Məhkəmə qərarları › İş №1(101)-346/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-346/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-346/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 16 iyul 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 18 iyul 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 fevral 2020-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən «Sahil» bağında Zərərçəkmiş şəxs1 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruq zərbəsi ilə bir dəfə sonuncunun sifət nahiyəsindən vuraraq, sol üst göz qapağının qançırı kimi sağlamlığa zərərvurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, üzərində saxladığı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə bir dəfə sol ayaq nahiyəsindən vuraraq ona sol budun orta-aşağı 1/3-nin arxa səthinin deşilmişkəsilmiş yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bundan başqa, o, 06 iyun 2020-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava adlanan ərazidə yerləşən fərdi yaşayış evinin qarşısında qohumu Şahid1 tanışı Zərərçəkmiş şəxs2 ilə arasında şəxsi münasibətlər zəminində yaranmış sözlü mübahisəyə müdaxilə edib, Zərərçəkmiş şəxs2 ona qarşı nalayiq sözlər işlətməsi kimi cüzi səbəbi əsas gətirərək üzərində gəzdirdiyi naməlum bıçaqla xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs2 zərbə vuraraq, sonuncunun sol kürək nahiyəsinin plevra boşluğuna nüfuz edən, ağ ciyəri zədələyən kəsilmiş-deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 18 fevral 2020-ci il tarixdə saat 00:30 radələrində Nihad adlı tanışı ilə Səbail rayonu, Xəqani küçəsində yerləşən «İnferno» gecə klubuna gəlmişlər və klubda bir qədər spirtli içki qəbul etmişlər. Həmin vaxt kluba əvvəllər tanımadığı və sonradan adları Murad və Seymur olduqlarını bildiyi şəxslər də gəlmişlər. Təxminən saat 06:00 radələrində klub artıq bağlandığından o, Nihadla çölə çıxmış və yolun əks tərəfində ağacın dibində Muradın əyilib qusduğunu görmüşdür. O, köməklik etmək məqsədi ilə Murada yaxınlaşıb əlinin içi ilə alnından tutmuşdur. Həmin vaxt Murad üzünü ona döndərib əli ilə sinəsindən itələyərək ona söyüş söymüşdür. Seymur da onun ünvanına söyüş söyəndə o, dözməyib Seymurun çənəsindən bir dəfə vurmuşdur. O, yenə də Muradın vəziyyətinin pis olduğunu görüb aralıqda olan köşkdən su alıb Muradın üzünə vurmuşdur. X10 çənəsindən qan axdığını görüb onu vuranın ünvanına söyüş söyməyə başlamış, o da, Murada Seymurun onu söydüyünə görə vurduğunu dedikdə, Murad onun ana-bacısının ünvanına söyüşlər söymüşdür. O da, dözməyib bir dəfə yumruqla onun üzündən vurmuşdur. Murad yenə də əl çəkməyib onu söyüb təhqir etdiyindən o, cibində olan bıçağı çıxarıb onun ayağından yavaşca batırmışdır ki, Murad ondan əl çəksin. Murad isə onun bıçaqla vurulduğunu hiss etməmişdir. Bundan sonra o, hadisə yerindən çıxıb yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs digər cinayət epizodu barədə ifadəsində göstərmişdir ki, 05 iyun 2020ci il tarixdə o, Sumqayıt şəhərindən qohumu Rahilin evinə qonaq gəlmişdir. Artıq 06 iyun 2020-ci il tarixə keçən gecə saat 01 radələrində qohumu Şahid1 evində olarkən Rahillə birlikdə siqaret, su və çörək almaq üçün 3-cü Alatava ərazisində yerləşən mağazaya getmişlər, oradan lazım olan şeyləri alıb geri qayıtmışlar. Bu zaman təsadüfən küçədə onun tanımadığı, lakin sonradan adının Azər olduğunu bildiyi şəxslə rastlaşmışlar. Azər onlarla salamlaşmış və Rahili yanına çağırıb söhbəti olduğunu bildirmişdir. Azər onların söhbətinə müdaxilə etməməyi, onların arasında pul söhbəti olduğunu demişdir. Daha sonra Azər Rahildən ondan aldığı 400 manat borcunu nəyə görə qaytarmadığını soruşmuş, Rahil də pulu olmadığı üçün borcunu qaytara bilmədiyini demişdir. Sonra o, Rahillə birlikdə onun yaşadığı evə daxil olmuşlar, Rahil mağazadan aldıqları çörək və suyu qoymaq üçün evə daxil olmuş, o isə, tələbatını ödəmək üçün evin həyətində yerləşən ayaqyoluna girmişdir. Çıxdıqdan sonra evin mətbəxinə keçərək oradan 1 ədəd mətbəx bıçağı götürüb belinə qoymuşdur. X8 arasında mübahisə düşəcəyi təqdirdə, həmin bıçaqla Azəri qorxutmaq olmuşdur. Rahillə birlikdə təxminən 5 dəqiqə keçdikdən sonra bayıra çıxmışlar, bir qədər kənarda Azərin onları gözlədiyini görmüşdür. Rahillə Azərin arasında yenə pul söhbəti davam etmiş, Azər əsəbiləşmiş, Rahillə bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Bu zaman o, araya girərək hərəsini bir tərəfə çəkmiş, Azər əsəbi halda onun yaxasından tutaraq, «sən kimsən ki, mənə ağıl verirsən» demişdir. O, Azərin sinəsindən itələyib özündən aralamış və belində saxladığı bıçağı çıxarmışdır. Sonra Azər ona tərəf gəldiyi üçün sağ əlində tutduğu bıçaqla Azərin sol böyür hissəsindən 1 dəfə vurmuşdur. Azər sol tərəfini tutduqda bıçağın ona dəydiyini bilmiş, ona görə də hadisə yerindən uzaqlaşıb Sumqayıt şəhərinə getmişdir. Cinayət törətdiyi zamanı istifadə etdiyi bıçağı evə gedən zaman «Papanin» deyilən ərazidə yol kənarına atmışdır. 16 iyul 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı binanın qarşısında polis əməkdaşları onu saxlayıb Nəsimi RPİ-nin 20-ci Polis bölməsinə gətirmişlər. Sorğu-sual zamanı o, törətdiyi cinayəti etiraf etmiş, hazırda törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 17 fevral 2020-ci il tarixdə saat 23 radələrində əmisi oğlu Təbriz və dostu Seymurla birlikdə yeyib-içmişlər. Gecə saat 03 radələrində Seymurla Səbail rayonu, Xəqani küçəsində yerləşən «İnferno» gecə klubuna getmişlər. Klubda olarkən pivə və viski içmişlər. Təxminən saat 06 radələrində ürəyi sıxıldığı üçün dostu Seymurla klubdan çıxmış, Seymur da sərxoş vəziyyətdə olmuşdur. Klubdan çıxıb «Sahil bağı»nda otluğun üzərinə uzanmışlar. Sonra baş verənləri dəqiq xatırlamamış, yadında qalan odur ki, dostu Seymur onu bir nəfər oğlanın vurduğunu demişdir. O, Seymuru kimin vurmasını soruşmuş və başının üstündə bir nəfərin qaraltı kimi durduğunu görmüş və həmin oğlanı söymüşdür. Sonra həmin oğlan yaxınlaşıb onu ayağa qaldırmış və hansısa məsələyə görə mübahisə etmişlər. Həmin şəxs yumruqla onun sol gözündən zərbə endirmiş və və o, həmin zərbədən əsəbləşdiyi üçün adını sonradan bildiyi Əhmədi nalayiq ifadələrlə təhqir etmişdir. Əhməd onunla mübahisə edərkən sol bud nahiyəsinə nəyinsə batdığını və balaca ağrı hiss etmiş, həmin yerdən çıxdıqdan sonra dostu Seymurla əmisi oğlu Təbrizin yaşadığı Ramanıdakı evinə getmişlər. Saat 16 radələrində yuxudan durduqda sol ayağının bud hissəsinın qanadığını görmüş, onun həmin gecə nalayiq söyüşlər söydüyü Əhməd adlı şəxs tərəfindən bıçaqla vurulduğunu başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs1 ilə yaxın dostluq münasibətində olduğunu, Şahid5 isə zərərçəkmiş şəxsin əmisi oğlu olduğunu bildirərək, zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr verdilər. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, əvvəllər məhkəmə hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını 14 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Orada olarkən Şahid1 ilə tanış olmuş, aralarında dostluq münasibəti yaranmışdır. Rahil 2018-ci ildə azadlığa buraxılmış, o da, azadlığa çıxdıqdan sonra Rahil ilə görüşmüşdür. 2020-ci ilin yanvar ayında Rahillə görüşərkən, sonuncu ondan 400 manat borc pul istəmiş və tez bir zamanda pulunu qaytaracağını demişdir. O da, etiraz etməmiş və Rahilə 400 manat borc vermişdir. Sonradan Rahil ondan daha 70 manat borc pul götürmüş və xeyli müddət gözləsə də, Rahil onun pulunu qaytarmamışdır. Buna görə dəfələrlə Rahillə görüşüb pulunu istəmiş, ya da sonuncunun söz verdiyi kimi ona televizor alıb verməsini tələb etmişdir. Rahil isə hər dəfə ona bir bəhanə gətirib vaxtı uzatmışdır. 2020-ci ilin may ayının ortalarından sonra o, Rahili tapa bilməmiş, çünki Rahil yaşadığı ünvanı dəyişmişdir. 06 iyun 2020-ci il tarixdə gecə saat 01 radələrində o, yaşadığı evə qayıdarkən 3-cü Alatava deyilən ərazidə təsadüfən Rahillə rastlaşmışdır. Həmin vaxt Rahilin yanında bir nəfər tanımadığı cavan oğlan da olmuşdur. O, Rahili görüb yanına çağırmış, həmçinin yanındakı oğlana Rahillə aralarında pul söhbəti olduğunu, özləri həll edəcəklərini bildirib qarışmamağını xahiş etmişdir. Oğlan isə onun sözünə baxmamış və özünün də onlarla gələcəyini demişdir. Bundan sonra onlar hər üçü küçə ilə söhbət edə-edə gəzməyə başlamışlar. Həmin vaxt o, Rahilə onu aldatdığını, pulunu vermədiyini və ondan qaçdığını irad bildirmiş, Rahil isə ona bir dəqiqəliyə evə girib əlində olan çörək və suyu evə qoyaraq qayıdacağını demişdir. Bundan sonra Rahil yanındakı oğlanla bir evə daxil olmuş və bir neçə dəqiqə sonra onlar hər ikisi küçəyə çıxmışlar. Həmin vaxt onlar söhbəti davam etdirərkən Rahil yenə də bəhanələr gətirməyə başlamış, bu zaman o, bir qədər əsəbləşmiş və Rahilə «tvar» deyə onu təhqir etmişdir. Buna görə Rahillə aralarında sözlə mübahisə yaranmış, bu zaman Rahilin yanında olan tanımadığı, lakin sonradan adının Əhməd olduğunu bildiyi oğlan onların arasına girib onu kənara aparmışdır. Onlar təxminən 5-6 metr aralanıb söhbət etməyə başlamış, lakin Əhməd ondan yaşca cavan olduğu üçün ona ağıl öyrətməsi xoşuna gəlməmiş, buna görə də, o, Əhmədin yaxasından tutaraq «sən kimsən ki, mənə ağıl verirsən» demişdir. Əhməd əli ilə onu sinəsindən itələyib özündən aralamış və həmin vaxt belindən bir ədəd bıçaq çıxarıb onun sol böyründən bıçaqla vurmuş və o, həmin yerindən möhkəm ağrı hiss etmişdir. Əhməd onu vurduqdan sonra Rahillə birlikdə qaçmağa başlamışlar. O da, onların arxası ilə bir qədər qaçmış, lakin yolda bıçaq vurulan yerdən çoxlu qan gəldiyini görüb bir qədər halsızlaşmış və tez özünü evə çatdırmışdır. Evdə oğlunu səsləmiş və oğlu 103 xidmətinə zəng vurub təcili tibbi yardım çağırmışdır. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlmiş və onu xəstəxanaya aparmışlar. Xəstəxanada o, əməliyyat olunmuş və 12 iyun 2020-ci il tarixə kimi müalicə almışdır. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs2 ilə bir yerdə cəzaçəkmə müəssisəsində cəza çəkdiklərini, aralarında yoldaşlıq münasibətləri yarandığını, azadlığa çıxdıqdan sonra da Zərərçəkmiş şəxs2lə münasibət saxladıqlarını, hadisədən təxminən 4-5 ay əvvəl təcili pula ehtiyacı olduğu üçün Azərdən 400 manat borc pul aldığını və tezliklə qaytaracağına söz verdiyini, lakin maddi durumu yaxşı olmadığı üçün borcunu qaytara bilmədiyini, Azərin həmin vaxta qədər bir-iki dəfə ondan borcunu istədiyini bildirdi. Şahid1 ifadəsinə görə, sonuncu dəfə 05 iyun 2020-ci il tarixdən 06 iyun 2020-ci il tarixə keçən gecə saat 01 radələrində dayısı nəvəsi Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı evdə olmuşlar. O, Əhmədlə birlikdə siqaret, su və çörək almaq üçün 3-cü Alatava ərazisində yerləşən mağazaya getmişlər və geri qayıdan zaman təsadüfən küçədə tanışı Azərlə rastlaşmışlar. Azər onlarla salamlaşdıqdan sonra yenidən ondan borcunu istəmiş, o, bir dəqiqəliyə evə girib əlindəki suyu və çörəyi qoyub çıxacağını bildirmişdir. Sonra o, Əhmədlə birlikdə yaşadığı evə daxil olmuş, həmin vaxt Əhməd həyətdə yerləşən ayaqyoluna keçmiş, o isə, evə daxil olub çörəyi və suyu masanın üzərinə qoyub həyətə çıxmışdır. Əhmədlə birlikdə Azərin yanına, yəni küçəyə qayıtmışlar. Həmin vaxt Azər yaşadığı evdən bir qədər kənarda dayanaraq onu gözləmiş, o isə, Azərə yaxınlaşıb ona yenə də pulunun olmadığını bildirmişdir. Həmin vaxt Azər əsəbləşərək onun ünvanına kobud sözlər işlətməyə başlamış, bu zaman qohumu Əhməd onların arasına girib Azəri kənara aparmışdır. Azər və Əhməd ondan təxminən 5-6 metr aralanıb söhbət etməyə başlamış, həmin vaxt hava qaranlıq olmuş və o, konkret olaraq onların nə etdiklərini görməmişdir. Bir neçə dəqiqə sonra birdən Azərin qışqıraraq «vurdu, vurdu» dediyini eşitmiş və buna görə cəld onlara tərəf gəlmişdir. Həmin vaxt Azər artıq qaça-qaça oradan uzaqlaşmış, o, Əhməddən nə baş verdiyini soruşduqda, Azəri bir dəfə bıçaqla sol böyür nahiyəsindən vurduğunu bildirmişdir. Sonra o, yaşadığı evə qayıtmış, Əhməd isə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 16 fevral 2020-ci il tarixdə Səbail rayonu, Xəqani küçəsində yerləşən «İnferno» klubda tanış olmuşlar. 17 fevral 2020-ci il tarixdə Əhməd onunla əlaqə saxlayıb axşam «İnferno» kluba gedəcəyini, orada ona spirtli içki almağını, pulunu isə iki-üç günə verəcəyini bildirmişdir. O da, etiraz etməmiş, həmin gün gecə Əhmədlə birlikdə kluba getmişlər. Orada oturub spirtli içki qəbul etmişlər və artıq səhər saat 05-06 radələrində klub bağlandığı üçün hər kəs oradan çıxmışdır. Bu zaman klubda olan iki nəfərdən birinin aralıda otluğun üzərinə uzandığını və spirtli içkinin təsirindən halının pis olduğunu görmüşlər. Həmin şəxsin yanında bir nəfər də tanışı olmuşdur. Bundan sonra Əhməd həmin şəxsin halının pis olduğunu və ona köməklik etmək istədiyini bildirib onlara yaxınlaşmış, o isə, klubun qarşısında qalmışdır. O, aralıdan görmüşdür ki, Əhməd otluğa uzanmış şəxsin yanında olan sonradan adının Seymr olduğunu bildiyi şəxslə mübahisə etmiş, Əhməd bir dəfə yumruqla Seymurun çənə nahiyəsindən vurmuşdur. Buna görə həmin yerə yaxınlaşmış və onları aralamışdır. Həmin vaxt Seymurun çənəsindən qan gəldiyini, bu zaman yerdə uzanıqlı vəziyyətdə olan sonradan adının Murad olduğunu bildiyi şəxsin isə Seymuru vuran şəxsin ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. Əhməd Muradın üstünə getmiş, lakin o, imkan verməmiş və içkili olduqlarını bildirmişdir. Bundan sonra Əhməd yaxınlıqdan su alıb gətirmiş və yerdə uzanıqlı vəziyyətdə olan Muradın üzünə su vurmuşdur ki, ayılsın. Murad ayıldıqdan sonra yenə də Əhmədin ünvanına söyüşlər söyməyə başlamış və Əhməd əsəbləşib bir dəfə yumruqla onun sifət nahiyəsinə vurmuşdur. Bundan sonra o, həmin şəxsləri aralayıb klubun qarşısına qayıtmışdır. Təxminən bir neçə dəqiqə sonra Əhməd geri qayıtmış, həmin vaxt Əhmədin əli qan olmuşdur. O, nə baş verdiyini soruşduqda, Əhməd Seymurun çənə nahiyəsindən vurduqdan sonra əlinin qan olduğunu demişdir. Bundan sonra Əhməd metro ilə evə gedəcəyini demiş, o da, bir taksiyə əyləşib yaşadığı evə getmişdir. Hadisə vaxtı Əhməddə bıçaq olmasını bilməmiş və görməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunödu. Həmin ifadəsində şahid göstərmişdir ki, atası Zərərçəkmiş şəxs2 əvvəllər məhkum olunmuş və azadlığa çıxdıqdan sonra rəsmi olaraq heç yerdə işləməmiş, fərdi qaydada ayıq sürücü işləyib pul qazanmışdır. 05 iyun 2020-ci il tarixdə saat 22 radələrində atasına sifariş gəldiyi üçün evdən çıxmışdır. 06 iyun 2020-ci il tarixə keçən gecə saat 01 radələrində o, evdə olarkən həyətdən atasının onu çağırdığını eşidib çölə çıxmış və atasının qan içində olduğunu görmüşdür. Atası ona demişdir ki, tez təcili tibbi yardıma zəng vursun. O da, atasının telefonu ilə təcili tibbi yardım stansiyasına zəng vurmuş və bir neçə dəqiqə sonra evlərinə təcili tibbi yardım avtomobili gəlib atasını xəstəxanaya aparmışlar. Atası 12 iyun 2020-ci il tarixə kimi X5 stasionar qaydada müalicə almış və sonra evə buraxılmışdır. O, atasından sonradan soruşduqda, atası ona danışmışdır ki, həmin gecə onu bıçaqla tanışı Rahilin yanında olan cavan oğlan vurmuşdur. O, həmin hadisəni görməmiş və bunun şahidi olmamışdır (cild 1, iş vərəqi 137-140). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 sentyabr 2020-ci il tarixli protokola əsasən, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı o, cinayət hadisəsinin necə və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmiş, müvafiq fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 7-10). Cinayət işində olan 23 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 fotoşəkil üzrə tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsi fotoşəkildə tanıyaraq, 18.02.2020-ci il tarixdə həmin şəxs tərəfindən ona bıçaqla xəsarət yetirildiyini bildirmişdir (cild 2, iş vərəqi 19-22). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı deyərək, onu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ifşa etmişdir (cild 2, iş vərəqi 23-27). İş materiallarına əlavə edilmiş 17 iyul 2020-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış, bu zaman o, cinayət hadisəsinin necə və hansı şəraitdə baş verməsini əyani olaraq göstərmiş, müvafiq fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəq 73-77). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, bu zaman zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, onu Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ifşa etmişdir (cild 2, iş vərəqi 11-14). Məhkəmə-tibbi ekspertizasının 20 fevral 2020-ci il tarixli 90 saylı rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol üst göz qapağının qançırı küt əşyanın (alətin), sol budun orta-aşağı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası isə deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 18.02.2020-ci il tarixdə sol göz nahiyəsinə yumruqla , sol bud nahiyəsinə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi.

2. Dərəcəsinə görə sol budun orta-aşağı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol üst göz qapağının qançırı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 142-145). Məhkəmə-tibbi ekspertizasının 18 iyul 2020-ci il tarixli 480 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının 1 (bir) ədəd daxilə nüfuz edərək ağ ciyəri zədələyən və hemopnevmotoraksla müşaiyət olunan deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bakı Baş Səhiyyə idarəsinin X3 gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 06.06.2020-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqi 97-99). İbtidai istintaq zamanı 18 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, «Sahil» bağında baş vermiş mübahisə ilə əlaqədar Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd üzərində «666 SANLİU» yazıları olan qara rəngli bıçaq müvafiq qaydada götürülmüşdür (cild 1, iş vərəqi 168-169). İstintaq zamanı 08 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 X9 daxil olan vaxt əynində olmuş uzunqol köynək X6 inzibati binasının cərrahiyə şöbəsindən götürülərək baxış keçirilməklə qablaşdırılmışdır (cild 1, iş vərəqi 15-16). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmətibbi-kriminalistik ekspertizası tərəfindən verilmiş 04 avqust 2020-ci il tarixli 323/2020 №li rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin arxa səthinin orta hissəsində, nisbətən solda, uzunluğu 24 mm olan bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir (cild 1, iş vərəqi 244-246). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 04 avqust 2020-ci il tarixli 516/2020 № li rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən);

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «B» antigeni alındı. Belə olan halda bu qan ləkələri B(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər (cild 1, iş vərəqi 248-252). Məhkəmə-ballistik ekspertizasının 27 aprel 2020-ci il tarixli 3/188 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir, təyinatı dəyişdirilməmişdir (cild 1, iş vərəqi 173-175). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks amblator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 25 avqust 2020-ci il tarixli 1623 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimayi təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, hirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan o, qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı öz hərəkətlərini adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin onları idarə etmək qabiliyyətinə malik olmuşdur (cild 1, iş vərəqi 235-238). İbtidai istintaq orqanının qərarına əsasən, Zərərçəkmiş şəxs2 məxsus uzunqol köynək, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən, 03.07.2020-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılmaqdan ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 277, 191). Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 08.07.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 17.07.2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən barəsində şərti məhkum etmə tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti təyin olunmuşdur (cild 1, iş vərəqi 189-190). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinin tələbinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməllərini yuraxıda qeyd olunan cinayət əməlinə görə sınaq müddəti başa çatdıqdan sonra törətdiyindən, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməl isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, CM-nin 126.2.4-cü maddəsi ilə təqsirlidir, həmin maddə üzrə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən əməl hesab olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittihamla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə uyğun olaraq, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.8-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı tutulub saxlandığı 16 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Nəsimi RPİ 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin dəyəri olmadıqda məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş maddi sübutlar – Zərərçəkmiş şəxs2 məxsus uzunqol köynək, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə ballistik ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri hesab edilən 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Cinayət işi üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş maddi sübutlar - Zərərçəkmiş şəxs2 məxsus bir ədəd uzunqol köynək, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar