Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-346/2024 12.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X2 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1.525 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 28 yanvar 2023-cü il tarixdə saat 18:10-da Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi,ev 1-in qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-ə gətirilərək orada üzərində şəxsi axtrarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ salofan bükümdə təmiz çəkisi 1.525 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən küllü miqdarda 01 ədəd bükümdə ümumi çəkisi 7.525 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, ÇPA əməkdaşları tərəfindən 04 sentyabr 2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi,ev 20-nin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-ə aparılaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan göy rəngli cins şortun sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 7.525 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 1-ci epizodda onu sürüyə-sürüyə, döyə-döyə aparmışlar. Məhəllədəki bütün qonşular da görmüşdür. Üzərində heç bir narkotik vasitə olmamışdır. Onu döyərək narkotiki boynuna qoymuşlar. 2 dəfə çəkilişə dəvət etmişlər, ancaq o boynuna almamışdır. Hər dəfəsində onu döymüşlər. Ona “səni tutmayacaqlar ki, onsuzda. 2 gün də qalacaqsız sonra evə buraxacaqlar. Bizim də canımız qutarsın qoy, sənin də” demişlər. 2-ci epizodda onu Qaraçuxur qəsəbəsindəki Neftçilər parkında tutmuşlar. Onu bölməyə dəvət etmişlər. Yenə üzərindən heç nə çıxmamışdır. Kağızın içində torpaq çıxmışdır, o da Məşhəddən gətirilən torpaq olmuşdur, ziyarətgah torpağı. Özlərinə də açıb baxmalarını bildirmişdir. Heç bir ekspertiza da təyin olunmamışdır. Onu yükləmişlər. 1 ildən çoxdur ki, narkotik vasitə olan heroini çəkmək yolu ilə istifadə etmişdir. 1 ay əvvələ qədər də istifadə edirmiş. Şəxsi axtarış aparılan zaman videoçəkilişdən istifadə olunmuşdur. Üzərindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Videoçəkilişdə təzyiq olduğu üçün etiraz etməmişdir. Onu döyərək narkotiki boynuna qoymuşlar. Üzərində narkotik olmamışdır. Etiraf etdiyi halda onu 2 gün həbsdə saxlayıb daha sonra buraxacaqlarını bildirmişlər. O da razı olmuşdur. Döyülməsi ilə bağlı tibbi ekspertiza tələb etmişdir. Amma bu baş tutmamışdır. Müvəqqəti saxlama yerində xəsarətləri var imiş. Bu barədə müstəntiqə də, prokurora da demişdir. Narkotiki tanımadığı şəxslərdən alırmış. Polis yanvar ayında günorta saat 12-1 aralığında onu tutmuşdur. Videoçəkiliş aparılan zaman axşam saat 7-8 aralığı imiş. Birinci danışdığı hadisə 4 sentyabr tarixində olan epizoddur. 2-ci epizod isə yanvarda olmuşdur. Onda da üzərində heç nə yox imiş. Üzərindən çıxan torpaq da ziyarətgah torpağı olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxsi Qaraçuxur qəsəbəsində Bəkirli küçəsində əməliyyat məlumatı əsasında saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs yanında heç kəs olmamışdır. Şəxsin fiziki görünüşü əməliyyat məlumatı ilə onlara məlum imiş. Ona qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasında o da iştirak etmişdir. Təqsirləndirilən şəxsi hansı saatda saxladıqlarını dəqiq xatırlamır. Üzərindən çıxan narkotik vasitənin çəkisi ekspertiza zamanı müəyyən olunur. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Hadisəni tam xatırlamır. İstintaqdakı ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkilidir, şəxsi əməliyyat tədbiri zamanı tanımış. 2 il əvvəl sentyabr ayında axşam saat 9 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəşirli küçəsində iş yoldaşı Şahid4 ilə xidmətdə olarkən, 1 nəfər şəxsin binaya girib-çıxdığını gördülər, yaxınlaşıb özlərini təqdim etdilər. Şəxsin həyəcanlı olduğunu görüb şübhələndilər. Onu bölməyə gətirdilər və üzərində axtarış keçirdilər. Üzərindən narkotik vasitə aşkar edildi. Şəxsə qarşı fiziki-psixi təsir olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid qismində ifadə verən Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması və və eyni zamnda saxlanılarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 28 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 30 yanvar 2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Eldar Rəhimov tərəfindən tərtib olunmuş 28 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngdə olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngdə narkotik maddə olan heroini təqdim edərək tanımadığı şəxsdən 20 (iyirmi) manat ödəməklə Suraxanı rayonu Əmircan qəsəbəsindən tanımadığı şəxsdən götürüb üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqdim etdiyi bir 01 ədəd şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngdə narkotik maddə olan heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 29 yanvar 2023-cü il tarixli 6/531 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün № 196 “ möhür əksi, “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,525 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vastə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vastələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroin(qalıq)-1,425 qram (Ekspertiza tədqiqatının dəyəri 110(yüz on) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən tərtib olunmuş 04 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şortun sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş içərisində kristallardan ibarət olan maddəni çıxarıb təqdim etmişdir. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maəənin narkotik vasitə olduğunu və İran vətəndaşından onlayn qaydada əldə etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə fiziki-kiyəvi ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 6/4772 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün № 196 “ dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdəki təmiz çəkisi-7,525 qram ağımtıl-çəhrayı rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş siyahı üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vastələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetamin qalıq: 7,475 qram (Ekspertiza tədqiqatının dəyəri 55(əlli beş) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 679 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 1(101)-1355/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilib barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. Cinayət işində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(101)-1355/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verildiyindən cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinə əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki əməlini Suraxanı rayon məhkəməsinin hökmündən əvvəl törətmişdir. Buna görə də hazırki hökm Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökm ilə qismən birləşdirilməklə cəza təyin edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işində olan vərəmli pasiyentin xəstəlik tarixindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs vərəm xəstəsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 17 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs vərəm xəstəsi olmasını, himayəsində iki yetkinlik yaşına çatmayanı uşağının olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,425 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 7,475 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 165 (yüz altmış beş) manat alınıb dövlət büdcəsinə verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.1- 1-ci maddələri maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(010)-71/2024 saylı hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay, 26 (iyimi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 165 (yüz altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,425 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 7,475 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-346/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-346/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver