Məhkəmə qərarları › İş №1(101)-338/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-338/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-338/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X1 iştirakı ilə 6 iyul 1994-cü ildə Yardımlı rayonunun Yardımlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yardımlı şəhəri, N.Nərimanov küçəsi, ev 8-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşımışdır: belə ki, o, “Xana” kimi məlum olan şəxslə külli miqdarda psixotrop maddə metamfetamini şəxsiyyətləri məlum olmayan şəxslərə çatdırmaq barədə 4 avqust 2021 -ci il tarixində sövdələşib razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra “Xana” adlı şəxs məlum olmayan üsullarla satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 30 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən və üzərində “Focus optika” löhvəsi olan 22 №-li binanın kənarında daşın altına qoydurmuş, 5 avqust 2021 -ci il tarixdə saat 09:30 radələrində qrupun üzvü Təqsirləndirilən şəxs təmiz çəkisi 30 qram olan psixotrop maddə metamfetamini həmin binanın kənarındakı daşın altından götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 5 avqust 2021-ci il tarixdə saat 09:45 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 22 A №-li binada yerləşən “Favorit” marketin yaxınlığında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə gətirilmiş və həmin gün saat 11:05 radələrində şöbənin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd folqa kağızının içərisindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 30 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, narkotik istifadəçisidir, tutulmazdan əvvəl Xana adlı tınışı ilə rastlaşmış və 30 manat verib sonuncudan narkotik almaq istəmiş, söhbət zamanı Xana Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Favorit” marketin yaxınlığında olan aptekin yanına metamfetamin qoyduracağını, həmin metamfetamini götürüb onun yanına gələcək qadınlara verməsini, daha sonra isə özünün də onların yanına gələcəyini bildirmiş, o, Xananın dediyi yerə getmiş, apteklərin birinin binasının kənarında, daşın altında bir büküm olduğunu görmüş, həmin bükümü götürmək istəyərkən polis əməkdaşları tərəfindən tutulmuşdur; onun üstündə narkotik vasitə olmamış, həmin vaxt psixotrop maddəni oradan Xananın xahişi əsasında götürməli və Xananın qadın tanışlarına verməli imiş, o, həmin qadınları tanımamış, Xana həmin qadınların onu tanıdıqlarını, özləri ona yaxınlaşacaqlarını bildirmişdir; Xana adlı qadının dediyi yerdən psixotrop maddə metamfetamini götürmək barədə xahişini yerinə yetirməkdə məqsədi, sonradan Xanaya 30 manat verməklə həmin psixotrop maddədən almaq olmuşdur. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ondan aşkar edilərək götürülmüş 30 qram metamfetamini Xana adlı qadından əldə etmişdir. O, Xananın haqqında başqa heçnə bilmir, Xananın telefon nömrəsi, yaşadığı ünvan ona məlum deyildir. Xana ilə ancaq təsadüfi olaraq rastlaşanda söhbət edirmiş. Onda bir neçə dəfə istifadə üçün narkotik vasitə heroin almışdır. Tutulmazdan bir gün əvvəl, yəni 04 avqust 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində onunla rastlaşmış və söhbət etməyə başlamışdır. Söhbət zamanı Xana ona sabah Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Favorit” marketin yaxınlığında olan aptekin yanına metamfetamin qoyduracağını, saat 09:30-da oraya gedib həmin metamfetamini götürməyini və bir saat sonra Xananın tanıdığı qadınların oraya gələcəyini metamfetamini onlara verməyini daha sonra isə Xananın özünün də onların yanına gələcəyini bildirmişdir. O, Xana ilə razılaşmış, növbəti gün, yəni 5 avqust 2021-ci il tarixdə saat 09:30 radələrində onun dediyi yerə getmiş, ətrafa bir qədər göz gəzdirdikdən sonra apteklərin birinin binasının kənarında daşın altında folqa kağıza bükülmüş bir şey olduğunu görmüş və onu götürüb açıb baxmış içində, şəffaf sellofanda “şüşə”, yəni metamfetaminə bənzər maddə olduğunu görmüş və onu cibinə qoyaraq oradan uzaqlaşmağa başlamışdır. “Favorit” marketin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 2-ci polis şöbəsinə aparmışlar. Şöbədə olarkən ona hüquq və vəzifələri izah edilmiş, öz xahişi əsasında dövlət hesabına vəkillə təmin edilmişdir. Bundan sonra polis əməkdaşlarının və vəkil Bəhruz Səfərovun iştirakı ilə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində olan qanunsuz əşya və ya maddələri təqdim etməyi bildirilmiş, bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 1 büküm metamfetamini təqdim etmişdir. Sorğu zamanı yalandan həmin metamfetamini İran vətəndaşından 150 manat qarşılığında aldğını bildirmişdir, çünki həmin vaxtı tanışı Xananı satmaq istəməmiş. Lakin sonradan düşündükdə ona aydın olmuşdur ki, onun üzərində psixotrop maddə olacağı barədə polisə böyük ehtimal ilə Xana özü məlumat vermişdir. Buna görə də sonrakı ifadələrində əsil həqiqəti demişdir. Bildirmişdir ki, o, narkotik və ya psixotrop maddələri satışı ilə məşğul olmur, onları kimlərəsə verərək gəlir əldə etmir. Psixotrop maddəni qeyd edilən yerdən Xananın xahişi əsasında Xananın qadın tanışlarına vermək məqsədilə götürmüş, daha sonra isə Xana özü də onların yanına gələcəkmiş. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrini özünü müdafiə xarakterli hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə onun və Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daxil olan məlumata görə, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddə əldə etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə getməli imiş. Buna görə də Şahid2la birlikdə 5 avqust 2021 -ci il tarixdə gecə saat 3-4 radələrindən etibarən həmin ərazidə müşahidə aparmağa başlamışlar. Həmin gün saat 09:45-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Favorit marketin” yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlamış və ona narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xəzər RPİ-nin 2-ci PŞ-yə gətirib aidiyyəti üzrə təqdim etmişlər. Bir qədər sonra Xəzər RPİnin 2-ci PŞ-nin təhqiqatçısı polis mayoru İlqar İsmayılov tərəfindən onun, Şahid2 və Təqsirləndirilən şəxs vəkili Bəhruz Səfərovun iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən gümüşü rəngli folqaya bükülmüş bükülünü təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin folqa açılmış və folqanın içərisində 1 ədəd şəffaf sellofana bükülmüş kristal formalı ağ rəngli metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisindəki “şüşə”, yəni psixotrop maddə olan metamfetamdindir, onu 150 manat qarşılığında əldə etmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın davamında üzərindən başqa qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs vəkilin ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin maddə onun özünə məxsusdur. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir, protokol iştirakçılara ucadan oxunmuş, doğru olduğu üçün imzası ilə təsdiq etmişdir, keçirilən şəxsi axtarış zamanı video çəkiliş onun tərəfindən aparılmışdır; Daxil olan əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs uzun müddət ərzində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmuş, narkokuryerlik etmiş, yəni əlbir olduğu şəxslərlə əvvəlcədən razılaşaraq həmin şəxslərin narkotik və psixotrop maddələri qoyduqları yerdən götürərək digər şəxslərə çatdırmış, bunun müqabilində pul və ya digər maddi nemətlər əldə etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 5 avqust 2021-ci il tarixli 6/3314 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №193 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 30,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (1-ci cild iş vərəqi 42-46). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 6 noyabr 2021-ci il tarixli 3870 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 106-107). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli folqaya bükülmüş 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 34- 36). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməiiyyat Statistik İnformasiya İdarəsindən alınmış 28 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 99). İşdə olan tutulma haqqında 5 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 13). İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 5 avqust 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 78-83). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına» (2-ci siyahı psixotrop maddələr) əsasən psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı psixotrop maddə metamfetamin 30 qram olduğundan külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Kamran Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Kamran Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs həbs müddətinin başlanğıcı 05 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 05 avqust 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. məhkəmə-narkoloji ekspertiza üzrə 6 noyabr 2021-ci il tarixli 3870 №-li ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Xəzər rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 29,95 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 29,95 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar