Məhkəmə qərarları › İş №1(101)-340/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-340/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-340/2021 07.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X11 və X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Hümbətov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 19 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Baxça küçəsi ev 2, mənzil pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 200-1.2.2 və 200- 1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, xeyli miqdarda valyuta vəsaitini Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirib Rusiya Federasiyasına aparma, qarşılığında Rusiya Federasiyasının Dağıstan Respublikasında xeyli miqdarda mobil telefonlar və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda dərman preparatlarını əldə edərək Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu keçirib ölkə ərazisinə gətirmə və Bakı şəhərində cinayətkar qrupun Azərbaycan Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə təhvil vermə barədə razılığa gələrək istintaqla müəyyən edilməmiş vaxtda və tarixdə Azərbaycan Respublikasında və Rusiya Federasiyasında şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, bu məqsədlə istintaqla müəyyən edilməmiş vaxtda cinayətkar qrupun Azərbaycan Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən xeyli miqdarda, 68000 manat məzənnəsində 40000 ABŞ dollarını Bakı şəhərində təhvil götürmüş, idarə etdiyi “Mercedes Benz” markalı, “E-220 CDİ” modelli, 90ZA438 dövlət nömrə nişanlı minik avtomobili ilə Qusar rayonunun Samur qəsəbəsində yerləşən Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədinə aparmış və 19 avqust 2019-cu il tarixdə, saat 11 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasına keçirmişdir. Bundan sonra o, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyasına keçirdiyi həmin pulu 20 avqust 2019-cu il tarixdə Dağıstan Respublikasının Mahaçqala şəhərində cinayətkar qrupun Rusiya Federasiyasında olan üzvünə təqdim edərək həmin şəxsdən xeyli miqdarda, hər birinin dəyəri 1400 manat olmaqla 47600 manat dəyərində, cəmi 34 ədəd “İphone X Space Gray 64GB” markalı; hər birinin dəyəri 1400 manat olmaqla 35000 manat dəyərində, cəmi 25 ədəd “İphone X Silver 64 GB” markalı; 810 manat dəyərində 1 ədəd “İphone 7 Black 32 GB” markalı; 700 manat dəyərində 1 ədəd “One Plus 7 256 GB” markalı; 930 manat dəyərində 1 ədəd “One Plus 7 Pro 256 GB” markalı; hər birinin dəyəri 1280 manat olmaqla 2560 manat dəyərində, cəmi 2 ədəd “Samsung Galaxy S10+ 128 GB” markalı; hər birinin dəyəri 1040 manat olmaqla 3120 manat dəyərində, cəmi 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı mobil telefonları və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş hər konvalyutun dəyəri 51 manat olmaqla cəmi 173 konvalyut, külli miqdarda, 8823 manat dəyərində "Daclavirocyrl 60 mg" göstəricili dərman preparatını əldə edib satış məqsədi ilə saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Mercedes Benz” markalı, “E-220 CDİ” modelli, 90ZA438 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağı ilə yük yerinin arasında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gizlətmiş, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinə gətirib 21 avqust 2019-cu il tarixdə, saat 18 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda, ümumilikdə dəyəri 99543 manat təşkil edən mobil telefonlar və dərman vasitəsindən ibarət xeyli miqdarda malları təkrarən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilən zaman sözügedən mobil telefonlar və dərman vasitələri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Yaxın dostu Dubaya gedibgəlmiş, orada tanışları olmuş, dostu ona satmaq üçün mobil telefonlar təklif etmişdir. Təsadüfən müştəri düşmüş və Mahacqalaya müştəri aparası olmuşdur. Qayıdarkən də telefonları götürmüşdür ki, Bakıya gətirib satıb pul qazansın. Gömrükdə tutulmuş, cəmi 67 ədəd mobil telefon gətirmək istəmiş, həmin telefonların qiyməti cəmi 43.000 manat təşkil etmişdir. Özü ilə Mahaçqalaya pul aparmamışdır. Mobil telefonları orada nisyə götürmüşdür. Bakıya gətirib satdıqdan sonra aparıb pulunu verməli idi. Dərman preparatları isə “Hepatit C” xəstəliyi üçün nəzərdə tutulmuşdur. 173 ədəd dərmanın 1 konvalyutunu 10 manata almışdır. Lakin pulunu verməmişdir, onları da nisyə götürmüşdür. Həmin dərmanları bacanağının atası üçün almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Dost-tanışlarının məsləhəti ilə həmin məzmunda ifadə vermişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 200-1.2.2 və 200-1.2.3cü maddələridə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, DGKnin “Azərterminalkompleks” Birliyinin Analitik şöbəsində inspektor vəzifəsində işləyir, lakin xidməti zərurətlə əlaqədar olaraq Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postuna ezam edilmişdir və xidməti vəzifəsi Rusiya Federasiyasından ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. 21 avqust 2019-cu il tarixdə xidmətdə olmuş, həmin gün, saat 18 radələrində Rusiya Federasiyası istiqamətindən postun idxal gömrük nəzarəti xəttinə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı, “90ZA438” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuş, həmin nəqliyyat vasitəsinə gömrük baxışını həyata keçirmək qərarına gəldiyindən baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində olan malları gömrük nəzarətinə bəyan etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməli olan heç bir predmetin olmadığını bildirmiş və tərtib etdiyi bəyannamədə qeydiyyat aparmışdır. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə gömrük baxışı keçirəcəyindən həmin gömrük baxışında iştirak etməsi üçün iki nəfər dəvət etmiş və onlara Rusiya Federasiyasından gələn bir nəqliyyat vasitəsinə gömrük baxışı keçirmək qərarına gəldiyini, qanunvericiliyin tələbinə əsasən həmin baxışda 2 nəfər hal şahidinin iştirak etməli olduğunu bildirib həmin baxışda iştirak etmələrini xahiş etmiş, Şahid3 və Şahid2 həmin gömrük baxışında iştirak etmələrinə razılıq verdiklərindən onları Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin yanına aparmışdır. Gömrük baxışı keçirməzdən əvvəl hal şahidlərinə hüquq və vəzifələrinin nədən ibarət olmasını izah etmiş, sonra həmin hal şahidlərinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə “Mercedes Benz E220 CDİ” markalı, 90ZA438 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirməyə başlamışdır. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasında olan boşluqdan gömrük nəzarətindən gizlədilmiş çoxlu sayda təzə mobil telefon və dərman preparatları aşkar etmişdir. Aşkar olunmuş mobil telefonlara və dərman preparatlarına baxış keçirib saymış və nəticədə qutuları və aksessuarları ilə birlikdə 34 ədəd “iPhone X Space Gray 64 GB”, 25 ədəd “iPhone X Silver 64 GB”, 1 ədəd “iPhone 7 Black 32 GB”, 1 ədəd “OnePlus 7 256 GB”, 1 ədəd “OnePlus 7 Pro 256 GB”, 2 ədəd “Samsung Galaxy S10+ 128 GB”, 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı təzə mobil telefonlar, 173 konvolyut, hər konvolyutda 14 həb və 3 konvolyut hər konvolyutda 13 həb olmaqla, ümumilikdə 2461 həb “Daclavirocyrl 60 mg” adlı dərman preparatlarının olduğunu müəyyən etmişdir. Sonda avtomobilə gömrük baxışı keçirilməsinə dair protokol tərtib etmiş və nəqliyyat vasitəsindən aşkar olunmuş mobil telefonları, həmçinin dərman preparatlarını götürərək faktla bağlı araşdırma aparılmasından ötrü akt əsasında Əməliyyat və X7 Bölməsinə təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün “Samur” Gömrük Postunun qarşısında dayanıb orada sərnişinlərin yüklərinin daşınmasında köməklik etməklə pul qazanıb ailəsinin dolanışığını təmin edir. 21 avqust 2019-cu il tarixdə, saat 18 radələrində onun kimi orada fəhləliklə məşğul olan Ədalət Nurəhmdovla birlikdə “Samur” gömrük postunun qarşısında dayanıb iş düşməsini gözləmiş, həmin vaxt bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşaraq bir nəfərin idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirəcəyi barədə məlumat verib həmin baxışda onların da hal şahidi kimi iştirak etmələrini xahiş etmiş, onlar isə gömrük əməkdaşına etiraz etməmiş və onunla birlikdə gömrük postuna daxil olmuşlar. Gömrük əməkdaşı onlara hal şahidi kimi hüquq və vəzifələrinin nədən ibarət olmasını izah etdikdən sonra avtomobilin sürücüsünün də iştirakı ilə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildikləri şəxsin idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı, “90ZA438” dövlət nömrə nişanlı nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasında olan boşluqdan gömrük nəzarətindən gizlədilmiş çoxlu sayda təzə mobil telefon və dərman preparatları aşkar olunmuş, gömrük işçisi nəqliyyat vasitəsindən aşkar olunmuş mobil telefon və dərman preparatlarını saymağa başlamış, nəticədə mobil telefonların qutuları və aksessuarları ilə birlikdə 34 ədəd “iPhone X Space Gray 64 GB”, 25 ədəd “iPhone X Silver 64 GB”, 1 ədəd “iPhone 7 Black 32 GB”, 1 ədəd “OnePlus 7 256 GB”, 1 ədəd “OnePlus 7 Pro 256 GB”, 2 ədəd “Samsung Galaxy S10+ 128 GB”, 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı olması, dərmanın isə 173 konvolyut, hər konvolyutda 14 həb və 3 konvolyut hər konvolyutda 13 həb olmaqla, ümumilikdə 2461 həb “Daclavirocyrl 60 mg” göstəricili dərman olması məlum olmuşdur. Bundan sonra gömrük işçisi bu işlə əlaqədar protokol tərtib etmiş və nəqliyyat vasitəsindən aşkar olunmuş mobil telefon və dərman preparatlarını qablaşdıraraq götürmüşlər. Onlar da tərtib olunan protokolla tanış olub onu imzalamışlar. Məhkəmə iclasında iştirak edə bilməyən Şahid2 Şirzad oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən onun Şahid3 ifadəsinə oxşar ifadə verməklə yanaşı onun göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2019-cu il tarixli, 21612 saylı, 25 sentyabr 2019-cu il tarixli, 16512 saylı və 27 sentyabr 2019-cu il tarixli, 21611 saylı ekspert rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş "Daclavirocyrl 60 mg" tərkibli dərmanın istifadəyə yararlı olması, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasında idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na əsasən və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən və zəhərli maddələrin siyahısına daxil olmadığı, 34 ədəd “İphone X Space Gray 64GB” markalı mobil telefonların hər birinin dəyəri 1400 manat olmaqla cəmi 47600 manat; 25 ədəd “İphone X Silver 64 GB” markalı mobil telefonların hər birinin dəyəri 1400 manat olmaqla cəmi 35000 manat, 1 ədəd “İphone 7 Black 32 GB” markalı mobil telefonun 810 manat; 1 ədəd “One Plus 7 256 GB” markalı mobil telefonun 700 manat; 1 ədəd “One Plus 7 Pro 256 GB” markalı mobil telefonun 930 manat; hər birinin dəyəri 1280 manat olmaqla 2 ədəd “Samsung Galaxy S10+ 128 GB” markalı mobil telefonların 2560 manat; 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı hər birinin dəyəri 1040 manat olmaqla 3120 manat olduqları, istifadəyə yararlı olduqları; 173 konvalyut "Daclavirocyrl 60 mg" göstəricili dərman preparatının hər konvalyutunun dəyəri 51 manat olmaqla 8823 manat təşkil etməsi və istifadəyə yararlı olmaları müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” X14 tərəfindən daxil olmuş 05 dekabr 2019-cu il tarixli, 4/14951 saylı məktubla “Daclavirocyri 60 mg” göstəricili dərman preparatının Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman vasitəsi kimi dövlət qeydiyyatından keçmədiyinə görə hal-hazırda ölkə ərazisinə qanunu şəkildə idxalının mövcud olmadığı, “Dərman Vasitələrinin Reyestri”nə salınmadığı müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 1(101)-1140/20 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan maddi sübut olan və ümumi dəyəri 8823 manat təşkil edən 1 konvalyutda 12 həb, 2 konvalyutda 13 həb olmaqla 3 konvalyut, hər konvalyutda 14 həb olmaqla 173 konvalyut, cəmi 2460 həb “Daclavirocyrl 60 mg” göstəricili dərman preparatlarından 01 konvalyut nümunə saxlanılmaqla qalan dərman preparatları Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, məhkəmə hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 200- 1.2.2 və 200-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 01-ci cildinin 50-54-cü vərəqlərində olan “şahidin dindirilməsi”, cinayət işinin 02-ci cildinin 35-39 və 52-54-cü vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” və “təqsirləndirilən şəxsin dindirilməsi” protokollarından görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2019-cu il tarixdə şahid qismində, 20 iyul 2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə şübhəli şəxs və 21 iyul 2020-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, fərdi qaydada özünə məxsus “Mercedes “Benz E220 CDİ” markalı, 90ZA438 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərir və həftədə 2-3 dəfə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” və “Yalama” gömrük postlarından keçməklə Bakı şəhərindən Rusiya Federasiyasının Mahaçqala şəhərinə sərnişin aparıb-gətirir. 2019-cu ilin avqust ayında onda Rusiya Federasiyasından telefon almaq və gətirib Azərbaycanda satmaq ideyası yaranmış, odur ki, Rusiya Federasiyasına gedib oradan müxtəlif markalı mobil telefonlar almağı və onları nəqliyyat vasitəsində gizlədərək Azərbaycana keçirib satmağı qərarlaşdırmışdır. 19 avqust 2019-cu il tarixdə Bakı şəhərinin Sabunçu rayonu ərazisindən 4 nəfər sərnişin götürüb Mahaçqala şəhərinə yola düşmüş, Rusiya Federasiyasının Mahaçqala şəhərindən mobil telefon almağı qərarlaşdırdığından özü ilə 40000 ABŞ dolları pul götürmüşdür. Yolda olan zaman üzərində olan 40000 ABŞ dolları puldan avtomobilində oturan sərnişinlərin hər birinə 10000 ABŞ dolları verərək gömrükdən keçirməsi üçün və Rusiya Federasiyasında ona geri versinlər deyə həmin sərnişinlərin hər birinə 10000 ABŞ dolları pul vermiş və onları Rusiya Federasiyasına keçirdikdən sonra onlardan götürəcəyini bildirmişdir. Beləliklə də 19 avqust 2019-cu il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyası ərazisinə daxil olmuş, axşam saatlarında Mahaçqala şəhərinə çatmış və yolda olan zaman sərnişinlərə verdiyi 40000 ABŞ dolları pulu onlardan geri almışdır. Sərnişinləri düşürdükdən sonra yorğun olduğu üçün fəhlələr işləyən bir tikintidə fəhlələrlə birlikdə qalmış, ertəsi gün mobil telefonları almaq üçün hadisədən təxminən 3 ay əvvəl Mahaçqala şəhərində olarkən namaz qılmaq üçün getdiyi məscidlərdən birində görüb tanış olduğu və Mahaçqala şəhərində mobil telefon dükanı olan Alibekin yanına getmişdir. Alibeklə görüşdükdən sonra ona mobil telefon almaq istədiyini bildirmiş, ondan 59 ədəd “İphone”, 5 ədəd “Samsung” və 2 ədəd “One Plus” mobil telefonu almışdır. Bütün bu mobil telefonlara görə ona 40000 ABŞ dolları pul vermiş, Alibekdən ayrıldıqdan sonra mobil telefonları gömrükdə aşkar edə bilməsinlər deyə arxa oturacaqla yük yerinin arasında olan boşluqda gizlətmişdir. Bacanağının atası “hepatit c” xəstəsi olduğundan onlar ona Rusiya Federasiyasından 51 qutu “Daclavirocyrl 60 mg” adlı dərman almağını bildirdiklərindən həmin gün qeyd edilən dərmanı da almış və onları da mobil telefonlarla birlikdə həmin yerdə gizlətmişdir. 21 avqust 2019-cu il tarixdə, saat 18 radələrində “Samur” gömrük postuna çatmış və gömrük nəzarətindən keçməyə başlamışdır. Gömrük əməkdaşı üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və ya gömrük orqanına bəyan ediləsi hər hansı predmetin olub-olmadığını soruşmuş və nəqliyyat vasitəsində olan mallar barədə bəyannamə yazmağını təklif etmişdir. O da nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməli olan heç bir predmetinin olmadığını bildirmiş və bəyannamədə qeydiyyat aparmamışdır. Daha sonra gömrük işçisi nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasında olan boşluqdan əvvəlcədən gizlətdiyi mobil telefonlar və dərman preparatları aşkar edilmişdir. Gömrük işçisi nəqliyyat vasitəsindən çıxan mobil telefonlara və dərman preparatlarına baxış keçirmiş, saymış və bunların qutuları və aksessuarları (adapter və qulaqcıq) ilə birlikdə olan 34 ədəd “iPhone X Space Gray 64 GB”, 25 ədəd “iPhone X Silver 64 GB”, 1 ədəd “iPhone 7 Black 32 GB”, 1 ədəd “OnePlus 7 256 GB”, 1 ədəd “OnePlus 7 Pro 256 GB”, 2 ədəd “Samsung Galaxy S10+ 128 GB”, 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı təzə mobil telefonlar və 173 konvolyut, hər konvolyutda 14 həb və 3 konvolyut hər konvolyutda 13 həb olmaqla, ümumilikdə 2461 həb “Daclavirocyrl 60 mg” adlı dərman preparatları olduğunu müəyyən etmişdir. Sonda aşkar edilənlərlə bağlı protokol tərtib edilmiş və protokolla tanış olub onu imzalamışlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində 19 avqust 2019-cu il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasına gedərkən özü ilə 40000 ABŞ dolları pul götürdüyünü, həmin pulları Rusiya Federasiyasına keçirməsi və keçirdikdən sonra ona geri verməsi üçün hər birinə 10000 ABŞ dolları vermək şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinə sərnişin qismində əyləşmiş 4 nəfərə verdiyini bildirdiyindən həmin şəxslərin müəyyən edilərək çağırılıb şahid qismində ifadələrinin alınması üçün Dövlət Gömrük Komitəsi Gömrük Xidmətinin Vahid X1 baxış keçirilmiş, beləliklə də həmin şəxslərin 03.10.1986-cı il təvəllüdlü İsmat Duınamalıev (pasport: RUS 6********), 29.04.2004-cü il təvəllüdlü Neımat Duınamalıev (pasport: RUS 6********), 10.10.2016-cı il təvəllüdlü Mustafa Duınamalıev (pasport: RUS 6********) və 21.09.1964-cü il təvəllüdlü Agıgat Duınamalıeva (pasport: RUS 7********) olması, 19 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, “E- 220CDİ” modelli, 90ZA438 dövlət nömrə nəqliyyat vasitəsində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasına getmələri, lakin Azərbaycan Respublikasına geri qayıtmadıqları müəyyən edilmiş, onların gömrük nəzarətindən keçərkən üzərilərində olan valyuta vəsaitlərini yazılı, elektron və ya şifahi formada bəyan edib-etmədikləri, etmişlərsə hansı məbləğdə və hansı valyutanı bəyan etmələri barədə məlumatın, həmçinin bu barədə tərtib olunmuş müvafiq gömrük bəyannamələrinin surətinin Əməliyyat-İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsi istintaq şöbəsinə təqdim edilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə məktub ünvanlanmış, lakin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 08 iyul 2020-ci il tarixli, 25/25/022759 saylı cavab məktubu ilə Təqsirləndirilən şəxs da daxil olmaqla qeyd edilən şəxslərin üzərlərində olan valyuta vəsaitinin bəyan edilməsi barədə DGK-nin X2 Sistemində hər hansı bir qeydiyyatın mövcud olmadığı, yəni onların üzərlərində olan valyuta vəsaitini gömrük orqanına bəyan etmədikləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 sentyabr 2020-ci il tarixdə təkrar olaraq dindirildikdə (cild 2, vər.95-98) əvvəl verdiyi ifadələrindən fərqli olaraq, 19 avqust 2019-cu il tarixdə Rusiya Federasiyasına gedərkən özü ilə 40000 ABŞ dolları pulu apardığını təsdiq etməmiş, özü ilə qeyd edilən məbləğdə pulu aparmadığını, Alibek adlı şəxslə aralarında yaxın və səmimi münasibəti olduğundan Alibekin həmin mobil telefonları ona nisyə olaraq verdiyini, Alibekin onun mobil telefonları gizlədərək Azərbaycan Respublikasına keçirmək niyyətinin olmasından məlumatının olmadığını, “Daclavirocyrl 60 mg” göstəricili dərman preparatının gətirilməsini Pirmet Əmirmetovun xahiş etdiyini, sonuncunun dərmanın adını və sayını kağız parçasına yazıb verdiyini, özünün də onun dediyi qədər aldığını, əvvəlki ifadələrində mobil telefonları Alibekdən nisyə aldığını qeyd etdiyi halda ona inanamyacaqlarını düşünüb ifadəsində elə göstərdiyini qeyd etmiş, X4 Amirmetovun Rusiya vətəndaşı olmaqla tez-tez Azərbaycan Respublikasına gəlib-getdiyi halda, nə üçün Pirmet Əmirmetovun həmin dərman preparatını gətirməsi üçün öz oğluna deyil, ona müraciət etməsinin səbəbini isə özünün daha tez-tez Rusiya Federasiyasına gedib-gəlməsi ilə izah etmişdir. Təqsirləndirilən şəxs ilkin izahatında idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş mobil telefonların və dərman preparatının Rusiya Federasiyasının Mahaçqala şəhərində ona Alibek adlı şəxs tərəfindən verildiyini, mobil telefonun Azərbaycan Respublikasına keçirilməsi müqabilində hər mobil telefona görə 13 ABŞ dolları, dərman preparatının Azərbaycan Respublikasına keçirilməsi müqabilində isə 100 ABŞ dolları pul təklif etdiyini, Alibek adlı şəxsin istifadəsində +**********8 saylı mobil telefon nömrəsinin olduğunu bildirdiyindən, ibtidai istintaq zamanı 01 avqust 2019-cu il tarixdən 22 iyun 2020-ci il tarixədək olan müddət ərzində həmin mobil telefon nömrəsindən mobil və şəhər telefon nömrələrinə daxil və xaric olan zənglərin siyahısı müvagiq qaydada götürülmüş və qeyd edilən mobil telefon nömrəsindən Azərbaycan Respublikası ərazisində hər hansı mobil operatora və ya şəhər nömrəsinə zənglərin edilmədiyi və danışıqların aparılmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərin törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlu X9 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixə qədər Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, döyüşlərdə göstərdiyi xidmətlərə görə “Ağdam rayonunun azad olunması” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması üçün təqdim edilməsini və hazırda da müddətli həqiqi hərbi vidmətdə olmasını Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab edib, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddəsi ilə isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 20 iyul 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 34 ədəd “İphone X Space Gray 64GB”, 25 ədəd “İphone X Silver 64 GB”, 1 ədəd “İphone 7 Black 32 GB”, 1 ədəd “One Plus 7 256 GB”, 1 ədəd “One Plus 7 Pro 256 GB”, 2 ədəd “Samsung Galaxy S10+ 128 GB”, 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı mobil telefonlar iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar olduğundan əvəzsiz olaraq dövlət nəfinə alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 1(101)-1140/20 saylı qərarı nəzərə alınmaqla, iş üzrə maddi sübut kimi tanınan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 01 konvalyut “Daclavirocyrl 60 mg” göstəricili dərman preparatı məhv olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 254,54 (iki yüz əlli dörd manat əlli dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləriin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 iyul 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 34 ədəd “İphone X Space Gray 64GB”, 25 ədəd “İphone X Silver 64 GB”, 1 ədəd “İphone 7 Black 32 GB”, 1 ədəd “One Plus 7 256 GB”, 1 ədəd “One Plus 7 Pro 256 GB”, 2 ədəd “Samsung Galaxy S10+ 128 GB”, 3 ədəd “Samsung Galaxy S10 128 GB” markalı mobil telefonlar iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar olduğundan dövlət nəfinə alınsınlar. İş üzrə maddi sübut kimi tanınan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 01 konvalyut “Daclavirocyrl 60 mg” göstəricili dərman preparatı məhv olunsun. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 254,54 (iki yüz əlli dörd manat əlli dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar