Məhkəmə qərarları › İş №1(101)-346/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-346/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-346/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X1 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 10,320 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 5 ədəd gümüşü rəngli kağız bükümdə əldə edərək əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibində saxlamaqla üzərində daşımış, 28 fevral 2024-cii il tarixdə saat 14:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsində yerləşən “Tovuz" kafesinin qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi. Y.Hüseynov 65 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 15:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 5 ədəd gümüşü rəngli kağıza bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 2,052 qram, 1,928 qram, 1,970 qram, 2,082 qram və 2.288 qram olmaqla, öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, külli miqdarda ümumi təmiz çəkisi 10,320 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 28 fevral 2024-cü il tarixdə günorta saat 13 radələrində Biləcəri qəsəbəsində olan zaman onun mobil telefonuna zəng gəlmiş, o dəstəyi qaldırsa da, zəng vuran şəxs onunla danışmamışdır. Daha sonra onu arxadan çağırmışlar. O, geriyə dönüb baxanda, iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, onu maşına əyləşdirib bölməyə aparmışlar. Onu casusluqda günahlandırmağa başlamışlar və İranda olub-olmamasını soruşmuşlar. Polis əməkdaşları ona ya odlu silahı, ya da narkotik vasitəni öz üzərinə götürməsini təklif etmişlər. Polis əməkdaşları onu hədələdiklərinə görə o, narkotik vasitəni öz üzərinə götürməyə razılaşmışdır. O, özü ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı şikayət etməsə də, onun ailə üzvləri müxtəlif şikayətlər etmişlər. Onun heç bir xarici ölkə ilə əlaqəsi olmamış, yalnız 5 il bundan əvvəl İranda ziyarətdə olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, hesab edir ki, ona zəng edən şəxs elə polis əməkdaşları olmuş, təqib etdikləri şəxsin o olduğunu müəyyənləşdirmək məqsədi ilə zəng etmişlər. Onu fevral ayının 28-i saat 13 radələrində Biləcəri qəsəbəsində avtobus dayanacağına gedən vaxt saxlamışlar. O, tutulan zaman yanında Əjdər adlı tanışı olmuş, Əjdər əvvəl hərbiçi olmuşdur. Nəsimi adlı polis əməkdaşı onun tutulmasında iştirak etməmiş, onu sonradan bölmədə görmüşdür. Onu saxlayan şəxslər bölmənin rəis müavini və Vüqar adlı əməliyyatçı olmuşdur. Polis əməkdaşları ona heç bir fiziki təzyiq göstərməmişlər. O, bölməyə gətirildikdən sonra üzərindəki əşyaları növbətçi hissədə oturan polisə təqdim etmişlər. Ona bölmədə vəkil siyahısı göstərilməyib, gələn vəkil ona təqdim edilməyib. O, tutulandan təxminən 3-4 saat sonra vəkil gəlmiş və video çəkiliş axşam saat 21-dən sonra həyata keçirilmişdir. Saxlanıldığı müddət ərzində əlinin açıq və ya bağlı olmağını xatırlamır. O, heç bir ərizə yazmamış, yalnız hazır sənədlərə imza atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, yaradılmış əməliyyat qrupunun tərkibində şəxsi Biləcəri qəsəbəsi, Natavan küçəsi ərazisində saxlayıb özlərini təqdim etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs 6cı PB-ə dəvət etmişlər, bölmənin inzibati otaqlarında videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı şəxsə könüllü olaraq üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bu zaman o, üzərində olan bir ədəd mobil telefonu və 5 ədəd gümüşü kağıza bükülü olan psixotrop maddəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin metamfetamin olduğunu və həmin maddəni tapdığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmiş, şəxs təxminən günorta radələrində, Biləcəri qəsəbəsində Tovuz marketin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs dediyinə görə üzərindən aşkar olunmuş maddəni Günəşli qəsəbəsində tapdığını bildirmişdir. Əməliyyat məlumatı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində gəzdirməsi ilə bağlı olmuşdur. Əməliyyatda ondan əlavə Şahid2 iştirak etmişdir. Yanlış xatırlamırsa təqsirləndirilən şəxs qanunsuz maddəni sağ yan cibindən çıxarmışdır. Saxlanılan zaman təqsirləndirilən şəxsin üzərində qış geyimi, tünd rəngdə gödəkcə olmuşdur. Şəxs şöbəyə gətirildikdən təxminən 1 saat sonra üzərinə baxış keçirilmişdir. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, həmin məlumat Azad adlı şəxsin Biləcəri qəsəbəsində narkotik vasitəni qanunsuz dövriyyəsi, gəzdirilməsi barədə olmuşdur. Şəxs təqdim etdiyi maddəni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində tapdığını bildirmişdir. Əməliyyat məlumatı daxil olan zaman onun hansı mobil nömrədən istifadə etməsi göstərilməmişdir. O, təqsirləndirilən şəxsə zəng etməmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, əməliyyat tədbirinə Şahid2lə birlikdə getmişdir. Şəxsi saxlayandan sonra şöbədə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı şəxsin telefonu üzərində olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları yerlə polis bölməsinin arasındakı məsafə təxminən 150- 200 metr olmuşdur. Şəxs bölməyə daxil olduqdan sonra rəhbərliyə məlumat verilmiş və təxminən 30-40 dəqiqə sonra təhqiqatçının otağında üzərinə şəxsi axtarış keçirilmişdir. Nahar fasiləsi, ictimai yer olduğuna görə tutulduğu yerdə üzərinə baxış keçirə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermiş və özlərinə aid hissədə onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: - Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. (cild İ, i/v: 3). - “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aparatını və sağ yan cibindən 05 ədəd gümüşü rəngli kağız bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edib, həmin maddəni yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 62 ünvanının yaxınlığında yerdən tapdığını, onda maraq oyandığı üçün götürüb üzərində saxladığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. (cild İ, i/v: 36-37). Cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut qismində tanınmış 1 ədəd DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2024-cü il tarixli protokolla eynilik təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 fevral 2024-cü il tarixli, 3-16-16/1-6/1213 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №175” möhür əksi, Təqsirləndirilən şəxs və s. soyadlar, imzalar olan 01 ədəd zərfdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,052 qram, 1,928 qram, 1,970 qram, 2,082 qram, 2,288 qram; ümumi təmiz çəkisi 10,320 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i/v: 46-50). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 2990 №-li rəyinə əsasən hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xıəsətliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan xəstəliyindən əzad çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 125-126) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1351 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 127-129) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild İ, i/v: 123-124) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin psixotrop maddənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, ilkin izahatında və ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddənin ona aid olmasını, yerdən tapdığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində həmçinin tutulan zaman, polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qalmadığını, qeyd olunan bükümlərin onun cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs cibində olan bükülüləri özü şəxsən çıxarıb təhvil vermiş və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı ona məxsus olmayan psixotrop maddəni boynuna götürdüyünü bildirsə də, qeyd olunan halı sübuta yetirəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmiş və təqsirləndirilən şəxsin başqa bir yerdə istifadəsi qadağan olan hər hansı bir maddə saxlaması halı müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin psixotrop maddədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə metamfetamlə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin psixotrop maddənin “əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi” barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin “sübutların kifayət etməsi”ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi”ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs şəxsiyyətini, ali təhsilli olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – şəxsi axtarış və götürmə proseslərinə dair yaddaşında videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,170 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi 15 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - şəxsi axtarış və götürmə proseslərinə dair yaddaşında videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,170 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar