Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-342/2023 02.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Yusifbəyli və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,334 qram narkotik vasitə heroin və iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,737 qram psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və 21 iyul 2022-ci il tarixdə əldə etdiyi psixotrop maddə metamfetaminin bir bükümdə 0,332 qramını 10 manat pul müqabilində tanıdığı Şahid1, 0,405 qramını isə Şahid4 10 manat pul müqabilində satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, 21 iyul 2022-ci il tarixdə saat 13:30 dəqiqədə Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsinin yaxınlığında saxlanılıb Y.Səfərov küçəsi 4/6 ünvanda yerləşən 34-cü Polis şöbəsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə olunmaqla polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, satış məqsədi ilə üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,334 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, narkotik vasitə olan heroindən istifadə etmiş və tanımadığı şəxslərdən almışdır. Tutulduğu gündən bir gün əvvəl o, narkotik vasitəni tanımadığı şəxsdən 120 manata almışdır. Narkotik vasitə əldə etdiyi günün səhəri onu polis əməkdaşları evdə saxlamışlar. Aldığı narkotik vasitə evdə stolun üzərində olmuş, onu cibinə qoymuşdur. Daha sonra polis əməkdaşları onu 34-cü Polis bölməsinə gətirmişlər və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onda olan heroinin ümumi çəkisi 5 qram olmuş, narkotiki 3 gün əvvəl “Nərimanov” metrosunun yanından öz istifadəsi üçün almışdır. Onun heç kimlə narkotik barədə yazışması olmamış, narkotiki üstündə gəzdirməmiş, satmamış və heç kimə hədiyyə verməmişdir. Sadəcə başqaları ilə birlikdə istifadə etmişlər. Başqa narkotik vasitələrdən istifadə etməmişdir. Üzərində metamfetamin olmamışdır. Polislər evdən onu döyə-döyə aparmışlar. Şahid4 və Şahid1 tanıyır, lakin onlara narkotik satmamışdır. O, saxlanıldığı zaman polis bölməsində olarkən İlham və Rauf onun telefonuna zəng edib ondan narkotik vasitə istəmişlər. O da həmin şəxslərə narkotik satmadığını, özü istifadə etdiyini demişdir. Lakin, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs bir neçə dəfə pulsuz narkotik aldığı barədə ifadə verdikdən sonra təqsirləndirilən şəxs Şahid4 2-3 dəfə pulsuz narkotik vasitə verdiyini etiraf etmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 5 aya yaxın müddət ərzində narkotik vasitə heroindən və psixotrop maddələrdən istifadə etmiş, narkotik vasitələri Əhmədli qəsəbəsində yaşayan Əli adlı tanışından almışdır. 20 iyul 2022-ci il tarixdə saat 21 radələrində yenidən narkotik vasitə və psixotrop maddə olan heroin əldə etmək qərarına gəlmiş, buna görə də Əhmədli qəsəbəsində Əli adlı şəxslə görüşmüş, orada Əliyə 30 manat pul verib narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. 15-20 dəqiqə sonra həmin şəxs bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin və iki ədəd bükümdə psixotrop maddə metamfetaminin vermişdir. Şahid1 və Şahid4 yaşadığı Əhmədli qəsəbəsindən tanımışdır. Həmin şəxslər də narkotik vasitə aludəçiləridir. 21 iyul 2022-ci il tarixdə İlham və Rauf onunla əlaqə saxlayıb psixotrop maddə metamfetamin istəmişlər. O, narkotik və pxisotrop maddələrin satışı ilə məşğul olmasa da, siqaret və kontur almaq üçün pulu olmadığından İlham və Raufa, almış olduğu iki ədəd bükümdə olan psixotrop maddə metamfetamini satmaq qərarına gəlmişdir. Buna görə də, həmin gün saat 11 radələrində Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində İlham və Raufla görüşmüş, orada İlham və Raufa hər birinə 10 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin sataraq çıxıb getmişdir. 21 iyul 2022-ci il tarixdə saat 13:30 dəqiqədə yaşadığı Xətai rayonu, 5-ci Rezervuar küçəsində olan zaman mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə dəvət etmişlər, o, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman üzərində qanunsuz əşya və ya maddə olduğu halda könüllü təqdim etməsi bildirilmişdir. O, əynində olan idman şalvarının sol cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları onun üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 187-189). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması və satması barədə polis şöbəsinə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis şöbəsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına və satmasına görə onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə şöbənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid3 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, Şahid3 ilə birlikdə məlumat əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsinin yaxınlığına gəlmişlər. Saat 13:30 dəqiqədə orada əlamətlərinə görə oxşadıb Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu polis şöbəsinə gətirmişlər. Bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkiliş etməklə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümdə qəhvəyi rəngli maddə müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması barədə sual verilmiş, Bəhruz da həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar edilmiş sellofan büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 4,69 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Həmin günü Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı mənzildə axtarış aparılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Polis şöbəsinə gəldikdə Təqsirləndirilən şəxs izahatı alınan zaman sonuncuya sual verildikdə Bəhruz, İlham və Rauf adlı şəxslərə narkotik maddə satmasını bildirmişdir. Eyni zamanda həmin günü Şahid1 və Şahid4 saxlanılaraq polis şöbəsinə gətirilmiş və onların üzərindən Təqsirləndirilən şəxs aldığı narkotik maddələr aşkar olunmuşdur. Həmin şəxslər də izahatlarında narkotik maddələri Təqsirləndirilən şəxs aldıqlarını bildirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid2 bildirdi ki, təqsirləndirilən şəxsə qarşı nə onun, nə də ki, digər polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki o, tutulana qədər ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Hazırda barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi gedir, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. O, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Bəhruzu çoxdandır tanıyır. O, narkotik vasitə istəyəndə Bəhruz ona pulsuz vermişdir. Tutulduğu gün Bəhruzla hal-əhval tutmaq üçün zəng vurub məktəbin yanında olduğunu bildirmiş, görüşməyi təklif etmiş, daha sonra onu polis əməkdaşları saxlayıb, bölməyə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, Bəhruz ona 2-3 dəfə pulsuz olaraq narkotik vasitə vermiş, ibtidai istintaqda ona təzyiq olunduğu üçün Bəhruzdan narkotik vasitə aldığını bildirmişdir. Bəhruzla birlikdə narkotik vasitə istifadə etməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid4 ifadəsində göstərmişdir ki, 21 iyul 2022ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin psixotrop maddəni 21 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs almışdır. Belə ki, 21 iyul 2022-ci il tarixdə narkotik vasitə və ya psixotrop maddə əldə etmək qərarına gəlmiş, həmin günü səhər saatlarında Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs görmüş, Bəhruza yaxınlaşaraq üzərində psixotrop maddə olan metamfetaminin olub-olmadığını soruşmuş, Bəhruz da bir büküm psixotrop maddə metamletamin olmasını bildirmiş və o, sonuncuya 10 manat pulu verərək həmin psixotrop maddəni almış və əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Sonra Bəhruz ilə sağollaşıb ayrılaraq yaşadığı ev istiqamətində getmişdir. Əldə etdiyi metamfetamini üzərində saxlayaraq gəzdirmişdir ki, bədənində ağrılar olan zaman münasib yer taparaq orada istifadə edər. Lakin həmin günü polis əməkdaşları tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqi 79-81). Ölməsi ilə əlaqədar məhkəmədə dindirilməmiş, lakin ibtidai istintaq zamanı şahid qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin psixotrop maddəni 21 iyul 2022-cı il tarixdə Təqsirləndirilən şəxs almışdır. Belə ki, 21 iyul 2022-ci İl tarixdə psixotrop maddə əldə etmək qərarına gəlmiş, buna görə də həmin günü Xətai rayonu, Kənd Əhmədli qəsəbəsinə gəlmiş, orada Təqsirləndirilən şəxs görmüş və sonuncuya yaxınlaşaraq üzərində psixotrop maddə olan metamfetaminin olub-olmadığım soruşmuş, Bəhruz da bir bükümdə psixotrop maddə metamfetamin olmasını demişdir. Bundan sonra üzərində olan 10 manat pulu Bəhruza verərək həmin psixotrop maddəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Metamfetamini aldıqdan sonra Bəhruzdan ayrılaraq yaşadığı ünvan istiqamətinə getmişdir. Əldə etdiyi melamfetamini üzərində saxlayaraq gəzdirmişdir ki, bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə edər. Lakin həmin günü polis əməkdaşları tərəfindən saxlanılmış və Bəhruzun satdığı psixotrop maddə metamfetamin üzərindən aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 76-78). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə məlumatın olması bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 1720 saylı raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı cinayət əməlinin ifşa edilməsi məqsədilə əlaqədar yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən heç bir əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən çıxan, şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə heroin adlanan narkotik vasitədir. Həmin bükümdəki maddə elektron tǝrǝzidə çəkilmiş və çəkisinin 4,69 qram olması məlum olmuşdur. Aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 34-36). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mənzildə axtarış aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, mənzil Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi, ev 14 ünvanında yerləşir. Mənzildə axtarış nəticəsində iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən olunmamış və götürmə aparılmamışdır (cild 1, iş vərəqi 41-46). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskin içərisində olan bir ədəd "mp4" formatlı görüntüdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilir. Təqsirləndirilən şəxs özünü təqdim edir, onun yanında iki nəfər mülki geyimli polis əməkdaşlar vardır, polis əməkdaşları Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməliyyat müvəkkilidir, qarşıda olan stulda 13 saylı Vəkil bürosunun vəkili X4 əyləşmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmiş, həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və sellofan bükümdə qəhvəyi rəngli maddə müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir. Aşkar edilmiş sellofan büküm elektron tǝrǝzi ilə çəkilmiş və çəkisi 4,69 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (cild 1, iş vərəqi 123-124). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3971 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №152" dairəvi möhür əksi və "Təqsirləndirilən şəxs-imza, dörd-imza; Tərtib etdi: Abbasov Fərid imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 4,334 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2008-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 53-57). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3972 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №152" dairəvi möhür əksi və "...Məmmədov-İmza. Müdafiəçi-imza. İştirakçılar-üç imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,332 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2008-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 66-70). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3975 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №152" dairəvi möhür əksi və "...Təhməzov-imza. Müdafiəçi-imza, iştirakçılar-üç imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,405 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2008-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 71-75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 21 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 10 manat qarşılığında psixotrop maddə metamfetamini almasını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, Təqsirləndirilən şəxs Şahid1 dediklərini təsdiq etmişdir (cild 1, iş vərəqi 82-84). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid4 21 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 10 manat qarşılığında psixotrop maddə metamfetamin almasını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmiş, Təqsirləndirilən şəxs Şahid4 dediklərini təsdiq etmişdir (cild 1, iş vərəqi 85-87). İşdə olan Xətai rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 18691-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni haradan, hansı yolla və kimdən əldə etməsi, narkotik maddələri ilkin olaraq kim tərəfindən əldə edilməsi, narkotik maddələri Respublikanın ərazisinə hansı şəraitdə gətirilməsinin və sonuncunun narkotik maddələri əldə etdiyi mənbənin müəyyən olunması və onun narkotik maddə satıb-satmamasının müəyyən olunması isitqamətində bir sıra tədbirlər keçirilmiş, məxfi əməkdaşlara tapşırıqlar verilmiş, sonuncunun yaşadığı ünvanın yaxınlığında yaşayan şəxslərlə profilaktik söhbətlər aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmuş, lakin onun narkotik maddələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik maddələri aldığı şəxsi müəyyən etmək də mümkün olmamışdır (cild 1, iş vərəqi 148). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4313 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 153-155). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,234 qram qalan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 159-172, 202). İşdə olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbə barəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 173-174). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs saxlanılarkən polislər tərəfindən döyülməsi, Şahid1 və Şahid4 psixotrop maddə satmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmişdir. Əksinə təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs şəxsi işini və tibbi kartını onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, onun təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman hər iki dirsək nahiyəsində qərtməkli yara xəsarətləri aşkar edilməsini, Təqsirləndirilən şəxs həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını bildirdiyini və bu barədə müvafiq instansiyalara xüsusi məlumatın göndərilməsini müəyyən etmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında həmin zədələrin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yetirilib-yetirilməməsi məqsədilə Xətai rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi izahatında dirsəklərində olan zədələri polis əməkdaşları tərəfindən tutularkən evin qapısına sürtünməsi nəticəsində aldığını, habelə polislər tərəfindən döyülməyə və işgəncəyə məruz qalmadığını bildirmiş və məhkəmə tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmadığından və cinayət hadisəsinin olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs özünün qismən etirafedici ifadələrini, şahid ifadələrini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmiş, habelə psixotrop maddələri satmışdır. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda Şahid1 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrini, həmin şəxslərin üzləşdirmələr zamanı təqsirləndirilən şəxsə qarşı verdikləri ifadələrini, həmin ifadələr cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Şahid4 məhkəmədə təqsirləndirilən şəxsdən bir neçə dəfə narkotikləri pulsuz əldə etməsi barədə verdiyi ifadələrə isə məhkəmə tənqidi yanaşır və hesab edir ki, həmin ifadələrlə şahid təqsirləndirilən şəxsə məsuliyyətdən yayınmaqda kömək etmək məqsədini güdmüşdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması, saxlaması və psixotrop maddəni satması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 1772.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 132- 133, 136-142). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəza çəkməkdən azad edildiyi vaxtdan hazırkı iş üzrə ittiham edildiyi cinayəti törətdiyi vaxta kimi iki ildən az vaxt keçdiyinə görə onun məhkumluğu ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu baxımdan, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyinə görə məhkəmə onun törətdiyi əməli cinayətlərin residivi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 23 iyul 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 iyul 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1 iş vərəqi 23, 119-122). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 21 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,234 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Digər maddi sübut – şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,234 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut – şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-342/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-342/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver