısında Bəhruz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlamaqla daşıması, narkotik vasitə istifadə etməsi və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Nəsimi RPİ 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 27 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Nəsimi rayonu, A.Qurbanov küçəsi, dalan 2 ünvanın qarşısında saxlayaraq 21-ci polis bölməsinə gətirmişlər. Bölmədə əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs sağ çiynindən asılmış qara rəngli üzərində “Gucci” sözləri yazılmış əl çantasını çiynindən çıxarıb masanın üzərinə qoymuş, həmin çantanın içərisində “kokos” deyilən narkotik vasitə və “şüşə” kimi tanınan metamfetamin olduğunu bildirmişdir. Daha sonra çantanın ön cibindən 2 ədəd mobil telefonlar, orta ön cibindən 1 ədəd metal qapaqlı tərəzi və 1 ədəd şəffaf rəngli plastmas qutu, həmin qutunun içərisində 3 ədəd şəffaf selofana bükülmüş ağ rəngli kristal şəkilli maddələr, həmçinin 13 ədəd şəffaf selofana bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə malik toz şəkilli maddə, həmin çantanın digər orta cibinə baxıldıqda 1 ədəd iri həcimli şəffaf rəngli selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Həmin çantanın arxa cibinə baxıldıqda 4 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq Azərbaycan manatı pul əskinasları aşkar edilmişdir. Təqsirləndirilən şəxs çantasında olan tərəzinin özünə məxsus olduğunu və həmin tərəzi vasitəsi ilə narkotik vasitələri çəkərək satdığını və narkotik vasitələri isə təxminən yarım ay bundan öncə İran əsilli “Mehrəm” adlı şəxslə whatsapp sosial şəbəkəsi vasitəsi ilə danışaraq ondan 6-7 dəfə narkotik vasitələr aldığını və həmin maddələri satdığını bildirmişdir. Bəhruzun sözlərinə görə, sonuncu dəfə 26 iyul 2021-ci il tarixdə Mehrəmlə danışaraq onun göndərdiyi kart hesab nömrəsinə “Milliön” aparatı vasitəsi ilə pul köçürmüş və həmin gün aşxam saat 23-24 radələrində Bakı şəhəri, 9-cu mkr-da yerləşən “Neptun” marketlə üzbəüz olan qarajların arasından narkotik vasitələri götürərək satmaq məqsədi ilə üzərində gəzdirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Gucci” sözləri yazılmış qara rəngli əl çantası və içərisindən aşkar edilmiş narkotik vasityə bənzər “kokos” və “şüşə” kimi adlanan maddələr, mobil telefonlar və pul əskinasları zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Nəsimi RPİ 21-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 27 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq 21-ci polis bölməsinə gətirilməsi və həmin bölmədə onun şəxsi axtarışının keçirilməsində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 27 iyul 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi RPİ 21-ci Polis bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sağ çiynindən asılmış qara rəngli üzərində “Gucci” sözləri yazılmış əl çantasını çiynindən çıxarıb masanın üzərinə qoymuş, həmin çantanın içərisində “kokos” deyilən narkotik vasitə və “şüşə” kimi tanınan maddə olduğunu bildirmişdir. Daha sonra “Gucci” sözləri yazılmış əl çantasının ön cibindən 1 ədəd “Samsung” və “KGTEL” markalı mobil telefonlar, orta ön cibindən 1 ədəd metal qapaqlı arxa hissəsində “Made in China” yazısı olan tərəzi və 1 ədəd şəffaf rəngli plastmas qutu, həmin qutunun içərisində 3 ədəd şəffaf selofana bükülmüş ağ rəngli kristal şəkilli maddə, həmçinin 13 ədəd şəffaf selofana bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə malik toz şəkilli maddə, həmin çantanın digər orta cibindən 1 ədəd iri həcimli şəffaf rəngli selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Həmin çantanın arxa cibinə baxıldıqda 4 ədəd 5 manatlıq və 10 ədəd 1 manatlıq Azərbaycan manatı pul əskinasları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi çantanın içərisindən aşkar edilmiş maddələri və tərəzini haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda, Təqsirləndirilən şəxs çantasında olan tərəzinin özünə məxsus olduğunu və həmin tərəzi vasitəsi ilə narkotik vasitələri çəkərək satdığını və narkotik vasitələri isə təxminən yarım ay bundan öncə İran əsilli Mehrəm adlı şəxslə whatsapp sosial şəbəkəsi vasitəsi ilə danışaraq ondan 6-7 dəfə narkotik vasitələr aldığını və həmin maddələri satdığını, sonuncu dəfə isə 26.07.2021-ci il tarixdə Mehrəmlə danışaraq onun göndərdiyi kart hesab nömrəsinə “Milliön” aparatı vasitəsi ilə pul köçürməsini və həmin günü aşxam saat 23-24 radələrində Bakı şəhəri, 9-cu mkr-da yerləşən “Neptun”marketlə üzbəüz olan qarajların arasından narkotik vasitələri götürdüyünü, satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 52-59). Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə aid telefon danışıqları məlumatlarından görünür ki, siyahıda qeyd olunan mobil nömrələrə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə sms mətnləri yazmışdır. Baxış zamanı onun qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi və bir neçə satış faktlarını təsdiq edən mesajların olması müəyyən olunmuşdur. Belə ki, 17.07.2021-ci il saat 16:33:00-da **********10, **********32 - Tağı salam mənəm Bəhruz, 19.07.2021-ci il saat 16:12:03-də **********10, **********53 - Gələndə kalonkaları gətirsən Tahirəgildən, 18.07.2021-ci il saat 23:19:04-də **********10, **********32 - Tağı didim vəziyyətim pisdi, 07 adıynan 5.4 vermisən, 19.07.2021-ci il saat 04:59:14-da **********10, **********81 - Tatı oyandan lomkadayıq, 17.07.2021-ci il saat 16:33-də **********10, **********32 - Tağı salam mənəm Bəhruz, 21.07.2021-ci il saat 10:10:39-da **********10, **********14 - Namiq tez durda işim var, 25.07.2021-ci il saat 18:15:25-də **********10, **********14 - Namiq mənəm Bəhruz-sms mətnləri yazılmışdır (cild 1, iş vərəqi 182-183). Məhkəmə-kimyəvi ekspertizasının 28.07.2021-ci il tarixli 6/3148 saylı rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №189” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 590,0 qram, 0,302 qram, 0,427 qram, 0,146 qram, ümumi təmiz çəkisi 590,875 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər 13 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 7,313 qram, 0,056 qram, 0,038 qram, 0,033 qram, 0,046 qram, 0,038 qram, 0,040 qram, 0,033 qram, 0,058 qram, 0,052 qram, 0,047 qram, 0,038 qram, 0,054 qram, ümumi təmiz çəkisi 7,846 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat mümkün olmadı (cild 1, iş vərəqi 64-69). Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli 1994 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyac yoxdur (cild 1, iş vərəqi 192-194). Məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 3520 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 195-196). İbtidai istintaq orqanının 29 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 590,875 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 7,846 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd üzərində “Made in China” sözləri yazılmış tərəzi maddi sübut kimi tanınmış, metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 590,675 qram, narkotik vasitə heroinin tədqiqatdan sonra qahq qalmış 7,716 qram hissəsi və 1 ədəd tərəzi saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Həmçinin, ibtidai istintaqda Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd DVD formatlı disk iş üzrə sübut kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 218-227, 235). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 10 avqust 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə o, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06 fevral 2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 158-161, 163-169). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzadan azad olunduğu 06 fevral 2019-cu il tarixdən hazırkı iş üzrə cinayət əməlini törətdiyi günədək iki ildən artıq müddət keçmiş, onun məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi dəlillər gətirərək, ittihamda qeyd olunan narkotik vasitələrin hamısının ona məxsus olmadığını, saxlanılarkən onda 1,5-2 qram narkotik vasitə olduğunu, qalan narkotikin və psixotrop maddənin ona aidiyyəti olmadığını, polis işçilərinin onu yüklədiklərini, üzərində olan narkotiki şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotorp maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində «Mehrəm» adlı İran vətəndaşı kimi tanıdığı şəxslə necə tanış olması, narkotik vasitələri hansı qaydada və neçəyə əldə etməsi, bundan sonra həmin şəxsin kart hesablarına pulu necə köçürməsi və aldığı narkotik vasitələri baha qiymətinə dəfələrlə müxtəlif şəxslərə satması, sonuncu dəfə əldə etdiyi narkotik vasitələrin də bir qismini satdıqdan sonra, qalan hissəsinin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi barədə iş üzrə toplanmış sübutlarla üst-üstə düşən ifadələr vermişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən məhkəmədə imtina etməsini onun məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnin 27 iyul 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübutlar – psixotrop maddə hesab olunan metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 590,675 qram hissəsi, narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 7,716 qram hissəsi və 1 ədəd üzərində “Made in China” sözləri yazılmış tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd DVD formatlı disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2021-ci il tarixli 3520 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, onun İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi mümkün deyildir. Bununla belə, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə hesab olunan metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 590,675 qram hissəsi, narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 7,716 qram hissəsi və 1 ədəd üzərində “Made in China” sözləri yazılmış tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-334/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-334/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver