Məhkəmə qərarları › İş №1(101)-336/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-336/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-336/2020 26.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x2, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili x3 iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaq məlum olmayan “Şahin” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1030,0 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 21 sentyabr 2019-cu il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanının qarşısında olduğu zaman Bakı şəhər Baş Polis idarəsinin narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb, Bakı şəhər BPİ-yə gətirilərək, üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının kəmər hissəsi ilə sol qarın boşluğu arasında bir ədəd sellofan torbada 1030,0 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr keçirib belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına, o cümlədən CPM-in 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməmişdir. İttiham aktı prosessual qanunun tələblərinə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən məhkəməyə 22.01.2020-ci il və 27.01.2020-ci il tarixlərdə daxil olmuş 12.01.2020-ci il tarixli, 17/36-40 saylı və 13.01.2020-ci il tarixli, 17/36-44 saylı məktublardan görünür ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 02.10.2019-cu il tarixdə Penitensiar Xidmətin İstintaq təcridxanasından etapla həmin Müalicə müəssisəsinə “sağ ağciyərin yuxarı payının naməlum mənşəli etiologiyalı törəməsi” diaqnozu ilə daxil olmuşdur. Aparılmış intensiv müalicə tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs 12.01.2020-ci il tarixdə müəssisənin cərrahiyyə şöbəsində “Ağ ciyərin xərçəngi. Nazik bağırsaqlara metastaz” diaqnozu ilə ölmüşdür. Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş 18.02.2020-ci il tarixli, 17-C- 20 saylı məktuba əlavə edilmiş meyitin ekspertizası üzrə 12.01.2020-ci il tarixli, 08 saylı rəydən görünür ki, 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ölümünə sağ ağciyərin xərçəngi nəticəsində daxili üzvlərə metastazla müşayiət olunan orqanizmin ümumi intoksikasiyası səbəb olmuşdur. Ölüm Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində 12.01.2020-ci il tarixdə saat 10:30-da baş vermişdir, hansı ki, aparılmış məhkəmə-tibbi müayinə ilə inkar olunmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsindən daxil olmuş ölüm haqqında 25.02.2020-ci il tarixli, AZ-İİ 019711 saylı şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 12.01.2020-ci il tarixdə bronxların və ya ağ ciyərin aşağı payının bədxassəli yenitörəməsi səbəbi ilə ölmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Təqsirləndirilən şəxs öldüyündən, təqsirləndirilən şəxsin bacısı x4 19 fevral 2020-ci il tarixdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi x4 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut hesab edilmiş və Bakı şəhər BPİ-nin Təchizat şöbəsinin saxlancına verilmiş Təqsirləndirilən şəxs götürülmüş 1030,0 qram narkotik vasitə olan heroinin məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra 1029,9 qram qalıq hissəsi hazırkı qərar qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut, baxış istintaq hərəkətinin video görüntülərini əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs öldüyündən dövlətə aid edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43.3-1,106-1, 281, 299-300, 305-306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs öldüyündən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut olan və Bakı şəhər BPİ-nin Təchizat şöbəsinin saxlancına verilmiş Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinin məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra 1029,9 qram qalıq hissəsi hazırkı qərar qüvvəyə mindikdən sonra məhv edilsin. Digər maddi sübut, baxış istintaq hərəkətinin video görüntülərini əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs öldüyündən dövlətə aid edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar