Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-347/2022 09.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Sabirabad rayonunun Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olan, ünvan 1-də yerləşən fərdi evdə yaşayan, 03 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarına əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 02 avqust 2021-ci il tarixə keçən gecə saat 00:20 radələrində ünvan 1 ünvanında küçədə qardaşı Şahid1 məhəllə sakini Zərərçəkmiş şəxs tərəfindən məhəllədə avtomobili sürətlə idarə etməsi, pivə içib səs-küy salması kimi hərəkətlərinə irad tutmasını bəhanə edib söhbətə müdaxilə edərək, sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan gücünü nümayiş etdirməklə xuliqanlıq niyyəti ilə üzərində naməlum mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, qatlanmayan tipli, kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə iki dəfə Zərərçəkmiş şəxs sol döş qəfəsindən və sol qarın boşluğundan vuraraq, sonuncuya qarın nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül və döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək hemopnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildən ünvan 1 ünvanında anası və qardaşı ilə birgə yaşayır. Qardaşı Şahmar kombi ustası olmaqla "xxxx" MMC-də texnik, özü isə Xocəsən yolunda yerləşən «Pepsi» şirkətində fəhlə işləmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında hər hansı münasibət olmamışdır. 02 avqust 2021-ci il tarixə keçən gecə 00:20 radələrində işdən qayıdarkən məhlədə yerləşən dükana daxil olub bir ədəd pivə alaraq içə-içə dükandan təxminən 300 metr kənarda olan evinə doğru hərəkət etmişdir. Təxminən 40-50 metr məsafə getdikdən sonra küçənin döngəsində qonşu Novruzun qardaşı Şahmarla sözlə mübahisə etməsini görmüş, onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda, Novruz onun kimliyini soruşmuş və müdaxilə etməməsini istəmişdir. O isə, Şahmarın qardaşı olduğunu deməklə, Novruza “ağsaqqal” kimi mürciət edib nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Novruz bir əlini onun, digərini isə qardaşı Şahmarın çiyninə qoyaraq “gedin ağıllı olun, pivəni xarabanızda için” deyərək onlarla kobud rəftar etmişdir. O, bir daha Novruza “ağsaqqal” deməklə danışığına fikir verməsini istəmiş, Novruz isə ona qulaq asmamışdır. Bu zəmində aralarında söz mübahisəsi davam edərkən, Novruz onu və qardaşı Şahmarı itələmiş və nalayiq ifadələr işlətmişdir. O, Novruzla əlbəyaxa olmuş, lakin qardaşı Şahmar onları aralamaq istəmişdir. Novruz bədəncə böyük və ondan güclü olduğundan, sonuncuya gücü çatmayacağını başa düşərək onu qorxutmaq istəmiş və bu məqsədlə bir gün qabaq “Neftçilər” metrostansiyası ətrafındakı mağazalardan birindən aldığı bıçağı şalvarının sağ tərəf kəmərinin altından çıxararaq sağ əlində tutmuş, onun üzərinə gəlməməsini bildirmişdir. Lakin Novruz onun üstünə gələrək sinəsindən itələmiş, əlindəki bıçaq yerə düşmüşdür. O, bıçağı götürərək Novruzun üzərinə iki dəfə hərləmiş, bıçaq Novruzun sol tərəf bədən nahiyəsinə dəymişdir. Novruz bıçaqlandığını görüb yaşadığı evə doğru qaçmış, bundan sonra qardaşı Şahmar da onu evə aparmışdır. Novruza xəsarət yetirdiyi bıçağı hadisə yerinə atmış və bundan sonra özü Binəqədi rayon Polis idarəsinin 4-cü Polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs suallara cavabında bildirdi ki, hadisədən qabaq o, qardaşının Novruzla mübahisə etdiyini görüb, qardaşından nə baş verdiyini soruşmuş, qardaşı ona konkret cavab verməsə də, bu vaxt zərərçəkmiş şəxs söyüş söymüşdür. O, özünü xuliqanlıq niyyətilə xəsarət yetirməkdə təqsirli bilmir. Baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. O, Novruza gücü çatmayacağını bildiyindən və onun üstünə gəldiyindən qorxaraq məcbur qalıb novruzu bıçaqla vurmuşdur. Novruzu bıçaqla vurandan sonra o, evə getmiş, daha sonra könüllü gedib polisə təslim olmuşdur. Onun həmin hadisə baş verməmişdən öncə nə vaxtsa qardaşı Şahmarla Novruz arasında sözlə mübahisəsi olması barədə məlumatı olmamış, qardaşı Şahmar ona bu barədə heç nə danışmamışdır. Bundan başqa, onun özü həmin günə qədər Novruzu tanımamış və aralarında heç bir mübahisə və münaqişə olmamışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 yaşadığı məhəllənin sakini kimi tanısa da, onun qardaşı Təqsirləndirilən şəxs hadisə baş verən tarixədək tanımamış, onunla aralarında hər hansı ədavət olmamışdır. Lakin Şahmarın yaşadıqları məhlədə pivə alıb içməsi, sərxoş vəziyyətdə məhlədə xoşagəlməz ifadələr işlətməsi, ətraf sakinlərin, eləcə də onun və ailəsinin rahatlığını pozması kimi hallara görə ona bir neçə dəfə xəbərdarlıq etmişdir. Lakin Şahmar onun sözlərinə heç bir məhəl qoymamış, bu kimi hərəkətlər təkrar olunmuşdur. 01 avqust 2021-ci il tarixdə saat 22 radələrində Şahmarın məhlədə yenə pivə içərək mobil telefonda yüksək səslə danışdığını görüb ona yaxınlaşmış, bunları öz evinin qarşısında etməsini məsləhət bilərək, onun oradan uzaqlaşmasını xahiş etmiş və özü də evinə getmişdir. Bir neçə saat sonra, yəni artıq 02 avqust 2021-ci il tarixə keçən gecə saat 00:20 radələrində evinin qarşısına çıxarkən Şahmarın təkrar məhəllədə pivə içdiyini görmüş, sonuncuya yaxınlaşaraq ona bir daha iradlarını bildirmiş və söhbət edə-edə evlərinə doğru aparmışdır. Şahmarla sonuncunun evinə doğru hərəkət edərkən bir nəfər oğlan onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş və həmin şəxsə kim olduğuna dair sual etdikdə, Şahmarın qardaşı Pərvin olduğunu demişdir. Qardaşı Şahmarın onun evinin qarşısında spirtli içki qəbul edib ucadan nalayiq ifadələr işlətməsi, onun və ailə üzvlərinin, qonşuların rahatlığını pozması, əvvəllər də qardaşını xəbərdar etməsi barədə qardaşı Pərvinə danışmışdır. Pərvin iradları qəbul etmək əvəzinə əlindəki pivə şüşəsini uzatmaqla ona ağıl öyrətməyə ehtiyacı olmadığını, nə etdiklərini yaxşı bildiklərini deməklə cavab qaytarmışdır. Bir daha onlara səs-küy salmamaları və evlərinə getmələri barədə xəbərdar etdikdə, gözlənilmədən Pərvin əynindəki şalvarının sağ tərəf kəməraltından bıçaq çıxararaq onun üzərinə gəlmişdir. Qardaşı Şahmar onu arxadan tutaraq üzərinə gəlməsinə imkan verməmişdir. Buna baxmayaraq Pərvin onun üzərinə gəldikdə özünü müdafiə etmək məqsədilə sol əli ilə Pərvinin bıçaq tutduğu sağ əl biləyindən tutmuş, qolunu buraraq bıçağın əlindən düşməsinə nail olmuşdur. Pərvin yerdən bıçağı götürüb onun üstünə hücum çəkmiş, bıçaqla sol qarın və sinə nahiyəsinə iki dəfə vuraraq hadisə yerindən uzaqlaşmışdır. Bıçaqla xəsarət aldığını görüb qonşusu Həbibdən onu xəstəxanaya aparmasını xahiş etmiş, sonuncu onu 3 saylı Sabunçu şəhər xəstəxanasına aparmışdır. Orada üzərində cərrahi əməliyyat aparılmışdır. Zərərçəkmiş şəxs verilən suallara cavabında istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hadisə baş verən vaxt orada iki qardaş və ondan başqa heç kimin olmadığını, mübahisələrinin təxminən 5-10 dəqiqə davam etdiyini, hadisədən qabaq qardaşlar onu söydüklərinə görə, onun da eyni qaydada onlara cavab qaytardığını, xəstəxanada müalicə alarkən təqsirləndirilən şəxs və onun ailəsi tərəfindən ona hər hansı maddi yardım göstərilmədiyini, Təqsirləndirilən şəxsla barışmadığını, eyni zamanda ona qarşı şikayəti və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında öz konstitusion hüququndan istifadə edərək ifadə verməkdən imtina edən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, ünvan 1 ünvanında anası və qardaşı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs məhlədə yaşayan sakin kimi tanımış və evlərinin arasındakı məsafə 50-60 metr təşkil edir. Onunla münasibəti olmasa da, qonşu olaraq uzaqdan-uzağa bir-birini tanımış, şifahi münasibət saxlamışlar. Əvvəllər aralarında ədavət və düşmənçilikləri olmamışdır. Lakin bir neçə il əvvəl idarə etdiyi avtomobillə məhlədən keçərkən Novruz avtomobilin qarşısını kəsərək asta sürməyi tapşırıb ona irad bildirmiş, Novruzun iradını qəbul edərək bir söz demədən oradan uzaqlaşmışdır. Bundan başqa 01 avqust 2021-ci il tarixdə saat 22 radələrində işdən qayıdaraq avtomobili yaşadığı ünvanda saxlayıb məhlədə yerləşən dükana gəlmiş, bir şüşə pivə alaraq içməyə başlamış və yaşadığı evə istiqamət tutaraq hərəkət etməyə başlamışdır. Həmin vaxt qonşu Novruz onu görərək dayanmasını istəmiş və yaxınlaşaraq birdə məhlədə pivə içməməyi tapşırmış, "get zəhərini evində iç” deyə müraciət etmişdir. Onun bu kimi kobud sözünə cavab olaraq ağlının başında olduğunu və özünü idarə edə bilməsini deməklə özü bildiyi hərəkəti edəcəyini demişdir. Bu kimi söz mübahisələri etməklə yaşadığı evə doğru 30-40 metr məsafə hərəkətdə olub döngəyə çatarkən qardaşı Pərvinlə qarşılaşmış və Pərvin onların mübahisə etdiyini görərək nə baş verdiyini Novruzdan soruşmuş, sonuncu isə onun kim olduğunu soruşmaqla ona sual etmişdir. Pərvin onun qardaşı olmasını və nə baş verdiyini bir daha Novruzdan soruşduqda, sonuncu bir əlini onun, digərini qardaşı Pərvinin çiyninə qoyaraq “gedin ağıllı olun” deyə onlara məsləhət vermişdir. Qardaşı Pərvin bir daha ona ağsaqqal deyə müraciət edib ağlının yerində olduğunu, hara getmək lazım olduğunu yaxşı bildiyini, göstərişə ehtiyacının olmadığını deməklə cavab vermişdir. Bu kimi söhbətlər əsnasında aralarında söz mübahisəsi yaranmış, Novruz onu vurmayanın ünvanına nalayiq ifadə işlətdikdə, qardaşı Pərvinlə ani olaraq əlbəyaxa olmuş və həmin vaxt o, müdaxilə edib onları aralamış və həmin vaxt qardaşı Pərvinin əlindən bıçağın yerə düşdüyünü görmüşdür. Pərvin bıçağı yerdən qaldırıb Novruza doğru hərləmiş və anidən Novruzun bıçaq xəsarəti almasının şahidi olmuşdur. Bundan sonra qardaşı Novruz hadisə yerindən uzaqlaşıb getmiş və o isə, qardaşı Pərvini evə aparmışdır (cild 1, iş vərəqi 83-85). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin əvvəllərindən Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11 ünvanında “Yaxın Market” adlanan ərzaq dükanını icarə əsasında işlədir. 01 avqust 2021-ci il tarixdə axşam saat 22 radələrində məhlə sakini kimi tanıdığı Şahmar dükandan bir ədəd pivə alıb getmiş, müəyyən vaxt sonra sonuncunun qardaşı olduğunu sonradan bildiyi Pərvin adlı şəxsin də dükana gələrək pivə alıb getməsinin şahidi olmuşdur. Pərvin getdikdən bir müddət sonra dükana gəlmiş qonşulardan biri “baba” ləqəbi ilə çağırdıqları Novruz adlı qonşunun Pərvinlə aralarında baş vermiş mübahisə nəticəsində bıçaqla vurulması və Novruzun xəstəxanaya aparılmasını danışmışdır. Lakin onun özü hər hansı münaqişə, dava-dalaşın şahidi olmamış, hadisə barədə dükana gəlmiş alıcı qonşudan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Muxtar oğlu ifadəsində göstərdi ki, təxminən 12 ildir Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11 ünvanında yaşayır və həmin müddətdən Zərərçəkmiş şəxs ilə qonşuluq edir. Şahmar və Təqsirləndirilən şəxs qardaşlarını şifahi olaraq tanımış və onların evləri onun evindən 100-120 metr kənarda yerləşir. 2021-ci ilin iyul ayında Şahmar adlı məhlə sakininə həm o, həm də Novruz tərəfindən məhlədə pivə alıb içməsi, səs-küy salması, onların rahatlığını pozması, avtomobilin maqnitofonuna ucadan səs verməsi ilə qonşuları narahat etməsinə görə iradlarını bildirmişlər. 02 avqust 2021-ci il tarixdə gecə saat 1-in yarısında yaşadığı evin həyətində olarkən həyət darvazasının qapısının döyüldüyünü eşidərək yaxınlaşıb qapını açmış və qonşu Novruzun əli ilə qarın və sinə nahiyəsini tutduğunu, paltarının qanlı olmasını görərək nə baş verdiyini soruşmuş, sonuncu, Şahmarın qardaşı Pərvin tərəfindən bıçaqla vurulduğunu demişdir. Dərhal Novruzun xəstəxanaya təcili çatdırılmasının vacib olduğunu başa düşərək, Dövran adlı qonşunu çağırıb ona məxsus “Mersedes” markalı avtomobillə Novruzu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş baxış keçirmə və götürmə aparılması haqqında protokola əsasən, cinayət hadisəsinin baş verdiyi ünvan 1 ünvanında Təqsirləndirilən şəxs cinayət aləti olaraq istifadə edib Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirdikdən sonra hadisə yerinə atdığı bıçaq həmin ünvandan aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 15-21). Cinayət işinə əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılmış 2/10296 nömrəli tibbi müayinə protokolundan görnür ki, müayinə zamanı Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 10). İş materiallarına əlavə olunmuş 03 avqust 2021-ci il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş və bıçaq xəsarətindən sonra üzərində xəsarətin izlərini saxlayan bir ədəd mayka və bir ədəd köynək götürülmüşdür (cild 1, iş vərəqi 39). Cinayət işinə əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi sərbəst ifadəsini təqsirləndirilən şəxsin üzünə qarşı deməklə onu ifşa etmişdir (cild 1, iş vərəqi 117-120). Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 1392 saylı rəyindən görünür ki:
1. 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək hemopnevmotoraksla müşaiyət olunan deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), qarın nahiyəsinin kəsilmiş yarası isə kəsici əşyanın təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı şəhər klinik xəstəxanasına müraciət etdiyi 02.08.2021-ci il saat 00:55-dən bir qədər əvvəl əmələ gəlmişdir. Qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək hemopnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.
2. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 02.08.2021-ci il tarixdə bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər.
3. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və eləcə də öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici və ya kəsici əşyaya dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir (cild 1, iş vərəqi 127-128). Məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 15.09.2021-ci il tarixli 544-2021/MTKŞ nömrəli rəyindən görünür: Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus maykanın və köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd və aşağı hissəsində bir ədəd, cəmi iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön səthinin sol yarısının aşağı hissəsində aşkar olunmuş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan qarın nahiyəsinin kəsilmiş yarası ilə, köynəyin və maykanın ön səthinin sol yarısının yuxan hissəsində aşkar olunmuş bir ədəd deşilmiş-kəsilmiş zədə isə onun bədəni üzərində olan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası xəsarəti ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə (alətlərlə) yetirilməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, qatlanmayan tipli, ümumi təyinatlı ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 1, iş vərəqi 138-147). Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 04.10.2021 -ci il tarixli 2303 nömrəli rəyindən görünür ki: Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmayıb. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 167-169). İbtidai istintaq orqanının 22 oktyabr 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd mayka və 1 ədəd qolsuz köynək, eləcə də Təqsirləndirilən şəxs cinayət aləti olaraq istifadə edib zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirdiyi soyuq silah hesab olunan bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 184-197). İş materiallarına əlavə edilmiş 28.11.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 25.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 183). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsin qanunsuz hərəkəti və təşəbbüsü ilə baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla özünü müdafiə etdiyini, həmçinin xuliqanlıq niyyəti ilə ona bədən xəsarəti yetirmədiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, hadisədən öncə Təqsirləndirilən şəxs həmin hadisə baş verməmişdən öncə nə vaxtsa qardaşı Şahmarla Novruz arasında sözlə mübahisəsinin olması barədə məlumatı olmamış, qardaşı Şahmar ona bu barədə heç nə danışmamış, onun özü həmin günə qədər Novruzu tanımamış və aralarında heç bir mübahisə və münaqişə olmamışdır. Hadisə baş verən ərəfədə o, tanımadığı bir şəxsin qardaşı Şahmarla söhbət etdiyini görüb həmin söhbətə müdaxilə etmiş və heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə Təqsirləndirilən şəxs məhkəmə iclasında gətirdiyi həmin dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə uyğun olaraq, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarına əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən onun 03 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə və 06 avqust 2021-ci il tarixdən ona alternativ qətimkan tədbiri hesab edilən ev dustaqlığında olduğu bütün müddət təyin olunacaq cəza müddətinə daxil edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinin tələblərinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin dəyəri olmayan digər əşyalar məhv olunmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Binəqədi RPİ-nin saxlama anbarına təhvil verilmiş maddi sübutlar - Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd mayka və 1 ədəd qolsuz köynəyi, eləcə də, Təqsirləndirilən şəxs cinayət aləti olaraq istifadə etdiyi soyuq silah hesab olunan bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 avqust 2021-cı il tarixdən həbsdə və 06 avqust 2021-ci il tarixdən ev dustaqlığında olduğu bütün müddət təyin olunmuş cəza müddətinə daxil edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Binəqədi RPİ-nin maddi subutları saxlama anbarında saxlanılan 1 ədəd bıçaq, 1 ədəd mayka və 1 ədəd qolsuz köynək məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov