Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-348/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1960-cı ildə Qazax rayonu, Göyçəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Fatma Balta adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayında yaşadığı Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 16, mənzil 21-də Zərərçəkmiş şəxs4 ilə danışaraq Türkiyə Respublikasının Samsun şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs onun yol xərclərini ödəməklə özü ilə birlikdə 17 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Samsun şəhərinə Fatma Baltanın yanına aparmış, sonuncu Zərərçəkmiş şəxs4 qarşılayıb yaşadığı mənzildə yerləşdirdikdən sonra Təqsirləndirilən şəxs ilə birlikdə 19 oktyabr 2017-ci il tarixdən 17 noyabr 2017-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Fatma Balta adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, o cümlədən Zərərçəkmiş şəxs3 barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 19 oktyabr 2020-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və iş üzrə məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə baxışı iclaslarına Təqsirləndirilən şəxs dəfələrlə çağırılsa da, o, ağır xəstə olduğundan məhkəmə iclaslarına gələ bilməmiş və bu səbəbdən də məhkəmə baxışı iclasının keçirilməsi mümkün olmamışdır. 27 may 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax Rayon Qeydiyyat Şöbəsinin 21 may 2021-ci il tarixli, 05Q-455 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə vəfat etmiş və 18 may 2021-ci il tarixli 894 nömrəli akt qeydinə əsasən onun ölümü qeydə alınmışdır. Bundan başqa, 21 may 2021-ci il tarixli AZ-İİ 189619 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə ölmüş və ölümə səbəb insulindən asılı şəkərli diabet xəstəliyi olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən - şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). CPM-nin 106-1.1-ci maddəsinə əsasən - ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən - cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. CPM-nin 106-1.4-cü maddəsinə əsasən - ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsindən 02 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 01 iyun 2021-ci il tarixli 05Q- 1806/75 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs atası X6 04 dekabr 1989-cu il tarixdə, anası X3 15 iyul 2004-cü il tarixdə, qardaşı X4 19 sentyabr 2005-ci il tarixdə vəfat etmişlər. Təqsirləndirilən şəxs bacısı X2 isə Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən təqsirləndirilşən şəxs Təqsirləndirilən şəxs yaxın qohumu olan bacısı X1 rəsmi qaydada 04 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, habelə həmin bildirişlə ona təqsirləndirilən şəxsin hüquqi varisi qismində çıxış etməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etməsi təklif olunmuş, məhkəməyə müraciət etmədiyi halda isə qeyd olunan məsələnin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən həll olunacağı izah olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən X1 rəsmi qaydada bildirişin göndərilməsindən 20 gündən çox vaxtın keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs yaxın qohumu olan bacısı X2 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəməsi və hüquqi varis qismində məhkəmədə çıxış etməsi barədə məhkəməyə müraciət etməmişdir. Təqsirləndirilən şəxs yaxın qohumu olan bacısı X2 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəməsi və hüquqi varis qismində çıxış etməsi barədə məhkəməyə müraciət etmədiyindən yaranmış məsələnin həll edilməsi məqsədi ilə cinayət işi üzrə məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 29 aprel 2021ci il tarixdə öldüyündən, onun yaxın qohumu təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəməsi və hüquqi varis qismində məhkəmədə çıxış etməsi barədə iradə ifadəsini bildirmədiyindən, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməli, habelə təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmənin gəldiyini nəticə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2010-cu il tarixli qərarına da uyğundur. Belə ki, sözügedən qərarda göstərilmişdir ki, CPM-nin 39.1.5-ci maddəsinin məzmunundan görünür ki, ilk növbədə, ölmüş şəxs barəsində cinayət təqibi (və ya cinayət işi) başlanıla bilməz. Cinayət təqibi (və ya cinayət işi) fakt üzrə başlanılıbsa və ya şəxs onun barəsində cinayət təqibi başlandıqdan sonra ölübsə, başlanılmış cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməlidir. Hər bir halda, şəxsin ölümü ilə əlaqədar cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş hesab olunması ilə şərtləndirilir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, CPM-in 39-ci maddəsi - cinayət təqibini istisna edən halları müəyyən edir. Həmin Məcəllənin 39.1.5-ci maddəsi cinayət təqibinə xitam verilməsinin (və ya cinayət təqibinin başlanılmasının rədd olunmasının) əsaslarından biri kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü halı müəyyən edir. Həmin maddəyə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibinə başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Bundan başqa, CPM-nin 43.3-1-ci maddəsinə əsasən - məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. CPM-nin 175.5-ci maddəsinə əsasən - müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli və təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3-1,106-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilsin.
2. Təqsirləndirilən şəxs öldüyündən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin.
3. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur.
4. Qərarın surəti tərəflərə, o cümlədən Təqsirləndirilən şəxs yaxın qohumu olan X1 rəsmi qaydada göndərilsin. X1 hazırki qərardan şikayət etmək hüququ izah olunur.
5. Qərardan elan olunduğu andan, Təqsirləndirilən şəxs yaxın qohumu olan X1 isə rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.