Məhkəmə qərarları › İş №1(101)-334/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-334/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-334/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni İran İslam Respublikası vətəndaşı “Saleh” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Bakı şəhəri, Ramanı adlanan ərazidən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq İran İslam Respublikası vətəndaşı “Saleh” adlı şəxs və qeyrilərinin göndərdikləri 3,051 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib “Saleh” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhəri ərazisində satışını həyata keçirmək üçün razılaşıb üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv ərazisində etibarnamə əsasında idarə etdiyi **- XA-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 15:32-dən etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən onun qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə etməklə daşıyaraq saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 3,051 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, ailəlidir, taksi xidməti fəaliyyəti ilə məşğul olur,təxmini 10 nəfər polis əməkdaşı tərəfindən Sumqayıtda idarə etdiyi avtomobilin yanında tutulmuş, tutularkən üzərində narkotik vasitə olmamışdır. O, evinin qabağında içərisində bir oğlan və qız olan avtomobilə yaxınlaşaraq onlardan köməyə ehtiyac olub-olmaması barədə məsələni aydınlaşdırarkən polis əməkdaşları maşında əyləşən qızdan “bu şəxsdir” deyə soruşub onu saxlamışdır. Sonuncu polis əməkdaşları tərəfindən döyülmüş, təcridxanaya daxil olarkən xəsarətlərlə bağlı onun bədəni yoxlanmış, lakin döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Narkotik vasitənin marixuana növündən mütəmadi olaraq ayda 3-4 dəfə istifadə etmişdir. Şahid4 adında şəxsi tanımır, Şahid6 ilə bərabər oturub, söhbətləşərək narkotik vasitə qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olan məlumat Baş İdarəyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı barəsində qrup rəhbəri tərəfindən məlumatlandırılmış, həmin məlumatda qeyd olunan ünvana, yəni Lökbatan ərazisinə qrup üzvü olan Şahid1 məxsus boz rəngli “Opel” markalı avtomobil ilə getmiş, zahiri görünüşü ilə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra təqsirləndirilən şəxsi saxlayaraq 40 dəqiqə ərzində İdarəyə gətirmişlər. Polis idarəsində təqsirləndirilən şəxsin üzərinə Şahid3 və Şahid1 iştirakları ilə baxış keçirilmiş və üzərindən bir büküm narkotik vasitə heroin aşkar edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs narkotik vasitəni 4-5 ay əvvəl İran vətəndaşından əldə etdiyini bildirmişdir. Polis idarəsində olan zaman təqsirləndirilən şəxs normal vəziyyətdə olmamış, narkotik vasitələrinin təsiri altında olmuşdur. Narkotik vasitənin satılması faktının müəyyən edilməsi istiqamətində sonradan hər hansı əməliyyat tədbiri keçirməmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni kimə satması barəsində məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 30 yanvar 2023-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv ünvanında təqsirləndirilən şəxsin “Ravon” markalı maşınına yaxınlaşmış, özünü təqdim etdikdən sonra təqsirləndirilən şəxsdən də özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü polis əməkdaşlarına təqdim etdikdən sonra Baş İdarəyə dəvət edilmiş, polis idarəsində üzərinə baxış keçirilərək bir büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Baxış zamanı aşkar edilən narkotik vasitənin miqdarını xatırlamır. Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, həmçinin polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid1 Ziya oğlunun ifadələrindən görünür ki, o, Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, polis idarəsində ifadə verərkən ona qarşı təzyiq olunmamış, narkotik vasitələrinin istifadəçisi olmuşdur. Təqsirəndirilən şəxslə dostluq münasibəti qurmuş, onun taksi xidməti ilə məşğul olduğundan xəbəri olmuş, sonuncu ilə birlikdə görüşüb narkotik vasitə qəbul etməmişdir. Bazarda işləyən Yadigar adlı şəxsin vasitəslə Təqsirləndirilən şəxs ilə tanış olmuş, Yadigarın da narkotik vasitə qəbul etməsindən xəbəri olmuşdur. O, dərmanla bağlı Yadigara müraciət etmiş, sonuncu isə həmin dərmanı Təqsirləndirilən şəxs götürmüşdür. ********** öz nömrəsi onun istifadəsində olmuş, 051 *** ** ** nömrəsinin kimə məxsus olmasını hal-hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən ona təzyiq olunmamışdır. Təqsirləndirilən şəxslə Saray qəsəbəsində yaşayan uşaqlar vasitəsilə əlaqə saxlayaraq görüşmüş, sonuncudan bir dəfə güclü təsiredici maddə metadon və narkotik vasitə heroin almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, o narkotik vasitələrinin istifadəçisi olmuş, Təqsirləndirilən şəxs birbaşa özündən yox, tanışından narkotik vasitə əldə etmişdir. Təqsirləndirilən şəxs də narkotik vasitə istifadəçisi olmuş, birlikdə narkotik vasitə qəbul etmişlər. Təqsirləndirilən şəxs taksi xidmət göstərən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massiv ünvanında yaşayan sakin olduğunu bildirmişdir. Narkotik vasitə aldığı şəxslərdən biri Rafiq adlı şəxs olmuş, həmin şəxsin Təqsirləndirilən şəxslə əlaqəsi olmamışdır. Narkotik vasitə tapmayan vaxtlarda onu Təqsirləndirilən şəxs vasitəsilə əldə etmiş və bununla bağlı ona 30 manat pul ödəmişdir. Təqsirləndirilən şəxslə arasında olan “Whats app” yazışmasında ondan psixotrop maddə metamfetamin istəmiş, Cavad isə ona hal-hazırda yalnız narkotik vasitə “kokos” ala biləcəyini, metamfetamini sabah əldə edəciyini bildirmişdir. Müalicə olunduğu üçün halhazırda narkotik vasitə qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədlərini də sübut növləri kimi qəbul edir. 30 yanvar 2023-cü il tarixli rapotdan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün saat 13:30-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,1-ci massiv ərazisində idarə etdiyi “Ravon Nexia” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına və idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməliyyat müvəkkilləri tərəfindən müşayiət altında saxlanıldığı yerdən idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 9). 30 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokol və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini əks etdirən 1 ədəd DVDdiskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olması barəsində daxil olmuş əməliyyat məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində sonuncu 30 yanvar 2023-cü il tarixdə saat 13:30-da Qaradağ rayonu, Lökbatan ərazisi ünvanda saxlanılaraq ünvan 5rbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 15:32-də şəxsi axtarış və götürmə keçirilərkən təqdim etdiyi əynindəki şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə ümumilikdə təmiz çəkisi 3,051 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni digər anket məlumatlarını dəqiq bilmədiyi “Saleh” adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. ( cild 1, iş vərəqi 28-30). 31 yanvar 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertiza rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №6” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,051 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 2,951 qram təşkil etmişdir.( cild 1, iş vərəqi 50-51). 01 fevral 2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərarla ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,951 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. ( cild 1, iş vərəqi 108-109). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarı ilə 30 yanvar 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir. ( cild 1, iş vərəqi 119-120). Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqların məzmununu özündə əks etdirən CD diskdə olan məlumatlara baxış keçirilərkən, şəxsin digər mobil operatorlara məxsus nömrələrlə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dəlalət edən, onun istifadəsində olan yuxarıda göstərilən nömrədən xx.xx.2022 tarixdə +**********47 nömrə istifadəçisinə “Qaqa yatıb neqeder zeng elədim götürməsi pəncərə qaldı sabaha.sabah”, “göriserik”, xx.xx.2023-cü il tarixdə +**********48 nömrə istifadəçisinə “Kakoz vereceydim:-)sene:- )yadan:-)cıxdı”, “Qaqam :-)sençün :- )saxlamısam:-)payıvı:-)gecen:-)xeyire:-)D”, xx.xx.2023-cü il tarixdə +**********28 nömrə istifadəçisinə “Gelem qapiya cixda qaqas doymey isteyirler qapin saxladmisam elemede bele cet didun axi”, həmçinin onun istifadəsində olan telefon nömrəsinə +**********27 nömrə istifadəçisindən xx.xx.2022-ci il tarixdə “Ya mene bir cavab ver yada nomrevi verirem menden sonram incime bas idareye versem menden sonram incime haa mene sonram yalvarsanda men isdemirdim” “OOqram pulu heder yere getsin havaya getsin. Men sened qoyub mal goturmusem men dilenib dolanib pul tapacam isdemirem pislik olsun. Menim nomremi ac c”, +**********38 nömrə istifadəçisindən xx.xx.2023-cü il tarixdə “qaqam imkan olsa lokbatanda olsa pul usdumdedi qaqana 10. manatim var qaqana torpaq duz qos elesen axrnci gundu qaqan qoyardi ne tapsan getir”, xx.xx.2023-cü il tarixdə “**********. qaqa ezizin nomiresidi denen sene em 40. verecem meni veziyetden cixart mence onda olmaldi sene atqaz elemez menim adimnan de denen mende sene derma” xx.xx.2023-cü il tarixdə “eyer tapa bilmesen axirda olsan.tezen sahat.8 de mene 10. manatdi verecey dosdum isdesen mene derman duz qos edersen men onu vererem sene sen axiz asdun yatmram”, xx.xx.2023-cü il tarixində “axisamun xeyir menim qerdesim necesen gozel qerdes qaqa imkan olsa mene disim aqiriyir dis aqiri dermani duz qos ele evdeyem pul hazirdi qaqa qerdesduqun yadadi” kimi məzmunda və digər SMS yazışmaları müəyyən edilmişdir.( cild 1, iş vərəqi 177-178). 14 mart 2023-cü il tarixli “mobil telefon aparatına baxış keçirilməsi barədə” protokoldan görünür ki, bir ədəd sarı rəngli “Samsung” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman həmin mobil telefonda ***-***-**-** saylı telefon nömrəsinin olması və “Whatsapp” mobil tətbiqinin “söhbətlər” bölməsində çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Həmin mobil tətbiqə nəzər salınarkən məlum olmuşdur ki, adı latın əlifbasına aid hərflərlə “Saleh İr” adı ilə qeyd olunmuş +**********65 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktı ilə, “Whatsapp” mobil tətbiqində müxtəlif fotoşəkil və səsyazıları var. Həmin səsyazılarının içərisində 29 yanvar 2023-cü il tarixdə saat 18:45-də Təqsirləndirilən şəxs “Saleh İr” adı ilə qeyd etdiyi şəxsə atdığı səsyazısında “Saleh İr” in onu əgər mala görə narahat edirsə yer deməyini və ora atmağını hal hazırda özünə pul lazım olduğunu və göndərməsini bildirmişdir. Daha sonra həmin mobil tətbiqdə adı latın əlifbasına aid hərflərlə “Anar qardaş 10 lik” adı ilə qeyd olunmuş ***-***-**-** saylı nömrəli kontakt ilə “Whatsapp” mobil tətbiqində müxtəlif fotoşəkil, yazışma və səsyazılarının olması müəyyən edilmişdir. Həmin yazışmaların içərisində 30 yanvar 2023-cü il tarixdə saat 11:24-də Təqsirləndirilən şəxs ilə “Anar qardaş 10 lik” adı ilə qeyd etdiyi şəxsin - Təqsirləndirilən şəxs: Dərman almısam;Anar qardaş 10 lik : “halım yoxdu hec” Təqsirləndirilən şəxs:.endedi; -Anar qardaş 10 lik :”Bildim” məzmunda dialoq aşkar edilmişdir. Həmin tarixdə saat 11:25 də Təqsirləndirilən şəxs “Anar qardaş 10 lik” adı ilə qeyd etdiyi şəxsə atdığı səs mesajında “hə heç bir şey halın yoxdu mənim qardaşım, indi gələm verəcəm onu qəşəy halında olacaq, nastrenanda olacey gələm” məzmunlu mesajlar aşkar olunmuşdur. Mobil telefon cihazına baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokola sübut əhəmiyyətli yuxarıda qeyd olunan yazışmaların və görüntülərin müvafiq hissələrinin fotoşəkli və eləcə də səsyazışmaları özündə əks etdirən 01 ədəd CD disk protokola əlavə edilmişdir.(cild 1, iş vərəqi 179-181). 12 aprel 2023-cü il tarixli Təqsirləndirilən şəxs və digər şahidlər Şahid6, Şahid4, Tərlan Talıbov arasında arasında keçirilmiş üzləşdirmə protokollarından görünür ki, həmin şahidlərin hər biri ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə metamfetamin aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə həmin şəxslərə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satdığını etiraf etmişdir. ( cild 1, iş vərəqi 205- 212). 24 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 2,951 qram qalmış heroinin maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar saxlama yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinə təhvil veriləsi, üzərində şəxsi axtarış aparılmasının videogörüntülərinin əks edildiyi bir ədəd CD diskin və "xxxx" MMC-dən daxil olmuş telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında CD diskin iş üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması müəyyən edilmişdir. (cild 1, iş vərəqi 213-230). Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına 27 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi eləcə də Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi külli miqdarda narkotik vasitə heroini əldə etdiyi “Saleh” adlı şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə həyata keçirilmişə əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin Təqsirləndirilən şəxs tərəfindən satışını həyata keçirmək məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilmişdir. Buna baxmayaraq “Saleh” adlı şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 197). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir (cild 1, iş vərəqə 151). Məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından daxil olmuş 07 avqust 2023-cü il tarixli tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs bədənində yeni xəsarətlər aşkar edilməmiş, həbs olunmadan əvvəl zədə və ya bədən xəsarəti almasını inkar etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli,2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə(köhnə redaksiyada) əsasən – təmiz halda 2 (iki) qram və daha artıq çəkidə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin tutularkən üzərində narkotik vasitə olmaması, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində 30 yanvar 2023cü il tarixdə video-çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən özünün “heroin” adlandırdığı narkotik vasitə aşkar edilmiş, şifahi sorğu zamanı o “Saleh” adlı İran İslam Respublikasının vətəndaşının İran İslam Respublikasından göndərdiyi narkotik vasitələri satmağa köməklik göstərməsi barədə təklifi ilə razılaşdığını, əldə edilmiş razılığa əsasən Saleh adlı şəxsin göndəridyi narkotik vasitələri özündə saxlama və göstərişləri üzrə yerləşdirilməsi müqabilində ona 10 qram narkotik vasitə heroin verdiyini, üzərində aşkar edilmiş həmin maddənin qeyd edilən 10 qram narkotik vasitənin qalan hissəsi olduğunu bildirmiş, qeyd edilən ifadələri isə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən təsdiq etmiş, Saleh adlı şəxsin göndərdiyi narkotik vasitələri isə artıq payladığını göstərmişdir. Təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən isə tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığı üçün Saleh adlı şəxsin Bakı şəhəri ərazisində dediyi ünvanlara paylamağını bildirdiyini, üzərindən aşkar edilən narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən əlavə heroin əlavə edildiyini, əslində reallıqda üzərində olan narkotik vasitəni həm şəxsi istifadəsi, həm də digər tanışlarına vermək məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında isə ümumiyyətlə üzərində narkotik vasitə olmaması, döyülməsi səbəbindən həmin narkotik vasitənin ona məxsus olması barədə ifadələr verməsi məsələsinin aydınlaşdırılması məqsədilə məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 07 avqust 2023-cü il tarixli müşaiyət məktubu ilə göndərilmiş tibbi müayinə sənədlərindən görünür ki, təcridxanaya daxil olarkən xəsarət almadığını bildirmiş, bədən səthində yeni xəsarətlər aşkar edilməmişdir. Cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna döyülərək müxtəlif xəsarətlər alması nəticəsində etmədiyi cinayəti zorla boynuna qoyan polis əməkdaşları barəsində qanuni tədbirlərin görülməsi barədə məlumatı üzrə araşdırma aparılarkən təyin edilmiş 27 mart 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyi ilə onun bədən səthində xəsarətlər aşkar edilməməsi müəyyən edilmiş, tutulmasında iştirak edən polis əməkdaşları isə tərəflərindən belə qanunsuz əməllərə yol verilmədiyini bildirmişdir (cild 1, iş vərəqi182-185). Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrini özündə əks etdirən protokol və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən CD diskdə əks edilən məlumatların mötəbərliliyinin şübhə altına alınması üçün Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroin və marixuana bükümlərinin ona məxsus olması işin mübahisəsiz halını təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilərkən verdiyi ifadələrini,istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif mobil telefon nömrəsi istifadəçiləri arasında olan narkotik vasitələrin satışı məzmununda sms mətnləri, üzərindən götürülmüş “Samsung ” markalı telefonda aşkar edilmiş Saleh adlı şəxslə mesajlarını, iş üzrə təqsirləndirilən şəxsin şahidlərlə mövcud üzləşdirmə protokollarını, narkotik vasitə və ya psixotrop maddə satdığı şəxslərin bilavasitə məhkəmə iclasında verdiyi ifadələri bir-birilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına daxildir və Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı övladı vardır.(cild 1, iş vərəqi 166). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum edilməməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində himayəsində iki azyaşlı övladının olması kimi olan cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 18), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 fevral 2023-cü iİ tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 103-107). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. 13 fevral 2023-cü İl tarixli 776 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidilərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur ( cild 1, iş vərəqi 167-168). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,951 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqların məzmununu özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. (Cild 1, vərəq 57, 199). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin hazırlıq iclası zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,951 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; -Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatı ailə üzvlərinə təhvil verilsin. - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqların məzmununu özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına vəkili Müdafiəçi1 üçün 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar