Məhkəmə qərarları › İş №1(101)-338/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-338/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-338/2024 24.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 14 iyul 2022-ci il tarixdə saat 11 radələrində satıcı işlədiyi ünvan 3 ünvanında yerləşən meyvə-tərəvəz mağazasında işdə olarkən müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs ondan piştaxtaya düzülmüş müxtəlif çeşiddə olan meyvələrin qiymətlərini öyrəndikdən sonra qiymətlərin baha olmasını bildirib ucuz qiymətə satıbsatmayacağını soruşduqda sonuncuya “nə problem yaradırsan, endirimlə mən məşğul olmuram, sənə xidmət etməyəcəm” kimi sözlər deyərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə mübahisə yaradıb özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla sonuncunu nalayiq ifadələrlə təhqir edib baş və yumruq zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq sonuncuya baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün mərkəzi qəlpəli, basılmış kəllə əsası ilə əlaqəli və burun sümüyünün kökündə yerdəyişməyən sınıqlar, sol gözün iç bucağının qançırı kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 14 iyul 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs meyvə almaq üçün onun işlədiyi meyvə-tərəvəz mağazasına gəlmiş və meyvələrin qiymətlərini soruşmuşdur. O, qiymətləri deyəndən sonra Mikayıl qiymətlərin bahalığından narazılıq etmişdir. O, qiymətləri özünün təyin etmədiyini, müdirin qohumu olan digər satıcı Ceyhunu göstərərək onunla razılaşa biləcəyini bildirmişdir. Mikayıl narazılıq edərək əli ilə onu çağırmış və aqressiv danışmağa başlamışdır. O, dəfələrlə Mikayılı sakitləşdirsə də sonuncu əl-qol hərəkətləri ilə danışmağa başlayıb nalayiq sözlər işlətmişdir. Mikayıl yaxınlaşıb onu vurmaq istədikdə o, özünü müdafiə etmək üçün kəllə ilə yaxın məsafədən yüngül formada Mikayılın burun nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt Mikayılın burun və üz nahiyyəsində heç bir qaraltı olmamışdır. Sonra həmin yerə polislər gəlmiş və Mikayıl da öz avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Dəfələrlə Mikayıla barışıq üçün müraciət etsə də sonuncu barışığa gəlməmişdir. Ona görə də bütün bu halların, həm də ağır ailə vəziyyətinin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 14 iyul 2022-ci il tarixdə saat 11 radələrində meyvə almaq üçün ünvan 4 ünvanında yerləşən meyvə-tərəvəz mağazasına getmişdir. Əvvəllər həmin mağazadan meyvə almış, amma Sabiri orada görməmişdir. O, Sabirə yaxınlaşaraq meyvə almaq üçün qiymətləri soruşmuş, Sabir bütün meyvələrin qiymətlərini dedikdən sonra başqa müştəri ilə danışmağa başlamışdır. Sabir həmin vaxt başqa adını bilmədiyi satıcıya onu göstərərək kinayəli şəkildə “get gör o, nə istəyir” demişdir. O da həmin satıcıya “Sabirlə qiymətləri danışmışam, səninlə danışmağıma ehtiyac yoxdu” deyə bildirmişdir. Həmin bu söhbətləri də Sabir eşitmiş və ona yaxınlaşaraq kinayəli şəkildə “nə istəyirsən, nə problem yaradırsan” demişdir. O da “mən səninlə alver etməyə gəlmişəm, mübahisə etmək etmək fikrim yoxdu və bir müştərini yola sal, sonra ikinci müştəriyə keç” deyə bildirmişdir. Sabir də “qiymətləri aşağı salmağa mən baxmıram, bu satıcı bilir” demişdir. O da “mənim halım yoxdu eyni şeyləri təkrarlayıb danışım” demişdir. Həmin vaxt tanımadığı başqa şəxs gəlib “burda nə problem var və nə istiyirsən” deyə bildirmişdir. O da “mən alver etməyə gəlmişəm, siz üç nəfərsiz hansınızla danışım” demişdir. Bu vaxt Sabir onunla qışqıra-qışqıra danışmağa başlamış, o da Sabirə “səsivi get evində çıxart, mənim də səsim səndən çox çıxar” demişdir. Həmin vaxt orada olan şəxslərdən biri “sən nə problem yaradırsan, çıx get” demiş və onu ətraflarına alaraq hərəsi bir söz danışmağa başlamışlar. Həmin vaxt Sabir qəfildən onun başından tutaraq kəlləsi ilə sifət nahiyəsindən vurmuş, digər yanında olan şəxslər də onun başının arxasından və bədəninin müxtəlif nahiyələrinə yumruqla vurmağa başlamışlar. Həmin vaxt o, yerə yıxılmış və huşu itmişdir. Sonra həmin yerdə digər mağazada işləyən qadınlar onu ayıldıb su vermişlər. O, ayılanda başının üstündə mülki geyimdə polis əməkdaşları olmuşdur. O, dərhal ayağa durub öz mobil telefonundan “103”-ə zəng etmiş və təcili tibbi yardım çağırmışdır. O, müxtəlif xəstəxanalara getmiş, xəstəxanada rentgen edildikdən sonra alın və burun sümüyünün qırıldığını bildirmişlər. Cərrahi əməliyyatlara məruz qalmış, uzun müddət davamlı müalicələr almışdır. Hal-hazırda da Təqsirləndirilən şəxs şikayətçidir. Hadisə baş verən gündən indiyə qədər Sabir nə özü, nə də ailə üzvləri onunla maraqlanmamış və üzrxahlıq etməmişlər. Guya onunla barışmaq istəməsi ilə bağlı dedikləri də həqiqiət deyil. Onunla yalnız məhkəmə zalında görüşmüş, məhkəmədən sonra heç kim əlaqə saxlamamış, barışığa cəhd belə etməmişdir. Hesab edir ki, belə əməli törətmiş şəxs azadlıqda qalmamalıdır. Sabirlə barışmamış və onu bağışlamamışdır. Ona görə də Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada layiq olduğu cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yerləşən dayısı oğlu Anara məxsus meyvə-tərəvəz mağazasından satıcı işləyən Təqsirləndirilən şəxs tanımış, özü də həmin mağazada dayısı oğlu Anara kömək etmişdir. Hadisə baş verən gün o da mağazada olmuşdur. Mikayıl adlı şəxs mağazaya gəlmiş, Sabirdən malların qiymətində endirim etməsini istəmişdir. Sabir də satıcı olduğunu, bu işlərə baxmadığını deyib Mikayılı ona tərəf yönləndirmiş, özü isə bir az kənarlaşmışdır. Amma Mikayıl israrla Sabiri çağırmış və malları məhz ondan alacağını deyib təkid etmişdir. Sonda isə Sabir ilə Mikayılın əlbəyaxa olduqlarını görmüş və onları ayırmağa çalışmışdır. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o özü hadisə yerində olmuş, mübahisə endirim üstündə olmuşdur. Malları endirimlə satmaq Sabirin səlahiyyətində olmamışdır. Sabirin Mikayılı vurma anını görməmişdir. Hadisə vaxtı Sabirin “var yox” söyüşü etməsini eşitməmişdir. İstintaq zamanı ifadə verəndə onu heç kim yönləndirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid1, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan edilərək tədqiq olunmuş Şahid2 və Şahid3 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 67-68, 70-71). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 112-114). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə şahidlər Şahid1, Şahid2, Şahid6, Şahid5, Şahid4 və Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha şahidlərin üzlərinə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 134-151). Hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 5 ünvanında yerləşən yaşayış binasının sol hissəsindəki meyvətərəvəz mağazasının qarşısında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 9-12). Diskə baxış keçirilməsi haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən meyvə-tərəvəz mağazasında olan videomüşahidə kameralarından götürülmüş hadisənin görüntülərinə baxış zamanı Təqsirləndirilən şəxs ilə 14 iyul 2022-ci il tarixdə saat 11 radələrində satıcı işlədiyi meyvə-tərəvəz mağazasına müştəri kimi gəlmiş Zərərçəkmiş şəxs arasında mübahisə olduğu və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə baş nahiyyəsi ilə vuraraq onu itələməsi, ətrafdakı şəxslərin Təqsirləndirilən şəxs kənara çəkmələri müəyyən edilmişdir (cild 1, iş vərəqə 43). Hadisənin baş verdiyi ünvan 5 ünvanında yerləşən meyvə-tərəvəz mağazasında olan videomüşahidə kameralarından götürülmüş görüntüdə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi anı bilavasitə əksini tapmışdır. Məhkəmə-tibbi ekspertizasının 16 iyul 2022-ci il tarixli 714 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün mərkəzi qəlpəli, basılmış kəllə əsası ilə əlaqəli və burun sümüyünün kökündə yerdəyişməyən sınıqlar, sol gözün iç bucağının qançırı küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 49-51). Məhkəmə-tibbi ekspertizasının 22 avqust 2022-ci il tarixli 398/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün mərkəzi qəlpəli, basılmış kəllə əsası ilə əlaqəli və burun sümüyünün kökündə yerdəyişməyən sınıqlar, sol gözün iç bucağının qançırı-bərk küt əşyanın bilavasitə təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə, üz nahiyəsinə endirilmiş kəllə zərbəsinin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilkdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs almış olduğu baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün mərkəzi qəlpəli, basılmış kəllə əsası ilə əlaqəli və burun sümüyünün kökündə yerdəyişməyən sınıqlar, sol gözün iç bucağının qançırı ciddi beyin əlamətləri ilə müşayiət olunmadığından xəsarət yetirildikdən sonra avtomobil idarə etmək iqtidarında ola bilərdi (cild 1, iş vərəqə 84-87). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 2460 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 175-176). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 19 iyul 2022-ci il tarixli, 6487 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 63). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 52). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. X3 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ağır xəsarət yetirməməsi, zərərçəkmiş şəxsin aqressiv danışığı, dəfələrlə Zərərçəkmiş şəxs sakitləşdirsə də sonuncu əl-qol hərəkətləri ilə danışmağa başlayıb nalayiq sözlər işlətdiyindən özünü müdafiə etmək üçün kəllə ilə vurması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Hadisənin baş vermə mexanizmi, istintaq sübutları ilə müəyyənləşdirilən mənzərəsi, habelə hadisənin baş vermə anının qeyd alındığı videogörüntülərlə də birbaşa müəyyən edilir ki, zərərçəkmiş şəxsə ağır xəsarət yetirilməsinin yeganə motivi məhz xuliqanlıq niyyətidir, xuliqanlıq hissləridir. Anidən yaranmış və meyvə-tərəvəz qiymətlərinin endirimi ilə bağlı qısa mükalimə zamanı yaranmış anlaşılmazlığın sonrakı ağır nəticəli əmələ görə məhz cüzi səbəb kimi qiymətləndirilməli olmasını hazırkı vəziyyətdə məhkəmə mübahisəsiz hesab edir. Məhkəmə, təqsirləndirilən şəxsin anidən, gözlənilmədən zərərçəkmiş şəxsə vurduğu zərərin yetirildiyi bədən nahiyəsini, habelə zərərin yetirilməsinin üsulunu də nəzərə almaqla niyyətlə bağlı gəldiyi qənaəti əsaslı hesab edir. Zərərçəkmiş şəxsin isə anidən yaranan mübahisənin belə ağır nəticə ilə sonlanmış hadisəyə səbəb ola biləcək qanunazidd davranışı müəyyən olunmur. Məhz xuliqanlıq hissləri mübahisə yarandığı anda təqsirləndirilən şəxsin ağır xəsarət yetirməyə qəsdini formalaşdırmış, səmtləşdirmiş və icraya təhrik etmişdir. Belə ki, hadisənin əks olunduğu videogörüntüdən aşkar görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla digər şəxslərin əhatəsində tam üzbəüz dayanaraq qarşılıqlı söhbət aparırlar. Səs yazısı olmasa da görüntüyə görə hər iki şəxs bir-birinə sanki nəyisə izah edirlər. Üzbəüz danışıq zamanı ilkin mərhələdə heç kim bir-birinə qarşı fiziki təmas etmir, zərbə vurmur, əl-qol atmır. Əl-qol hərəkətləri danışığa uyğun şəkildə hərəkət etdirilir, sanki hərə öz dediyininin düzgün olduğunu əsaslandırmaq kimi başa düşülə bilən tərzdə davranış nümayiş etdirilir. Heç bir fiziki təmasın, təzyiqin olmadığı anda, sağında və solunda öz tanışları dayanmış Təqsirləndirilən şəxs bir anlığa üzünü yana çevirir, sonra yenidən üzünü onunla tam üzbəüz dayanmış Zərərçəkmiş şəxs tərəf döndərir və gözlənilmədən cəld hərəkətlə hər iki əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ və sol tərəflərindən tutur, yerindən hündürə tullanmaqla Zərərçəkmiş şəxs əlləri ilə tutub saxladığı başına - sifətinə kəllə ilə sərt zərbə endirir. Zərbə endirdikdən sonra Təqsirləndirilən şəxs üzünü tutub oradan aralanmaq istəyən Zərərçəkmiş şəxs doğru hücum edərək ona yumruq zərbələri endirir və ətrafdakılar müdaxilə edərək bu hərəkətlərinə mane olmağa çalışsalar da Təqsirləndirilən şəxs inadkarcasına hərəkətlərini davam etdirib oradan uzaqlaşmaqda olan zərərçəkmişə növbəti zərbələr endirməyə cəhdlər edir. Yəni, videogörüntüdə əks olunan bütün bu hərəkətlər əməlin tövsifi ilə bağlı gəlinmiş qənaətin əsaslılığını bir daha təsdiq edir. Xəsarətin ağırlıq dərəcəsi isə müvafiq ekspert rəyi ilə müəyyənləşdirilmişdir və hər hansı şübhə doğurmur. Beləliklə, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, hadisənin görüntüsünün əks olunduğu disk, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün sübutlar kifayət etmədiyinə görə 16 iyul 2022-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 30, 44, 124-125). Ona görə də məhkəmə göstərilənləri də nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək tutulduğu 1 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, cəzanın çəkilməsi müddətinin başlanğıcı hazırkı hökmün elan edildiyi 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut - hadisənin görüntülərinin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 1 (bir) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 6 (altı) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - hadisənin görüntülərinin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar