Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-348/2022 18.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığını məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2021-ci ilin iyul ayının əvvəllərində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Akkord şirkətinə məxsus olan asfalt zavodunun yaxınlığında yerdə gizlədilmiş külli miqdarda 5,344 qram çəkidə narkotik vasitə olan heroin və 0,772 qram çəkidə tiryəki, eləcədə külli miqdarda 1240 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq, bükümlərə yerləşdirməklə bir hissəsini üzərində, digər hissəsini yaşadığı evində saxlamış, 22 iyul 2021-ci il tarixdə saat 15:50-də Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şortikin sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,772 qram, 3,572 qram ümumi təmiz çəkisi 5,344 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 40,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürüldükdən sonra həmin gün saat 18:10-da yaşadığı ünvan 4 ünvanda baxış keçirilən zaman evin sol tərəfində yerləşən otaqdan çemodanın içərisindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 1200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün səhər saat 10 radələrində polis əməkdaşları yaşadığı ünvan 5 ünvana gəlmişlər və qapını polis əməkdaşlarına o açmışdır. Polis əməkdaşları ona paltarlarını geyməyə belə imkan vermədən onu bölməyə aparmışlar. Polis idarəsinə getdikdən sonra orada baxış zamanı üzərindən heroin və tiryək aşkar edilmişdir. Lakin, polis əməkdaşları onun qarşısına psixotrop maddə metamfetamin qoyaraq, boynuna götürməsini tələb edərək ona təzyiq göstərərək döymüşlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı müsətntiqə eyni ifadə vermiş, müstəntiqin nə yazdığını oxumamış, ancaq imzalamışdır. O, “Baba” adlı şəxsi ümumiyyətlə tanımamışdır. Polis əməkdaşının əynində jilet olmuş və orada büküm olduğu hiss olunmuşdur, onun evində narkotik vasitə və psixortop maddə olmamış, üzərində tərəzi olmamışdır. Nicat ilə Seymur qonşularıdır, onlara heç vaxt narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəngərli Əli Cavanşir oğlu ifadəsində göstərmişdir ki, o, Daxili İslər Nazirliyinin Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsini daşıyır. 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib qəbul etdiyi, eyni zamanda satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqda onun rəhbərliyi altında bölmənin sahə rəisi Fərid Babyevdən ibarət qrup yaradılmışdır. Bundan sonra 22 iyul 2021-ci il tarixdə saat 15:50-radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 52 ünvanına gedib Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərinə təqdim edərək onu polis bölməsinə aparmışlar. Orada bölmənin təhqiqatçısı Fuad Alıyev tərəfindən videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şortikin cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılaraq içərisinə baxılan zaman bükülünün içərisindən içərisində ağ rəngli kristal şəkilli kütlə olan şəffaf rəngli sellofan bükülü və üç ədəd içərisində qəhvəyi rəngli kütlə olan bükülülər aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, içərisində kristal şəkilli ağ rəngli kütlə metamfetamin, digər bükülülərdəki qəhvəyi rəngli maddələrin 02 ədədi heroin, 01 ədədi isə tiryəkdir. Belə ki, o, həmin narkotik vasitə və psixotrop maddələri “Baba” ləqəbli İran İslam Respublikası vətəndaşından mobil telefon vasitəsilə onun qabaqcadan «Whatsapp» mobil tədbiqi vasitəsilə şəkil formatında göndərdiyi bank kart hesabına pulu göndərməklə həmin Baba ləqəbli şəxsin hər dəfəsində qabaqcadan təyin etdiyi müxtəlif yerlərdən götürdüyünü, həmin narkotik vasitədən həm istifadə etdiyini, həm də satdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda da narkotik vasitə və psixotrop maddə saxladığını və onları da təqdim edə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana onun razılığı ilə baxış keçirilən zaman o, evin içərisində olan otaqda yerdə olan bir ədəd gümüşü rəngli çemodanın içərisindən, içərisində ağ rəngli kütlə olan şəffaf rəngli iri bağlamanı və bir ədəd qara rəngli tərəzini çıxararaq masanın üzərinə qoymuş və açdıqda içərisindən şəffaf rəngli bükülü aşkar edilşdir. O, həmin şəffaf rəngli sellofan bükülüdəki ağ kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, üzərindən aşkar olunmuş psixotrop maddənin həmin evindən aşkar olunmuş metamfetaminin bir hissəsi olduğunu, otaqdan aşkar olunmuş tərəzini narkotik vasitə və psixotrop maddənin miqdarını müəyyən etmək məqsədilə istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş bükülülər qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Kəngərli Əli Cavanşir oğlunun ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın 23.07.2021-ci il tarixli, 6/3027 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 3 ədəd zərfdə olan, 1№- li zərfdə üzəri yapışqan lentlə bağlanmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 1200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 2Ne-li zərfdə iki mədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,772 qram, 3,572 qram ümumi təmiz çəkisi 5,344 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub , kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 40,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,772 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. 3№-li zərfdə bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 5,344 qram çəkidə narkotik vasitə olan heroindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 5,244 qram çəkidə narkotik vasitə heroin, 1240 qram psixotrop maddə metamfetamindən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 1239,9 qram çəkidə psixotrop maddə metamfetamin, 0,772 qram çəkidə narkotik vasitə olan tiryəkdən iş üzrə tədqiqat keçirildikdən sonra qalıq qalmış 0,722 qram çəkidə narkotik vasitə olan tiryək və 01 ədəd elektron tərəzi sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nə saxlanc yerinə təhvil verilmişdir. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, ekspertizanın 29.09.2021-ci il tarixli, 3680 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müalicənin əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ambulator psixiatrik eksperizasının 29.09.2021-ci il tarixli 2268 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlammətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD diskə baxış keçrilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şortikin sol yan cibindən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,772 qram, 3,572 qram ümumi təmiz çəkisi 5,344 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 40,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülməsi, Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 7 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilən zaman evin sol tərəfində yerləşən otaqdan çemodanın içərisindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 1200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə olan heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən alınmış 29,10.2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsi, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə sms yazaraq ondan narkotik vasitə və psixotrop maddə istəyən şəxslərdən sadəcə olaraq qonşuları Nicat və Seymur adlı şəxslərə narkotik vasitə hədiyyə etdiyini və digər şəxslərə narkotik vasitə və ya psixotriop maddə satmadığını bildirməsi və özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut, əməliyyat aparatından daxil olmuş məktub və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X1 himayəsində 2 azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon məhkəməsinin 08.07.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhər Binəqədi rayon məhkəməsinin 19 yanvar 2022-ci il trixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan azadlığın məhdudlaşdırılması cəzasına amnistiya aktının tətbiq edilməsinə dair Probasiya idarəsi tərəfindən təqdima verilmiş lakin, təqdimat təmin edilməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzasnın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs 08 avqust 2020-ci il tarixdə qeydiyyata alınmışdır, hazırkı icinayət işi üzrə onun barəsində 22 iyul 2021-ci il tarixdə tutma protokolu tərtib olumuşdur. Belə olan halda Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı çəkməmiş hesab olunur və onun həbs olunduğu tarixə üzərində çəkilməmiş 01 il 16 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və üzərində çəkilməmiş cəzası qalmışdır, odur ki, ona hazırkı cinayət işi üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli və ona təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli hökmü ilə birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəza tamamilə və ya qismən birləşdirir. Odur ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 01 il 16 gün azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının 01 gününə hesablanmaqla 06 ay 08 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar zamanı cəza residiv nəzərə alınmadan təyin edilir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmədiyindən ona cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal müəyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şortikin sol yan cibindən külli miqdarda 02 ədəd bükümdə tədqiqatdan sonra qalıq çəkisi 5,244 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə qalıq çəkisi 0,722 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs evindən aşkar olumuş 01 ədəd sellofan bükümdə külli miqdarda tədqiqatdan sonra qalıq çəkisi 1239,9 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə olan heroin izləri olan elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk və "xxxx" MMC-dən alınmış 29,10.2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 65 (almış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 04 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-295/2019 saylı 08.07.2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməyən 01 (bir) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 06 (altı) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar:- və Binəqədi Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 5,244 qram olan, kustar üsulla hazırlanmış heroin, 01 ədəd bükümdə qalıq çəkisi 0,722 qram olan kustar üsulla hazırlanmış tiryək, Təqsirləndirilən şəxs evindən aşkar olumuş 01 ədəd sellofan bükümdə qalıq çəkisi 1239,9 qram olan kustar üsulla hazırlanmış metamfetamin və 01 ədəd üzərində narkotik vasitə, heroin izləri olan elektron tərəzi məhv edilsin. -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD disk və "xxxx" MMC-dən alınmış 29,10.2021-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 65 (almış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-348/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-348/2022
18.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver