Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-336/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1996-cı il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçildiyi üçün Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan nakotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda - 5,630 qram əldə etmiş, üstündə saxlayaraq daşımış və 08.06.2021-ci ildə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əmkdaşlarının Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs saat 19:45-də Sabunçu rayonu, Ləhiş bağlar massivi tikinti materiallarının satışı mağazasının yaxınlığında saxlanılmış və Sabunçu RPİ-nə gətirilmiş, orada şəxsi axtarış zamanı qara rəngli şalvarının sağ yan cibində polietilen kəsiyindən bir ədəd bükümdə əldə etdiyi qəhvəyi rəngli toz halında olan kustar üsulla hazırlanmış külli miqdarda 5,630 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08.06.2021-ci ildə narkotikdən asılılığı ilə əlaqədar ağrıları yarandığından narkotik vasitə almaq istəmiş, lakin nail ola bilməmişdir. Bu səbəbdən Maştağa qəsəbəsi Ləhiş bağlarında tanımadığı şəxsdən 90 manat pul verib bir bükümdə heroin almışdır. Ləhişdə olan bağına gedərkən polis əməkdaşları tərəfindən saxlanılımış, polis idarəsinə gətirilmişdir. Polis idarəsində təhqiqatçı ona barəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat əsasında gətirildiyini və şübhəli şəxs qismində tutulduğunu elan etmişdir. Üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən şalvarının sağ yan cibindən öz istifadəsi üçün aldığı heroini, 1 ədəd «Samsunq» markalı mobil telefonu, 1 qutu siqareti və 4 manat pulu təqdim etmişdir. Telefon və narkotik vasitəsi götürülmüş, pulla siqaret isə özünə qaytarılmışdır. O heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitəni də şəxsi istifadəsi üçün almışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-də xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərinə narotik vasitələr, psixotrop, güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 08.06.2021-ci ildə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbə sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin əldə edilməsi və satışı ilə məşğul olması barədə məlumat almışdır. Həmin məlumat barədə raportla məruzə etmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün BNMİ-nin rəisinin əmri ilə baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil olduqları rəhbəri özü oduğu əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs 08.06.2021-ci ildə saat 18:45-də Nardaran qəsəbəsi Ləhiş bağlar massivində qrupun üzvləri tərəfindən saxlanılmış və Sabunçu RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasına dair Baş İdarənin rəisinə məlumat verilmiş və yoxlamanın davam etdirilməsi təhqiqatçı Nəcəf Aburşuya tapşırılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən tutulmuş, hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı elan olunmuş, hüquqları izah edilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üstündə saxladığı dövriyyəsi qanunla qadağan olunmuş və məhdudlaşdarılmış əşyaların təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Əbduləli əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd xırda bağlama təqdim etmişdir. Həmin bağlamada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotikə oxşar maddə aşkar olunmuşdur. Üstünə əlavə baxış zamanı 4 manat, 1 ədəd «Samsunq» markalı telefon və siqaret müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən narkotikə oxşar maddə elektron tərəzidə çəkilmiş və miqdarı qablaşdırma ilə 6,23 qram müəyyən olmuşdur. Narkotik vasitəyə oxşar maddə dərhal qablaşdırılmış və zərf möhürlənmişdir. Şəxsi axtarışda iştirak edənlər, eləcə də Təqsirləndirilən şəxs zərfi imzalamışlar. Təhqiqatçı protokol tərtib etmişdir. 4 manat və siqaretlər Əbduləliyə qaytarılmış, mobil telefonun iş üçün əhəmiyyətli olacağını nəzərə alaraq götürülmüşdür. Əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən almasına dair konkret heç bir məlumat olmamışdır. Bununla belə işin əməliyyat müşayiəti onun tərəfindən aparıldığından Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlar daxil olsa da, sonradan onun narkotik vasitənin satışı ilə məşgul olması öz təsdiqini tapmamışdır. Əbdüləlinin narkotik vasitəni kimdən almasını isə müəyyn etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs özü göstərmişdir ki, onda aşkar olunmuş heroini Elnarə adlı qadından almışdır. Həmin qadın 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üstündə narkotik vasitə aşkar olunmuşdur. Şahid1 suallara cavab verərək göstərmişdir ki, Əbdüləli Babayevin kiməsə narkotik vasitə satması barədə onda məlumat yoxdur. İlkin məlumat satış barədə daxil olsa da sonradan onun narkotik vasitənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və Şahid2 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmiş, eyni zamanda hər ikisi ifadələrində ilkin məlumatın Əbdüləli Babayevin narkotik vasitənin satışı ilə məşğul olması barədə daxil olmasını, lakin sonradan onun narkotik vasitənin satışı ilə məşğul olmasının öz təsdiqini tapmamasını bildirmişlər. Məhkəmədə X1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi və Təqsirləndirilən şəxslə üzləşmə protokolu elan olunmuşdur. O həmin ifadələrində göstərmişdir ki, 2016-cı ildən narkotik vasitə heroindən istifadə edir. 2021-ci ilin may ayında Ləhiş bağlarına gedibgələn zaman Əbduləli ilə tanış olmuş və bilmişdir ki, o da narkotik vasitələr qəbul edir. 08 iyun 2021-ci il tarixdə Əbduləli onunla rastlaşaraq ağrıları olduğunu bildirmiş və narkotik vasitə alanda onun üçün də narkotik vasitə almasını xahiş etmişdir. O razılaşaraq narkotik vasitə almaq üçün Əbduləlidən 18 manat pul götürmüşdür. Nəmin gün narkotik satan şəxsi görmədiyi üçün Əbduləli ilə görüşərək 18 manat pulu Əbduləliyə qaytarmışdır. 09 iyunda tanımadığı şəxsdən narkotik vasitə almış və 42-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmış və üzərindən narkotik vasitə aşkar olunmuşdur. İlkin izahatında və üzərində şəxsi axtarış protokolunda üzdən tanıdığı şəxsdən 30 manata özü üçün,30 manata da Əbduləli üçün narkotik vasitə alması barədə göstərdikləri düzgün deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahid ifadələri, ekspertiza rəyləri və tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə “şübhə edilən şəxsin tutulması haqqında” 08 iyun 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 10 iyun 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 iyun 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 08 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında olan protokolun məzmunundan və ona əlavə edilmiş bir ədəd “DVD” diskdə olan videogörüntüdən görünür ki, müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən şalvarının cibində polietilen kəsiyindən hazırlanmış kiçik bağlama, 1 ədəd «Samsunq» markalı telefon, 1 qutu siqaret və 4 manat aşkar olunmuşdur. Polietilendən kiçik bağlama açılanda içərisində qəhvəyi rəngli, toz halında, spesifik iyə malik narkotikə oxşar maddə aşkar olunmuş və dərhal qablaşdırılmış, zərf möhürlənmişdir. «Samsunq» markalı telefonun yaddaşındakı məlumatların iş üçün əhəmiyyət kəsb edə biləcəyi ehtimal olunduğundan götürülmüş, 4 manat pul, 1 qutu siqaret isə özünə qaytarılmışdır. Cinayət işinin materiallarında olan ekspertin apardığı tədqiqatın 09.06.2021-ci il tarixli 6/2324 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 5,630 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.08.2021-ci il tarixli 2624 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş telefona baxış keçirilməsinə aid protokoldan məlum olur ki, həmin telefonda iş üçün əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş telefon danışıqlarına baxış keçirilməsi barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrələrindən çıxan və daxil olan zənglərə və smslərə dair məlumatlar "xxxx" MMC-dən əldə edilmiş və həmin məlumatlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışına dair hər hansı bir məlumat müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin Amnistiya aktının tətbiq edilməsi barədə 25 noyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respbulikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş, həmin cərimə cəzasının 800 manatı ödənilmiş, «8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən qalan 700 manatı ödəmək cəzasından azad edilmişdir. Hazırda onun məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış prosesinin videogörüntüləri və Təqsirləndirilən şəxs götürülmüş 5,630 qram herion cinayət təqibi üzrə öz xüsusiyyətlərinə, mənşəyinə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərindən Azərbaycan Respublikası CPM-nin 128-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və həmin Məcəllənin 129-cu maddəsini rəhbər tutaraq narkotik vasitə heroinin tədqiqata sərf olunmuş hissəsi (0,100 qram) nəzərə alınaraq, qalığı 5,530 qram heroin Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış prosessinin video görüntüləri köçürülmüş disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm məhkəmdə, həm istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik vasitələr qəbul etsə də narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 hər üçü ifadələrində ilkin məlumatın Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə daxil olmasını, lakin sonradan onun narkotik vasitənin satışı ilə məşğul olmasının öz təsdiqini tapmamasını bildirmişlər. Məhkəmədə X1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi və Təqsirləndirilən şəxslə üzləşmə protokolu məhkəmədə elan olunmuşdur. O həmin ifadələrində göstərmişdir ki, 2021-ci ilin may ayında Ləhiş bağlarına gedib gələ zaman Əbduləli ilə tanış olmuş və bilmişdir ki, o da narkotik vasitələr qəbul edir. 08 iyun 2021-ci il tarixdə Əbduləli onunla rastlaşaraq ağrıları olduğunu bildirmiş və narkotik vasitə alanda onun üçün də narkotik vasitə almasını xahiş etmişdir. O razılaşaraq narkotik vasitə almaq üçün Əbduləlidən 18 manat pul götürmüşdür. X1 həmin ifadələrindən məlum olur ki, Əbduləli ağrıları olduğu üçün narkotik vasitə almaq üçün ona müraciət etmişdir. Əyər Əbduləli narkotik vasitə satan idisə narkotik vasitə üçün niyə E. Hüseynovaya müraciət edirdi. Narkotik vasitəni satan şəxsin narkotik almaq üçün başqa mənbələri olmalı idi. Bundan başqa, Təqsirləndirilən şəxs telefonuna və telefon məlumatlarına dair baxış protokollarında da onun narkotik vasitələrin satışına dair hər hansı bir məlumat müəyyən olunmur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, DİN Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş heroinin tədqiqata sərf olunmuş hissəsi (0,100 qram) nəzərə alınaraq, qalığı 5,530 qram narkotik vasitə heroin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 08 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81.82 manat (səksən bir manat 82 qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar olan şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın, DİN Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş heroinin tədqiqata sərf olunmuş hissəsi (0,100 qram) nəzərə alınaraq, qalığı 5,530 qram narkotik vasitə heroin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81.82 manat (səksən bir manat 82 qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-336/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-336/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver