Məhkəmə qərarları › İş №1(101)-337/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-337/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-337/2025 09.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 5,836 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 21 fevral 2024-cü il tarixdə saat 06:30-da Suraxanı RPİ-nin NMB-nin və PPXB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən «Hövsan Mall» ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin 42 ünvanında yerləşən Suraxanı RPİ-ə gətirilmiş, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində 01 ədəd bükümdə təmiz çəkisi 5,836 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan 01 ədəd sarı rəngli plastik qab aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, 21 fevral saat 01:30-da dükana getmək üçün evdən çıxmışdır. Sonra “kakos” götürməli olduğu adama zəng etmiş, Hövsanda yolda olarkən içərisində iki nəfər polis işçisi və bir nəfər adi geyimdə şəxs olan qara bir maşın saxlamış, ona zəhmət olmazsa yaxınlaşmasını bildirmişdir. O, yaxınlaşan anda sükan arxasında oturan şəxs gəlib çatan kimi qolunu buraraq qandal taxmışdır. Onu öz maşınlarına oturtmuşlar, sonra 10-15 dəqiqə küçənin ortasında nəsə araşdırmışlar, on beş dəqiqədən sonra ona yaxınlaşmışlar, həmin vaxt əllərində bir “kinder” qabı olmuş və qabı açaraq ona “bunun içində “patı”dır, bu sənin üzərində idi” demişlər. Saxlayıb axtarış keçirəndə onun üzərində telefon, iyirmi manat pul və siqaret olmuşdur. Daha sonra onu Baş İdarəyə aparıb ikinci mərtəbədə olan otağa qaldırmışlar, səhər saat 8-9-a kimi onu aparılacaq videoçəkilişə hazırlaşdırmışlar, nə deyəcəyini və kimdən, necə almasını bildirmişlər. Qabın içini açmamışlar, sadəcə olaraq qabın içində metamfetamin olduğunu və ona məxsus olduğunu bildirmişlər, videoda həmin qabı zərfə qoymuşlar. Onu idarəyə özləri yox, zəng etdikləri üç nəfər polis işçisi gətirmiş, üzərinə baxış videoçəkilişlə idarədə aparılmış və çəkilişdə onu tutan şəxslərdən heç biri orada olmamışdır. Videoçəkilişdə hətta guya o bir səhv etmiş, verdikləri kağızı oxuyanda saxlayaraq onu oxumamasını, oxumuş kimi eləməsini demiş, çəkilişdə də onun üç saniyə ərzində kağızı oxuduğu görünmüşdür. Onu idarəyə gətirəndə vəkil gəlməmişdir. Hökm çıxandan sonra 7-8 ay olar ki, ona qandal vurulmamış, zəng edib soruşanda isə qandallarının olmadığını demişlər. O, narkotiki “Elnur” adlı şəxsdən almaq istəmiş, Elnur özü də Hövsanda olmuş və həmin şəxsdən bir neçə dəfə narkotik almışdır. Narkotikə ağrıları olduğu üçün başlamış, son vaxtlar dərmanlar bahalaşdığı üçün narkotikdən istifadəyə başlamışdır. Onu tutan polislərə də həmin vaxt narkotik almağa getdiyini və satan olmadığını demişdir. Adını Elnur bildiyi soyadını bilmədiyi adamı polislərə demiş, polislər də ona “neçə vaxtdır ki, o adamı tuta bilmirik, sən köməklik et, səni 234.1-lə sənədləşdirək” demişlər. Sonra bölmədə ona “sən təzədən danışdığın kimi zəng edib görüşmək üçün onunla danışa bilərsən”, o da danışa biləcəyini bildirmiş, həmin vaxt ona narahat olmamasını, gələndə həmin şəxsi tutub onu da buraxacaqlarını demişlər. Sövdələşmələri olmuş, lakin o, həmin adama zəng etməmişdir. Adını bilmir, amma saxlanılan zaman, idarəyə gətrildikdən sonra ona qarşı zor və təzyiq olmuş, qolundan və çənəsindən xəsarətlər almışdır. Şüvəlanda soruşarkən çənəsində zədə olduğunu demiş, lakin qeyd edib-etmədiklərini bilməmişdir. Sanskiya məhkəməsində olarkən isə istintaqda dediklərini demişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 23 fevral 2024-cü il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, bir ilə yaxındır ki, psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edir. Psixotrop maddəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə edirmiş. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etməyi üçün 10 manat ödəməklə bir büküm psixotrop maddə metamfetamin almışdır. Onun niyyəti həmin psixotrop maddə metamfetamini özü istifadə etmək olmuşdur. O həmin psixotrop maddəni özündə olan sarı rəngli plastik qaba qoyduqdan sonra həmin plastik qabı əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 21 fevral 2024-cü il tarixdə saat 06:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Mall-ın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun kim olmağı barədə soruşmuşlar. O də özünü Təqsirləndirilən şəxs Ziyadxan oğlu kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərinə baxış keçirilməsinin vacib olduğunu bildirərək onu Suraxanı RPİ-nə dəvət etmişlər. O də razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Suraxanı RPİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O də buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Vəkili ilə görüşdükdən sonra polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual vermişlər və olduğu halda çıxarıb təqdim etməyi təklif etmişlər. O də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində bir büküm olan 01 ədəd sarı plastik qabı və qara rəngli cins şalvarımın sol cibindən bir ədəd “Samsung J2” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içinə baxılmış və ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O də həmin bir ədəd bükümün içərisində metamfetamin olduğunu həmin psixotrop maddə metamfetamini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş bir ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. O narkotik maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş psixotrop maddəni də öz şəxsi istifadəsi üçün alıb əldə etmişdir. O saxlanılan zaman və Suraxanı RPİ-də olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır (İ cild, səh. 67-68). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, şəxsin narkotikdən istifadə etməsi barədə ona məlumat daxil olmuş və əməliyyatın rəhbəri o olmuşdur. Şəxs Hövsan qəsəbəsində saxlanılmış, onların iki əməkdaşları maşında düşüb saxlamışlar, üzərində metamfetamin olmuş və satış məqsədi ilə İran vətəndaşından almışdır. Həmin dövrdə çox adam tutulduğundan unutmuş, harada tutulmasını dəqiq xatırlamır. Üzərinə şəxsi axtarış idarədə vəkilin iştirakı ilə və videoçəkilişlə keçirilmiş, üzərindən nəyin aşkar edilməsi onun yadında qalmamışdır. Əməliyyatda bir mülki adam, bir də əməkdaş olmuş və maşını sürən mülki şəxs olmuşdur. Həmin digər şəxs onun şoferi olmuş və ancaq maşını sürmüş, əməkdaş az olduğundan həmin şəxs onlara maşını sürməyə kömək etmişdir. Mülki adam əməliyyatda birbaşa iştirak etməmiş, ancaq onun maşınını sürmüşdür. Onlar şəxsi gec saatlarda saxlaşmışlar, çəkiliş isə səhər saatlarında, təxminən saat 7 radələrində olmuşdur. Saxlanılan zaman, bölməyə gətiriləndən sonra Təqsirləndirilən şəxs heç bir zor və təzyiq olmayıb. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona zor və təzyiq göstərilməsi barədə dedikləri doğru deyil. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin NMB-nin rəisi vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. Etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu ərazisində qanunsuz orlaraq narkotik vasitələrin daşınması, satışı və istifadə etməsi bildirilmişdir. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə tərəfindən RPİ-nin rəhbərliyinə raportla müraciət olunmuş, o və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 06:30 radələrində o və bölmənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, satışında və istifadəsində şübhəli bilinən xüsusi əlamətləri və geyimi Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən «Hövsan Mall» ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nə gətirilmiş, orada məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti iş otaqların birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə ararılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, qanunla dövriyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən sarı rəngli plastik qağı və həmin şalvarının sol yan cibindən 01 ədəd «Samsung J2» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd sarı rəngli plastik qabın içərisində ağ rəngli kristallardan ibarət metamfetamindir, həmin metamfetamini Bakı şəhəri Suraxanı rayonu, ərazisində tanımadığı şəxsdən 10 manat verməklə öz istifadəsi üçün əldə etmişdir. Bundan sonra psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd «Samsung J2» markalı mobil telefon zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin daşıması, satışı və istifadə etməsi barədə məlumat olmuşdur, lakin qeyd edilən xüsusatın müəyyən edilməsi məqsədi ilə tərəflərindən tədbirlər davam etdirilr. Təqsirləndirilən şəxs başqa bir cinayəti törətməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmiş və zor tətbiq etməmişdir (İ cild, səh. 94-96). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ruslan adlı şəxin narkotik vasitələrin istifadəsində, daşınma və satışında şübhəli olması barəsində əməliyyat məlumatı Şahid1 daxil olmuş, bununla bağlı o və Əzizağadan ibarət əməliyyat qrupu yarardılmışdır. Hövsan qəsəbəsinə gedərək “Hövsan Mall”ın yaxınlığında təxminən səhər saat 6-7 radələrində Ruslan adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, onu Suraxanı RPİ-ə dəvət etmiş, daha sonra idarədə videoçəkilşlə üzərinə baxış keçirilmişdir. Əməliyyatda maskalı hansısa şəxs iştirak etməmişdir. Əməliyyatda Əzizağanın şəxsi şoferinin olmasını xatırlamır. Təqsirləndirilən şəxs çəkilişdə sarı plastik qab və telefon təqdim etmiş, bildirmişdir ki, öz istifadəsi üçün tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxsə polis idarəsində “kinder”in verilməsi barədə dedikləri yalandır, ona idarədə nəsə təqdim edilməmiş, üzərindən aşkar edilənləri özü təqdim etmişdir. Daha sonra da aşkar olunanlar qablaşdırılmışdır. Saxlanılan zaman, idarədə təqsirləndirilən şəxsə qarşı heç bir zorakılıq və təzyiq olmamış, belə bir halın şahidi olmamışdır. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 97- 99). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1-32 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs «imza» və digər yazılar, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd rəfdəki 01 (bir)ədəd sarı rəngli plastik qabda təmiz çəkisi 5,836 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 42-48). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 26 aprel 2024-cü il tarixli, 2713 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 129-130). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 may 2024-cü il tarixli, 1235 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xəstəliyin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, səh. 131-133). 12.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 21 fevral 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə keçirilməsindən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sarı plastik qabın içərisində narkotik vasitəyə oxşar kütlə olan büküm və həmin şalvarın sol yan cibindən «Samsung J2» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm qablaşdırılıb möhürlənərək götürülmüşdür (İ cild, səh. 33-34). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 31 oktyabr 2024-cü il tarixli, 13335 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. 14.«Toplanmış sübutların qiymətləndirilməsi haqqında» 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,836 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına ümumilikdə 0,050 qram sərf edildikdən sonra qalan 5,786 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının zamanı çəkilmiş videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və cinayət işində saxlanılmışdır (İ cild, səh. 145-154). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, hər iki saidin ön səthində çoxsaylı çapıq toxuması aşkar edilmişdir. 16.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 28). 17.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 4(010)- 65/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 fevral 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 86-90). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(010)-394/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07 oktyabr 2022-ci il tarixdən 09 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq təyin edilən 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmış və çəkilməsi üçün qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir (İ cild, səh. 109-110, 111-119). 19.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 25 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmamışdır. xx.xx.2024-cü il tarixə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş cəza müddəti 2 il 11 ay 26 gün təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 23.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 24.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 25.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 26.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 30.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. 31.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 32.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 33.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ). 34.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 35.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 36.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 37.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 38.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 39.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 42.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 44.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 45.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 46.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 48.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 50.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 52.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 53.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(010)-394/2023 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 54.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(010)-394/2023 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 56.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(010)- 394/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 57.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 58.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 59.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 60.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 61.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. 62.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 63.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 65.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,786 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 66.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 67.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 68.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 69.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(010)-394/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5,786 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar