Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-340/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3 və Dövlət ittihamçısı4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 28 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Tahir oğlu cinayət işi üzrə toplanmış kifayət qədər sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Tahir oğlu naməlum vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədilə ümumi təmiz çəkisi 8,277 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 20:10-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 22-ci PŞ-yə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin 01 bükümdə əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Tahir oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkoman olmuş, müalicə oluna bilməsi üçün narkotik tərkibli metadondan istifadə etmiş, həmin dərman vasitəsi ona həkim təyinatı ilə yazılmış, proqram əsasında gedib “Semaşko” xəstəxanasından almışdır. “COVİD-19” pandemiyası ilə əlaqədar şənbə və bazar günləri marşrut işləmədiyindən o, başqa narkotik maddələrdən, o cümlədən “kakos” kimi tanıdığı heroindən istifadə etmişdir. Sonuncu dəfə isə hadisədən 1-2 həftə əvvəl narkotikdən istifadə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisə günü o, evdə olmuş, olduğu otaqdan çıxıb tualetə getmək istəyəndə digər otaqda atası ilə bərabər tanımadığı iki nəfərin oturub söhbət etdiklərini görmüşdür. Evin qapısını açıb həyətə çıxmaq istədikdə qapının ağzında daha iki nəfərin dayandıqlarını görmüşdür. Həmin şəxslər onu görən kimi «bizim uşaqlar içəridədir?» deyə sual vermiş, o isə onlara sualla cavab verib «sizin uşaqlar kimdir?» deyə onlardan soruşmuşdur. Elə həmin vaxt qapının ağzında və içəridə olan şəxslər onun üstünə cumub onu tutmuş, saxlayarkən ona barəsində şikayət olduğu bildirilmişdir. Sonra onu sürüyə-sürüyə, ayaqyalın Nəsimi RPİ-nin 22-ci PB-nə aparmış, orada onun üstünə narkotik qoyub boynuna götürməyi tapşırmış, lakin o, polisin təklif və tələbləri ilə razılaşmamışdır. Bundan sonra ona qarşı polis tərəfindən təsir və təzyiqlər başlamışdır. O, tutularkən polislər ona “idman oyunları başlayır, get içəridə 2-3 ay yat, sonra çıxarsan” sözlərini demişlər. Onu tutub aparan şəxslərdən birinin adı Elşən olmuş, biri 22-ci PB-nin adını bilmədiyi rəis müavini olmuş, iki nəfər isə cavan uşaqlar, yəni cavan polislər olmuşlar. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, 22-ci PB-yə aparıldıqdan sonra onunçün vəkil dəvət olunmuş və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Onun üzərində hər hansı növdən olan narkotik vasitə və ya başqa maddə olmadığından axtarış edilərkən vəkilinin də orada olmasını tələb etsə də sonuncu çıxıb getmişdir. Bundan sonra o, yerə çöməlib oturmuş, dirsəkləri ilə ciblərini tutub sıxmış, videoçəkilişlə axtarış aparılmasına imkan verməmişdir. Gecə onu saxlamış, səhəri gün isə hal şahidləri gətirmişlər. Onun üstünə heç nə qoyulmamış və üzərində axtarış aparılmamışdır. İstədiklərini yazmış, hal şahidləri də guya şahid olduqlarını təsdiq etmişlər. O, isə heç bir sənədə imza etməmişdir. Protokolun məzmununu bilməmiş və nəyə görə saxlanıldığını yalnız material müstəntiqə verildikdən sonra guya ondan 8 qram heroin narkotik vasitəsi götürüldüyünü öyrənib bilmişdir. O, həmin narkotik vasitənin ona aid olmadığını müstəntiqə də demişdir. Sənədləşmə və ona qarşı olan qanunsuz hərəkətlərə görə ifadələrini imzalamamışdır. O, narkoman olduğu üçün istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, həmin nömrədən zəng edərək tanışlarından və dostlarından özünün şəxsi istifadəsi üçün narkotik istəsə də, ondan heç kim narkotik vasitə istəməmiş, o, əvvəllər kiməsə narkotik vasitə hədiyyə etməmişəm, heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ilə bağlı məhkəməyədək icraat mərhələsində tərtib edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və sərbəst şəkildə ifadə verməkdən, həmçinin ona verilmiş sualları cavablandırmaqdan, ifadələri imzalamaqdan imtina etmişdir (iş vərəqə: cild İ, səh.144-147, 161-164, 212-213, cild İİ, səh. 118-122). Cinayət işi üzrə şahid qismində dindirilən Bakı şəhəri Nəsimi RPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 28 may 2021-ci il tarixdə «Seymur» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 22-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuş, həmçinin onun barəsində yaxın qonşular tərəfindən şikayətlər daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Onun müraciətinə baxılmış, əməliyyat tədbirinin keçıirilməsinə razılıq verilmiş və bu tədbirin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş və onun rəhbərliyi ilə Nəsimi RPİ-nin 22-ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. İlkin olaraq “Seymur” adlı şəxs haqqında təxmini məlumatlar əldə olunmuş və onun ünvan 4 ünvanda yaşadığı müəyyənləşdirilmiş və onun həmin ünvanda ola biləcəyi onlara bəlli olmuşdur. Odur ki, o, 28 may 2021-ci il tarixdə, saat 19:30 radələrində əməliyyat qrupunun üzvü Şahid2lə birlikdə həmin ünvanın qarşısına gedib müşahidə aparmış, Seymurgilin yaşadığı ünvanı dəqiqləşdirərək xoşagəlməz hallarla rastlaşmamaları üçün o, tək olaraq “Seymur” adlı şəxsin yaşadığı ünvan 6 ünvanına getmişdir. Belə ki, bir Seymurun atası özü də məhkum olunmuş şəxs olmuş, bildiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sonuncu ilə həm özü və həm də Seymur barədə söhbət etmək, maraqlanmaq istəmişdir. Seymurun atası Teymurla söhbət edə bilsə də, Seymur evdə olmadığından onunla görüşə bilməmişdir. Seymurun adını bilmədiyi bacısı evlərində olsa da, onların söhbətinə qarışmamışdır. Seymurun atasına oğlu ilə maraqlanmalarının səbəbini deməsə də, atası artıq Seymurun nə üçün axtarıldığını bilmişdir. Söhbət zamanı Seymurun atası oğlunun sözə baxmadığını, 1 gün evə gəldiyini, 2 gün gəlmədiyini bildirmiş, oğlunu axtaranların sayının çox olduğunu demişdir. Seymur adlı şəxsin ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirib ünvandan getmişdir. O, Seymurun telefon nömrəsini bilməmiş və nə də atasından onun nömrəsini soruşmamışdır. Şahid2lə birlikdə həmin ünvanın qarşısına təxminən 40 dəqiqə gözlədikdən sonra, yəni saat 20:10da Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəldiyi zaman onlar sonuncuya yaxınlaşıb özlərini təqdim etmiş, ona onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Seymur özünü qeyri-adekvat aparmış, onların qanuni tələbinə tabe olmaq istəməmiş, səs-küy salaraq qonşuları köməyə çağırmışdır. Lakin aparılan söhbətlər nəticəsində Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına getməyə razılaşmış və onlarla birlikdə 22-ci PŞ-nə getmişdir. Seymuru saxladığı yerlə onların maşınlarını saxladıqları yer arasında məsafə olduğundan onlar xeyli piyada, yolun qalan hissəsini isə maşınla getmişlər. 22-ci PŞ-də Təqsirləndirilən şəxs saxlanılması barədə məruzə olunmuş və araşdırmanın aparılması həvalə olunan təhqiqatçı Orxan Əliyev tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, kiçik əməliyyat müvəkkili Şahid2, eləcə də, təyin edilmiş müdafiəçinin iştirakları ilə videoçəkiliş vasitəsi ilşə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması planlaşdırılmışdır. Lakin Təqsirləndirilən şəxs buna etiraz etmiş, videoçəkiliş axtarış aparılmasına imkan vermədiyindən iki nəfər hal şahidi qismində dəvət olunmuşlar. Bundan sonra dəvət olunmuş Şahid3 və X2 adlı şəxslərin hal şahidliyi və onların, vəkilin iştirakları ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində olan əşyaları təqdim etməsi təklif edilmiş, lakin Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanunu əşya olmadığını bildirmiş və təqdim etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, əvvəlcə onun geyindiyi boz rəngli idman şalvarının sağ və sol yan ciblərinə baxılmış, onun boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd siqaretin şəffaf sellofanına bükülmüş naməlum maddə aşkarlanmışdır. Ardınca onun şalvarının ətəyinə, əynində olan gödəkçənin boynuna, ayaqqabıları çıxarılmaqla ayaqqabılarının içərisinə baxılmış, lakin hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin şəffaf bükülüsünə bükülmüş, tünd qəhvəyi rəngli maddənin narkotik vasitə “heroin” olmasını bildirmiş, suallara cavab olaraq o, uzun müddət ərzində narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni 26 may 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhərində, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə 40 manata özünün şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Yekunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində heroin narkotik vasitəsinə oxşar maddə olan 01 ədəd büküm təhqiqatçı Orxan Əliyev tərəfindən bir ədəd zərfə qoyulmaqla qablaşdırılmış, zərfin üzərim möhürlənərək bağlanmışdır. Bundan sonra şəxsi axtarış aparılması və narkotik vasitənin götürülməsi barədə müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuşdur. Möhürlənmiş qablaşdırmanın üzəri və tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalansa da, Təqsirləndirilən şəxs özünü müdafiə etməyə çalışmış və heç bir sənədi imzalamamışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs istər saxlanılarkən və istərsə də Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasında olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Seymur saxlanılarkən onun əynində gödəkçə və normal paltarları olmuş, şöbəyə aparılarkən onun ayyaqqabıları ayağında olmuş, ayaqyalın olmamışdır. O, əvvəllər Seymuru şəxsən tanımamış, onunla ədavəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə müdafiə xarakterli ifadələr vermiş, məsuliyyətdən yayınmaq istəmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitələrin satışı ilə bağlı məlumat əldə edə bilməmişlər. Cinayət işinə məhkəmə baxışı zamianı şahid qismində dindirilən Nəsimi RPİ-nin 22ci PŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 məhkəmədə şahid qismində ifadə vermiş həmkarı, polis baş leytenantı Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun fadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesində hal şahidi qismində iştirak etmiş Şahid4 ifadəsində göstərdi ki, 28 may 2021-ci il tarixdə, saat 21-22 radələrində Bakı şəhərində Nəsimi RPİ-nin 22-ci PŞ-nın yaxınlığından keçən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis vəsiqəsini göstərmiş, özləri tərəfindən bir nəfəri şübhəli olaraq saxladıqlarını, saxlanılan şəxsinq üzərinə baxış keçirmək istəmələrini üçün ən azı iki nəfər işdə marağı olmayan şəxsin hal şahidi qismində iştirakının tələb olmasını bildirmiş və onu 22-ci PŞ-nə dəvət etmişlər. O, həmin polis işçilərinin dəvətinə etiraz etməmiş və onlarla birlikdə 22-ci PŞ-nə getmişlər. Orada xidməti otaqların birində daha bir nəfər hal şahidi olmuşdur. Bundan sonra həmin otaqda onun əvvəlcədən tanımadığı saxlanılan şəxsi – hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs görmüşdür. Hal şahidi olaraq onlara təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxladığı əşyaları təqdim etməsi təklif edilmiş, lakin Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanunu əşya olmadığını bildirmiş və təqdim etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, üst-başı təmiz axtarılmış və onun boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd siqaretin şəffaf sellofanına bükülmüş bir ədəd bükülü aşkarlanmışdır. Ardınca aparılan axtarış nəticəsində hər hansı əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan həmin bükülünün içərisində heroin narkotik vasitəsi olduğunu bildirmiş, bir neçə gün əvvəl «Kubinka» adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata özünün istifadəsi üçün aldığını söyləmişdir. Bükülü açılmış, içərisində qəhvəyi rəngli toz maddə olduğu müəyyən edilmişdir. Şahid4 ifadəsinin yekununda göstərdi ki, sonda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində şübhəli maddə olan 01 ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyulmaqla qablaşdırılmış, zərfin üzəri möhürlənərək bağlanmışdır. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuşdur. Zərfin üzəri və tərtib olunan protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Lakin Təqsirləndirilən şəxs heç bir sənədi imzalamamışdır. O, Təqsirləndirilən şəxs onun yanında saxlanılmamış, Nəsimi RPİ-nin 22-ci PŞ-də isə ona qarşı hər hansı fiziki və ya psixi təsir olmasını görməmiş, Seymur bu barədə heç nə bildirməmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən digər hal şahidi Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4lə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Şahid3 müdafiə tərəfinin suallarına cavab olaraq, həmçinin göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onu tanımamış, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. O, «Riyad» mühafizə xidmətinin əməkdaşı olmuş, hadisə günü axşam Nəsimi rayonu ərazisində xidmətdə olmuş, «28 may» metrostansiyasına yaxın ərazilərdə telefon mağazalarının mühafizəsini yoxlamışdır. O, əvvəllər heç bir hadisə ilə bağlı və ya heç bir cinayət işində hal şahidi qismində iştirak etməmiş, istintaqda və ya məhkəmədə hal şahidi kimi ifadə verməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə polis əməkdaşları Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, sərbəst ifadə vermiş şahidlər Şahid1 və Şahid2 üzləşmə istintaq hərəkəti zamanı ifadələrində işin halları ilə bağlı sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər(iş vərəqə: cild İ, səh.103-105, 106-108). Daha sonra məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə şahidlər Şahid3 və Şahid4 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, sərbəst ifadə vermiş şahidlər Şahid3 və Şahid4 üzləşmə zamanı ifadələrində işin halları ilə bağlı sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər(iş vərəqə: cild İ, səh.98-99, 101- 102). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 28 may 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, şəxsi axtarışdan əvvəl işdə iştirak edən proses iştirakçılarına, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs, hal şahidlərinə və digər protokol iştirakçılarına təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış nəticəsində üzərində şəxsi axtarış aparılmış Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf bükümdə, tünd qəhvəyi rəngli, spesifik iyə malik, qatı maye formalı, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı tərəfindən verilmiş müvafiq suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin şəffaf bükülüsünə bükülmüş, tünd qəhvəyi rəngli maddənin narkotik vasitə “heroin” olmasını, uzun müddət ərzində narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitəni bir neçə gün əvvəl Bakı şəhərində, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən ümumilikdə 40 manata özünün şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, protokolun tərtibi zamanı prosessual pozuntulara yol verilməmiş, lakin Təqsirləndirilən şəxs tərtib olunan həmin protokolu imzalamaqdan imtina etmişdir (iş vərəqə: cild İ, səh. 45-51). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli, 6/2139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «... Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə olan maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi 8,277 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (iş vərəqə: cild İ, səh. 60-65). Məhkəmə baxışı zamanı tədqiq olunan, iş üzrə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında 30 may 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən mobil telefonda +98 990 593 7240 saylı nömrə ilə “WhatsApp” ani mesajlaşma sistemində xx.xx.2021-ci il, saat 15:54-ə aid olan yazışmadan əldə edilmiş 5 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.31.45” adlı səsyazı, +98 990 593 7240 saylı nömrə ilə “WhatsApp” ani mesajlaşma sistemində xx.xx.2021-ci il, saat 15:55-ə aid olan yazışmadan əldə edilmiş 3 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.31.45 (1)” adlı səsyazı, +98 914 152 7211 saylı nömrə ilə “WhatsApp” ani mesajlaşma sistemində xx.xx.2021-ci il, saat 15:53-ə aid olan yazışmadan əldə edilmiş 9 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.32.57” adlı səsyazı, +98 914 152 7211 saylı nömrə ilə “WhatsApp” ani mesajlaşma sistemində xx.xx.2021-ci il, saat 15:57-ə aid olan yazışmadan əldə edilmiş 8 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.33.09” adlı səsyazısı, +98 914 152 7211 saylı nömrə ilə “WhatsApp” ani mesajlaşma sistemində xx.xx.2021-ci il, saat 16:14-ə aid olan yazışmadan əldə edilmiş 7 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.33.30” adlı səsyazısı aşkar edilərək “HP” markalı kompyuter vasitəsilə “mp3” formatına salınaraq “01” ədəd CD diskə köçürülmüş və cinayət işi materiallarına əlavə edilmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonun daxili yaddaşında olan “Whatsapp/Media/Whatsapp İmages/Sent” qovluğundan metamfetaminə şübhəli psixotrop maddəni, 1 ədəd elektron tərəzini, 2 ədəd üzərində “Methadon 40” hərfləri yazılmış həbləri, 2 ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitəyə şübhəli maddələri, 1 ədəd narkotik vasitə heroinə şübhəli maddəni özündə əks edən 7 ədəd fotoşəkil müəyyən edilmiş və çıxarış edilərək fotocədvəl halında iş materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 132-139). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefondan əldə olunan səs yazılarına baxış keçirilməsi haqqında 30 may 2021-ci il tarixli protokollardan görünür ki, +98 990 593 7240 saylı nömrə ilə “Whatsapp” ani mesajlaşma sistemində olan, xx.xx.2021-ci il, saat 15:54-ə aid olan yazışmadan əldə edilmiş 5 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.31.45” adlı səsyazıya keçirilmiş baxış zamanı qeyd olunan səsyazıda aşağıda qeyd olunan ifadələrin olması müəyyən edilmişdir: -“Mənə bax Adəm, patı zad var? Torpaqdı, patı da?” +98 990 593 7240 saylı nömrə ilə “Whatsapp” ani mesajlaşma sistemində olan, xx.xx.2021-ci il, saat 15:55-ə aid olan yazışmadan əldə edilmiş 3 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.31.45 (1)” adlı səsyazıya keçirilmiş baxış zamanı qeyd olunan səsyazıda aşağıda qeyd olunan ifadələrin olması müəyyən edilmişdir: -“Patı yoxumdu yox, torpaq var belə.” +98 914 152 7211 saylı nömrə ilə “Whatsapp” ani mesajlaşma sistemində olan, xx.xx.2021-ci il, saat 15:53-ə aid olan yazışmadan əldə edilmiş 9 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.32.57” adlı səsyazıya keçirilmiş baxış zamanı qeyd olunan səsyazıda aşağıda qeyd olunan ifadələrin olması müəyyən edilmişdir: -“Maqa, bir şey, mi şey var? Torpaq zad var? Mal, torpaq varındı? Patı?” +98 914 152 7211 saylı nömrə ilə “Whatsapp” ani mesajlaşma sistemində olan, xx.xx.2021-ci il, saat 15:57-ə aid olan yazışmadan əldə edilmiş 8 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.33.09” adlı səsyazıya keçirilmiş baxış zamanı qeyd olunan səsyazıda aşağıda qeyd olunan ifadələrin olması müəyyən edilmişdir: -“Maqa, var. Bir dənə. Gör mənə 1 dənə patı, 2 dənə torpaq əmələ gətir də.” +98 914 152 7211 saylı nömrə ilə “Whatsapp” ani mesajlaşma sistemində olan, xx.xx.2021-ci il, saat 16:14-ə aid olan yazışmadan əldə edilmiş 7 saniyəlik “WhatsApp Audio 2021-07-06 at 18.33.30” adlı səsyazıya keçirilmiş baxış zamanı qeyd olunan səsyazıda aşağıda qeyd olunan ifadələrin olması müəyyən edilmişdir: -“Maqa, bu nədi mahnını yollamısan mənə. Var patı, kola varındı?” (iş vərəqə: cild İ, səh. 138-139). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-fonoskopik ekspetizasının 22 iyul 2021-ci il tarixli, 4/942-4/948 nömrəli rəyindən görünür ki: Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Mübahisəli fonoqramlardakı danışıqlarda 2 (iki) nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramların tədqiqi hissədə verilmiş yazılı mətnlərində K2 kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur.
3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmamışdır (iş vərəqə: cild İ, səh. 200-204). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 2618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 212-213). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizanın 19 oktyabr 2021-ci il tarixli, 3408 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda "emosional davamsiz tip şəxsiyyət pozuntusu" (F.60.3) aşkar olunur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından əsəbi olması, xarici qıcıqların tasirindən tez qıcıqlanması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsində məhkəmə psixiatrik ekspertizasından keçməsi və onda "Şəxsiyyətin emosional davamsiz pozuntusu, narkomaniya ilə ağırlaşmış" diaqnozunun qeyd edilmasi) va hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasınin dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində olduğundan qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlan idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci va 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur (iş vərəqə: cild İİ, səh. 114- 116). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 03 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə götürülmüş, təmiz çəkisi 8,277 qram qram təşkil edən heroin narkotik vasitəsi iş üzrə maddi subut kimi tanınmış, həmçinin ekspertiza tədqiqatından sonra həmin nqarkotik vasitənin qalıq qalan 8,227 qram hissəsi saxlanması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir(iş vərəqə: cild İİ, səh. 126-139, 148). Bundan başqa, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş və saxlanması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 126- 139, 148). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 126-139, 140-141). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi 8,277 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən dörd dəfədən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək 01 ədəd bükümdə daşıyıb saxlaması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bilməməsi, ondan heç bir növdən olan narkotik vasitə apşkar edilib götürülməməsi, qanunsuz olaraq 8,277 qram həmin heroin narkortik vasitəsinin onun adına sənədləşdirilməsi, psixi və fiziki təsirlərə məruz qalması barədə verdiyi inkaredici ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman keçirilən 30 may 2021-ci il tarixli məhkəmə iclasında saxlandığı zaman işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona heç bir fiziki və mənəvi təzyiq göstərilmədiyini bildirmiş, sadəcə olaraq ittiham olunduğu maddə üzrə özünü təqsirli bilmədiyini qeyd etmişdir. Bundan başqa, iş üzrə 02 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində keçirilən məhkəmə-narkoloji ekspertizası tədqiqatı zamanı ekspertə verdiyi izahatında ondan aşkar olunub götürülmüş narkotik vasitə olan heroini özünün istifadəsi üçün əldə edib saxladığını qeyd etmişdir. Bundan başqa, cinafət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə baxışı zamanı Nəsimi rayon Məhkəməsi tərəfindən onun sorğusuna verilən 24 fevral 2022-ci il tarixli, 108/2022 saylı məktubu təqdim etmiş, həmçinin müdafiə çıxışları zamanı baxılan iş üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesində hal şahidi qismində iştirak etmiş Şahid3 əvvəllər də başqa cinayət işləri üzrə hal şahidi qismində iştirak etdiyini, yəni onun hal şahidi qismində iştirakının mütəmadi xarakter daşıdığını bildirmiş, Azərbaycan Respublikası CPM-nin 115.2-ci maddəsinin tələbinə görə Şahid3 hal şahidi qismində iştirakının qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi vəsatətini belə əsaslandırmışdır ki, onun tərəfindən verilmiş sorğu üzrə Nəsimi rayon Məhkəməsi tərəfindən verilən 24 fevral 2022-ci il tarixli cavabla müəyyən etmişdir ki, Şahid3 Nəsimi rayon Məhkəməsində baxılmış 1(006)-262/2020 saylı cinayət işində hal şahidi qismində iştirak etmişdir. Lakin Nəsimi rayon Məhkəməsi tərəfindən məhkəməyə təqdim olunan 18 noyabr 2020-ci il tarixli 1(006)-262/2020 saylı məhkəmə hökmündən görünür ki, Şahid3 X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hal şahidi qismində deyil, «Vətən-N» Mühafizə xidmətinin mühafizəçi kimi həmin işdə oğurluq hadisəsinin başa çatmasına imkan verməmiş mühafizəçi əməkdaş – şahid qismində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Məhkəmə baxışı zamanı isə Şahid3 istintaq hərəkətinin icraatında əvvəllər iştirakı ümumiyyətlə təsdiq olunmadı. Qeyd olunanlara əsasən məhkəmə Müdafiəçi tərəfindən qeyd olunan xüsusatı hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad oluna bilməsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 02 may 2020-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Baxılan cinayət işi üzrə cinayət hadisəsinin 28 may 2021-ci il tarixdə baş verməsini, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu yeni cinayətin törədildiyi tarixə ödənilməmiş, həmçinin götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2020-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir, lakin yeni cinayət törətdiyi 28 may 2021-ci il tarixə qanunla müəyyən olunan iki illik müddət keçməmişdir. Qeyd olunanlara əsasən məhkəmə benlə nəticəyə gəlir ki, baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsaəsn cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal hesab olunur və bu hal cəza təyin edilərkən nəzərə alınır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 2618 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin residivini yaratması, yeni cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 28 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 may 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 may 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Ramal Rəcəbovun 28 may 2021-ci il tarixdə başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 8,227 qram heroin narkotik vasitəsi məhv edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olub Nəsimi RPİ-nin Növbətçi Hisəssinə saxlanılan, sübut növü kimi qiymətləndirilmiş “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 381,82 (üç yüz səksən bir manat 82 qəpik) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 28 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 8,227 qram heroin narkotik vasitəsi məhv edilsin. Təqsirləndirilən şəxs məxsus olub, Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə saxlanılan bir ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 381,82 (üç yüz səksən bir manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.