Məhkəmə qərarları › İş №1(101)-344/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-344/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-344/2020 18.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhər 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, tərcüməçi X3 iştirakları ilə xx xxxxxx 2020-ci il Bakı şəhərində xx xxxxxx 1998-ci il tarixdə İran İslam Respublikasının Moghan Germi şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İran İslam Respublikası Ərdəbil şəhəri, Seyidabad məhəlləsi, X19 Azər küçəsi ev 37/1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1995-ci il tarixdə İran İslam Respublikasının Meşkinşəhr şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, İran İslam Respublikası Ərdəbil şəhəri, Bəxşi Rəziy, Rəhimbəyli kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X15 Faramarzın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 X15 Faramarz ilə İran İslam Respublikasında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyətləri istintaqa Malik, Soheyl adı ilə məlum olan şəxslər və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq xx xxxxx 2019-cu il tarixdə İran İslam Respublikasında Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə təmiz çəkisi 366,818 qram olan heroini, külli miqdarda psixotrop maddə təmiz çəkisi 360,851 qram olan metamfetamini, təmiz çəkisi 1,084 qram olan həşiş qətranını və təmiz çəkisi 14,549 qram olan qurudulmuş marixuananı əldə edib, saxlamış, aralarında bölüşdürərək özü külli miqdarda narkotik vasitə təmiz çəkisi 167,948 qram olan heroini, külli miqdarda psixotrop maddə təmiz çəkisi 154,615 qram olan metamfetamini və təmiz çəkisi 1,084 qram olan həşiş qətranını aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə düz bağırsağında və mədəsində gizlətmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə külli miqdarda narkotik vasitə təmiz çəkisi 198,87 qram olan heroini, külli miqdarda psixotrop maddə təmiz çəkisi 206,236 qram olan metamfetamini və təmiz çəkisi 14,549 qram olan qurudulmuş marixuananı aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə düz bağırsağında və mədəsində gizlətmiş, həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar rayonunda yerləşən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən keçməklə saat 14 radələrində X12 Azərbaycan Respublikası istiqamətində qanunla müəyyən edilmiş qaydada gələrkən o və Təqsirləndirilən şəxs1 düz bağırsaqlarında və mədələrində gizlətdikləri həmin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq keçirdikdən sonra, Dövlət Sərhəd Xidmətinin və Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında və Bakı şəhəri X16 Toksikologiya şöbəsində həkim müayinəsi zamanı onun və Təqsirləndirilən şəxs1 düz bağırsaqlarında və mədələrində gizlədərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə onlardan aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, və dostu Sina daxili orqanlarında aşkar olunmuş narkotik vasitə və dərmanları Azərbaycanda tanımadıqları şəxsə çatdırmaları üçün İrandakı tanışları Soheyl adlı İran vətəndaşı vermişdir. Soheyl adlı şəxslə onları İranın Ərdəbil şəhərindən olan Səmədi Məsud adlı şəxs tanış etmiş və ondan narkotik maddə alıb İrandan Azərbaycana aparmalarını təklif etmişdir. Bu məqsədlə də xx xxxxx 2019-cu il tarixdə tanışları Məsud Səmədi, Sina Azizi və X13 şəhərinə gələrək onunla görüşmüşlər. Söhbət əsnasında Məsud ona müəyyən pul müqabilində Azərbaycan Respublikasına narkotik vasitələr keçirməyi təklif etmiş, o, da həmin təkliflə razılaşmış, çünki pula eytiyacı olmuşdur. Bundan sonra tanışı Sina ona pasportunu götürüb onunla birlikdə Germi şəhərinə getməyi təklif etmiş və o, pasportunu evdən götürüb onlarla birlikdə Germi şəhərindən 2-3 kilometr aralıda yerləşən bir kəndə getmişlər. Həmin kənddə onları Məsudun tanışı Soheyl adlı şəxs qarşılamış və onlar həmin şəxslə birlikdə bir kafeyə gedib orada yemək yemişlər. Bundan sonra Soheyl ondan və Sinadan pasportlarını götürmüşdür ki, Azərbaycana getmələri üçün onlara viza açdırsın. Həmin gün saat 22 radələrində onlar hansısa kəndə sonuncunun evinə getmiş, orada 3 nəfər İran vətəndaşı və 1 nəfər Azərbaycan vətəndaşı da olmuş, İranlılardan birinin adının Malik olduğunu sonradan bilmişdir. Soheyl onlara həmin şəxslərin şərikləri olduğu demişdir. Bundan sonra Soheyl onlara ümumilikdə 10 ədəd böyük ölçülü və bir neçə xırda büküm verərək bildirmişdir ki, həmin böyük ölçülü bükümləri daxili orqanlarında, yəni düz bağırsaqlarına yerləşdirsinlər, xırda bükümləri isə udub mədələrində saxlansınlar və gizli şəkildə İrandan Azərbaycana keçirsinlər ki, gömrükdə tutulmasınlar. Bunun müqabilində isə hər birinə 1000 AZN pul verməyi vəd etmişdir. O, Sina ilə birlikdə həmin bükümləri götürüb özlərində saxlamış və həmin gün Soheylin evində gecələmişlər. Növbəti gün, yəni xx xxxxx 2019-cu il tarixdə saat 05 radələrində o, Sina ilə birlikdə həmin bükümlərdən bir neçəsini daxili orqanlarında yerləşdirmişlər. Belə ki, o, düz bağırsağına 5 ədəd böyük büküm, Sina isə düz bağırsağına 4 böyük büküm yerləşdirmiş, 1 büküm isə İranda qalmışdır. Qalan xırda bükümləri hissə-hissə udaraq mədələrində saxlamışlar. Daha sonra Soheyl onları turist qismində Azərbaycan Respublikasına yola salmaq üçün Sinaya yeni paltarlar vermiş və onları bərbərə aparıb saç düzümlərini düzəltdirmişdir. Bundan sonra isə Soheyl onları İranın Biləsuvar gömrükxanasının qarşısına aparmışdır. Onlardan başqa Soheylin şərikləri də digər avtomaşınlarla onlarla birlikdə gömrükxanaya getmişlər. İranda gömrükxananın qarşısında Soheyl onlara pasportlarını, vizaları və vəd etdiyi puldan hər birinə 200 manat pul vermiş və bildirmişdir ki, pulun qalan hissəsini onlara gələcəkdə Azərbaycanda narkotik vasitəni çatdıracaqları şəxs verəcəkdir. Soheylin Malik adlı tanışı isə onlara öz +**********61 telefon nömrəsini verib demişdir ki, Azərbaycan gömrüyünü keçdikdən sonra hər hansı bir taksiyə əyləşib həmin şəxsin telefonu ilə onunla əlaqə saxlasınlar, Malik onlara nə etməli olduqlarını, narkotik vasitələri kimə verməli olduqlarını və haraya getməli olduqlarını deyəcəkdir. Bundan sonra xx xxxxx 2019-cu il tarixdə saat 13:50 radələrində ilk öncə o, ondan təxminən 5-10 dəqiqə sonra isə Sina Biləsuvar gömrüyündən keçib rəsmi qaydada Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar. Orada onların sənədlərini yoxlayan hərbi qulluqçular onları sorğu-sual etmiş və üzərilərində qanunsuz əşyanın və ya narkotik vasitələrin olub-olmadığını soruşmuşlar. O, üzərində qanunsuz heç bir əşyanın və ya narkotik vasitələrin olmadığını bildirmişdir. Bundan sonra onun və Sinanın üzərinə, həmçinin əl yüklərinə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra onlar Biləsuvar rayon xəstəxanasına aparılmış və orada həkim müayinəsindən keçirilmişlər. Həkim müayinəsi zamanı onun düz bağırsağından 1 ədəd bükümdə təxminən çəkisi 17 qram olan narkotik vasitə marixuanaya oxşar maddə, 2 ədəd bükümdə ümumilikdə təxminən çəkisi 147 qram heroinə oxşar maddələr, 2 ədəd bükümdə ümumi təxminən çəkisi 115 qram psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Sinanın müayinəsi zamanı isə onun düz bağırsağından 1 ədəd bükümdə təxminən çəkisi 52 qram narkotik vasitə heroinə oxşar maddə, 3 ədəd bükümdə ümumilikdə təxminən çəkisi 181 qram olan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Onlar Biləsuvar rayonunda mədələrində daha xırda bükümlərin olmasını bildirməmişlər. xx xxxxx 2019-cu il tarixdə onlar Bakı şəhərinə aparılarkən onlarla söhbət zamanı o, bildirmişdir ki, mədəsində də bir neçə ədəd xırda bükümlər vardır, bunun üçün də Bakı şəhərində xəstəxanaya aparılmış və orada da daxili orqanlarının müayinəsi keçirilmişdir. Həkim müdaxiləsi nəticəsində onun və Sinanın mədələrində gizli şəkildə İrandan Azərbaycana keçirdikləri həmin bükümlər bir neçə gün ərzində götürülmüş və həmin bükümlərə də onların iştirakı ilə baxış keçirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X1 elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünün və tanışı Mohammadin daxili orqanlarında aşkar olunmuş narkotik vasitə və dərmanları pul müqabilində Azərbaycanda tanımadıqları şəxsə çatdırmaları üçün İrandakı Soheyl adlı İran vətəndaşı vermişdir. Soheyl adlı şəxslə onu İranın Ərdəbil şəhərindən olan Səmədi Məsud adlı şəxs tanış etmiş və ondan narkotik maddə alıb İrandan Azərbaycana aparmağımı təklif etmişdir. Belə ki, 2019-cu ilin aprel ayının ortalarında Məsud ona zəng edərək görüşmək istədiyini bildirmiş və xx xxxxx 2019cu il tarixdə Məhəmmədi Milad adlı tanımadığı şəxslə birlikdə yaşadığı kəndin çayxanasına gedib onunla görüşmüşdür. Söhbət zamanı Məsud ona müəyyən pul müqabilində İrandan Azərbaycana narkotik vasitələr keçirməyi təklif etmişdir. O, da onunla razılaşmışdır. Bundan sonra Məsud Ərdəbil şəhərinə geri qayıtmış və növbəti gün Miladla, həmçinin daha başqa bir şəxslə birlikdə yaşadığı yerə gəlmiş və onu götürüb Germi şəhərinə ona narkotik vasitə verib Azərbaycana yola salmaq üçün yola düşərkən tanımadıqları həmin şəxsin telefonuna anası zəng edərək onu evə çağırdığı üçün işləri alınmamış və onlar Ərdəbil şəhərinə geri qayıtmışlar. Bu vaxt Məsud ondan Azərbaycan Respublikasına narkotik vasitə aparmaq üçün başqa bir nəfər etibarlı şəxsin olub-olmadığını soruşmuş, o, isə belə bir şəxsin olduğunu demiş və dostu Mohammad Gholamini məsləhət görmüşdür. Bundan sonra onlar Mohammadlə Ərdəbil şəhərində görüşmüş və narkotiklə bağlı təklifi etmişlər. Mohammad da həmin təkliflə razılaşmış və pasportunu evdən götürüb çıxmışdır. Daha sonra onlar, yəni o, Mohammad, Məsud və Milad xx xxxxx 2019-cu il tarixdə Germi şəhərindən bir neçə kilometr aralıda yerləşən bir kəndə getmişlər. Həmin kənddə Məsudun tanışı Soheyl adlı şəxs onları qarşılamış və onlar həmin şəxslə birlikdə bir kafedə oturub yemək yemişlər. Soheyl ondan və Mohammaddan pasportlarını götürmüşdür ki, Azərbaycana getmələri üçün viza açdırsın. Həmin gün saat 22 radələrində onlar onun evinə getmişlər. Orada başqa 3 nəfər İran vətəndaşı və 1 nəfər Azərbaycan vətəndaşı da olmuş, onlardan birinin adının Malik olduğunu sonradan bilmişdir. Soheyl həmin şəxslərin şəriklərinin olduğunu demişdir. Bundan sonra Soheyl onlara 10 ədəd büküm və sayını xatırlamadığı bir neçə sayda kiçik bükümlər verərək bildirmişdir ki, həmin bükümlərdən 10 ədəd böyük bükümləri daxili orqanlarında, yəni düz bağırsaqlarında yerləşdirsinlər, xırda bükümləri isə udaraq mədələrində saxlasınlar və gizli şəkildə İrandan Azərbaycana keçirsinlər ki, gömrükdə tutulmasınlar. Bunun müqabilində hər birinə 1000 AZN pul verəcəyini vəd etmişdir. O, və Mohammad həmin bükümləri götürüb özlərində saxlamış və həmin gecəni Soheylin evində gecələmişlər. Növbəti gün, yəni xx xxxxx 2019-cu il tarixdə saat 05 radələrində o, Mohammad ilə birlikdə həmin bükümlərdən böyük olanlarının bir neçəsini daxili orqanlarında yerləşdirmiş, xırda bükümləri isə udmuşlar. O, daxili orqanlarına 4 büküm, Mohammad isə 5 büküm yerləşdirmiş, 1 büküm isə İranda evdə qalmışdır. Daha sonra Soheyl onları turist qismində Azərbaycan Respublikasına yola salmaq üçün ona yeni paltarlar vermiş və onları bərbərə aparıb saç düzümlərini düzəltdirmişdir. Sonra Soheyl onları avtomaşınla İranın Biləsuvar gömrükxanasının qarşısına aparmış, o, Mohammad, Məsud və Milad bir maşında, Soheyl və adını bilmədiyi Azərbaycan vətəndaşı digər maşında, Soheylin digər şərikləri isə başqa bir maşında getmişlər. İranda gömrükxananın qarşısında Soheyl onlara pasportları, vizalarını və onlara vəd etdiyi puldan hər birinə 200 manat pul verərək bildirmişdir ki, pulun qalan hissəsini onlara Azərbaycanda narkotik vasitəni çatdıracaqları şəxs verəcəkdir. Soheylin Malik adlı tanışı isə onlara öz telefon nömrəsini vermiş və Soheyllə birlikdə onlara demişdir ki, Azərbaycan gömrüyünü keçdikdən sonra hər hansı bir taksiyə əyləşib həmin şəxsin telefonu ilə onlarla əlaqə saxlasınlar, onlar da nə etməli olduqlarını, haraya getməli olduqlarını, həmçinin narkotik vasitələri kimə çatdırmalı olduqlarını deyəcəklər. Bundan sonra xx xxxxx 2019-cu il tarixdə saat 13:50 radələrində ilk öncə Mohammad, ondan təxminən 5-10 dəqiqə sonra isə o, Biləsuvar gömrüyündən keçib rəsmi qaydada Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar. Orada onların sənədlərini yoxlayan hərbi qulluqçular onları sorğu-sual etmiş, üzərlərində qanunsuz əşyanın və ya narkotik vasitələrin olub-olmadığını soruşmuşlar. O, üzərində qanunsuz heç bir əşyanın və ya narkotik vasitələrin olmadığını bildirmişdir. Bundan sonra onun və Sinanın üzərinə, həmçinin əl yüklərinə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra onlar Biləsuvar rayon xəstəxanasına aparılmış və orada həkim müayinəsindən keçirilmişlər. Həkim müayinəsi zamanı onun düz bağırsağından 1 bükümdə təxminən çəkisi 52 qram narkotik vasitə heroinə oxşar maddə, 3 ədəd bükümdə ümumilikdə təxminən çəkisi 181 qram olan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Mohammadin daxili orqanlarının müayinəsi zamanı isə onun düz bağırsağından 1 ədəd bükümdə təxminən çəkisi 17 qram olan narkotik vasitə marixuanaya oxşar maddə, 2 ədəd bükümdə ümumilikdə təxminən çəkisi 147 qram heroinə oxşar maddələr, 2 ədəd bükümdə ümumi təxminən çəkisi 115 qram psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür. O, mədəsində də xırda bükümlərin olmasını bildirməmiş, çünki düşünmüşdür ki, əgər narkotik vasitələrin sayı çox olarsa cəzası da ağır olar. Götürülmüş maddələrə onların iştirakı ilə baxış keçirildiyi üçün onların çəkisi və növü ona dəqiq məlum olmuşdur. xx xxxxx 2019-cu il tarixdə onlar Bakı şəhərinə gətirilərkən onlarla söhbət zamanı o, bildirmişdir ki, onun mədəsində də bir neçə ədəd bükümlər vardır, bunun üçün də Bakı şəhərində xəstəxanaya aparılmış və orada da daxili orqanlarının müayinəsi keçirilmişdir. Həkim müdaxiləsi nəticəsində onun mədəsindən gizli şəkildə İrandan Azərbaycana keçirdiyi həmin bükümlər bir neçə gün ərzində götürülmüş və onlara da onun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri təqsirləndirilən şəxslərin etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və X15 Faramarzin saxlanılmaları ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən qeyd olunan şəxslərin dövlət sərhədindən hərəkətləri nəzarətə götürülmüşdür. xx xxxxx 2019-cu il tarixdə saat 09:00-dan 20:00-dək o, Biləsuvar SNM-də «növbə rəisi» sərhəd naryadı xidmətinə təyin edilmişdir. Həmin tarixdə saat 14:29 radələrində giriş istiqamətində baş gizir Şahid3 ona məruzə edərək bildirmişdir ki, İrandan Azərbaycana gələn iki nəfər İran vətəndaşlarının hərəkətlərindən şübhələnmişdir. O, dərhal baş gizir Abdullayevin xidmət apardığı yerə getmiş və həmin iki nəfər İran vətəndaşları Təqsirləndirilən şəxs1 və X15 Faramarzi sorğu-sual etmiş, onlara üzərlərində, həmçinin daxili orqanlarında qanunsuz əşya və ya predmetin, həmçinin narkotik vasitələrin olub-olmamasını soruşmuşdur. Qeyd olunan şəxslər heç bir qanunsuz əşyalarının olmadığını bildirmişlər. Bundan sonra o, həmin şəxsləri gömrük yoxlama otağına dəvət etmiş, gömrük əməkdaşının və hal şahidlərinni iştirakları ilə ayrı-ayrı vaxtlarda həmin şəxslərin üzərinə, paltarlarına və ayaqqabılarına baxış keçirilmişdir. Baxış zamanı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bundan sonra həmin şəxslər Biləsuvar rayon xəstəxanasına aparılmış və orada hal şahidlərinin iştirakları ilə həkim tərəfindən onların daxili müayinəsi keçirilmiş, X15 Faramarzin düz bağırsağından içərisində narkotik vasitələrə oxşar maddələrin olması ehtimal edilən 4 ədəd bükümlər, Təqsirləndirilən şəxs1 düz bağırsağından içərisində narkotik vasitələrə oxşar maddələrin olması ehtimal edilən 5 ədəd bükümlər aşkar edilərək götürülmüşdür. Daha sonra həmin şəxslər Biləsuvar buraxılış məntəqəsinə aparılmış, aşkar edilmiş nakotik vasitələrə baxış keçirildikdən sonra qablaşdırılaraq hal şahidlərinin iştirakı ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid1 Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2019-cu il tarixdə Biləsuvar buraxılış məntəqəsində saat 14:30 radələrində gömrükçülər və sərhədçilər onu gömrük yoxlama otağına dəvət edərək bildirmişlər ki, İrandan Azərbaycana gələn İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və X15 Faramarz adlı şəxslərin üzərinə baxış keçirilməlidir. O, hal şahidi kimi baxışda iştirak etmişdir. Onun və digər hal şahidi Şahid6 iştirakı ilə ayrı-ayrılıqda vətəndaş Təqsirləndirilən şəxs1 və X15 Faramarzin üzərinə baxış keçirilmişdir. Sorğu-sual zamanı həmin şəxslər bildirmişlər ki, üzərlərində və daxili orqanında heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitələr yoxdur. Baxış zamanı onların üzərində, heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra həmin iki nəfər İran vətəndaşları Biləsuvar rayon xəstəxanasına aparılaraq həkim tərəfindən daxili müayinələri keçirilmişdir. X15 Faramarzin düz bağırsağından ayrı-ayrı şəffaf polietilenə qablaşdırılmış 4 ədəd bükümlər aşkar edilərək götürülmüşdür. Həmin bükümlərdən birinin içərisində təxminən çəkisi 52 qram olan narkotik vasitə heroinə oxşar maddə, digər üç ədəd bükümlərin içərisində ümumi təxminən çəkisi 181 qram olan psixotrop maddə metamfetaminə oxşar maddələrin olması məlum olmuşdur. Digər İran vətəndaşı Təqsirləndirilən şəxs1 daxili orqanlarının müayinəsi zamanı onun düz bağırsağından ayrı-ayrılıqda şəffaf polietilenə qablaşdırılmış 5 ədəd büküm aşkar edilərək götürülmüşdür. Həmin bükümlərin bir ədədinin içərisində təxminən çəkisi 17 qram olan narkotik vasitə marixuanaya oxşar maddə, digər iki bükümün içərisində təxminən ümumi çəkisi 147 qram olan narkotik vasitə heroinə oxşar maddə və digər iki ədəd bükümün içərisində təxminən çəkisi 115 qram olan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra saxlanılan İran vətəndaşları gömrükxanaya geri aparılmış və orada götürülmüş narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq möhürlənmiş, müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və X15 Faramarz adlı İran İslam Respublikası vətəndaşlarının daxili orqanlarında narkotik vasitələrin və psixotrop madələrin olması ehtimalı ilə 25-xx xxxxx 2019-cu il tarixlərdə müxtəlif saatlarda Bakı şəhəri 1 saylı Kliniki Hospitalın «Toksikologiya» şöbəsində onların ayrı-ayrılıqda həkim tərəfindən daxili müayinələri keçirilmişdir. O, həmin müayinə zamanı hal şahidi kimi iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 daxili orqanlarından həkim tərəfindən 67 ədəd içərisində narkotik vasitələrə oxşar maddələr olan bükümlər aşkar edilərək götürülmüşdür. Digər şəxs X15 Faramarzin daxili orqanlarında həkim tərəfindən 45 ədəd içərisində narkotik vasitələrə oxşar maddələr olan bükümlər aşkar edilərək götürülmüşdür. Bundan sonra götürülmüş bükümlərə baxış keçirilmiş və daha sonra qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli X15 Faramarzin şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, onun düz bağırsağından 4 ədəd bükümlər aşkar edilmiş, 1 ədəd bükümdə çəkisi 52 qram olan heroinə oxşar maddə, 3 ədəd bükümlərdə çəkisi 181 qram olan metamfetaminə oxşar maddə aşkar olunmuş; -xx xxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs1 şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, onun düz bağırsağından 5 ədəd bükümlər aşkar edilmiş, 1 bükümdə çəkisi 17 qram olan marixuanaya bənzər maddə, 2 ədəd bükümlərdə təxmini çəkisi 147 qram olan heroinə oxşar maddə, 2 ədəd bükümlərdə çəkisi 115 qram olan metamfetaminə oxşar maddən aşkar olunmuş; -xx xxxxx 2019-cu il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 daxili orqanları 1 saylı kliniki hospitalın «Toksikologiya» şöbəsində müayinə olunmuş, onun mədəsindən 67 ədəd içərisində narkotik vasitələrin olması ehtimal edilən xırda bükümlər müxtəlif vaxtlarda və satlarda tibbi müdaxilə nəticəsində xaric olunaraq götürülmüşdür; -xx xxxxx 2019-cu il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, X15 Faramarzin daxili orqanları 1 saylı kliniki hospitalın «Toksikologiya» şöbəsində müayinə olunmuş, onun mədəsindən İrandan Azərbaycana keçirdiyi 45 ədəd içərisində narkotik vasitələrin olması ehtimal edilən xırda bükümlər müxtəlif vaxtlarda və saatlarda tibbi müdaxilə nəticəsində xaric olunaraq götürülmüşdür; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx xxxxx 2019-cu il tarixdə saat 16:30-dan xx xxxxx 2019-cu il tarixdə saat 13:30-dək X15 Faramarzin daxili orqanından 45 ədəd, Təqsirləndirilən şəxs1 daxili orqanından 67 ədəd içərisində narkotik vasitə və psixotrop maddələrin olması ehtimal edilən bükümlər aşkar edilərək götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 11265 nömrəli rəyindən görünür ki, X15 Faramarzdən və Təqsirləndirilən şəxs1 götürülmüş bükümlərdə olan maddələr – təmiz çəkisi 366,818 qram narkotik vasitə heroin, təmiz çəkisi 360,851 qram psixotrop maddə metamfetamindir. (tədqiqata sərf edildikdən sonra heroinin qalığı 366,738 qram, metamfetaminin qalığı 360,781 qram olmuşdur). Məhkəmə kimyəvi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 11266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz çəkisi 14,549 qram xırdalanmış bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır və X15 Faramarzdan götürülmüş təmiz çəkisi 1,084 qram olan qətranabənzər maddə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – həşiş qətranıdır. (tədqiqata sərf edildikdən sonra marixuananın qalığı 14,529 qram, həşiş qətranının qalığı 1,064 qram olmuşdur). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 1050 saylı rəyindən görünür ki, X15 Faramarzda emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur.Bununla yanaşı qeyd olunmalıdır ki, X15 Faramarzda aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X2 ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X15 Faramarzın məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 1177 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlaməti aşkar olunmur. Həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli 1699 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir,narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli 1754 nömrəli rəyindən görünür ki, X15 Faramarzdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Sərhəd Nəzarətindən daxil olmuş sənəddən görünür ki, X15 Faramarz və Təqsirləndirilən şəxs1 xx xxxxx 2019-cu il tarixdə Biləsuvar buraxılış məntəqəsindən keçməklə rəsmi qaydada İrandan Azərbaycana keçmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tələbnaməsindən görünür ki, X15 Faramarzın və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə inzibati qaydada tutulmuş, Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, X15 Faramarz xx.xx.2019-cu il tarixdə inzibati qaydada tutulmuş, Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər X15 Faramarz və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər X15 Faramarz və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, X15 Faramarz və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə belə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 10 nömrəli qərarını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və X15 Faramarz əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs X15 Faramarzın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. X15 Faramarz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X15 Faramarza cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Maddi sübutlar- DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlanılan təmiz çəkisi 366,738 qram heroin, təmiz çəkisi 360,781 qram metamfetamin, təmiz çəkisi 14,529 qram marixuana, təmiz çəkisi 1,064 qram həşiş qətranı müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza xərcləri 153 manat 82 qəpik X15 Faramarz və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. X15 Faramarz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X15 Faramarz cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2019-cu il tarixdən hesablansın. X15 Faramarz barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə X15 Faramarza narkomaniyadan məcburi müalicə təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən X15 Faramarz əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Maddi sübutlar- DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlanılan təmiz çəkisi 366,738 qram heroin, təmiz çəkisi 360,781 qram metamfetamin, təmiz çəkisi 14,529 qram marixuana, təmiz çəkisi 1,064 qram həşiş qətranı müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərcləri 153 manat 82 qəpik X15 Faramarz və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar